Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında yeni müəssisələr uğurla fəaliyyət göstərir

Azərbaycanın regionlarında yeni müəssisələr uğurla fəaliyyət göstərir

28.04.2016 [10:07]

Bu müəssisələr həm yerli büdcəyə əlavə gəlir gətirir, həm də daxili istehsalın artmasında və əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır
Məlum olduğu kimi, Prezident İlham Əliyev innovativ, elm tutumlu, müasir texnologiyalara əsaslanan sənaye quruculuğunu Azərbaycanın gələcək inkişaf hədəflərindən biri kimi müəyyənləşdirib. Sənaye quruculuğu istiqamətində dövlətin yüksək siyasi iradə nümayiş etdirməsinin təzahürü olaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin ölkəmizdə “Sənaye ili” elan olunmasını xatırlamaq yerinə düşər. Ümumiyyətlə, hər bir dövr digər sahələrdə olduğu kimi, sənayeləşmə sahəsində də ölkələrin qarşısına yeni çağırışlar qoyur. Bu mənada müasir inkişaf yolu tutan Azərbaycanda yeni sənaye quruculuğu siyasəti müasir dünya trendlərinə uyğun müəyyənləşdirilib. Ölkəmizdə sənayeləşmə siyasəti məhz bu meyarlara uyğun surətdə həyata keçirilir. Yəni, son 12 ildə müstəqil Azərbaycanın dinamik sosial-iqtisadi inkişafını şərtləndirən ən mühüm cəhətlərdən biri məhz ölkənin müasirləşdirilməsi və bu strateji kursa uyğun olaraq modern, dünya trendlərinə cavab verən sənaye quruculuğu siyasətinin aparılması ilə bağlıdır. Qeyd edək ki, Azərbaycanda yüksək texnologiyalara əsaslanan müasir sənaye quruculuğunu reallaşdırmaq üçün real zəmin və geniş imkanlar mövcuddur. Respublikanın zəngin əmək, xammal və kadr potensialı, əlverişli biznes mühiti, investisiya qoyuluşunun təşviq edilməsi, dövlətin nümayiş etdirdiyi siyasi iradə, institusional islahatların dəstəklənməsi, möhkəm daxili sabitlik və digər amillər ölkəmizdə müasir sənaye quruculuğunu şərtləndirir. Davamlı dövlət dəstəyinin sayəsində Azərbaycan sənaye quruculuğu, o cümlədən bölgələrdə müxtəlif infrastrukturların qurulması sahəsində diqqətəlayiq uğurlara nail olub.
Bir sözlə, Prezident İlham Əliyevin təşəbbüsü ilə regionlarda yeni sənaye məhəllələrinin yaradılmasına start verilməsi ilə ölkədə sənayeləşmənin yeni mərhələsi başlayıb. Dövlət başçısının yeni sənayeləşmə siyasəti ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən biri də ölkəmizdə sənayenin regional strukturunun təkmilləşdirilməsi və hər rayonda sənaye məhəllələrinin yaradılması ilə bağlıdır. Şübhəsiz ki, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar həyata keçirilən Dövlət proqramları çərçivəsində də bölgələrdə sənaye müəssisələri ilə yanaşı, müxtəlif quruculuq işləri həyata keçirilir, ayrı-ayrı sahələri əhatə edən müəssisələr inşa olunur, təsərrüfatlar yaradılır. Bütün bunlar da bölgə əhalisinin rifahının yüksəlməsinə müsbət təsir edir, yeni iş yerlərinin açılmasilə insanlar işlə təmin olunurlar.
Bu Dövlət proqramları qarşıya qoyulan məqsədlərə nail olunması ilə yanaşı, Azərbaycanda bir sıra sahələrdə sıçrayışlı inkişafa da təkan verib. Digər tərəfdən, ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, yeni infrastrukturun qurulmasına, eləcə də regionlarda abadlıq və quruculuq işlərinin sürətləndirilməsinə zəmin yaradıb. Ötən illər ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi, o cümlədən Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips və gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqlar, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə tikinti materialı, mebel, emal, çörək zavodu və digər müasir müəssisələr fəaliyyətə başlayıb.
