/ / Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafını sürətləndirir
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafını sürətləndirir
29.07.2016 [09:58]
Aran iqtisadi rayonuna daxil olan bölgələrdə bu ilin ilk 6 ayında mühüm abadlıq-quruculuq işləri aparılıb, infrastruktur yenilənib
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının daha da yaxşılaşmasında, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. Daha dəqiq desək, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların sosial-iqtisadi inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur. Bütün bunlar isə ötən dövr ərzində qarşıya qoyulan məqsədlərə nail olunduğundan xəbər verir. O mənada ki, dövlət başçısı İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlayarkən regionların sosial-iqtisadi inkişafını Özünün fəaliyyətinin əsas istiqamətlərindən biri kimi elan etdi. Bu hədəfə çatmaq üçün isə ötən dövrdə regionların sosial-iqtisadi inkişafına dair 2 çoxşaxəli Dövlət Proqramı uğurla həyata keçirilib, hazırda 3-cü Dövlət Proqramı icra olunmaqdadır. Əksər ekspertlərin də vurğuladıqları kimi, 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. Belə ki, məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində 2004-2008-ci illəri əhatə edən ilk Dövlət Proqramında qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub. Bunun ardınca isə 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi.
Hazırda isə 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı icra olunmaqdadır. Sözsüz ki, bu Dövlət proqramları qarşıya qoyulan məqsədlərə nail olunması ilə yanaşı, Azərbaycanda bir sıra sahələrdə sıçrayışlı inkişafa da təkan verib. Digər tərəfdən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, yeni infrastrukturun qurulmasına, eləcə də regionlarda abadlıq və quruculuq işlərinin sürətləndirilməsinə zəmin yaradıb.
Vurğulamaq lazımdır ki, bu ilin ilk üç ayında ölkəmizin Aran iqtisadi rayonuna daxil olan bir sıra regionlarında da mühüm yenidənqurma və abadlıq işləri görülüb, infrastruktur yenilənib. Məsələn, Aran iqtisadi rayonuna daxil olan Biləsuvar rayonunda tikinti, abadlıq və quruculuq sahələrində aparılan işlər ilin birinci yarısında da davam etdirilib. Ölkə Prezidentinin Sərəncamı ilə 10,0 min nəfər əhalinin yaşadığı, 4 yaşayış məntəqəsini birləşdirən uzunluğu 6,0 km olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisində son tamamlama işləri aparılır. Bundan əlavə, Biləsuvar şəhərinin Nizami, Molla Hüseyn, Xaqani, S.Vurğun küçələrində ümumilikdə 4 km məsafədə asfalt-beton örtüklü yol tikilib, uzunluğu 1,5 km olan Cəlilabad küçəsində yol əsası tikilərək asfalt-beton örtüyün tikintisi üçün hazırlanıb.
Bundan başqa, rayon Elektrik Şəbəkəsinin inzibati binası və Səmədabad kəndində Heydər Əliyev parkı tikilib istifadəyə verilib, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbələrinin inzibati binalarının tikintisində və rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirində son tamamlama işləri aparılır. 480 yerlik Əsgərabad kənd tam orta məktəbinin əsaslı təmir işləri davam etdirilir. Hazırda rayonda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə rayon Mərkəzi Xəstəxanasının binasının yenidənqurulması və müasir inventarlarla təchiz olunması istiqamətində aparılan işlər başa çatmaq üzrədir.
