Azərbaycanın bölgələrində səhiyyə infrastrukturunun yenidən qurulması uğurla davam edir
02.03.2018 [09:40]
Bu il respublikanın regionlarında yeni xəstəxanaların istifadəyə verilməsi nəzərdə tutulur
Azərbaycanda son 15 ildə həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə inkişaf və tərəqqi əldə edilib. Eyni zamanda, ötən illər, o cümlədən başa vurduğumuz 2017-ci il ərzində regionların sosial-iqtisadi inkişafı da daim diqqət mərkəzində olub. Bəhs edilən dövr ərzində ölkəmizdə minlərlə sosial obyektlər tikilib istifadəyə verilib ki, bunlar da əhalinin rifahının daha da yüksəlməsinə xidmət edir. Bütün bunların fonunda respublikamızda sosial infrastruktur layihələrinin icrası ilə bağlı işlər də davam etdirilib ki, bu sırada xəstəxana və tibb mərkəzlərinin tikintisi xüsusilə diqqət mərkəzində olub. Onu da vurğulamaq yerinə düşər ki, ümumiyyətlə respublikanın regionlarında səhiyyə obyektlərinin tikintisi və istifadəyə verilməsi davamlı xarakter daşıyır.
Məsələn, ötən il noyabrın 28-də Sabirabad rayonunda 205 çarpayılıq rayon Mərkəzi Xəstəxanasının açılışı olub. Açılış zamanı səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, ötən əsrin 70-ci illərində inşa olunan xəstəxananın binası yararsız vəziyyətə düşdüyündən dövlətimizin başçısının tapşırığı ilə yeni binanın tikintisinə başlanılıb. Yeni xəstəxana üçün 4,77 hektar torpaq sahəsi ayrılıb. Ərazinin 1,2 hektarında dördmərtəbəli üç binadan ibarət xəstəxana kompleksi inşa olunub. Tikinti işlərinə 2012-ci ildə başlanıb və bu ilin oktyabrında başa çatdırılıb. Binalar milli memarlıq baxımından da göz oxşayır.
Bu səhiyyə müəssisəsində 553 tibb işçisi çalışacaq. Onların 70-i həkimdir. Bu tibb ocağındakı cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, doğum, nevrologiya, anesteziologiya və reanimasiya, hemodializ, fizioterapiya, infeksion, poliklinika, təcili təxirəsalınmaz yardım şöbələri, klinik laboratoriya, şüa diaqnostika kabinetləri tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib. Xəstəxananın yardımçı binalarında qazanxana, su anbarı və generatorlar quraşdırılıb. Ərazi abadlaşdırılıb, yaşıllıq zolağı salınıb.
Beləliklə, ən müasir standartlar səviyyəsində tikilmiş və təchiz olunmuş sözügedən xəstəxanada əhalinin müayinəsi və müalicəsinin yüksək səviyyədə təşkili üçün hər cür imkanlar yaradılıb. Yeri gəlmişkən, müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan dövlət siyasəti sayəsində regionlarda ilk dəfə açıq ürək əməliyyatı, qaraciyərin köçürülməsi və digər mürəkkəb əməliyyatların aparılmasına imkan yaranıb. Bu illər ərzində regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafından xəbər verir. Yeni tikilən tibb ocaqları, ölkəyə gətirilən müasir tibbi avadanlıqlar, ilk növbədə, bir məqsədə - Azərbaycan əhalisinin sağlam olması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.
Onu da qeyd edək ki, ötən ilin dekabrında Səhiyyə Nazirliyinin sifarişi əsasında Füzuli rayon Mərkəzi Xəstəxanası üçün 80 çarpayılıq yeni binanın tikintisinə başlanılıb.
Rayonun Bala Bəhmənli kəndində tikilən xəstəxana binası üç mərtəbədən ibarət olacaq. Xəstəxananın ümumi ərazisi 2,25 hektardır. Tikinti sahəsi 2271 kvadratmetr olacaq xəstəxanada üç korpus və yardımçı binalar inşa ediləcək. Həmçinin xəstəxananın ərazisində mətbəx və camaşırxana, qaraj və texniki xidmət binası, qazanxana, su nasos stansiyası, oksigen stansiyası, yeraltı su anbarı və sair də tikiləcək. Hazırda xəstəxana binasının bünövrəsində dəmir-beton işləri aparılır. Tikinti işlərinin gələn il başa çatdırılması nəzərdə tutulur.
