Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İnvestisiyalara “yaşıl işıq”

İnvestisiyalara “yaşıl işıq”

23.08.2023 [10:33]

Mübariz ABDULLAYEV

Azərbaycanda iqtisadi mühitin daha da optimallaşdırılması məqsədilə reallaşdırılan islahatlar vergi sistemində də ardıcıl şəkildə davam etdirilir. Yeni islahat tədbirləri çərçivəsində xarici dövlətlərin səlahiyyətli orqanının nümayəndəsinə Azərbaycanda və ya Azərbaycan nümayəndələrilə həmin ölkədə fəaliyyət göstərən vergi ödəyicisində keçirilən səyyar vergi yoxlamalarında iştirak etmək hüququ verilib. Bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov nazirliyin kollegiyasının “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə bir sıra normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” 7 sentyabr 2016-cı il tarixli qərarında dəyişiklik edilməsi ilə bağlı müvafiq qərar imzalayıb.

Qərara əsasən, Azərbaycanın vergi orqanının rəhbəri (müavini) xarici dövlətlərin səlahiyyətli orqanının nümayəndəsinin səyyar vergi yoxlamalarında iştirak etməsi üçün qərar qəbul etməli, onların iştirakının əsasları, həmçinin xarici ölkənin orqanının və nümayəndələrinin adları göstərilməlidir.

Bundan başqa, qərara əlavə edilmiş yeni bəndə əsasən, səyyar vergi yoxlamasını keçirən yoxlayıcılara əmtəəsiz və riskli əməliyyatlar aparması aşkar edilən şəxsə riskli vergi ödəyicisi olması barədə qərar çıxarılması üçün tədbirlər görmək hüququ verilir.

Həmçinin mədən vergisinin yoxlanılması zamanı yerin təkindən çıxarılmış faydalı qazıntılar barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə təqdim edilmiş hesabatların mədən vergisi bəyannamələri ilə uyğunluğu yoxlanılacaq.

Yeni qlobal çağırışlara adekvatlığın təmin edilməsi

Hazırda dünyada dördüncü sənaye inqilabının sərhədlərinin genişlənməsinin nəticəsi olaraq ölkələr arasında əlaqələr, xüsusilə də iqtisadi inteqrasiya dərinləşir. Əgər bir vaxtlar beynəlxalq iqtisadi əlaqələr müəyyən mənada məhdud səciyyə daşıyırdısa, yeni qlobal reallıqlar artıq belə məhdudiyyətləri, necə deyərlər, inkar edir. Bu, qlobal iqtisadi inkişafa təkan verən müsbət proses olmaqla bərabər, həm də qarşıya yeni çağırışlar çıxarır. O cümlədən hər bir ölkənin vergi sistemi də bu çağırışlara adekvatlıq təşkil etməlidir. Uğurlu siyasət sayəsində qlobal iqtisadiyyata sıx inteqrasiya edən Azərbaycanın vergi sistemində də bu istiqamətdə zəruri tədbirlər görülür. 2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin yeni strukturu təsdiq edilib. Baş idarənin tərkibində 4 şöbə fəaliyyət göstərir: Beynəlxalq əlaqələr şöbəsi, Beynəlxalq vergitutma şöbəsi, Beynəlxalq məlumat mübadiləsi və vergi monitorinqi şöbəsi və Transfer qiymətləri və elektron ticarətə nəzarət şöbəsi. Baş idarənin əsas fəaliyyət istiqamətlərindən biri beynəlxalq təşkilatlar və xarici vergi administrasiyaları ilə vergi sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın həyata keçirilməsidir. Hazırda Azərbaycanın Dövlət Vergi Xidməti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (İOTA), Fiskal Sənədləşmə üzrə Beynəlxalq Büro (İBFD), Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq təşkilatlarla vergi sahəsində sıx əməkdaşlıq edir.

