“Araz Vadisi” Sənaye Parkının birinci obyekti...
20.06.2023 [10:34]
İkitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir...
Mübariz ABDULLAYEV
Azərbaycanın qonşu Rusiyanın ayrı-ayrı regionları və subyektləri ilə müxtəlif istiqamətləri əhatə edən əlaqələri uğurla inkişaf edir. Bu sırada Tatarıstan Respublikası da xüsusi yer tutur. Müstəqil Azərbaycanla Tatarıstan arasında tarixdən gələn bağlılıq əsasında sıx əməkdaşlıq münasibətləri qurulub. Bu günlərdə dost Tatarıstanın Rəisi Rüstəm Minnixanovun ölkəmizə səfərə gəlməsi ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bir daha təsdiqləyir. Səfər çərçivəsində iyunun 17-də Zəngilan rayonunun Ağalı kəndində Prezident İlham Əliyevin Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşü olub və onlar bir sıra tədbirlərə qatılıblar.
Geniş əməkdaşlıq imkanları
Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərin bərpası, burada yüksəksəviyyəli infrastruktur quruculuğu intensiv şəkildə davam etdirilir. Qısa müddətdə çoxlu sayda layihənin icrası tamamlanıb və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa start verilib. O cümlədən quruculuq-bərpa işləri çərçivəsində Zəngilanda və Füzulidə olmaqla iki beynəlxalq səviyyəli hava limanı istifadəyə verilib. Sayca üçüncü beynəlxalq səviyyəli hava limanı isə Laçında yaradılır. Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə istifadəyə verilən hava limanları bütün növ yük və sərnişin təyyarələrini qəbul etmək imkanlarına malikdirlər.
Əlamətdar haldır ki, ölkəmizə səfərə gələn Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov da iyunun 17-də məhz Zəngilan Beynəlxalq Hava Limanında qarşılanıb. Prezident İlham Əliyevin Onunla görüşü də işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın ilk ünvanı olan Ağalı kəndində baş tutub. Dövlətimizin başçısı Tatarıstanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində öz layihələrini həyata keçirməsindən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev yüksəksəviyyəli qonağa xitabən “Sizinlə müəyyən etdiyimiz hər şey, o cümlədən “Araz Vadisi” Sənaye Parkının birinci obyekti, - bu, qardaş Tatarıstanın obyektidir, - icra olunur. Yəni, biz ərazilərin bərpası işinə belə münasibətə görə çox minnətdarıq. Əlbəttə ki, biz müəyyənləşdirdiyimiz əməkdaşlıq proqramının tam həyata keçəcəyinə ümidvarıq”, - deyə vurğulayıb. Fikirlərinə davam edən dövlətimizin başçısı əməkdaşlıq perspektivlərinin böyük olduğunu xüsusi olaraq diqqətə çatdırıb: “Biz burada məsləhətləşmələrə gələn və sonrakı planlar üzrə qərar qəbul edən nümayəndə heyəti ilə artıq fikir mübadiləsi aparmışıq. Əlbəttə, sənaye kooperasiyasında, energetikada, neft-qaz sahəsində perspektivlər böyükdür. Təbii ki, mədəni əməkdaşlıq da çox vacib sahədir. Tatarıstan və Azərbaycan xalqları əsrlər boyu qardaşlıq, dostluq münasibətləri saxlayırlar. Əlbəttə ki, bizim aramızdakı münasibətlər Rusiya və Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə böyük töhfədir və bizim dövlətlərarası səviyyədə planlaşdırdığımız, həyata keçirdiyimiz hər bir məsələ kimi çox səmərəli, dinamik şəkildə inkişaf edir”.
Qarabağda nəqliyyat habı
İyunun 17-də Prezident İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak ediblər. Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti Parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb. Bu layihələrin reallaşması nəticəsində, ümumilikdə Sənaye Parkına 32,7 milyon manat investisiya yatırılacaq, 420-dən çox daimi iş yeri yaradılacaq. Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Burada prioritet istiqamətlər kimi, logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin və s. təşkili müəyyənləşdirilib. Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. Parkın ərazisi tam olaraq minalardan və hərbi sursatlardan təmizlənib. Sənaye Parkında fəaliyyət göstərəcək işçilərin və sahibkarların rahatlığının təmin edilməsi məqsədilə mobil şəhərcik salınıb. Şəhərcikdə yataqxana, yeməkxana, ofis, tibb məntəqəsi və aptek, market, qarışıq mallar mağazası, anbar, camaşırxana, bərbərxana, nəzarət-buraxılış məntəqəsi quraşdırılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri görülüb. Sənaye Parkının ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə subartezian quyusu qazılıb. Ərazidə 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb. Parkın işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir. Sənaye Parkının ərazisində topoqrafik və mühəndis-geoloji tədqiqat işləri tam olaraq yekunlaşdırılıb. Hazırda Parkda inzibati binanın tikintisi işləri, rezidentlər üçün infrastruktur sisteminin qurulması, əraziyə dəmir yolu xəttinin çəkilməsi üçün layihələndirmə istiqamətində işlər davam etdirilir.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ölkədə mövcud digər sənaye parklarında olduğu kimi, sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır. Belə ki, Sənaye Parkının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, işıq, su, kanalizasiya, daxili avtomobil və dəmir yolları, fiber-optik və s.) təmin edilir. Eyni zamanda, rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunurlar. Bunlarla yanaşı, İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən rezidentlərə hər cür təşkilati dəstək göstərilir.
