Azərbaycanın regionlarında şəkər çuğunduru becərilən sahələr 40 min hektara çatdırılacaq
06.04.2017 [09:51]
Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” müvafiq Fərmanı bölgələrdə fermerlərin bu gəlirli sahəyə marağını daha da artıracaq
Xəbər verildiyi kimi, bu günlərdə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” müvafiq Fərman imzalayıb. Fərmanda vurğulanır ki, şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına 4,0 (dörd) manat məbləğində subsidiya ödənilir. Sənədə əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardım 2017-ci ildən şəkər çuğunduru əkinlərinə şamil edilmir. Fərmanda Nazirlər Kabinetinə şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində müəyyən etmək tapşırılıb.
Azərbaycanda aqrar sektorda gəlirli sahələrin inkişafına böyük diqqət göstərilir
Şəkər çuğundurunun istehsalının stimullaşdırılması son illərdə ölkənin aqrar sektorunda gəlirli sahələrin inkişafına göstərilən diqqətin növbəti ifadəsidir. Məlum olduğu kimi, qlobal mənfi təsirlər nəticəsində yaranan yeni şərait meydana bir sıra çağırışlar çıxardıb. Yaranan çağırışlar həmçinin ölkənin valyuta ehtiyatlarından daha səmərəli istifadə edilməsi, neft gəlirlərinin azaldığı bir şəraitdə ölkəyə yeni valyuta daxilolma mənbələri yaradılması kimi vacib məsələləri də əhatə edir. Bu məqsədlə ötən ilin əvvəlindən başlayaraq respublikamızda qeyri-neft sektorunun, o cümlədən də kənd təsərrüfatının üstün inkişafının təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Qeyd edək ki, respublikamızda aqrar sektorun inkişafı real zəminə əsaslanır. Bu sektorun geniş potensialından daha səmərəli istifadə etməklə ölkənin yeni istehsal və ixrac imkanlarını yaratmaq, daxili ərzaq istehlakının bütünlüklə yerli istehsal hesabına təmin olunmasına nail olmaq, ənənəvi satış bazarlarında mövqeləri möhkəmlətmək və yeni satış bazarlarına çıxmaq mümkündür. Bununla Azərbaycan dünya birjalarında neftin ucuzlaşması fonunda bu sektordan gəlirlərinin azalmasını müəyyən dərəcədə kompensasiya edə bilər. Qeyd edək ki, ötən il respublikanın kənd təsərrüfatında 2,6 faiz artıma nail olunub. 2016-cı ildə bu sektordan ixracın həcmi əvvəlki illə müqayisədə 73 milyon və ya 20,7 faiz artaraq 426 milyon ABŞ dolları təşkil edib. O cümlədən il ərzində respublikamızdan tərəvəz ixracı 41, meyvə ixracı 11, pambıq iplik ixracı isə 25 faiz artıb. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ötən ildən ölkəmizdə ixracın səmərəli təşviqi mexanizminin işə salınması, “Made in Azerbaijan” brendinin dünyada tanıdılması respublikamızda qeyri-neft sektorunda, o cümlədən də aqrar bölmədə buraxılan məhsulların xarici bazarlarda tanınmasına və yeni istehlakçılar qazanmasına güclü təsir göstərir.
Perspektivdə aqrar sektorda istehsal və ixrac imkanlarının daha da artacağı proqnozlaşdırılır. Aqrar sektorda yeni yanaşmaların, qabaqcıl təcrübənin, müasir təsərrüfatçılıq metodlarının tətbiqinə geniş meydan verilməsi ölkə miqyasında yeni bir kənd təsərrüfatı sistemi formalaşdırıb. Hazırda respublikanın ayrı-ayrı bölgələrində geniş əmək və ixrac tutumu olan pambıqçılıq, baramaçılıq, tütünçülük geniş inkişaf etdirilir.
Azərbaycanın 29 rayonunda şəkər çuğunduru becərilir
Ənənələrə uyğun olaraq Azərbaycanda əhalinin ərzaq istehlakında şəkər və şəkərdən istifadə etməklə hazırlanan məhsullar xüsusi yer tutur. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda məlumat verilib ki, respublikamızda şəkər və şəkərdən hazırlanan məhsullarla özünü təminetmə əmsalı 115 faizdir. Ancaq məsələ burasındadır ki, respublikamızda istehsal olunan şəkər və şəkərdən hazırlanan məhsulların tərkibində 73 faiz xarici xammal var. Xarici komponentlərin alınmasına isə böyük məbləğdə valyuta xərclənir. Bunun qarşısını almaq üçün respublikamızda şəkər çuğunduru istehsalını artırmaq hədəflənib və bu məqsədlə ayrıca proqram hazırlanıb. Prezident İlham Əliyev yuxarıda bəhs olunan konfransda bildirib ki, respublikada 30-40 min hektar sahədə şəkər çuğundurunun əkilməsi nəzərdə tutulub: “...Bizdə artıq təhlillər aparılıb və təqribən 30-40 min hektarda şəkər çuğunduru əkilməsi müəyyənləşdirilib. Orada istehsal olunacaq məhsul şəkər emalı zavoduna göndəriləcək və bu müəssisə xarici xammaldan - şəkər qamışından asılılığı böyük dərəcədə azaldacaq. Beləliklə, valyuta xaricə getməyəcək - çünki şəkər qamışının alınmasına böyük vəsait gedir - əlbəttə ki, bunun kənd təsərrüfatının inkişafına çox böyük xeyri olacaq”.
Hazırda respublikanın 29 rayonunda 3000-ə yaxın fermer təsərrüfatında şəkər çuğunduru əkilib becərilir. Mütəxəssislərin qənaəti belədir ki, Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” müvafiq Fərmanı bölgələrdə fermerlərin bu gəlirli sahəyə marağını daha da artıracaq.
