Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Prezident Fərman imzaladı

Prezident Fərman imzaladı

30.12.2023 [10:10]

Vergi Məcəlləsində dəyişiklik edilir

Sahibkarlar üçün yeni vergi güzəştləri

Azərbaycanda liberal iqtisadiyyat müxtəlif vasitələrlə geniş şəkildə təşviq olunur və biznes mühiti davamlı olaraq optimallaşdırılır. Son 20 ildə Prezident İlham Əliyevin siyasi iradəsi ilə reallaşdırılan iqtisadi məzmunlu islahatların məntiqi nəticəsi olaraq özəl bölmədə istehsal və ixrac imkanları əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, sayı getdikcə artan sahibkarlıq subyektləri paytaxtda və regionlarda əmək bazarının genişlənməsində, əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayırlar.

Respublikamızda özəl bölmənin inkişafına göstərilən geniş əhatə dairəsinə malik dövlət dəstəyi tədbirlərindən söhbət açarkən burada vergitutma bazasının genişləndirlməsi yolu ilə sahibkarlara edilən vegi güzəştlərinin əhəmiyyətini xüsusi qeyd edə bilərik. Sahibkarların vergi yükünün azaldılması bir tərəfdən onları qanuni əsaslarla fəaliyyət göstərməyə sövq edir, digər tərəfdən isə özəl sektordan dövlət büdcəsinə daha çox həcmlərdə vəsaitlərin daxil olmasını şərtləndirir. Gələn ildə də sahibkarlıq subyektlərinə bir sıra yeni vergi güzəştlərini ediləcək. Nəzərdə tutulan dəyişikliklər “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununda öz əksini tapıb. Prezident İlham Əliyev 28 dekabr 2023-cü il tarixində  sözügedən Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə müvafiq Fərman imzalayıb.

Mikro sahibkarlar üçün vergi güzəştlərinin şərtləri dəyişir

Yeni Qanunda sahibkarlar üçün yeni vergi güzəştləri nəzərdə tutulub. O cümlədən mikro sahibkarlara edilən vergi güzəştinin şərtləri dəyişib və onların digər sahibkarlıq kateqoriyasına keçidi stimullaşdırılıb. Qanuna görə, gələn il yanvarın 1-dən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyektinin fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirlərinin 75 faizi gəlir vergisindən azad olacaq. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən ediləcək.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq siyasətindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrdə gəlir vergisi öhdəliyindən çıxılacaq.

Həmçinin qeyd olunan vergi güzəşti vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilməyəcək.

Dividendlər üzrə vergi dərəcəsi aşağı salınır

Biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm dəyişikliklərdən biri dividendlər üzrə vergi dərəcəsinin aşağı salınmasıdır. Belə ki, dividendlər üzrə ödəmə mənbəyində vergi dərəcəsi 10 faizdən 5 faizə endirilib.

Məlum olduğu kimi, vergi qanunvericiliyində dividend gəlirləri üzrə bir sıra güzəştlər müəyyən edilib. Belə ki, 2019-cu il yanvarın 1-dən ƏDV ödəyicisi olmayan mikro sahibkarlıq subyekti hesab edilən rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri gəlir, mənfəət və sadələşdirilmiş vergidən azaddır. Bu azadolma müddətsizdir. Eyni zamanda, Vergi Məcəlləsinə əsasən, emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend gəlirləri də 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətinə gəlir vergisindən azad edilib. Həmin azadolmanın müddəti 2023-cü il fevralın 1-də bitib. Kapital bazarının inkişafı istiqamətində görülən tədbirlərin davamı olaraq, 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində kütləvi təklif edilmiş, tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividendlər və faiz gəlirləri gəlir vergisindən azad olunub. Artıq 2023-cü ildən başlayaraq, Vergi Məcəlləsində dividendlər üzrə vergi güzəştlərinin məhz birjada olan səhmlərə münasibətdə tətbiqi kapital bazarlarının inkişafı istiqamətində hədəfli təşviq siyasətinin tətbiq edildiyini göstərir. Beləliklə, birjadakı səhmlər üzrə dividendlər də vergidən azad edilib.

