Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda kənd təsərrüfatının inkişafı diqqət mərkəzindədir

Regionlarda kənd təsərrüfatının inkişafı diqqət mərkəzindədir

30.07.2016 [10:07]

Lənkəran iqtisadi rayonuna daxil olan rayonlarda da bu istiqamətdə ciddi uğurlar əldə edilib
Respublikamızda 2004-cü ildən etibarən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində kənd təsərrüfatının inkişafı istiqamətində zəruri tədbirlər həyata keçirilib və mühüm nəticələr əldə edilib. Belə ki, artıq respublika əhalisinin bir sıra ərzaq məhsullarına olan tələbatının mühüm hissəsi daxili istehsal hesabına ödənilir. Ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq yaxın perspektivdə ölkənin bütün pozisiyalar üzrə ərzağa olan tələbatının tam yerli istehsal hesabına ödənilməsi hədəf seçilib. Son illərdə respublikanın regionlarında aqrar sektorun inkişafına dövlət başçısı səviyyəsində güclü siyasi iradə nümayiş etdirilməsi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Dünya Bankının məlumatına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz bəndi artıq olub.
Dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə və davamlı olaraq həyata keçirilən aqrar islahatlar nəticəsində respublikada kənd təsərrüfatının dinamik inkişafı üçün yaxşı zəmin yaradılıb. Aqrar sahədə məqsədyönlü dövlət siyasəti bu sahənin davamlı inkişafını şərtləndirir. Bu ilin birinci yarısında kənd təsərrüfatında 3 faizdən çox artıma nail olunması deyilənlərin təsdiqidir. Bu sahədə potensial isə daha böyükdür. Bu potensialdan səmərəli istifadə etməklə Azərbaycan bundan sonra da regionların tarazlı inkişafının təmin edilməsi də daxil olmaqla bir sıra strateji məqsədlərə nail ola bilər.
Belə ki, hazırda dünya miqyasında yaşanan qlobal çətinliklər fonunda ölkəmizdə kənd təsərrüfatının inkişafı, bir tərəfdən, ərzaq təhlükəsizliyinin tam təmin edilməsi, eyni zamanda, böyük ixrac potensialının yaradılması üçün başlıca şərt qismində çıxış edir. Qeyd etmək yerinə düşər ki, son illərdə ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunması istiqamətində normativ-hüquqi baza möhkəmləndirilir. Respublikamızda Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da isə “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub. Aqrar sektorun dinamik inkişafının təmin olunması ölkənin ixrac potensialının artırılması baxımından da müstəsna əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu xüsusda fikirlərini ifadə edərək deyib: “Nəzərə alsaq ki, neftdən gələn gəlirlərin həcmi azalıb, biz bu gəlirləri müəyyən mənada kənd təsərrüfatı məhsullarının ixracı ilə kompensasiya etməliyik”.
Sevindirici haldır ki, artıq ölkənin regionlarında ixractutumlu məhsulların istehsalının artırılmasına nail olmaq məqsədilə zəruri tədbirlər həyata keçirilir. Fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması bu kimi tədbirlər sırasındadır. Azərbaycanın qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasında meyvəçilik və tərəvəzçilik mühüm rol oynaya bilər. Əlamətdar haldır ki, ölkənin qeyri-neft məhsulları ixracının strukturunda regionlarda kənd təsərrüfatında istehsal olunan meyvə-tərəvəzin çəkisi getdikcə artır. Məsələn, Lənkəran iqtisadi rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı son 6 ayda yüksələn trayektoriyaya malik olub. Bunu rəqəmlər də təsdiqləyir.
Lənkəran iqtisadi rayonuna daxil olan Astara rayonunda aqrar sahənin inkişafına xüsusi diqqət ayrılır. Rayonda vətəndaşlarla aparılmış geniş maarifləndirmə-izahat işləri nəticəsində əkinə yararlı torpaq sahələrinin dövriyyəsi xeyli genişləndirilərək 7235 hektara çatdırılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 435 hektar çoxdur. Sitrus meyvələrinin istehsalına diqqətin artırılması sayəsində rayonda sitrus meyvə bağlarının ümumi sahəsi artaraq 2200 hektarı keçib. Bundan başqa, ötən dövrdə sitrusçuluqla yanaşı çay, çəltik və tərəvəz istehsalı da Astarada diqqət mərkəzində olub.
Rayonda yaradılmış çayçılıq təsərrüfatlarının ərazisi genişləndirilərək 345 hektara çatdırılıb. Bunun 192 hektarını məhsuldar, 153 hektarını isə cavan çay sahələri təşkil edir. Bütün çay plantasiyalarına lazımi aqrotexniki xidmətlər göstərilib, mineral və üzvi gübrələr verilib, mövsümi yağan yağışlar nəticəsində sel sularından qorunmaq məqsədilə su ötürücü kanallar və arxlar təmizlənib. Bundan başqa, Astarada çəltik əkini ötən ilə nisbətən iki dəfə artıb və 133 hektara çatdırılıb.