Qeyd edək ki, Biləsuvar şəhərinin içməli su sisteminin yenidən qurulması istiqamətində işlər başa çatdırılıb. Ötən dövr ərzində rayonda əhalinin təbii qaz və elektrik enerjisi ilə təmin edilməsi istiqamətində əsaslı işlər görülüb. Rayonun bütün yaşayış məntəqələri 100 faiz təbii qazla təmin edilib. Əlavə olaraq şəhər ərazisində 4420 metr, rayonun kəndlərində isə müxtəlif diametrli 8500 metr qaz xətləri yenisi ilə əvəz olunub, 1750 metr qaz xətti isə əsaslı təmir olunub. Eləcə də, 87 ədəd qaz tənzimləyici şkaf və 350 ədəd müxtəlif diametrli siyirtmələr cari təmir edilib. 6 ayda rayonun ayrı-ayrı yaşayış məntəqələrində 1700 metr SİP kabel çəkilib, 210 ədəd elektrik dirəkləri quraşdırılıb, 10 ədəd elekrtik transformatoru təmir edilib, 10,2 km hava verlişi xətləri dəyişdirilib.
Aran iqtisadi rayonuna daxi olan Göyçay rayonunda da bu ilin 6 ayı ərzində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin ikinci mərhələsində işlər başa çatdırılıb. Yeni su mənbəyindən abonentlərə içməli su verilib. Hazırda rayonun 6 yaşayış məntəqəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli su qurğuları quraşdırılır. Cari ilin yanvar-iyun aylarında 4 kənd mavi yanacaqla təmin olunub. Daha 12 kəndin qazlaşdırılması davam etdirilir. Hesabat dövründə şəhərin 5 küçəsində, o cümlədən Göyçay şəhərinin yuxarı hissəsində Ərəbcəbirli kəndinə bitişik çoxsaylı şəhər və rayon əhalisinin istifadə etdiyi şəhər qəbiristanlığına gedən yola 3150 kv.m. yeni asfalt örtüyü vurulub. Rayonun Çərəkə və Qaraman kəndlərində Qarabağ müharibəsi əlilləri üçün fərdi yaşayış evləri tikilib. 784 yeni iş yeri açılıb.
Aran iqtisadi rayonunun başqa bir bölgəsində - İmişli rayonunda da abadlıq-quruculuq işləri davam etdirilib. Belə ki, İmişli şəhəri Heydər Əliyev prospekti, S.Fətəliyev, M.Müşviq, H.Aslanov və Q.İsmayılzadə küçələri təmir olunub. Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunda 8 km avtomobil yolunun alt qatına asfalt beton örtüyü vurulub. İmişliyə giriş yolunun ilk 7 km sahəsində əsaslı təmir işləri aparılıb.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasında tikinti işləri tamamlanmaq üzrədir. Həmçinin rayonda bu təbəqədən olan insanlar üçün növbəti, ikinci 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisi nəzərdə tutulub.
İmişli rayon Məhkəməsinin və Ərazi Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının tikintisi işləri başa çatdırılıb, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin, “ASAN xidmət” Mərkəzinin və “Azərişıq” ASC-nin İmişli rayonu Elektrik Şəbəkəsinin inzibati binalarının tikintisi nəzərdə tutulub.
İmişli rayonunda emal sənayesinin inkişafı istiqamətində də bir sıra addımlar atılıb. “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin Kəllə qənd, Qarışıq Yem, Bitki Yağları, Spirt emalı, Çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz Damazlıq quşçuluq” MMC, İmişli Broyler və “Araz” Konservləşdirilmiş Şirələr və Konyak zavodu istifadəyə verilib.
Aran iqtisadi rayonunun başqa bir rayonunda - Kürdəmir rayonunda da əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Rayonda 2016- cı ilin II rübündə müxtəlif diametrli 252 p/m qaz xətti təmir olunub, xidmət sahəsində olan 176 ədəd qaz tənzimləyicilərinə və 303 ədəd siyirtmələrə hər ay texniki xidmət göstərilib, mənzillərə texniki baxış keçirilib və müqavilələrin yenilənməsi mütəmadi olaraq davam etdirilib.