Eyni zamanda, Səhiyyə Nazirliyinin sifarişi əsasında tikilən Goranboy rayon Mərkəzi Xəstəxanasının da bu il istifadəyə verilməsi nəzərdə tutulur. İstifadəyə verildikdən sonra bu tibb ocağında vətəndaşlara ən müasir tibbi xidmətlər göstəriləcək. Goranboy rayon Mərkəzi Xəstəxanası dördmərtəbəli əsas binadan, üç korpusdan və yardımçı tikililərdən ibarət olacaq. Yoluxucu xəstəliklər şöbəsi ilə məhkəmə tibbi ekspertiza və patoloji anatomiya şöbəsi ayrıca korpuslarda fəaliyyət göstərəcək.
Hazırda rayon xəstəxanasının inşasında ikinövbəli olmaqla, 100 işçi çalışır. Binanın ərazisində iki içməli su anbarı, bir yanğından mühafizə məqsədilə su anbarı, istilik qazanxanası, nasosxana, transformator yarımstansiyası, camaşırxana və mətbəx binalarının tikintisi nəzərdə tutulub ki, bu işlərin də müəyyən hissəsi artıq yekunlaşıb.
Goranboy rayon Mərkəzi Xəstəxanası 130 çarpayılıq olmaqla, burada qəbul, cərrahiyyə, terapiya, mama-ginekologiya, pediatriya, poliklinika, anesteziologiya və reanimasiya, şüa-diaqnostika, hemodializ, laboratoriya, fizioterapiya və təcili tibbi yardım şöbələri fəaliyyət göstərəcək. Mərkəzi Xəstəxana istifadəyə verildikdən sonra burada həkim, tibb bacıları və texniki heyətlə birgə, ümumilikdə 500-ə yaxın işçi rayon sakinlərinin sağlamlığına xidmət edəcək.
Bu sahədə görülən işlər, səhiyyə infrastrukturunun yenidən qurulması prosesi Naxçıvan Muxtar Respublikasında da uğurla davam edir. Muxtar respublikada müasir həkim ambulatoriyaları, feldşer-mama məntəqələri, sahə xəstəxanaları, rayon mərkəzi xəstəxanaları və digər səhiyyə müəssisələri istifadəyə verilir, uşaqların və hamilə qadınların sağlamlığına xüsusi diqqət yetirilir. Müasir tibb ocaqlarının istifadəyə verilməsi, xüsusilə kəndlərdə tikilən həkim ambulatoriyaları insanların hərtərəfli səhiyyə xidməti ilə təmin olunmasına imkan verir.
Ötən il muxtar respublikada bir sıra tibb müəssisələri istifadəyə verilib. Fakt olaraq xatırlada bilərik ki, 2017-ci il noyabrın 21-də Ordubad rayonunun Üstüpü kənd Həkim Ambulatoriyasının açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tibbi xidmətin təşkili ilə maraqlanıb. Məlumat üçün bildirək ki, ambulatoriyada 8 otaq - baş həkim, stomatoloq üçün kabinə, palata, doğuş, peyvənd, mama, qeydiyyat otağı və aptek yerləşir. Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, mikroskop və digər tibbi avadanlıqlar qoyulub, fizioterapiya kabinəsi yaradılıb. Kabinədə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafin əritmə qazanı və “SOLYUKS” lampası vardır. Müasir tibbi avadanlıqlar səhiyyə xidmətinin nümunəvi təşkilinə imkan verəcək.
Ali Məclisin sədri kənddə tibbi xidmətin təşkili və insanların sağlamlığının qorunması sahəsində görülən işlərin əhəmiyyətini qeyd edib, ambulatoriyaların və feldşer-mama məntəqələrinin ixtisaslı kadrlarla təminatı, peyvəndlərin vaxtlı-vaxtında vurulması, hamilə qadınlara patronaj xidmətinin göstərilməsi, gigiyenik qaydalara əməl edilməsi və səhiyyə maarifi işinin təşkili ilə bağlı tapşırıqlar verib.