Strukturun optimallaşdırılması ilə paralel şəkildə, qanunvericilik bazasının da beynəlxalq standartlara uyğunlaşdırlması zəruridir. İqtisadiyyat naziri Mikayıl Cabbarovun imzaladığı bəhs olunan qərar məhz bu məqsədə xidmət edir. Bu qərar Azərbaycanla digər ölkələrin vergi orqanları arasında vergilərdən yayınmanın qarşısının alınması sahəsində səmərəli əməkdaşlıq qurulmasına, effektiv məlumat mübadiləsinin təmin olunmasına və vergi borclarının yığılmasında qarşılıqlı yardımın həyata keçirilməsinə imkan verəcək. Qeyd edək ki, hazırda beynəlxalq səviyyədə vergidən yayınma hallarına qarşı mübarizə və vergi məsələləri üzrə beynəlxalq əməkdaşlıq çərçivəsində ən mühüm sənədlərdən biri “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Konvensiya”dır. Bu Konvensiya çərçivəsində ölkəmiz 130-dan çox  ölkə ilə müvafiq məlumatların mübadiləsini həyata keçirir və nəticədə geniş miqyaslı vergi məlumatlarına çıxış əldə edir. Respublikamız, həmçinin 2017-ci ildə bəhs olunan Konvensiya əsasında “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma”ya, 2021-ci ildə isə “Ölkələrarası Hesabatların Mübadiləsinə dair Səlahiyyətli Orqanların Çoxtərəfli Sazişi”nə qoşulub. Həmçinin 2015-ci ildə Azərbaycan Respublikası ilə ABŞ hökuməti arasında Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktının (Foreign Account Tax Compliance Act - FATCA) tələblərinin həyata keçirilməsi barədə Saziş imzalanıb.

Respublikamız sıx qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin olduğu Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan ölkələrlə də sıx məlumat mübadiləsi aparır. 2018-ci il noyabrın 2-də Qazaxıstan Respublikasında keçirilmiş Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikası tərəfindən “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında Protokol”u imzalanıb. Bundan başqa, 2013-cü ildə Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”a qoşulub. Bu qurumun əsas istiqamətlərdən biri müvafiq ölkələr tərəfindən məlumat mübadiləsinin beynəlxalq standartlara uyğun olub-olmamasının qiymətləndirilməsi və həmin standartlara uyğunluğunun təmin olunmasından ibarətdir. İqtisadiyyat nazirinin imzaladığı qərarla ölkəmizin xarici dövlətlərlə vergi məsələləri üzrə əməkdaşlığı yeni səviyyəyə yüksələcək. Bəhs olunan sənəd Azərbaycanın vergi sisteminin beynəlxalq standartlara daha da yaxınlaşmasını təmin edəcək.

Ölkəyə inamın daha da artırılması hədəfi

Müstəqil Azərbaycanın qurucusu olan ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət beynəlxalq səviyyədə Azərbaycana böyük nüfuz qazandırıb. Son 30 ildə dünyada məşhur olan transmilli şirkətlərin Azərbaycanın enerji, nəqliyyat sektorlarunda əməkdaşlığa qoşulmaları bunu əyani şəkildə təsdiqləyir. Ölkəyə inam olmasa, belə beynəlxalq əməkdaşlıq da mümkün deyil. Bəhs olunan qərarla qarşıya qoyulan əsas hədəflərdən biri də Azərbaycana beynəlxalq səviyyədə inamı daha da möhkəmlətməkdən ibarətdir. Yeni qərar xarici ölkələrin müvafiq qurumları üçün həmin ölkələrdə qeydiyyata alınmış şirkətlərin Azərbaycandakı fəaliyyətinə nəzarət etmək imkanları açır. Bu, Azərbaycanın şəffalığa, neqativ halllara qarşı qətiyyətli mübarizəyə açıq olmasının ifadəsidir. Məlum olduğu kimi, respublikamızda Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib. Bu çoxşaxəli Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır. Sənəddə də qeyd olunduğu kimi, Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, kompleks və innovativ xarakteri ilə seçilir. Bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilmiş, yeni baxışlar və vəzifələr müəyyən edilmişdir. İqtisadiyyat nazirinin imzaladığı qərar özündə həm də o məqsədi ehtiva edir ki, Azərbaycan neqativ halların əhatə dairəsinin daraldılması siyasətinə bundan sonra da sadiq qalacaq. Sirr deyil ki, indiyədək ölkəmizdə fəaliyyət göstərən bir sıra xarici şirkətlər ayrı-ayrı məmurların və qurumların inzibatçılığından, əsassız tələblərindən şikayətçi olurdular. Yeni qərarla bu kimi mənfi halların qarşısı alınacaq. Zərurət olduğu hallarda xarici ölkələrin müvafiq qurumları həmin ölkələrdə qeydiyyatı olan şirkətlərin respublikamızda fəaliyyətini, o cümlədən də vergi öhdəliklərinə əməl etmələrini yoxlayacaqlar ki, bu da nəticədə mübahisələrə, obyektiv və subyektiv iddialara son qoyacaq.