Hazırda rayonun Pirili, Axtaçı Qarabucaq, Dayıkazımlı, Beyi kəndlərində kodlaşma işləri davam etdirilir. Rayonun Qocalı, Türkədi, Xəlsə, Quşlar, Pirəköcə kəndlərində qaz sayğacları quraşdırılıb. Carlı və Köhünlü kəndlərində qaz sayğaclarının quraşdırılması davam etdirilir. Artıq rayon mərkəzində SMART tipli qaz sayğaclarının quraşdırılmasına start verilib. Mart-iyun ayları ərzində 273 ədəd SMART tipli qaz sayğacı quraşdırılıb.
Rayonun elektrik enerjisi təchizatının yaxşılaşdırılması sahəsində 2016-cı ilin II rübü ərzində 35/10 kv-luq Muradxan, Mollakənd, Pirili, Axtaçı yarımstansiyalarında cari təmir işləri aparılıb, şəhər ərazisində 2,5 km 10 kv-luq hava xətti və 4,5 km 0,4 kv-luq hava xətti yenidən quraşdırılıb, 520 ədəd smartkart tipli sayğac quraşdırılıb.
Rayonun Qarasaqqal Çöhranlı Xirdapay Şilyan kəndlərində istismara yararsız dayaqlar, izolyatorlar və naqillər yenisi ilə əvəz olunub. Eləcə də rayon ərazisində 12 ədəd yeni taransformator yarımstansiyası quraşdırılıb, 14 ədəd elektrik transformatoru əsaslı, 48 ədəd isə cari təmir olunub.
Qeyd edək ki, 2016-cı ilin birinci yarımilində Kürdəmir şəhərinin Heydər Əliyev və Bakı prospektləri, M.Ə.Sabir, İ.Məmmədov, Nizami küçələrindəki və Aran qəsəbəsindəki mərkəzi kanalizasiya xətti üzərindəki baxış quyuları lildən təmizlənib, sınmış qapaqlar dəyişdirilib, xəttin tutulmasının qarşısını almaq məqsədi ilə metal barmaqlıqlar qoyulub. Hesabat dövrü ərzində rayon mərkəzinin Heydər Əliyev prospektində və M.Ə.Sabir küçəsində ümumi uzunluğu 2050 p/m olan kanalizasiya borularının içərisinin lili yumşaldılaraq axın bərpa edilib. Şəhərin Heydər Əliyev prospektində 13 ədəd, Koroğlu küçəsində 3 ədəd, M.Əzizbəyov küçəsində 2 ədəd, 20 Yanvar küçəsində 3 ədəd baxış quyusunun yanları betonlanaraq yararlı vəziyyətə gətirilib.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq 2016-cı ilin 6 ayı ərzində rayonda tikinti-quraşdırma, yenidənqurma və abadlıq işləri yerinə yetirilib. Rayonun Babək küçəsində, Aran qəsəbəsində və Heydər Əliyev prospektində yerləşən bir sıra ictimai yaşayış binalarında 589 m2 dəmir-beton kəmər tökülməsi işləri görülüb, 17131 m2 mansart tipli kirəmit formalı metal vərəqələrlə dam örtüyü vurulub, metal plastik dam və blok pəncərələri qoyulub, 52 ədəd blok metal qapılar quraşdırılıb. Beşmərtəbəli yaşayış binalarının kürsü hissəsinə 507 m2 sahədə ağlay üzlük materialı vurulub, binalarının pilləkən meydançalarına 167 m2 sahədə metlax döşənib, binaların ətrafına 475 m2 sahədə mozaik səki daşları düzülüb, binaların qarşısına 1370 m2 asfalt örtüyü vurulub, 1265 p/m kanalizasiya xətti çəkilib. Hazırda bu işlər davam etdirilir. Şəhərin Heydər Əliyev prospekti 1 və Bakı prospekti 5A saylı 2 mərtəbəli yaşayış binalarında əsaslı təmir işlərinə başlanılıb, Aran qəsəbəsi 1 və 2 saylı 5 mərtəbəli, Aran qəsəbəsi 23, 24, 25, 26 saylı 2 mərtəbəli yaşayış binalarının ərazisində abadlıq işləri aparılır, parklar salınır.