Lənkəran iqtisadi rayonunun başqa bir rayonunda Cəlilabad rayonunda 2016-cı ilin birinci yarısında “Azərbaycan Respubliksı regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan sənaye və kənd təsərrüfatının inkişaf etdirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmədə mühüm nəticələr əldə edilib. Belə ki, regionda hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, bitkiçilikdə yüksək məhsuldarlığa nail olunub. Rayon üzrə 156,1 min ton buğda, 18,8 min ton arpa, 5,3 min ton vələmir, 3,3 min ton noxud və 586 ton mərci istehsal edilib. Həmçinin Cəlilabadda 102,2 min ton kartof, 1,2 min ton tərəvəz, 240 ton qarğıdalı, 294 ton bostan məhsulları istehsal olunub. Bu ilin 6 ayında rayonda üzümçülər 1507 hektar sahədə yüksək keyfiyyətə malik üzüm yetişdiriblər.
Rayonda ənənəvi əkin sahəsi olan pambıqçılığın inkişaf etdirilməsi üçün ardıcıl iş aparılıb, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan əlverişli torpaq sahələri müəyyənləşdirilib, sahələrin şumlanması, toxumla təchiz olunması və suvarılması üçün zəruri tədbirlər görülüb. Bütün bunların nəticəsidir ki, qısa müddət ərzində 426 hektar sahədə pambıq əkilib və tam çıxış alınıb. Digər tərəfdən, iri toxumçuluq təsərrüfatı olan “Avanqard” MMC ərzaq təhlükəsizliyinin təmin olunmasında, xüsusən yüksək reproduksiyalı toxum istehsal edilməsində əhəmiyyətli rol oynayır. Belə ki, cari ildə təsərrüfatda 1060,0 hektar taxıl əkilib, hər hektardan 35 sentner məhsul götürülərək 3710 ton keyfiyyətli məhsul istehsal edilib. “Aqrolizinq” ASC-nin Cəlilabad regional nümayəndəliyi tərəfindən 1752 kənd təsərrüfatı məhsulları istehsalçısına 70 faiz güzəştlə 2547 ton azot, 250 ton amofos, 282 ton kalium və digər gübrələr, habelə 5,7 ton herbisidlər satılıb.
Qeyd edək ki, rayonda fəaliyyət göstərən sahibkarların iştirakı ilə geniş tərkibli yığıncaqlar keçirilir, sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması ilə əlaqədar təkliflər dinlənilir. Həmin təkliflər əsasında rayonda çiyələk emalı müəssisəsinin yaradılması, mərci və digər paxlalı bitkilərin konservləşdirilməsi və emalı üçün Türkiyənin müvafiq şirkətləri ilə razılıq əldə edilib. Hazırda rayonun Muğan kəndində gündəlik istehsal gücü 5 ton olan bitki yağlarının istehsalı müəssisəsinin tikintisində son tamamlama işləri görülür. Müəssisəni xammalla təmin etmək üçün 70 hektar ərazidə günəbaxan əkilib.
İqtisadi rayonun digər bölgəsində - Masallı rayonunda 2016-cı ilin birinci yarım ilində 11582 ha taxıl, ondan 8141 ha buğda, 3441 ha arpa, bundan əlavə 1539 ha dənlik vələmir əkini aparılıb. Eyni zamanda, II rüb ərzində 1043,5 ha kartof, 492,7 ha bostan və 2542 ha tərəvəz əkilib. Hal-hazırda əkinlər davam etdirilir. 2016-cı ilin birinci yarım ilində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilib. Yarmarkaya 10,6 ton kartof, 5,6 ton soğan, 1 ton kələm, 2,5 ton badımcan, 950 kiloqram lobya, 730 kiloqram noxud, 690 kiloqram mandarin, 5950 ədəd yumurta göndərilib.
Vurğulayaq ki, rayonda çayçılığın inkişaf etdirilməsi məqsədi ilə bu il 100 hektar sahədə ən yeni texnologiyaya əsaslanan çay plantasiyası salınması üçün hazırlıq işlərinə başlanılıb. Həmin ərazidə yol, suvarma suyu, enerji infrastrukturunun yenidən qurulması nəzərdə tutulur. Yaxın gələcəkdə bu gəlirli sahənin rayonda ən azı 1400 hektara çatdırılmasına çalışılır. Bu qədər yaşıl çay sahəsinin salınması idxaldan asılılığı azaltmaqla yanaşı, həm də ən azı 7000 iş yerinin yaradılmasına imkan verə bilər.
Lənkəran iqtisadi rayonuna aid olan Yardımlı rayonunda da kənd təsərrüfatının inkişafına nail olunub. Əvvəlki illərlə müqayisədə həyətyanı və pay torpaqlarından öz gündəlik tələbatları üçün daha da səmərəli istifadə edilir. Bu da daxili istehsalın artmasına əhəmiyyətli töhfə olur. Belə ki, 2016-cı ilin 6 ayı ərzində rayon üzrə 28 milyon 188 min manatlıq ümumi məhsul buraxılışı olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz, 2003-cü illə müqayisədə 20,1 dəfə çoxdur. Adambaşına düşən məhsul istehsalı 2003-cü illə müqayisədə 1,9 dəfə, ötən illə müqayisədə 27 faiz artaraq 211,5 manat dəyərində olub. Rayonda 10 milyon 606 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 962 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30