Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda tütünçülüyün inkişafına böyük diqqət və maraq göstərilir

Regionlarda tütünçülüyün inkişafına böyük diqqət və maraq göstərilir

19.07.2017 [08:55]

Tütünçülük üçün nəzərdə tutulan əkin sahələri ötən ilə nisbətən 35 faiz artıb
Qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar artıq öz bəhrəsini verməkdədir. Belə ki, bu müstəvidə kənd təsərrüfatının bir sıra sahələrinin yenidən dirçəldilməsi yönündə mühüm işlər görülür. Vurğulanmalıdır ki, ötən il işə salınan ixracın səmərəli təşviq mexanizmi praktiki müstəvidə həyata keçirilən zəruri tədbirlərlə dəstəklənir. Həyata keçirilən bu və ya digər tədbirlər sahibkarların ixracyönümlü məhsul istehsalına marağını da artırır. Bu isə idxalı azaltmaqla yanaşı, ixrac qabiliyyətinin də artmasında mühüm rol oynayır. Təsadüfi deyildi ki, bunun nəticəsində ötən il ölkədən ixrac olunan məhsulların strukturunda aqrar sektorun çəkisi əhəmiyyətli dərəcədə artdı.
Ötən il ölkə Prezidentinin tapşırıq və tövsiyələri ilə yenidən dirçəldilən kənd təsərrüfatı sahələrindən biri də tütünçülükdür. Ölkəmizin ayrı-ayrı bölgələrində tütünçülük sahəsində tarixən yaxşı ənənələr formalaşsa da, müəyyən bir dövr ərzində tütünçülük yaddan çıxmışdı. Bununla belə, artıq ötən ildən başlayaraq bu gəlirli sahənin şöhrətinin geri qaytarılması üçün əməli tədbirlər görülməkdədir. Qeyd edilməlidir ki, tütünçülük respublikamızda əsasən Qax, Balakən, Zaqatala kimi rayonlarda yayılsa da, hazırda bu areal daha da genişlənməkdədir. Bir sıra rayonlarda tütün sahələri ötən ilə nisbətən genişlənib. Bunun bir səbəbi də sahibkarlara göstərilən diqqət və qayğı, eləcə də tütün məhsullarının şirkətlər tərəfindən öncədən müqavilə əsasında alınmasıdır. Yəni artıq təsərrüfat sahibləri öz məhsullarını satmaq problemi ilə qarşılaşmırlar. Hazırda respublikamızda tütünün əkini ilə 4 şirkət məşğul olur. Bu 4 şirkət məhsul istehsalçıları ilə müqavilə bağlayaraq ayrı-ayrı regionlarda tütün əkini həyata keçirir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında da tütünçülük sahəsində görülən işlərdən danışıb. Ölkə Prezidenti bildirib ki, ötən ilə nisbətən tütünçülük üçün nəzərdə tutulan əkin sahələri 35 faiz artıb. İndi 3200 hektarda tütün becərilir. Bu sahə daha da geniş ola bilər. Çünki tütünçülüklə məşğul olan bu 13 rayonda kifayət qədər böyük torpaq sahələri var. Tütünçülüyün çox gəlirli sahə olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Dövlət yenə də öz dəstəyini göstərir, subsidiyalar verilir. Eyni zamanda, tütünün ixracı ilə bağlı dövlət öz imkanlarını ortaya qoyur. Mən əvvəllər də demişəm, biz, əlbəttə, tütünü ixrac etməliyik. Ancaq hazır məhsulu ixrac etsək, daha yaxşı olar. Bu məqsədlə işlər gedir. İndi yeni tütün fabriklərinin yaradılması istiqamətində addımlar atılır. Ümid edirəm ki, bu addımlar uğurlu olacaqdır və biz hazır məhsulu dünya bazarlarına çıxaracağıq”.
