Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / 10 illik vergi amnistiyası

10 illik vergi amnistiyası

12.08.2023 [10:40]

Mübariz FEYİZLİ

Son 20 ildə Azərbaycan dünyada ən yüksək iqtisadi inkişaf dinamikasına malik olan ölkələr sırasında yer alıb. Bəhs olunan dövrdə ölkədə ümumi daxili məhsul istehsalı genişlənib, şaxələndirmə siyasəti aparılıb, milli iqtisadiyyatımızın ixrac imkanları və rəqabətqabiliyyətliliyi artıb. Özəl sektorun milli iqtisadiyyatımızın drayverinə çevrilməsi böyük uğurdur.

Eyni zamanda, Azərbaycan qurulan möhkəm bazaya istinad etməklə hazırkı strateji mərhələdə  iqtisadi inkişafla bağlı qarşıya yeni mühüm hədəflər qoyub. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə əsasən müəyyələşdirilən hədəflərin reallaşdırılması strateji mərhələnin sonunda Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Son illərdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi ilə aparılan islahatlar iqtisadi inkişaf üçün bütün şərtləri təmin edib. Belə ki, biznes mühitinin davamlı şəkildə optimallaşdırılması, ixracın təşviq olunması, daxili istehsalın qorunması və s. tədbirlər respublikamızda iqtisadi mühitdə yüksək fəallıq yaradıb. Yeni mərhələdə qarşıya qoyulan hədəflərin miqyası isə ölkədə iqtisadi məzmunlu islahatların əhatə dairəsinin daha da genişləndirilməsini zərurətə çevirib. Son vaxtlarda hökumətin qəbul etdiyi vacib qərarlar, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi də məhz bu məqsədə xidmət edir.

İşğaldan azad edilmiş ərazilər üçün güzəştlər

Vətən müharibəsində işğaldan azad edilən ərazilər geniş iqtisadi potensiala malikdir. Güclü dövlət olan Azərbaycan müharibə başa çatandan dərhal sonra işğal illərində erməni vandalları tərəfindən tamamilə dağıdılmış bu ərazilərin bərpasına başlayıb. Azərbaycan dövləti bəhs olunan ərazilərə Böyük Qayıdışı layiqli şəkildə həyata keçirməklə bərabər, buradakı iqtisadi potensialdan da smərəli şəkildə istifadə etmək niyyətindədir.  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ənənəvi istehsal sahələrinin canlandırması son nəticədə ümumi daxili məhsul istehsalının artması ilə nəticələnəcək. Buna görə də postmüharibə dövründə bəhs olunan ərazilərdə iqtisadi mühitin canlandırılması, investisiya cəlbediciliyinin artırılması üçün məqsədyönlü tədbirlər görülür. Elə bu günlərdə Baş nazir Əli Əsədovun imzaladığı qərarla işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı təsdiq edilib. Sənəddə bildirildiyi kimi, bu Qərar 2023-cü il 1 yanvar tarixindən tətbiq edilir və 2033-cü il 1 yanvar tarixinədək qüvvədədir. 

İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı kifayət qədər genişdir. Bura ev heyvanları üçün hazır yemlərin, homogenləşdirilmiş hazır yeməklər və hazır pəhriz yeməklərinin, toxuculuq, geyim, xəz məhsullarının, dəri və dəri məmulatlarının, ayaqqabıların, yığma parket döşəmələrin, divar kağızlarının, saxsı santexnika məmulatlarının, alətlərin, kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının, avtonəqliyyat vasitələri üçün elektrik və ele?tron avadanlıqların, xüsusi nəzərdə tutulan konteynerlərin və s. məhsulların istehsalı daxildir.

Yerli istehsalın dəstəklənməsi

İqtisadiyyatın tənzimlənməsində məqsədyönlü vergi islahatları mühüm rol oynayır. Cari ilin yanvar-iyul ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 11 milyard 231,2 milyon manat vergi daxil olub.  Dövlət Vergi Xidmətindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 22,9 faiz və ya 2,1 milyard manat artıb. O cümlədən qeyri-neft-qaz sektorundan daxilolmalar 6,2 milyard manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 19 faiz və ya 984,1 milyon manat artıb. Ödənilən vergilərin 45,1 faizi neft-qaz sektorunun, 54,9 faizi qeyri-neft-qaz sektorunun payına düşüb.

Vergi daxilolmalarının artması ölkədə islahatlar yolu ilə daxili istehsalın, bütövlükdə sahibkarlığın dəstəklənməsinin uğurlu nəticələrindən biridir.  Ölkəmizin vergi sistemində iqtisadi inkişaf hədəflərinə uyğun olaraq əsaslı islahatlar həyata keçirilir. Yəni, vergi sistemində aparılan islahatlar sahibkarlıq mühitini, iqtisadi siyasəti dəstəkləyir və onun vergi yolu ilə tənzimlənməsini həyata keçirir. İqtisadi inkişaf siyasətinə vergi siyasəti real töhfələr verir. Dövlət sahibkarlar üçün minimal vergi dərəcələri müəyyən etməklə vergi yükünü yumşaldır. Bu siyasətin əsas məqsədi yerli istehsalı dəstəkləmək, kapitalın prioritet inkişafını təmin etmək və investisiya fəallığını stimullaşdırmaqdır. Dövlət Vergi Xidməti də həmin milli inkişaf prioritetlərdən irəli gələn ortamüddətli dövrün tədbirlər planlarını, islahat istiqamətlərini müəyyənləşdirir. Bunlardan birincisi, idxal məhsullarının yerli istehsal məhsulları ilə əvəzlənməsi, sənayeləşmənin daha da inkişafı üçün effektiv vergi tənzimlənmələrinin həyata keçirilməsidir. Mütəmadi aparılan təhlillər ölkənin hansı məhsullarının idxalından asılılığının mövcudluğunu və həmin məhsulların ölkədə istehsalının həcminin artırılması üçün nə kimi iqtisadi təşviq alətlərinə ehtiyac olduğunu müəyyən edir. Bu tənzimləmə alətlərindən biri də vergi təşviqləri olduğuna görə, yerli istehsalın təşviqi ilə bağlı vergi tənzimləmələri diqqətdə saxlanılır. Bir müddət əvvəl Vergi Məcəlləsində edilmiş dəyişikliklə ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunub. Bu yenilik ölkə ərazisində minik avtomobillərinin istehsalının dəstəklənməsini nəzərdə tutur. Vergi islahatları ilə sahibkarların fəaliyyətinin dəstəklənməsi iqtisadi inkişafa nail olmaq və yeni hədəflərə çatmaq üçün faydalı biznes mühitini təmin edir. Bu isə öz növbəsində ölkəmizə sərmayə axını, iqtisadi aktivlik və güclü iqtisadiyyat vəd edir.

Paylaş:
Baxılıb: 498 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30