Sahələrdən yığılan şəkər çuğunduru Azərbaycan Şəkər İstehsalat Birliyinin tabeliyindəki İmişli Şəkər Zavodunda emal olunur. 70 hektar ərazidə inşa olunan müəssisə 2006-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. İmişli Şəkər Zavodunun gündəlik emal gücü 5 min ton şəkər çuğunduru və ya 1800 ton xam şəkərdir. Zavodun xammalla təmin edilməsi məqsədilə ətraf rayonlarda şəkər çuğunduru becərməyə maraq göstərən sahibkarlarla işgüzar münasibətlər qurulub. Fermerlərin təminatlı alıcısı olaraq AŞİB torpaq mülkiyyətçilərini texnoloji xəritəyə uyğun sertifikatlı toxum və mineral gübrələr ilə təmin edir. Yüksək keyfiyyəti beynəlxalq laboratoriyalarda təsdiqlənmiş şəkər istehsal edən İmişli Şəkər Zavodu dünyaca məşhur qazlı içki istehsalçılarının şəkər tərəfdaşı və tədarükçüsüdür. Birliyin tərkibində yaradılan fabrikdə isə Azərbaycanın ənənəvi şəkər məhsulu olan kəllə qənd istehsal edilir. Fabrikin gündəlik məhsuldarlığı 200 ton qablaşdırılmış kəllə qənd məhsuludur.
Regionlarda növbəti mövsüm üçün şəkər çuğundurunun səpininə start verilib
Azərşəkər İstehsalat Birliyinin fermerlərlə işgüzar münasibətləri genişləndirməsi sayəsində ayrı-ayrı bölgələrdə şəkər çuğunduru əkib-becərməyə maraq ilbəil artır. Ötən il Şəmkir rayonunda ilk dəfə şəkər çuğunduru əkilib. Şəmkir bələdiyyəsi nəzdində yaradılan “Ceyrançöl” Məhdud Məsuliyyətli Cəmiyyətində çuğundur əkinindən öncə torpağın məhsul üçün yararlılıq dərəcəsi yoxlanılıb. Nəticələr müsbət olduğundan 650 hektarda əkin aparılıb və bitkiyə lazımi aqrotexniki qulluq göstərilib. Gözləntilər özünü doğruldub və məhsuldarlıq kifayət qədər yüksək olub. Əvvəlcədən bağlanan müqavilə əsasında İmişli Şəkər Zavoduna təhvil verilən və şəkərliliyi 14 faiz olan məhsulun hər tonuna 58 manat pul ödənilib. Bundan başqa, fermerlər şəkərliliyin yüksək olmasına görə də müəyyən qədər vəsait alıblar. Mütəxəssislər müəyyən ediblər ki, regionda çuğundurun şəkərliliyinin miqdarı 16 faizdan çoxdur. Bu göstərici aqrotexniki qulluqdan və təbii iqlim şəraitindən asılıdır.
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda torpaq mülkiyyətçiləri və fermerlərin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindən biri şəkər çuğundurudur. Qiymətli texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur. Tərtər rayon Statistika İdarəsinin məlumatına görə, torpaq mülkiyyətçiləri ötən il 1187 hektar sahədə şəkər çuğunduru əkiblər. Bu, 2015-ci illə müqayisədə 463 hektar çoxdur. Hər hektarın məhsuldarlığı orta hesabla 421,6 sentner təşkil edib ki, bu da kifayət qədər yaxşı göstəricidir. Yığılan məhsul bütünlüklə İmişli Şəkər Zavoduna təhvil verilib.
Cari ildə Samux rayonunda 1500 hektar sahədə şəkər çuğunduru yetişdiriləcək. Samux rayon Kənd Təsərrüfatı İdarəsindən bildirilib ki, ölkəmizdə şəkər çuğunduru məhsulunun satışı üçün yaradılan şərait təsərrüfat sahiblərinin bu sahəyə marağını artırıb. Əlamətdar haldır ki, bu il Samuxda ilk dəfə olaraq 300-ə yaxın fermer şəkər çuğunduru əkməyə başlayıb. Azərbaycan Şəkər İstehsalat Birliyi ilə bağlanan müqavilə əsasında fermerlər bütün şum işləri, toxum, şumaltı gübrə, toxumun səpini və çıxışı zamanı lazım olan zəruri pestisidlərlə, eləcə də məhsul yığımı vaxtı zəruri texnika ilə təmin ediləcək.
Artıq yazın ilk günündən sahələrdə şəkər çuğundurunun səpininə başlanılıb. Səpindən 15 gün əvvəl isə şum suvarması və alaq otlarına qarşı mübarizə tədbirləri görülüb. Ötənilkindən fərqli olaraq bu il sahələrə Danimarka və Belçikadan gətirilən daha keyfiyyətli toxum səpilib. Mütəxəssislər deyirlər ki, sahələrə düzgün aqrotexniki qulluq göstərilərsə, hər hektardan 60-70 ton məhsul götürmək mümkündür.
Göygöldə də yazın ilk günlərindən şəkər çuğundurunun əkini aparılır. Rayondakı təsərrüfatlarda bu il 550 hektar sahədə şəkər çuğunduru əkilib-becəriləcək. İndiyədək 160 hektardan çox sahədə səpin yekunlaşıb. Bu il Göygöl rayonunda ilk dəfə olaraq şəkər çuğundurunu əkmək üçün 80 fermerlə müqavilə bağlanılıb. Müqavilənin şərtlərinə görə, həmin fermerlər texnika, eləcə də toxumla təmin olunurlar.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24

