Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanda regionların sosial-iqtisadi inkişafı istiqamətində tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır

Azərbaycanda regionların sosial-iqtisadi inkişafı istiqamətində tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır

25.08.2017 [21:04]

Ölkə sahibkarları bu prosesdə yaxından iştirak edirlər
Özünəməxsus inkişaf modelinə malik olan Azərbaycanda həyata keçirilən sosial-iqtisadi tərəqqi strategiyası bütün sahələrdə müsbət göstəricilərin əldə edilməsini şərtləndirib. Bu dinamik tərəqqi qarşıya qoyulan hədəflərin reallaşmasını təmin etməklə yanaşı, yeni inkişaf perspektivlərinin yaranmasına səbəb olub. Şübhəsiz, hazırda əldə edilən nailiyyətlər deməyə əsas verir ki, Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləyir.
Həyata keçirilən inkişaf siyasətinin mühüm istiqamətlərindən birini də regionların sosial-iqtisadi inkişafı təşkil edir. Bu istiqamətdə reallaşdırılan tədbirlər, görülən işlər davamlı xarakter daşıyır. Bu da səbəbsiz deyil. Çünki ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı başlıca prioritetlərdən biri kimi müəyyənləşdirilib.
Məlum olduğu kimi, Azərbaycanda 2004-cü ildən reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Bu da səbəbsiz deyil. Belə ki, sözügedən Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Digər tərəfdən, bu da vurğulanmalıdır ki, regionların sosial-iqtisadi inkişafına sahibkarlar da öz töhfələrini verirlər. Təbii ki, bu prosesdə dövlətin sahibkarlara dəstəyi də xüsusi rol oynayır. Belə ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə sahibkarlara güzəştli kreditlər verilir. Bu kreditlər hesabına iş adamlarımız bölgələrdə yeni təsərrüfatlar və müəssisələr yaradırlar. Bu məsələ ilə əlaqədar mütəmadi olaraq regionlarda tədbirlər keçirilir, iş adamlarına güzəştli kreditlər verilir.
Bu kontekstdə qeyd etmək yerinə düşər ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun avqustun 4-də Saatlı rayonunun Qıraqlı kəndində keçirdiyi işgüzar forumda müvəkkil kredit təşkilatları vasitəsilə Saatlı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 446 min manat güzəştli kredit verilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, kreditlər əsasən heyvandarlıq, pambıqçılıq, taxılçılıq sahələrinin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 50-yə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, bəhs olunan tədbirdə verilən kreditlər də daxil olmaqla, Saatlı rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 639 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,2 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində fond tərəfindən Saatlı rayonunun iqtisadi potensialına uyğun olaraq, əkinçilik, intensiv bağçılıq, istixana, cins heyvandarlıq təsərrüfatlarının, süd emalı və çörək istehsalı müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.
Tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov fondun fəaliyyəti və bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, cari ilin ötən dövrü ərzində 924 sahibkarlıq subyektinin ümumi dəyəri 258 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 67,4 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində Saatlı rayonunda dövlətin güzəştli krediti ayrılan illik emal gücü 20 min ton olan pambıq emalı müəssisəsinə və pambıqçılıq təsərrüfatına baxış keçirilib. Qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən pambıqçılığın inkişafı ilə bağlı bu ilin ötən dövrü ərzində 144 sahibkara 7,2 milyon manat güzəştli kredit verilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun Zərdab rayonunda keçirdiyi işgüzar forumda isə müvəkkil kredit təşkilatları vasitəsilə Zərdab və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 2,5 milyon manat güzəştli kredit verilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, kreditlər əsasən heyvandarlıq, pambıqçılıq, taxılçılıq, otel tikintisi və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 90-dan çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, həmin tədbirdə verilən kreditlər də daxil olmaqla, Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 528,3 milyon manat güzəştli kredit verilib. İşgüzar forum çərçivəsində fond tərəfindən Zərdab rayonunun iqtisadi potensialına uyğun olaraq, cins heyvandarlıq, pambıqçılıq, iri fermer və bağçılıq təsərrüfatlarının, plastik qapı-pəncərə istehsalı müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov fondun fəaliyyəti və bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib.
