Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Kredit alan ölkədən donor ölkəyə

Kredit alan ölkədən donor ölkəyə

20.05.2023 [10:50]

BVF-nin Azərbaycanda fəaliyyətinə ehtiyac qalmayb

Mübariz ABDULLAYEV

Beynəlxalq Valyuta Fondu (BFV) Azərbaycandakı ofisini 2023-cü ilin iyun ayının sonunda bağlamaq haqda qərar qəbul edib. Bu barədə fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentindən Azərbaycanın Maliyyə Nazirliyinə ünvanlanmış məktubda bildirilib. Ancaq bu qərar Beynəlxalq Valyuta Fondunun Azərbaycanla  əlaqələrini tamam dayandırmaq anlamına gəlmir. Məktubda vurğulanır ki, ofisin bağlanması BVF-nin Azərbaycanla əlaqələrini zəiflətməyəcək,  qurum Azərbaycanın inkişaf strategiyası ilə bağlı iqtisadi və maliyyə siyasətini müzakirə etmək üçün müntəzəm missiyalar təşkil edəcək, zərurət yarandıqda texniki yardım göstərəcək.

186 ölkəni əhatə edən fəaliyyət

Beynəlxalq Valyuta Fondu qlobal inkişaf və iqtisadi sabitliyə kömək etmək məqsədilə fəaliyyət göstərir. O, iqtisadi çətinliklərlə üzləşən üzvlərə məsləhətlər verir və onları maliyyələşdirir, həmçinin, inkişaf etməkdə olan ölkələrlə işləyərək, makroiqtisadi stabilliyə nail olmaq və yoxsulluğu azaltmaq üçün onlara dəstək verir. BVF-nin əsası 1944-cü ilin iyul ayında ABŞ-ın şimal-şərqində yerləşən Nyu-Hempşir ştatının Bretton Vuds şəhərində keçirilən görüşdə 44 ölkənin nümayəndəsinin  iştirakı ilə qoyulub. Həmin nümayəndələr İkinci Dünya müharibəsindən sonra yaradılacaq beynəlxalq iqtisadi əməkdaşlığın strukturu haqqında razılığa gəliblər.

Beynəlxalq Valyuta Fondu rəsmi olaraq 1945-ci ilin dekabr ayında, ilk 29 üzv ölkənin onun Razılaşma Maddələrini imzalanmasından sonra yaranıb. Fond 1 mart 1947-ci ildə fəaliyyətə başlayıb. Elə həmin il Fransa Beynəlxalq Valyuta Fondundan borc alan ilk ölkə olub. Beynəlxalq Valyuta Fondunun sıraları ötən əsrin əllinci-altmışıncı illərində genişlənməyə başlayıb. Hazırda BVF-nin fəaliyyəti dünyanın 186 ölkəsini əhatə edir.

BVF aşağıdkı fəaliyyətlərlə  üzv ölkələri dəstəkləyir:

- İqtisadi tendensiyalara və ölkələrin təcrübələrinə əsaslanaraq hökumətlərə və mərkəzi banklara siyasət üzrə məsləhətlərin verilməsi;

- Qlobal, regional və fərdi iqtisadiyyatların və bazarların monitorinqinə əsaslanan tədqiqatların, statistikaların, proqnozlaşdırmanın və təhlillərin aparılması;

- İqtisadi çətinliklərin öhdəsindən gəlmək üçün ölkələrə borcların verilməsi;

- İnkişaf etməkdə olan ölkələrdə yoxsulluqla mübarizədə köməklik etmək üçün güzəştli borcların verilməsi;

- İqtisadiyyatlarının idarə olunmasının yaxşılaşdırılmasında ölkələrə köməklik göstərilməsi üçün texniki yardım və treninqlərin keçirilməsi.

Azərbaycan BVF-yə 1992-ci ilin 18 sentyabr tarixində üzv olub. BVF-nin kvotasında respublikamızın payı 391.7 milyon Xüsusi Borcalma Hüququdur. Kvota BVF-də səsvermə hüququnu, üzvlük haqqını və BVF-dən götürülə biləcək kreditin məbləğini müəyyən edir. İndiyədək BVF tərəfindən ölkəmizlə bağlı yoxsulluğun azaldılması, iqtisadi inkişaf, system dəyişikliyi və digər istiqamətlər üzrə bir sıra proqramlar uğurla reallaşdırılıb.

Dünyanın ən dinamik inkişaf edən ölkəsi

Müstəqilliyinin ilk illərində bütün sahələrdə böhranla üzləşən, o cümlədən də iqtisadi tənəzzüllə üzləşən Azərbaycanda həm də kəskin maliyyə çatışmazlığı var idi. Həmin dövrdə respublikamızda işsizliyin və yoxsulluğun səviyyəsi çox yüksək idi. Hökumət hətta maaş və pensiyaları ödəməkdə, insanların digər sosial ehtiyaclarını qarşılamaqda belə çətinlik çəkirdi. Belə bir şəraitdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq etməyə Azərbaycanın böyük ehtiyacı var idi.