Kürdəmir şəhərində rayonlararası Psixiatriya Xəstəxanasının tikintisinə başlanılıb. Eləcə də 2016-cı ilin II rübündə rayonun Sığırlı, Muradxan və Topalhəsənli poçt şöbələri əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilib. Müvafiq Dövlət Proqramının icrası ilə əlaqədar 2016-cı ilin II rübündə 21 saylı Kürdəmir Yol İstismarı idarəsi tərəfindən “Azəravtoyol” ASC-nin xətti ilə rayon ərazisində fiziki göstəricisi 1440 m2 olmaqla asfalt-beton qarışığı ilə çala təmir işləri görülib.
Aran iqtisadi rayonuna daxil olan Neftçala rayonunda hesabat dövründə rayon Su və Meliorasiya İdarəsi tərəfindən 336,6 km suvarma kanalları, 155,9 km kollektor-dren sistemi lildən təmizlənib, suvarma kanallarında 36 ədəd, kollektor - drenlərdə 22 ədəd hidrotexniki qurğular və nasos aqreqatları əsaslı və cari təmir edilib. Rayonda 14 min 500 hektardan yuxarı əkin sahələrinin suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar Kür çayından Xol zonasına 25 km uzunluğunda Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə layihəsinin tikintisi davam etdirilib.
Rayonda 2016-cı ilin birinci yarısında təmir, tikinti və abadlıq işlərinin görülməsi diqqət mərkəzində saxlanılıb, həyata keçirilən işlərin keyfiyyətinə xüsusi önəm verilib. Belə ki, bu ilin ilk 6 ayı ərzində rayon ərazisində tikinti işlərində əsas kapitala yönəldilmiş investisiyanın ümumi həcmi 10 milyon 702,0 min manat təşkil edib. O cümlədən, tikinti quraşdırma işlərinin həcmi 10 milyon 60,5 min manat yerinə yetirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə investisiya qoyuluşu 2,2 dəfə və tikinti quraşdırma işləri 2,2 dəfə artıb.
Azərbaycan Respublikası Prezidentinin “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” 2 fevral 2015-ci il tarixli 1011 nömrəli Sərəncamına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 aprel 2015-ci il tarixli 84s nömrəli sərəncamına əsasən Neftçala şəhərində Dövlət Torpaq Fondu ərazisindən 10 (on) hektar torpaq sahəsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə icarəyə vermək hüququ ilə daimi istifadəyə ayrılıb. Torpaq sahəsində tikinti işlərinin tamamlanması yönündə işlər davam etdirilir.
Uzunluğu 55 km 140 metr olan 21 yaşayış məntəqəsini əhatə edən, 37 min əhalinin yaşadığı Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunda tikinti işləri uğurla aparılıb. Yolda nəzərdə tutulan 76 ədəd su ötürücü borulardan 33 su ötürücü boru tikilib, 36 km hissəsində yararsız qrunt torpaq çıxarılaraq yenisi ilə əvəz olunub, 7 km hissəsində torpaq yatağının təmiri başa çatdırılıb.
Eləcə də rayonda 2016-cı ilin birinci yarımilində 24 min 200 ədəd ağac və gül kolları əkilib, Dövlət Sosial Müdafiə Fondunun Neftçala filialının və Kənd Təsərrüfatı Nazirliyinin “İnzibati Laboratoriya” binasının tikintisi sona çatdırılıb, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində şəhərin mərkəzi hissəsində yerləşən uzunluğu 3,7 km və sahəsi 34 hektar olan “Axmaz göl”ün təmizlənməsi və dərinləşdirilməsi işləri aparılıb. Neftçala şəhərinin giriş lövhəsi tikilib.