İnvestisiya cəlbediciliyinin artırılması

Bəhs olunan qərar ölkəyə investisiya cəlbediciliyinin artırılması nöqteyi-nəzərindən də mühüm əhəmiyyət daşıyır. Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrinə yerli və xarici investisiyaları təşviq edən ölkədir. Respublikamızda iqtisadi inkişafın sürətləndirlməsi üçün bütün zəruri şərtlərin təmin edilməsi, biznes mühitinin davamlı şəkildə optimallaşdırılması, həmçinin investisiya cəlbediciliyinin artırılmasını hədəfləyən islahatların reallaşdırlması bunu əyani şəkildə təsdiqləyir. 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən sonra ölkəmiz yeni strateji mərhələyə daxil olub. Bu mərhələdə respublikamızın perspektiv inkişafı üçün yeni prioritetlər müəyyənləşdirilib. Bu prioritetlərin investisiya təminatının bir mənbəyi daxili resurslardır. Azərbaycan güclü dövlətdir və qarşıya qoyduğu bütün məqsədlərə öz gücünə çatmağa qadirdir. Ölkəmizin yeni növ koronavirus pandemiyasına qarşı Ümumdünya Səhiyyə Təşkilatı  (ÜST) tərəfindən yüksək qiymətləndirilən səmərəli mübarizə aparması, qlobal həmrəyliyə sanballı töhfələr verməsi, Vətən müharibəsini qalibiyyətlə başa çatdırması və vaxt itirmədən işğaldan azad olunmuş ərazilərdə böyük investisiya tutumuna malik bərpa-quruculuq işlərinə başlaması, qısa müddətdə “Böyük Qayıdış”a start verməsi Azərbaycanın gücünü və iradəsini təsdiqləyir.

Bununla belə, respublikamız inkişafa daha güclü impuls vermək üçün xarici maliyyə mənbələrindən vəsaitlərin daha böyük həcmlərdə cəlb olunmasına ciddi önəm verir. Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin bir qədər bundan əvvəl imzaladığı müvafiq sənədlə 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf Strategiyasında dəyişiklik edildi. Sənədə əsasən 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faizi, o cümlədən xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi hədəflənir. Xatırladaq ki, indiyə qədər hədəf 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 20 faiz, o cümlədən xarici dövlət borcunun ÜDM-də payının isə 10 faiz ətrafında saxlanılması idi.

Azərbaycan xarici dövlət borcunu optimal həddədək artırmaqla yanaşı, həm də nəzərdə tutulan irimiqyaslı layihələrin, o cümlədən də işğaldan azad olunmuş ərazilərin bərpasını daha da intensivləşdirmək üçün xarici fondları, investorları da cəlb etmək niyyətindədir. Artıq bu istiqamətdə bir sıra addımlar atıldığını demək mümkündür. Cari ilin əvvəlindən etibarən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara  bir sıra vergi güzəştlərinin tətbiqinə başlanıb.  Azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Nazirlərin Kabinetinin müvafiq qərarına əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2023-cü ilin 1 yanvar tarixindən 10 il müddətində istehlak olunan kommunal xidmətlərə (elektrik enerjisi və təbii qazın satışı, su təchizatı və tullantı sularının axıdılması xidmətləri) görə xidmətlərinin ölkədaxili tariflərinə uyğun olaraq ödənilən vəsaitin 20 faizi həcmində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödəniləcək. Digər güzəştlərin miqyası da kifayət qədər genişdir. İqtisadiyyat nazirinin imzaladığı bəhs olunan qərar işğaldan azad olunmuş ərazilərdə, bütövlükdə milli iqtisadiyyatımızda investisiya fəallığının artırılmasına hesablanan növbəti addımdır.

Paylaş:
Baxılıb: 538 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30