1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev müdrik qərarlar qəbul etdi və ölkədə iqtisadi məzmunlu islahatlara başlanıldı. Ulu Öndərin böyük səyləri ilə 1994-cü ilin sentyabrında dünyanın 11 transmilli şirkəti ilə imzalanan “Əsrin müqaviləsi” respublikamızın qarşısında geniş inkişaf perspektivləri açdı.

Ulu Öndərin əsasını qoyduğu tərəqqi siyasətini son 20 ildə Prezident İlham Əliyev uğurla davam etdirib. Dövlət başçısının siyasi qətiyyəti ilə ardıcıl şəkildə reallaşdırılan islahatlar sayəsində respublikamızda dinamik iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin edilib. Bu gün Azərbaycan dünyaya bir sıra üstün cəhətləri ilə səciyyələnən tamamilə fərqli bir inkişaf modeli təqdim edir. Prezident İlham Əliyevin strateji baxışları əsasında formalaşdırılan bu tərəqqi modeli ölkənin hərtərəfli inkişaf etdirilməsini hədəfləyir.

Neft gəlirləri məqsədyönlü şəkildə insan kapitalının formalaşdırılmasına, iqtisadiyyatın diversifikasiya edilməsinə yönəldilir. Qısa müstəqillik tarixində respublikamızın iqtisadi müstəqilliyinin təmin edilməsi böyük uğurdur. Azərbaycan artıq kredit alan ölkədən donor ölkəyə çevrilib. Respublikamız son vaxtlarda xarici ölkələrdə investisiya fəallığını əhəmiyyətli dərəcədə artırıb. Ölkəmizin iqtisadi-maliyyə imkanları o dərəcədə yüksəlib ki, qarşıda duran bütün məsələlərin öhdəsindən sırf daxili imkanları hesabına gəlir. 44 günlük müharibənin böyük Zəfərlə başa çatdırılması, bunun ardınca işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işlərinin aparılması ölkəmizin gücünü bütün dünyaya nümayiş etdirir. Belə genişmiqyaslı işləri yalnız Azərbaycan kimi hərtərəfli imkanlara malik ölkə reallaşdıra bilər. Bütövlükdə, son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. Bəzi rəqəmləri diqqətə çatdıraq: İqtisadiyyatımız 3 dəfədən çox artıb. Hazırda bizim valyuta ehtiyatlarımız 65 milyard dollara çatıb, xarici borcumuz 6 milyard dollardan bir qədər çoxdur. Yəni, valyuta ehtiyatlarımız xarici borcu təxminən 10 dəfə üstələyir. Xarici borc isə ümumi daxili məhsulumuzun cəmi 9-10 faizini təşkil edir. Bizə dərs verməyə can atan bəzi ölkələrdə bu göstərici 100 faizdir, bəlkə də daha çoxdur.

İqtisadi-maliyyə müstəqilliyinin daha bir təzahürü

Fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentindən Azərbaycanın Maliyyə Nazirliyinə ünvanlanmış məktubda qurumun respublikamızda ofisini bağlamaq qərarının verilməsinə aydınlıq gətirilib. Məktubda belə bir qərarın verilməsinin səbəbi kimi Azərbaycanın güclü iqtisadiyyata və maliyyə ehtiyatlarına malik olması, yaxın gələcəkdə ölkəmizlə BVF arasında proqram xarakterli əməkdaşlığın gözlənilməməsi vurğulanıb.

Bunu ən bəsit formada izah etsək, belə deyə bilərik: Qurum Azərbaycanda BVF-yə ehtiyac olmadığı qənaətindədir. Bu da o anlama gəlir ki, Azərbaycanın xarici maliyyə qurumlarından asılılığı sıfır səviyyəsinə enib”. Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov ifadə edib.

Fikirlərinə davam edən E.Əmirov ölkəmizin maliyyə dayanıqlılığını tamamilə təmin etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, BVF kimi qurumlar kreditlər verərkən həm də müəyyən məsələlərdə ölkələrin daxili siyasətinə müdaxilələr edirlər və şərtlər irəli sürürlər. “Təcrübə bunu təsdiqləyir. BVF-nin fəaliyyəti o ölkələrdə zəruridir ki, onların buna ehtiyacı var. Bu kimi beynəlxalq təşkilatlar müəyyən mərkəzlərin nəzarəti ilə fəaliyyət göstərirlər və kreditlərinə ehtiyac duyan ölkələrdə həmin mərkəzlərin şərtlərini təmin etməyə çalışırlar. Başqa sözlə desək, kreditlərin müqabilində özlərindən hansısa bir formada asılılıq yaradırlar. Azərbaycanın BVF-nin kreditlərinə ehtiyac duymaması ölkənin iqtisadi müstəqilliyinin daha bir təzahürüdür”.

Paylaş:
Baxılıb: 485 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30