Əməkdaşlığa dair Yol Xəritəsi
13.09.2023 [10:40]
Azərbaycanla İsrail arasında yeni sənəd imzalanıb
Azərbaycanın iqtisadi, siyasi, mədəni və digər sahələrdə sıx əlaqələr qurduğu və əməkdaşlıq istiqamətlərini davamlı şəkildə genişləndirdiyi ölkələrdən biri də İsraildir. İki döst ölkənin münasibətləri qarşılıqlı maraqlara və bir-birinə hörmət prinsipinə əsaslanır. İsrail müstəqilliyimizi tanıdığı 1991-ci il dekabrın 25-dən sonra Azərbaycan ilə bu dövlət arasında münasibətlər həmişə müsbət və qarşılıqlı anlaşma ruhunda olub. Cari ilin mart ayında İsrailin Təl-Əviv şəhərində Azərbaycan səfirliyinin açılış mərasimi baş tutub. Bu günlərdə isə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və İsrail dövlətinin Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyi arasında “Kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi”, eləcə də “2023-2025-ci illər üçün kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Yol Xəritəsi” imzalanıb.
Tarixi-mənəvi bağlılıq
Azərbaycan-İsrail münasibətləri, necə deyərlər, tarixdən qaynaqlanır. Respublikamızda əsrlər boyu,‚ təqribən, 2600-2700 ilə yaxındır ki, yəhudilər yaşayırlar. 1870-ci ildə Bakıda neft hasilatına başlandıqdan sonra Azərbaycana yəhudi biznes nümayəndələrinin axını başlayıb. Q.Polyak, A.Dembo, X.Kaqan, baron Q.Qinzburq, A.Feyqel respublikamızda geniş fəaliyyət göstəriblər.
Hazırda Bakı şəhərində yəhudilərin 3 sinaqoqu mövcuddur. Bir sinaqoq isə Quba rayonunda, dağ yəhudilərinin iri icmasının məskunlaşdığı Qırmızı Qəsəbədədir. Bu, keçmiş Sovet İttifaqı ərazisində yəhudilərin kompakt yaşamaqda olduğu yeganə yerdir.
Azərbaycanda yəhudilərə həmişə yaxşı münasibət bəslənib və burada heç zaman antisemitizm halları olmayıb. Hər iki ölkəni yaxınlaşdıran daha bir amil isə Azərbaycanda yəhudi diasporunun və İsraildə Azərbaycandan getmiş təxminən 100 min yəhudinin yaşamasıdır. Buna görə də İsrail dövlətinin Azərbaycanla əməkdaşlıqda maraqlı olmasını təkcə respublikamızın zəngin enerji resursları, coğrafi yerləşməsi, sırf iqtisadi-siyasi amillərlə səciyyələndirmək düzgün deyil. İki ölkə arasında əməkdaşlıq tarixən mövcud olmuş, bu əlaqələrin kökündə insani dəyərlər, milli-dini tolerantlıq, qarşılıqlı anlaşma dayanıb. Təsadüfi deyildir ki, Qarabağ müharibəsində şəhid olan ilk qəhrəmanlar sırasında yəhudi əsilli Milli Qəhrəmanımız Albert Aqarunovun da adı var. O, ermənilərin xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Zamanında jurnalistin “Yəhudiləri Azərbaycan torpağını qorumağa nə vadar edir?” sualına o belə cavab vermişdi: “Mən bu torpağın övladıyam, burada doğulmuşam, burada yaşayıram, daha heç nə məcbur eləmir”. Bu cavab, əslində, Azərbaycanda yaşayan yəhudilərin torpağımıza, xalqımıza bağlılığının bariz sübutudur.
Genişlənən iqtisadi əlaqələr
Azərbaycanla İsrail arasındakı tarixi bağlılığa, siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da genişlənir. İsrail Azərbaycanın əsas ticarət tərəfdaşları sırasındadır. Bu ölkənin neft və neft məhsullarına olan tələbatının təxminən 40 faizi məhz respublikamızdan idxal hesabına ödənilir. İndiyədək iki ölkənin enerji əməkdaşlığında hər hansı bir fors-major halı yaşanmayıb. Hər iki tərəf öhdəliklərini böyük məsuliyyətlə yerinə yetirirlər.
Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya, həmçinin Azərbaycanın İsraildəki Ticarət nümayəndəliyi ölkələrimiz arasında tərəfdaşlığın inkişafı üçün əhəmiyyətli platformalardır. Ölkələrimiz iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi istiqamətində işləri davam etdirirlər. Respublikamızın İsraillə qarşılıqlı investisiya, həmçinin energetika, kənd təsərrüfatı, İT, innovasiya, əczaçılıq, turizm və s. sahələr üzrə səmərəli əməkdaşlığı mövcuddur. Ötən il işgüzar dairələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində fəal iş aparılıb. İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması üzrə işlər hazırda da davam edir. Son məlumatlara görə, 2023-cü ilin yanvar-aprel ayları üzrə İsrail ilə Azərbaycan arasında ticarət dövriyyəsi yarım milyard ABŞ dollarını ötüb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 33,5 faiz artım deməkdir.
Birgə aqrar layihələr
İsrail özünün kənd təsərrüfatını innovativ əsaslarla inkişaf etdirir. Azərbaycan da bu təcrübədən yararlanmaq niyyətindədir. Bu ölkə ilə innovativ inkişaf və rəqəmsal iqtisadiyyat, o cümlədən aqroparklar, turizm, su təsərrüfatı, qida təhlükəsizliyi və digər sahələrdə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var. Son illərdə respublikamızın bölgələrində müasir yanaşmaların geniş tətbiq olunduğu yeni təsərrüfatlar yaradılıb. İsraillə aqrar sektorda əməkdaşlıq ölkəmizdə bu tendensiyanı daha da sürətləndirəcək. Qeyd edək ki, İsrail şirkətləri hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində layihələr həyata keçirirlər. Sentyabrın 11-də Prezident İlham Əliyevin ölkəmizdə səfərdə olan İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixteri videokonfrans formatında qəbul etməsi də iki dost ölkənin aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bir daha təsdiqləyir. Görüşün videokonfrans formatında keçirilməsinə səbəb İsrail nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.
Söhbət zamanı ikitərəfli münasibətlərimizə toxunularaq, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun bu ilin mayında Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişlənməsinə töhfə verdiyi bildirilib. Bir neçə gün əvvəl Azərbaycan Prezidentinin köməkçisinin İsrailə səfəri qeyd olunub, ölkəmizin İsraildə səfirliyinin açılmasının əhəmiyyəti vurğulanıb.
Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafından və bununla bağlı təcrübə mübadiləsinin həyata keçirilməsindən məmnunluq ifadə edilib, bu sahədə əlaqələrin daha da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu bildirilib.
Avi Dixterin səfərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Azərbaycanda səfərdə olan İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Kənd Təsərrüfatı Nazirliyində də görüş keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən “Yeni Azərbaycan”a bildirilib ki, qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Bildirilib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.
Görüşdə Azərbaycan və İsrail arasında aqrar sahədə əməkdaşlıq, kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsinin artırılması, heyvandarlıq və toxumçuluq sahələrində ən müasir texnologiyaların transferi, aqrar tədqiqatlar və təcrübə proqramları sahələrində əməkdaşlığın genişləndirilməsi, suvarma sahəsində İsrail təcrübəsi məsələləri müzakirə olunub. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. İmzalanan Bəyannamədə qeyd olunan sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi niyyəti öz əksini tapıb. Bu sahədə fəaliyyətlərin səmərəli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə birgə işçi qrupunun yaradılması nəzərdə tutulur.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