Yuxarıda sadalananlardan da bəlli olduğu kimi, istifadəyə verilən obyektlərin böyük əksəriyyəti regionlarda fəaliyyət göstərir. Yəni ötən 12 ildə respublikada açılan yeni iş yerlərinin, yaradılan yeni infrastrukturun mütləq əksəriyyəti bölgələrin payına düşüb ki, bu da bölgələrin daha da yüksək səviyyədə inkişafına yol açır. Bu gün yeni tikilən və ya təmirdən çıxmış bir sıra sosial infrastrukturlar da vətəndaşların xidmətinə verilir. Əlbəttə ki, ölkəmizin regionlarının inkişafı fonunda Qərb regionunda, o cümlədən Şəmkir rayonunda da böyük abadlıq və quruculuq işləri həyata keçirilir. Dövlət proqramları çərçivəsində yeni sosial obyektlər tikilib, yollar çəkilib, parklar salınıb. Eləcə də rayonun kəndləri qazlaşdırılır, elektrik enerjisi ilə təminatı daha da yaxşılaşdırılır və s.
Məlumat üçün bildirək ki, Şəmkir rayonu respublikada böyük rayonlardan biridir, 1 şəhər, 4 qəsəbə və 61 kənddən ibarətdir, əhalisi isə 210 minə qədərdir. Hər il artan demoqrafik göstəriciləri də nəzərə alsaq, əhalinin məşğulluğunun təmin olunması istiqamətində addımlar atılması zəruridir. Rayonda bununla bağlı müsbət göstəricilər var. Belə ki, rayonda davamlı yeni müəssisələr yaradılır və bu da yerli istehsalın stimullaşdırılmasında, əhalinin işlə təminatında vacib rol oynayır. Çox təqdirəlayiq haldır ki, bu prosesdə Şəmkir rayonunun bəzi bələdiyyələri uğurla fəaliyyət göstərərək regionların sosial-iqtisadi inkişafına öz töhfələrini verirlər. Qeyd edək ki, Şəmkir rayonunda 42 bələdiyyə fəaliyyət göstərir ki, hər bir bələdiyyədə tədarük məntəqəsi və bələdiyyənin nəzdində Məhdud Məsuliyyətli Cəmiyyət təsis edilib. Hazırda bələdiyyələr nəzdində 45 MMC təsis olunub.
Bütün bunlar isə yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun artırılmasında, rayonda və respublikada ərzaq təhlükəsizliyinin təminatında önəmli rol oynamaqdadır.
Məsələn, Şəmkir şəhərinin “Ağ dağlar” adlanan ərazisində Şəmkir bələdiyyəsi tərəfindən təsis edilmiş “Abad Şəmkir” MMC-nin nəzdində 2015-ci ildə “Natural” su və konserv istehsalı zavodu tikilib istifadəyə verilib. Müəssisədə qazlı və qazsız su, cem, mürəbbə, kampot və turşu istehsal olunur. Müəssisədə quraşdırılmış avadanlıqlar Türkiyə və İtaliya respublikalarından gətirilib. Zavodda 50 nəfərə yaxın yeni iş yeri yaradılıb. Məqsəd rayonun təbii potensialından istifadə etməklə bazara tam təbii, orqanik məhsul təqdim etməkdir. Bu zavodun istehsal etdiyi məhsulların Şəmkirdə kifayət qədər alıcısı var və gələcəkdə istehsal olunan məhsulların daha böyük bazarlara çıxarılması nəzərdə tutulur.
