Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Dövlət Neft Fondunun aktivləri...

Dövlət Neft Fondunun aktivləri...

20.07.2023 [10:32]

54 milyard 915,1 milyon ABŞ dolları təşkil edir

Azərbaycanın uğurlu inkişafını ölkədə maliyyə sabitliyinin təmin olunmasının, gəlirlərin artmasının timsalında da izləmək mümkündür. Ağır pandemiya şəraitində iqtisadiyyatın dəstəklənməsinə, əhalinin sosial müdafiəsinin təmin olunmasına, Zəfərlə başa çatan 44 günlük müharibəyə, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə, Böyük Qayıdış planının reallaşdırılmasına, ölkənin digər bölgələrində həyata keçirilən infrastruktur quruculuğuna, davamlı sosial islahatlara böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir. Bununla belə, Azərbaycan son illərdə, o cümlədən də cari ilin əvvəlindən bəri özünün strateji valyuta ehtiyatlarını artırmağa nail olub. Hazırda respublikamız 65 milyard dollardan çox strateji valyuta ehtiyatlarına malikdir ki, bu da Azərbaycan kimi ölkə üçün kifayət qədər böyük həcmdir. Bütövlükdə, ölkəmizin maliyyə müstəqilliyi yüksək səviyyədə təmin olunub.

Altı ayda 12 faizlik artım

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin artması Azərbaycanın etibarlı maliyyə yastığı formalaşdırmasının daha bir mühüm əlamətidir. 2023-cü il iyunun 30-na olan məlumata əsasən, ARDNF-nin aktivləri 54 milyard 915,1 milyon ABŞ dolları təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 12% çoxdur. Belə ki, 2023-ci ilin əvvəlində ARDNF-nin aktivləri 49 033,6 milyon ABŞ dolları təşkil edib.

Fondan bildirilib ki, 2023-cü ilin ilk yarım ilində aktivlərin artımı ARDNF-nin büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunub. İlin əvvəlindən iqtisadi canlanma müşahidə olunsa da, sərt monetar siyasətin davam etməsi iqtisadiyyatda yavaşlama riskini artırıb. Eyni zamanda, inflyasiyanın aparıcı mərkəzi bankların hədəf dərəcələrindən hələ də yuxarı olması gələcəkdə faiz dərəcələrin artmasını istisna etmir.

Qeyd edilib ki, aktivlərin həcminin artmasına həm də qızılın qiymətinin qalxması və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin ABŞ dollarına qarşı güclənməsi ilə büdcədənkənar gəlirlərə töhfə verib.

Bugünkü və gələcək nəsillər arasında etibarlı körpü

Bu gün hər kəs təsdiqləyə bilər ki, müstəqil Azərbaycanın davamlı dinamik inkişafının təmin olunmasında ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyasının uğurla reallaşdırılması xüsusi rola malikidir. 1994-cü il sentyabrın 20-də yeni neft strategiyasının reallaşdırılmasında çox mühüm bir addım atıldı - ulu öndər Heydər Əliyevin səyləri sayəsində Bakıda altı dövləti təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanın bu gün beynəlxalq miqyasda uğurlu model kimi qəbul edilən davamlı inkişaf strategiyasının əsası da məhz “Əsrin müqaviləsi” ilə qoyulub.

“Əsrin müqaviləsi”nin işə düşməsi ilə yeni neft strategiyasında qarşıya qoyulan prioritet hədəflərdən birinə nail olunmuşdu. Ölkəyə gələn neft gəlirlərinin getdikcə artması fonunda isə başqa bir aktual çağırış gündəmə gəlmişdi: Neft gəlirlərini harada toplamalı və necə xərcləməli? Müdrik siyasətçi Heydər Əliyevin yanaşması o dövrdə meydana çıxan yeni çağırışa ən yaxşı cavab oldu. Ümummilli Lider vurğulayırdı ki, neft - Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Elə yeni neft strategiyasının reallaşdırılmasının növbəti mərhələsi kimi Dövlət Neft Fondunun yaradılmasında da məhz bugünkü və gələcək nəsillər arasında ədalətli resurs bölgüsü prinsipi əsas götürüldü. Beləliklə, Prezident Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edildi. Neft Fondu əməli fəaliyyətə 2001-ci ilin iyul ayında Fondun vəsaitlərinin yerləşdirilməsi qaydalarının Prezident Fərmanı ilə təsdiq edilməsindən sonra başladı.

ARDNF öz fəaliyyətində dünyada mövcud olan suveren fondların müsbət təcrübəsindən bəhrələnir. Neft gəlirlərinin toplandığı fondun ölkənin cari və perspektiv maraqlarının uzlaşdırılması ilə yaradılması ümummilli lider Heydər Əliyevin uzaqgörənliyini və milli təəssübkeşliyini ifadə edirdi. Bu gün ARDNF-nin peşəkar kollektivi Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı sayəsində quruma həvalə olunan missiyanı böyük uğurla həyata keçirir. Mütəxəssislərin də bildirdikləri kimi, Dövlət Neft Fondu Azərbaycanın bugünkü və gələcək nəsilləri arasında etibarlı körpü yaradır.

Gəlirlərin səmərəli idarəçiliyi

Dövlət Neft Fondu enerji resurslarının ixracından və bir sıra fəaliyyətlərdən daxil olan gəlirlərin səmərəli idarəçiliyini həyata keçirir. Son 20 ildə respublikamızda Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində reallaşdırılan çoxsaylı layihələr hesabına infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasına daxil olub. Heç şübhəsiz ki, Neft Fondundan ayrılan vəsaitlər hesabına yaradılan iqtisadi və sosial təyinatlı güclü infrastruktur olmadan ölkənin bugünkü dinamik inkişafını təsəvvür etmək belə mümkün deyil. Ümumiyyətlə, fondun yönəltdiyi vəsaitlər hesabına reallaşdırılan layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Dövlət Neft Fondu indiyədək Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının,  Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının, Türkiyə Respublikasında “Star” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının, “Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının, Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalının, “Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi”, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” və digər belə böyükmiqyaslı layihələrin maliyyələşdirilməsini həyata keçirib. Azərbaycan Respublikasının Dövlət Neft Fondu 2001-ci ildən başlayaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə də böyük həcmlərdə vəsait ayırıb.

Dövlət Neft Fondu, həmçinin fəal investisiya siyasəti həyata keçirir. Fondun investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə istiqrazlar, pul bazarı alətləri, daşınmaz əmlak və qızıl yer alır.

MÜBARİZ

Paylaş:
Baxılıb: 507 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30