Bu il yanvarın 11-də isə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov xəstəxanada yaradılan şəraitlə tanış olub. Bildirilib ki, zirzəmi qatı ilə birlikdə 4 mərtəbədən ibarət olan xəstəxanada uşaq cərrahiyyəsi, pediatriya, yeni doğulmuşlar üçün pediatriya, nevroloji, reanimasiya və intensiv terapiya, poliklinika, stomatoloji və mərkəzləşmiş laboratoriya şöbələri fəaliyyət göstərir. Şöbələrin hər birində müasir şərait yaradılıb, fizioterapiya, laboratoriya, əməliyyat, kardiorevmatoloq və loqoped otaqlarında, stomatoloji kabinələrdə və palatalarda müasir tibbi avadanlıqlar quraşdırılıb. Binada müasir sterilizasiya otağı, tibb təhsili alan tələbələr üçün 4 auditoriya, eləcə də iclas zalı və yeməkxana istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında uşaqların elektron qeydiyyat sistemi yaradılıb və bu günə qədər Naxçıvan şəhərində 21 mindən artıq uşağa sağlamlıq kartı verilib.
Tibbi sığorta otağına baxış zamanı qeyd olunub ki, muxtar respublikada icbari tibbi sığortanın tətbiqi ilə bağlı səhiyyə-informasiya idarəetmə sistemi yaradılıb. Otaqda quraşdırılan kompüter bu sistemə qoşulub və qeydiyyatda olan xəstələr haqqında məlumat bazası yerləşdirilib. Bu da həkimlərin xəstələrin əvvəlki müayinə nəticələri ilə tanış olmasına imkan verəcəkdir.
Xəstəxanada fəaliyyət göstərən 306 tibb heyətinin 70-i həkimdir. Bunun da nəticəsində xəstəxanada uşaqların sağlamlığının hərtərəfli təşkilinə nail olunub. Tibbi heyətin səmərəli fəaliyyətinin nəticəsidir ki, 2017-ci ildə xəstəxanada 600-ə yaxın uşaq stasionar müalicə alıb, 215 uşaqda cərrahi əməliyyat aparılıb. Bu dövrdə xəstəxanaya ambulator müalicə üçün 200 minə yaxın müraciət olub, həkimlər öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. Xəstəxana yeni istilik, elektrik və su sistemi ilə təchiz olunub, tibbi tullantıların yandırılması üçün qurğu, havalandırma sistemi, əməliyyat otaqlarında isə bakterioloji filtirli havalandırma quraşdırılıb. Binanın həyətində də abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.
Şərur rayonunun Ərəbyengicə kəndində də yaradılan müasir səhiyyə infrastrukturu insan amilinə verilən dəyərin ifadəsidir. Fevralın 1-də Ərəbyengicə kəndində həkim ambulatoriyası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yaradılan şəraitlə maraqlanıb. Qeyd edək ki, ambulatoriya 11 otaqdan - baş həkim, stomatoloq üçün kabinə, palata, doğuş, peyvənd, mama, qeydiyyat, səhiyyə maarifi mərkəzi, manipulyasiya, tibb bacısı otağı və aptekdən ibarətdir. Otaqlarda stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, mikroskop, peyvənd və təcili yardım çantaları, eləcə də digər tibbi avadanlıqlar qoyulub, fizioterapiya kabinəsi yaradılıb. Kabinəyə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafin əritmə qazanı və SOLYUKS lampası qoyulub.
İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar yaradılan səhiyyə maarifi mərkəzində maarifləndirici stendlər, müxtəlif məlumat kitabçaları, müayinə və müalicə protokolları qoyulub. Bildirilib ki, Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi zamanı bütün həkim ambulatoriyalarında bu cür mərkəzlərin yaradılması nəzərdə tutulur.
Sonda onu da bildirmək yerinə düşər ki, sözügedən istiqamətdə işlər bu il ərzində davam etdiriləcək. Belə ki, 2018-ci il ərzində Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboy şəhərlərində yeni rayon mərkəzi xəstəxanalarının tikintisi başa çatmalıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13