Şəmkir bələdiyyəsinin təsis etdiyi “Morul Tikinti” MMC-nin nəzdində isə tikinti materialları istehsalı müəssisəsi fəaliyyətə başlayıb. Müəssisədə rayon əhalisinin tikinti materiallarına artan tələbatının ödənilməsi məqsədilə yerli xammal materiallarından istifadə etməklə qum-çınqıl, tamet və digər bəzək daşları istehsal olunur. Müəssisədə 30 nəfərlik yeni iş yeri yaradılıb. Çinarlı bələdiyyəsinin nəzdində təsis edilmiş “Çinarlı qəsəbə” MMC-nin nəzdində “Şəmkir Səbəti” brendi altında kənd təsərrüfatı məhsullarının satışı üzrə “Yaşıl market” bazarının tikintisinə 2015-ci ildə başlanılıb. Layihəyə uyğun olaraq bazarın tikintisi üçün Bakı-Qazax avtomobil yolunun 399-cu km-də müəssisəyə məxsus olan 5 hektar torpaq sahəsində əhalini kənd təsərrüfatı məhsulları, faraş meyvə-tərəvəz və bütün növ ərzaq məhsulları ilə təmin etmək üçün 147 ədəd ağac konstruksiyadan ibarət olmaqla pərakəndə ticarətin təşkili üçün butiklər hazırlanıb. Ərazinin baş planına uyğun olaraq 5 ədəd soyuducu anbar və 3 ədəd sanitariya qovşağı inşa olunub. “Şəmkir Səbəti” bazarında 150 ədəd orta tonnajlı yük avtomaşınlarının dayanması və topdansatış ticarətin təşkili üçün xüsusi sahə yaradılıb və ətrafı abadlaşdırılıb. Yeni yaradılmış “Yaşıl market” bazarında təqribən 350 nəfərlik yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Turizm sahəsinin inkişafı məqsədilə rayonun Çənlibel kəndində isə maralçılıq təsərrüfatı fəaliyyətə başlayıb. Çənlibel bələdiyyəsi tərəfindən təsis edilmiş “Maral” MMC-nin nəzdində istirahət mərkəzi və maralçılıq təsərrüfatı yaradılıb. Burada “Nəcib” maralı kimi tanınan maralların yetişdirilməsi, saxlanması ilə bağlı müvafiq addımlar atılır və insanların istirahəti üçün xüsusi şərait yaradılıb. Layihənin həyata keçirilməsində məqsəd respublikamızın ərazisində maralçılığın inkişaf etdirilməsi, ondan həm ekzotik xidmət növü kimi istifadəni yaymaq, həmçinin də maral ətini qida rasionuna daxil etmək, eyni zamanda, müxtəlif yüksək müalicəvi qabiliyyətə malik olan cəhətlərindən tibbi sahədə yararlana bilməkdir. Bu sahədə göstəriləcək xidmətlərə rayon və region bazarlarında kifayət qədər tələbat mövcuddur. Azərbaycan təbiəti zəngindir və ekoturizmin inkişafı üçün böyük imkanlar var. Bu mənada dağlıq ərazi olan Çənlibel kəndində də “Maral” MMC-nin fəaliyyəti ekoturizmin inkişafına da öz tohfələrini verəcək. “Maral” MMC-də mövsümi işlə 75 nəfər, daimi işlə isə 35 nəfər təmin olunub. Həmçinin rayonun Qaracəmirli kəndində də bələdiyyə nəzdində quşçuluq təsərrüfatı fəaliyyət göstərir.
Digər görülən vacib işlərdən biri də rayonun Ceyrançöl adlanan ərazisində torpaqların əkinə yararlı vəziyyətə gətirilməsidir. Uzun müddət bu ərazidə su olmadığına görə yalnız mal-qara otlağı üçün istifadə olunurdu. Amma artıq bu əraziyə su çəkilib və ötən il 2000 hektar sahədə nümunəvi taxılçılıq və bitkiçilik təsərrüfatı yaradılıb. Bu il isə əkin sahələrinin 5000 hektara qədər artırılması nəzərdə tutulur və hazırda həmin sahədə pivod-suvarma sistemi qurulur. Heç şübhəsiz ki, bu fəaliyyət respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1035 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30