2023-cü ildə Vergi Məcəlləsində edilmiş dəyişikliklər bu istiqamətdə vergi güzəştlərinin hədəf yönümlüyünün artırılmasına hesablanıb. Hazırkı vəziyyətdə müəssisələrin təsisçiləri (payçıları) əsas etibarilə kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin sahibləri deyil, digər iştirakçılardır. Bu baxımdan, dividendlər üzrə ödəmə mənbəyində vergi dərəcəsinin 10 faizdən 5 faizə endirilməsi, dövlət və yerli özünüidarəetmə orqanlarının, büdcə təşkilatlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin dividend gəlirlərinə görə vergi azadolmasının ləğv olunaraq 5 faiz dərəcə ilə vergi tutulması istiqamətində Vergi Məcəlləsində dəyişiklik edilib.

Dividend gəlirləri üzrə verilmiş bu vergi güzəştləri vasitəsilə Azərbaycanın regionda əlverişli investisiya mühitinə malik ölkəyə çevrilməsinə təkan verilməsi, kapital bazarlarında səhmlərə investisiyanın təşviqi, kapital bazarı iştirakçısı olmayan investorlar üçün sabit vergi mühitinin formalaşmasına nail olunması və mərkəzi icra hakimiyyəti orqanlarının dividend gəlirlərinin vergiyə cəlb edilməsi ilə təsisçilərin (payçıların) mülkiyyət növündən asılı olmayaraq, hər bir iştirakçı üçün bərabər iqtisadi şəraitin yaradılması hədəflənir.

Tibb müəssisələrinə ƏDV güzəşti  

Dövlət başçısının tətbiqi ilə bağlı Fərman imzaladığı Qanuna əsasən, səhiyyə sahəsi üzrə əməliyyatların şəffaflaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədilə tibb müəssisələrinə və özəl tibbi praktika ilə məşğul olan şəxslərə ƏDV üzrə güzəştlər verilib.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, səhiyyə müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi tutulan ümumi dövriyyədən çıxılması nəzərdə tutulur. Eyni zamanda, dövlət büdcəsinə hesablanarkən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər gəlir və mənfəət vergisindən azad olunub.

Tibb müəssisələri üzrə əhəmiyyətli vergi güzəştini nəzərdə tutan bu dəyişiklik həmin sektorda şəffaflaşmanın artırılmasına, eləcə də nağdsız ödənişlərin stimullaşdırılmasına müsbət təsir edəcək.

Regionlarda turizm subyektlərinə vergi güzəştləri

Gələn ildən regional turizmin inkişaf etdirilməsi və onların sabit vergi xərclərinin azaldılması məqsədilə turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriya) vergi təşviqləri veriləcək.

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında mehmanxana (hotel) və sanatoriya fəaliyyətlərində istifadə edilən (Vergi Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı hallar istisna olmaqla) daşınmaz əmlaklara görə əmlak vergisi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılacaq.

Siqaret və alkoqollu içkilərin aksiz dərəcəsi artırılır

Sözügedən Qanunla gələn il yanvarın 1-dən aksiz dərəcəsi nazik siqarların hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir.

Hazırda aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının hər 1000 ədədi üçün 14,0 manatdırsa, qanuna görə, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1000 ədədi üçün 16 manat olacaq.

Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi isə 0,25 manatdan 2 manata qaldırılır.

Aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti, tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4,0 manatdan 4,8 manata qaldırılıb. Şampan şərabı üçün aksiz dərəcəsi isə azaldılaraq 2,6 manatdan 0,2 manata endirilib.

Eyni zamanda, gələn ildən tütün məmulatlarını Azərbaycan Respublikasına idxal edən və ya ölkə ərazisində istehsal edən bütün sifarişçilər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat (“Təqib və İzləmə”) Sisteminə qoşulmalıdır. Qanuna əsasən, İqtisadiyyat Nazirliyi tütün məmulatlarını Azərbaycan Respublikasına idxal edən və ya ölkə ərazisində istehsal edən bütün sifarişçilərin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat (“Təqib və İzləmə”) Sisteminə qoşulmasını 2024-cü il iyulun 1-dək təmin etməlidir.

M.ABDULLAYEV

Paylaş:
Baxılıb: 688 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30