Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında kiçik və orta biznesin fəaliyyəti üçün cəlbedici investisiya şəraiti yaradılıb

Azərbaycanın regionlarında kiçik və orta biznesin fəaliyyəti üçün cəlbedici investisiya şəraiti yaradılıb

22.11.2017 [09:46]

Təkcə son 14 ildə layihələrinin ümumi dəyəri 4 milyard manatdan çox olan 34 mindən artıq sahibkara 2 milyard manatdan çox güzəştli kredit verilib
Azərbaycanın inkişaf strategiyasında qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın üstün inkişafının təşviq olunması mühüm istiqamətlərdəndir. Dünyada qlobal iqtisadi böhranın hökm sürdüyü, hətta bir sıra inkişaf etmiş ölkələrdə belə, ciddi iqtisadi kataklizmlərin yaşandığı bir zamanda Azərbaycanda özəl sektorun inkişafına dövlət tərəfindən göstərilən dəstək nəinki azalmayıb, əksinə, son illərdə daha genişmiqyaslı tədbirlər həyata keçirilib. Bu məqsədlə qanunvericilik bazası təkmilləşdirilib, inzibati prosedurlar sadələşdirilib, vergi yükü azaldılıb, sahibkarlığa sistemli dövlət dəstəyi tədbirləri uğurla həyata keçirilib. İqtisadiyyat naziri Şahin Mustafayevin bildirdiyinə görə, təkcə son 14 ildə layihələrinin ümumi dəyəri 4 milyard manatdan çox olan 34 mindən çox sahibkara 2 milyard manatdan çox güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 154 minə yaxın yeni iş yerinin açılması imkanı yaradıb: “Verilmiş güzəştli kreditlərin 1 milyard manatı büdcə, 1 milyard manatı geri qaytarılan vəsaitlərdir. Güzəştli kreditlərin 70%-i aqrar sektorun, 30%-i müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilmişdir. Verilmiş kreditlərin 75,4%-i regionların, 24,6%-i isə Bakı qəsəbələrinin payına düşür”.
Nazir deyib ki, dövlət başçısının yeni qlobal çağırışların nəzərə alındığı iqtisadi islahatlar paketinə uyğun olaraq, 2015-ci il noyabr ayının 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə apelyasiya şuraları yaradılıb, ixracın və investisiyaların təşviqi mexanizmləri formalaşdırılıb, dövlət satınalmalarında yerli mallar üçün güzəştlər müəyyən olunub, gömrük prosedurları sadələşdirilib, tələb olunan sənədlərin sayı azaldılıb və konkretləşdirilib, idxal-ixrac əməliyyatları sahəsində mütərəqqi mexanizmlər (yaşıl dəhliz, elektron bəyanetmə və s.) tətbiq edilib, kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı üçün subsidiyalar müəyyənləşdirilib. Lisenziya və icazələr sahəsində aparılmış islahatlara əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin, eləcə də icazələrin sayı əhəmiyyətli dərəcədə azaldılıb, indiyə kimi verilmiş qüvvədə olan müddətli lisenziyalar və yeni verilən lisenziyalar müddətsiz lisenziya ilə əvəz olunub. İnvestisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə sahibkarlara investisiya təşviqi sənədlərinin verilməsinə başlanıb. İndiyədək 194 sahibkarlıq subyektinə 213 investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 1,8 milyard manat investisiya yatırılacağı, 13 mindən çox yeni iş yerinin açılacağı gözlənilir. Eyni zamanda, bu investisiya təşviqi sənədləri əsasında texnikanın, texnoloji avadanlıq və qurğuların güzəştli şərtlərlə idxalı üçün 165 sahibkarlıq subyektinə 1037 təsdiqedici sənəd təqdim edilib. Təsdiqedici sənədlər əsasında sahibkarlıq subyektləri tərəfindən əldə olunan ümumi güzəştin dəyəri 44 milyon ABŞ dollarından çoxdur. Görülmüş işlər nəticəsində Azərbaycanda güclü özəl sektor formalaşıb, müasir texnologiyalara əsaslanan minlərlə müəssisə açılıb, özəl bölmənin payı ÜDM-də 80%-i, məşğulluqda 75%-i, dövlət qeydiyyatına alınan sahibkarlıq subyektlərinin sayı isə 880 mini ötüb.
Regionların inkişafında sahibkarlar mühüm rol oynayırlar
Əlbəttə, sahibkarlığın inkişafı ölkəmizin ümumi inkişaf meyillərinin sürətləndirilməsində əsaslı rol oynamaqla yanaşı, regional inkişaf proqramlarının da uğurlu icrasını şərtləndirir. Sahibkarlar regionların inkişafında mühüm rol oynayırlar. Bu fikir Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının yerinə yetirilməsi çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə Ağstafa rayon Mədəniyyət Mərkəzində “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda keçirilən regional forumda da bir daha vurğulanıb. Qeyd edək ki, tədbirdə Bakı şəhəri, Ağstafa, Tovuz və Qazax rayonlarından 200-dən çox sahibkar iştirak edib. Forumda Dövlət Proqramının yerinə yetirilməsi, sənayenin şəhərlərlə yanaşı, regionlarda da inkişaf etdirilməsi, sahibkarlığın inkişafında yeni mərhələ və digər məsələlər müzakirə olunub.
Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxışında bildirib ki, Prezident İlham Əliyevin sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun artırılması və rayonların dotasiyadan asılılığının aradan qaldırılması istiqamətindəki tapşırıqlarının icrası sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması, əhalinin məşğulluğunun artırılması istiqamətində də Ağstafa rayonunda bir sıra tədbirlər görülür. Rayonda fəaliyyət göstərən sahibkarlıq subyektləri barədə məlumat verən Məhərrəm Quliyev Ağstafada kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində qabaqcıl təcrübənin tətbiq olunmasından da söz açıb. Bildirilib ki, bu ilin 9 ayında rayonda 1183 nəfər işlə təmin olunub. Açılan iş yerinin 87,5 faizi daimidir.