Bundan başqa, Neftçala şəhərində çoxmərtəbəli yaşayış binalarının fasad hissələrinin, dam örtüyünün əsaslı təmiri, iki mini futbol meydançasının tikintisi və quraşdırılması işləri aparılıb. Şəhərdaxili avtomobil yollarında əsaslı təmir işləri aparılaraq, 17 min 286 kv. metr asfalt örtük döşənib.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 2013-cü ilin avqust ayından Neftçala rayon Mərkəzi Xəstəxanasında əsaslı təmir işlərinə başlanılmış və hal-hazırda davam etdirilir. Bununla yanaşı, Neftçala şəhəri M.Ə.Sabir küçəsində Neftçala avtovağzalının tikintisinə başlanılıb ki, hazırda tikinti işləri uğurla davam etdirilir.
Aran iqtisadi rayonuna aid olan Zərdab rayonunda isə aqrar sahənin inkişafında xüsusi rolu olan Suvarma Sistemləri İdarəsinin maddi texniki bazası gücləndirilib. 23 ədəd nasos, 4 elektrik mühərriki, 39 hidrotexniki qurğu əsaslı təmir edilib. 353,3 kilometr uzunluğunda suvarma kanalı lil və palçıqdan təmizlənib. Kəndlərdə 21 ədəd modul tipli su təmizləyici qurğu, 264 bulaq tikilib. Peşə liseyinin korpusu, Qaravəlli kənd tam orta məktəbi əsaslı təmir olunub, Mərkəzi Xəstəxananın yenidən qurulması davam etdirilib. Sahibkarlara Kömək Milli Fondu 10 kənd təsərrüfatı layihəsi üzrə fermerlərə 83 min manat kredit verib. 24,8 hektar sahədə 5 balıq gölü yaradılıb. Eyni zamanda, şəhərdaxili və kənd yollarında təmir-bərpa tədbirləri icra olunub. Tikinti-quruculuq işləri də davam etdirilib. Əsas kapitala 8 milyon 776 min manat investisiya yönəldilib. Süd emalı zavodunda yeni istehsal xətti quraşdırılıb.
Göründüyü kimi, regionların inkişafı ilə bağlı artıq 12 ildir ki, həyata keçirilən təsirli və kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarıb: ötən müddət ərzində Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə nail olan modern dövlətə çevrilib. Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları respublikamızın dinamik inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur.
O da vurğulanmalıdır ki, ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı sayəsində bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramlara əlavə xarakteri daşıyan tədbirlər planları da yeni dövrün tələblərindən meydana çıxır, innovasiyaların tətbiqi zərurətindən yaranır. Bu gün bölgələrin hər bir guşəsində quruculuq işlərinin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır. Amma qarşıdakı illərdə yeni dövrün tələbləri başqa cür olacaq. Azərbaycan inkişaf etdikcə ölkə qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi məsələlər meydana çıxmaqdadır. Dövlət isə bütün bu tədbirləri də perspektiv inkişaf planında nəzərə alacaq, gələcəkdə daha yeni layihələrin hazırlanaraq həyata keçirilməsinə qərar verəcək.
Nəticə etibarilə, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə də əhəmiyyətli zəmin yaradıb. Regionların sosial-iqtisadi inkişafını əsaslandıran Dövlət proqramlarının ən mühüm tədbirlərindən biri yoxsulluğun azalmasına yönəlib. Yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən birini bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq və çoxlu sayda yeni iş yerləri yaratmaq təşkil edir. Bölgələrdə yeni iş yerlərinin açılması və işsizlik probleminin, demək olar ki, həlli ölkəmizdə yoxsulluğun aradan qaldırılmasına əhəmiyyətli təsir edib.
Xüsusi olaraq vurğulanmalıdır ki, 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramının uğurlu icrası ümumi inkişafımızla yanaşı, regionlarda abadlıq-quruculuq işlərinin də davamlı şəkil almasına, yeni infrastrukturların qurulmasına yol açıb. Bu gün bölgələrimizdə tikinti, abadlıq və quruculuq işləri uğurla davam etdirilir. Sosial obyektlər tikilir və əsaslı təmir olunur, infrastruktur layihələri həyata keçirilir, yaşıllıqlar salınır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56