Yeri gəlmişkən, Tovuz rayonunda tütün təsərrüfatı artıq ənənə halını almağa başlayıb. Rayonda ikinci ildir ki, bu sahəyə maraq göstərən fermerlər bu mövsüm torpağa daha çox şitil əkiblər. Təsərrüfatçılar deyirlər ki, ötən il məhsuldarlıq yaxşı olub. Bu il havaların yağışlı keçməsi isə daha çox məhsul əldə etməyə şərait yaradıb. Ümumilikdə, Tovuzda 50 hektardan çox sahədə tütün becərilir. Bu rəqəm ötən illə müqayisədə təxminən iki dəfə çoxdur. Məhsulun satışına gəlincə isə, fermerlər ilin əvvəlindən tütün emalı zavodu ilə müqavilə bağlayıblar ki, mövsümün əvvəlində bitkinin qurudulmuş yarpağını həmin müəssisələrə satacaqlar. Bu, kəndlilərin işini bir qədər də asanlaşdırır.
Fermerlər hazırda becərmə işləri gördüklərini dilə gətirirlər. Suvarılma vaxtında aparılır. Alaq otları təmizlənəndən sonra isə tütün sahələri yenidən suvarılacaq. Keçən il hər hektardan 4 ton məhsul götürən təsərrüfatçılar bu il məhsuldarlığın 5 tona çatacağına əminliklərini bildirirlər. Qeyd edilməlidir ki, tütünün yaxşı məhsul verməsi üçün də xeyli zəhmət tələb olunur. İşlərin çoxu əl əməyi ilə görülür. Tütün toxum şəklində torpağa səpilir. İstixana şəraitində şitil yetişdirilərək əkin sahələrinə köçürülür. Bundan sonra ardıcıl şəkildə suvarma və toxalama işləri aparılır. Tütün susevər bitkidir. Yarpaqlarının böyüklüyü onun məhsuldarlığından xəbər verir. Bunun üçün də tez-tez suvarılması məsləhət görülür.
Bu il Şəki rayonunda da tütün əkini sahələri əvvəlki illə müqayisədə 58 hektar artırılaraq 843 hektara çatdırılıb. Əkin sahələrinin 502,5 hektarına “Virciniya”, 56,5 hektarına “Berley”, 284 hektarına isə yerli tütün sortları əkilib.
Artıq təsərrüfatlarda tütün yığımına başlanılıb. İlk günlər “İnter-Tobacco” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsi tərəfindən fermerlərdən qurudulmaq üçün yaş halda 57 tona yaxın “Virciniya” növlü ətirli tütün yarpağı qəbul edilib. “Berley” və yerli tütün sortlarını isə fermerlər özləri qurutduqdan sonra cəmiyyətə təhvil verəcəklər. Xatırladaq ki, 2016-cı ildə Şəki rayonunda 785 hektar sahədə tütün yetişdirilib, 2441 ton quru tütün istehsal edilib.
Cari ildə Oğuz rayonunun təsərrüfatlarında da 200 hektar sahədə tütün əkilib. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 14 dəfədən çox artıb. Oğuzlu fermerlər bu il 31 hektar sahədə “Virciniya” növlü ətirli, 169 hektar sahədə isə yerli tütün sortları yetişdiriblər. Hazırda təsərrüfatlarda tütünün yığılması və qurudulması işləri mütəşəkkil qaydada davam etdirilir. Fermerlər iyul ayının əvvəlinə qədər sahələrdən 36 ton “Virciniya” növlü yaşıl tütün kütləsi toplayaraq qurudulması üçün “İnter-Tobacco” MMC-nin Şəkidə fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə təhvil veriblər. Bundan əlavə, oğuzlu fermerlər indiyədək yetişdirdikləri yerli tütün sortlarından 6,4 ton quru tütün də istehsal ediblər. Vurğulanmalıdır ki, ötən il Oğuz rayonunda tütünçülüklə 3-4 ailə-fermer təsərrüfatı məşğul olurdusa, bu il belə təsərrüfatların sayı 17-yə çatıb.
Rayonun Padar kəndindən olan fermer Qərib Yunusov ötən il 3 hektara yaxın sahədə tütün əkib. Dövlətin bu sahəyə dəstəyindən ruhlanan fermer bu il tütün əkini sahələrini 4 dəfədən çox genişləndirərək 12 hektara çatdırıb. Fermerin dediyinə görə, əkin zamanı əsasən yerli tütün sortlarına üstünlük verib. Hazırda onun təsərrüfatında 13 nəfər mövsümi işlə təmin olunub. Sahələrdən yığılan tütün ipə düzülərək qurudulur. Tütün açıq hava şəraitində qurudulduqdan sonra emal müəssisəsinə təhvil veriləcək.