ASK-nın prezidenti Məmməd Musayev qeyd edib ki, son illərdə uğurla həyata keçirilmiş Dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan verib. Onun sözlərinə görə, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər bölgələrdə qeyri-neft sahələrinin, xüsusilə kənd təsərrüfatının sabit inkişafına zəmin yaradıb, yeni iş yerləri açılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Milli İqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinə uyğun olaraq biznes mühitinin əlverişliliyinin artırılması ilə bağlı geniş tədbirlər planı hazırlanıb, biznes mühitinin təkmilləşdirilməsi, təşviq və imtiyaz mexanizmlərinin tətbiqi, sosial rifahın yaxşılaşdırılması, maliyyə-bank sisteminin sağlamlaşdırılması ilə bağlı onlarla islahat həyata keçirilib. Qeyd edilən rəsmi sənədlərin hər birinin hazırlanması zamanı regionlarda sahibkarların fikirləri, təklifləri öyrənilib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, Azərbaycanda sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırılıb. Ölkədə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin fəaliyyəti üçün cəlbedici investisiya şəraiti yaradılıb. Prezidentin tapşırığı ilə yoxlamaların müddətinin növbəti dəfə uzadılması da sahibkarlığın inkişafına yönələn addımdır. Son vaxtlar həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının inkişaf etdiyini deyən Sahib Məmmədov bazar araşdırması aparmağın, bu sahədə baş verən prosesləri yaxından izləməyin sahibkarlar üçün faydalarından danışıb.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qeyd edib ki, bu ilin 9 ayında Qazaxda 10 yeni müəssisə yaradılıb, 1350-si daimi olmaqla, 1391 yeni iş yeri açılıb. Cari ildə rayonda əsas kapitala yönələn investisiyanın həcmi 46 milyon 570 min 979 manat olub. Bunun 28 milyon 168 min 423 manatı sənaye müəssisələri, 17 milyon 237 min 556 manatı kənd təsərrüfatı, qalan məbləğ isə digər sahələrin payına düşür. Cari ildə sahibkarlarla 15 görüş keçirilib. Bu görüşlər bundan sonra da davam etdiriləcək.
Biznes-inkubator rezidentləri üçün məsləhət xidmətinin göstərilməsinə başlanıb
Konfransda da qeyd olunduğu kimi, sahibkarlığın üstün inkişafında dövlətin dəstəyi həlledici rol oynayır. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarların biznes layihələrinin maliyyələşdirilməsi istiqamətində ciddi maddi dəstəyin göstərilməsi həm özəl sektorun fəaliyyətinin təşviq olunmasına xidmət edir, həm də bir çox mühüm sahələrdə vacib layihələrin icra olunmasına imkan verir. Bu günlərdə Fond Qazax rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, layihələrdə startap layihələrin maliyyələşdirilməsi, aqroparkın, ixtisaslaşdırılmış “yaşıl market”in, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, ət kəsimi, süd emalı və çörək istehsalı müəssisələrinin və hotelin yaradılması nəzərdə tutulur. Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Yevlax şəhərində isə Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes-inkubatorun rezidentləri üçün biznes-ideyaların reallaşdırılması və biznesin təşkili üzrə məsləhət xidmətinin göstərilməsinə başlanıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məsləhət xidməti sahibkarlıq təşəbbüslərinin dəstəklənməsində dövlət dəstəyinin tərkib hissəsi olmaqla biznes-inkubator rezidentlərinin səmərəli fəaliyyətinə, onların qısa müddət ərzində sahibkar kimi formalaşmasına, yeni biznes və məşğulluq imkanlarının yaradılmasına töhfə verir. İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və İstehlak Mallarının Ekspertizası Mərkəzinin nümayəndələri tərəfindən göstərilən məsləhət xidməti biznesin planlaşdırılması, şirkətin marketinq fəaliyyətinin təşkili, maliyyə menecmenti, insan resurslarının idarə edilməsi, ixrac sahəsində güzəştlərin tətbiqi, laboratoriya xidməti və s. kimi istiqamətləri əhatə edir. Biznes-inkubatorun fəaliyyətinin ikinci mərhələsini əhatə edən məsləhət xidməti isə hər qurum tərəfindən 1 ay olmaqla ümumilikdə 6 ay müddətində aparılacaq. Məsləhət xidmətləri İqtisadiyyat, Vergilər, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və özəl sektorun nümayəndələri tərəfindən göstəriləcək.
Qeyd edək ki, biznes-inkubator rezidentlərinin biznes-ideyalarının daha dərindən işlənməsi, onların bilik və bacarıqlarının artırılması məqsədilə bu ilin may-iyul aylarında İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən 3 ay müddətində 12 mövzu üzrə treninqlər keçirilib.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 865 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30