Tədbir çərçivəsində Zərdab rayonunda güzəştli kredit ayrılmış çörək zavoduna baxış keçirilib. Qeyd edək ki, indiyədək Sahibkarlığa Kömək Milli Fondu tərəfindən gündəlik istehsal gücü 836,6 ton olan 31 müasir çörək zavodunun yaradılmasına 55 milyon manat güzəştli kredit verilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun İsmayıllı rayonunun Təzəkənd kəndində keçirdiyi işgüzar forumda isə Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1,5 milyon manat güzəştli kredit verilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, kreditlər əsasən heyvandarlıq, müalicə-sağlamlıq mərkəzinin tikintisi və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə layihələrin reallaşdırılması 100-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradacaq. Ümumilikdə isə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1900-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 69,3 milyon manat güzəştli kredit verilib.
Forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, İsmayıllıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib, sahibkarların investisiya layihələri maliyyələşdirilib. İşgüzar forumda İsmayıllı rayonunun iqtisadi potensialına uyğun olaraq intensiv bağçılıq, tərəvəzçilik, cins heyvandarlıq, arıçılıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin və hotelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib ki, 2017-ci ilin birinci yarımilliyi ərzində verilən güzəştli kreditlərin 76 faizi ölkə regionlarının, 24 faizi isə Bakı qəsəbələrinin payına düşür.
Forum çərçivəsində İsmayıllının Kürdmaşı kəndində güzəştli kredit ayrılmış aqroparkda aparılan işlərə baxış keçirilib. Aqroparklar quşçuluq və heyvandarlığın xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, idxalı azaltmaqla kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişlənməsinə şərait yaradır.
Qeyd edək ki, artıq Xaçmaz rayonunda Yalama aqroparkında 1-ci mərhələ üzrə işlər başa çatdırılıb, Şəmkir aqroparkında Logistika Mərkəzinin açılışı olub. Bundan əlavə, Samux, Goranboy, Ağcabədi, Şabran, Salyan, Şamaxı, Füzuli, Cəlilabad və İsmayıllı rayonlarında da aqroparklar yaradılır. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu aqroparkların yaradılmasına 76,1 milyon manat güzəştli kredit verilib.
Yeri gəlmişkən, bütövlükdə sahibkarlara 180-dən çox investisiya təşviqi sənədi verilib. İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, biznes mühitinin yaxşılaşdırılması, yeni müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye istehsalının artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, investisiya təşviqi mexanizmi yaradılıb. İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. Bu güzəştlərə 7 il müddətinə mənfəət və ya gəlir vergisinin 50%-dən azadolma, torpaq və əmlak vergisindən tam azadolma, layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən tam azadolması aiddir.
İndiyədək 169 sahibkarlıq subyektinə 182 investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi verilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 1,6 milyard manat investisiya yatırılması, 11 mindən çox yeni iş yerlərinin açılması nəzərdə tutulur. İnvestisiya təşviqi sənədləri hesabına reallaşdırılacaq layihələrin 1-i Bakı şəhərində, 66-sı Bakıətrafı qəsəbələrdə və Abşeron rayonunda, 115-i isə digər iqtisadi rayonlarda həyata keçiriləcək. Verilmiş 182 investisiya təşviqi sənədinin 70-i kənd təsərrüfatı, 112-si isə sənayeyönümlü layihələrdir. Ən çox investisiya təşviqi sənədi intensiv bağçılıq, bostançılıq və çayçılıq, qida məhsullarının istehsalı, rezin və plastmas məmulatların istehsalı sahələrində reallaşdırılan layihələrə verilib.
Eyni zamanda, investisiya təşviqi sənədləri əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların güzəştli şərtlərlə idxalı üçün 169 sahibkarlıq subyektinə 744 təsdiqedici sənəd təqdim edilib. Təsdiqedici sənədlər əsasında sahibkarlıq subyektləri tərəfindən əldə olunan ümumi güzəştin dəyəri 30,5 milyon ABŞ dollarıdır.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 904 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30