İsmayıllı rayonunda da sahibkarlar tütün dəriminə start veriblər. Cari mövsümdə Diyallı, Təzəkənd və Qalınçaq ərazi vahidlərində ümumilikdə 15 hektarda tütün yetişdirilib. Tütün dərimini vaxtında və itkisiz başa çatdırmaq üçün ciddi səy göstərən sahibkarlar məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurudurlar. Qurudulan məhsul irəlicədən bağlanan müqaviləyə əsasən, Şəkidəki “İlham M” MMC-yə satılacaq. Bu il bölgədə azı 30 ton tütün istehsalı gözlənilir.
Qeyd edək ki, tütünçülük vaxtilə İsmayıllıda təsərrüfatın ənənəvi sahələrindən olub. 25 illik fasilədən sonra, nəhayət, ötən ildən etibarən rayonda yenidən tütün əkininə başlanıb. Keçən il 5 hektarda, bu il isə üç dəfə çox sahədə məhsul yetişdirilib. Bildirilir ki, gələn il əkin sahələri azı iki dəfə artırılacaq.
Qax rayonunun tütünçülük təsərrüfatlarında da artıq bir neçə gündür ki, tütün yığımına başlanılıb. Yığılan yaş tütün qurudulmaq üçün sahələrdən birbaşa “İnter-Tobacco” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə gətirilir. İndiyədək fermerlərdən 93 ton yaş tütün qəbul olunub.
Məntəqənin aqronom-texnoloqu İbrahimxəlil Babayev AZƏRTAC-a bildirib ki, tütünün qurudulması üçün məntəqədə 60 ədəd odla tütünqurutma kamerası var. Hazırda 13 kameraya tütün qoyulub. Tütünün qurudulması prosesi 7-8 gün çəkir. Qurudulan tütün preslənərək anbara yığılacaq və daha sonra tütün emalı zavoduna təhvil veriləcək.
Xatırladaq ki, cari ildə rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 275 hektar artırılaraq 605,8 hektara çatdırılıb. Əkin sahələrinin 582,3 hektarına “Virciniya”, 8,5 hektarına “Berley”, 15 hektarına isə yerli tütün sortları əkilib.
2016-cı ildə rayonda 331 hektar sahədə tütün əkilib, 328,8 ton quru tütün istehsal olunub.
Bu il Qazaxda da 50 hektar sahədə tütün əkilib. Bunun 30 hektarı Kosalar kəndi ərazisindədir. Burada əkilən tütün “Virciniya” sortudur. Bu sortun xüsusiyyətinə görə boyu uca olmasa da, yarpaqları enli və çox olur ki, bu da məhsuldarlıq baxımından əlverişlidir. Kənd sakinləri tütünün maya dəyərinin azaldılması üçün şitili özləri yetişdiriblər.
Kosalar kəndindən olan tütünçü Nailə Həbibova bildirib ki, məhsul əkilib becərilib, ona qulluq göstərilib və hazırda tütün yarpaqlarının dərilmə vaxtı çatıb. O deyib ki, yarpaqları qurudub zavoda təhvil verəcəklər. Qeyd edək ki, tütünçülər yığdıqları yarpaqları elə sahənin yaxınlığında ipə düzüb qurudurlar. Eyni zamanda, tütünün alaq otlarından təmizlənməsi işi də aparılır. Bu işlə də təsərrüfatlarda 50-60 nəfər məşğul olur.
“İnter-Tobacco” MMC-nin Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsi də istehsalçılardan yaşıl tütün yarpağının qəbuluna başlayıb. İlk günlərdə məntəqəyə Balakən və Zaqatala rayonlarının təsərrüfatlarından 10 tona yaxın yaşıl tütün kütləsi daxil olub.
Emal məntəqəsinə cari mövsümün ilk tütün məhsulunu Zaqatala rayonunun Maqov kəndindən Ömər Əhmədov və Balakən rayonunun Püştətala kəndindən Şamsu Bayramova təhvil veriblər. Tütünün qurudulması üçün məntəqədə 56 ədəd odla tütünqurutma kamerası quraşdırılıb. Hazırda bu kameraların hamısı mövsümə tam hazır vəziyyətdədir. Hər kamera bir dəfəyə 8 ton yaş tütün qəbul edir və tütünün qurudulması prosesi 6-7 gün çəkir.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 946 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30