Prezident İlham Əliyev və Rəis Rüstəm Minnixanov “Avto Lizinq Azərbaycan” MMC-nin açılışını bildirən rəmzi lenti kəsiblər. Məlumat verilib ki, Rusiya və Azərbaycan birgə müəssisəsi olan “Avto Lizinq Azərbaycan” MMC tərəfindən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 3 hektar ərazisində texniki servis mərkəzi yaradılıb. Mərkəz yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət göstərilməsi sahəsində hab rolunu oynayacaq. Mərkəzdə işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan 1500-dək avtomobilə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara peşəkar xidmət göstəriləcək.
Mərkəzdə texniki xidmət bloku, təmir emalatxanası, gözləmə zalı, tədris otağı, anbar, portal tipli avtoyuma məntəqəsi və xidməti otaqlar yaradılıb. Texniki təmir emalatxanasında mühərriklərin və digər aqreqatların, elektrik avadanlıqlarının, pnevmatik və hidravlik qurğuların təmiri sahələri, daxili yanma mühərriklərinin yuyulması məntəqəsi fəaliyyət göstərəcək.
Burada, həmçinin mehmanxana, ehtiyat hissələri mağazası və digər xidmət sahələri istifadəyə verilib. Bununla yanaşı, Mərkəzdə mobil təmir və texniki servis briqadaları da fəaliyyət göstərəcək ki, bu da işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan bütün texnikalara yerində xidmət göstərməyə imkan yaradacaq.
Ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına artıq 9,4 milyon manatdan çox investisiya yatırılıb. Müəssisənin fəaliyyətə başlaması məşğulluğun təmin edilməsinə də töhfə verəcək.
İyunun 17-də Prezident İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar. Onlar elektromobillərlə Ağalı kəndini gəziblər və burada sakinlərlə görüşərək söhbət ediblər. Prezident İlham Əliyevin tapşırığı ilə “Ağıllı kənd” konsepti ilə inşa olunan Ağalı sakinləri burada yaradılan şəraitdən məmnunluq ifadə ediblər.
Şərqi Zəngəzur iqtisadi rayonunda quruculuq işləri
Bütövlükdə, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında görülən işlər Tatarıstanın Rəisində böyük təəssüratlar yaradıb. Şərqi Zəngəzur iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında görülmüş işlər barədə təqdimatla çıxış edib. Tatarıstanın Rəisinə əvvəlcə Zəngilan Beynəlxalq Hava Limanı barədə məlumat verilib. Bildirilib ki, 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə hava limanının açılışı olub. Müasir tələblərə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərə bilər.
Qeyd olunub ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ümumi ərazisi 2580 kvadratkilometrdir. Bu rayonlardan olan keçmiş məcburi köçkünlərin sayı 152 min 200 nəfərdir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesinə start verilib. Hazırda 86 ailədən ibarət 420 nəfər Zəngilanın Ağalı kəndinə qayıdıb və orada yaşayır. Ümumilikdə 2022-2026-cı illərdə Cəbrayıl, Qubadlı və Zəngilan rayon mərkəzlərinin, 5 qəsəbənin, 24 kəndin tikintisi və Böyük Qayıdışın birinci mərhələsində 41 min 277 nəfərin köçürülməsi planlaşdırılır.
Ərazilərin minalardan təmizlənməsi işinin fasiləsiz davam etdirildiyi də qonağın diqqətinə çatdırılıb. İndiyədək Qubadlı rayonunda 80 min hektar (4,5 faiz), Cəbrayıl rayonunda 105 min hektar (18,3 faiz), Zəngilan rayonunda isə 73 min hektar (9,8 faiz) ərazi minalardan təmizlənib. Bu rayonlarda müvafiq olaraq 3278, 14 min 803 və 2487 mina və partlamamış hərbi sursat aşkarlanıb.
Bildirilib ki, Şərqi Zəngəzur iqtisadi rayonunda ümumi uzunluğu 323 kilometr olan 5 avtomobil yolu, 111,4 kilometr uzunluğunda dəmir yolu inşa olunur. Bundan başqa, burada 4 yarımstansiya, ümumi gücü 42,6 MVt olan 5 Kiçik Su Elektrik Stansiyası, 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası yaradılır.
Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Zəngilan şəhərində görülən işlərlə də tanış olub. Ona əvvəlcə Zəngilan şəhərindəki Konqres Mərkəzinin tikintisi ilə bağlı məlumat verilib. Bildirilib ki, Konqres Mərkəzinin layihələndirilən ərazisi 2,2 hektardır. Burada Mərkəzin binası ilə yanaşı, restoran, pavilyon da inşa olunur. Konqres Mərkəzi 605 yerlikdir.
Bərpa layihələrinə Heydər Əliyev Fondunun dəstəyi
Ermənistanın torpaqlarımızı işğal altında saxladığı otuz il ərzində digər ərazilərimizdə olduğu kimi, Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidələrimiz vandalizmə məruz qalıb, dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki məsciddən də tövlə kimi istifadə olunub. Rayonun işğaldan azad edilməsi nəticəsində buradakı tarixi, memarlıq abidələri də erməni əsarətindən qurtulub. Respublikamızda səfərdə olan Tatarıstanın Rəisi Zəngilan məscidinin tikintisi ilə tanış olub. Bildirildiyi kimi, Zəngilan məscidi “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunur.
Otuz ilə yaxın işğal dövründə dağıdılan, təhqir olunan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesində Heydər Əliyev Fondu müstəsna xidmət göstərir. Fondun dəstəyi ilə Qarabağdakı dini abidələrin, məscidlərin bərpası işləri sürətlə davam etdirilir. Xatırladaq ki, Zəngilan məscidinin bərpasının təməl daşı dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci il aprelin 26-da qoyulub. Hazırda bərpa işləri fasiləsiz həyata keçirilir.
Xəbər lenti
Hamısına baxElanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24

