Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın bölgələrində heyvandarlıq intensiv yolla inkişaf etdirilir

Azərbaycanın bölgələrində heyvandarlıq intensiv yolla inkişaf etdirilir

11.08.2018 [09:54]

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2018-ci ilin birinci yarısında regionlarda heyvandarlıq məhsullarının istehsalı artıb
Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatlar digər sahələr kimi, aqrar sektorun da inkişafını təmin edib. Kənd təsərrüfatı sahəsində reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlərin fonunda heyvandarlığın inkişafı istiqamətində də mühüm nəticələr əldə edilib. Ölkəmizdə bu sahədə davamlı tədbirlərin görülməsi ərzağa olan tələbatın getdikcə daha böyük həcmdə yerli istehsal hesabına ödənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Hazırda respublikada ət və ət məhsulları, quş əti, yumurta və digər istiqamətlər üzrə daxili tələbat əsasən yerli istehsal hesabına ödənilir, eyni zamanda, ölkəmizin müəyyən həcmlərdə ixrac imkanları da yaranıb. Yeri gəlmişkən, 2018-ci il iyulun 1-i vəziyyətinə ölkə üzrə 2691,3 min baş iribuynuzlu mal-qara, o cümlədən 1290,7 min baş inək və camış, 8649 min baş qoyun və keçi mövcud olub.
Regionlarda müvafiq sahədə həyata keçirilən işlər bu istiqamətdə yüksək artımın əldə olunmasına imkan verir. Ümumiyyətlə, bölgələrdə son illər mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, naxırların daha məhsuldar heyvanlarla təmin olunması istiqamətində ciddi tədbirlər görülür. Məsələn, Göyçayda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindəndir və hazırda bölgədə 38 min 49 baş iribuynuzlu mal-qara bəslənilir. Təkcə bu ilin ilk altı ayında rayonda 2112 baş inək və düyə süni yolla mayalandırılıb, 1036 baş cins buzov alınıb. Buzovlar baytar həkimlərin nəzarəti altında xüsusi rejimdə bəslənilir. Qeyd edək ki, rayonda 7 süni mayalandırma texniki fəaliyyət göstərir. Onlar mütəmadi olaraq ixtisasartırma kurslarına göndərilirlər.
Bərdə rayonunda da kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvanların sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artır. Belə ki, 2018-ci il iyulun 1-i vəziyyətinə rayon üzrə 95 min 911 baş iribuynuzlu mal-qara, o cümlədən 43 min 186 baş inək və camış, 144 min 915 baş qoyun və keçi olub. 2018-ci ilin birinci yarısında 9,4 min ton ət, 39,5 min ton süd, 15,4 milyon ədəd yumurta istehsal edilib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,7 faiz, süd istehsalı 3 faiz, yumurta istehsalı 2,5 faiz artıb. Heyvandarlıq məhsulları istehsalının artmasında heyvanların baş sayının artımı ilə yanaşı, damazlıq işinin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, müasir heyvandarlıq komplekslərinin yaradılması, sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvanların satılması mühüm rol oynayır. Son 5 ildə rayona 4 min başdan çox “Holştein-friz” və “Simmental” cinslərindən olan damazlıq heyvanlar gətirilərək güzəştli şərtlərlə fermer və sahibkarlara verilib. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması da uğurla davam etdirilir. Cari ilin altı ayı ərzində 3930 baş inək və düyə süni yolla mayalandırılıb, 2221 baş sağlam cins buzov doğulub.
Gədəbəy rayonunda da cins mal-qaranın baş sayının artırılması üçün bu ilin birinci yarısında süni mayalama işləri davam etdirilib. Görülmüş işlər nəticəsində bu ilin 6 ayında inəklərdən 40 baş sağlam buzov əldə edilib. Doğulmuş 35 buzova görə 3 min 500 manat subsidiya verilib. Eləcə də 5 buzov üçün 500 manatın verilməsi nəzərdə tutulub. Bu ilin birinci yarısında rayon üzrə ət istehsalı (diri çəkidə) 38 min 250 sentner, süd istehsalı 265 min 250 sentner olub. Rayon üzrə iribuynuzlu mal-qaranın sayı 48 min 911 başa, qoyun və keçilərin sayı isə 244 min 354 başa çatıb.
Göygöl rayonunda heyvandarlıq sahəsində yüksək göstəricilərə nail olmaq məqsədilə bu sahə ilə məşğul olan hüquqi və fiziki şəxslərə dəyərinin 50 faizini ödəmək şərtilə 7 baş cins mal-qara satılaraq cins heyvanların sayı 181 başa çatdırılıb. Bu ilin birinci yarısında süni yolla mayalandırılmış 446 baş inəkdən 200 baş cins buzov alınıb. Son 6 ayda rayonda iribuynuzlu mal-qaranın sayı 20 min 100 başa, xırdabuynuzlu mal-qaranın sayı isə 162 min 636 başa çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonda süd istehsalı 7,1 ton artaraq 13 min 28,8 ton, ət istehsalı 792,8 ton artaraq 3 min 60,5 ton, yumurta istehsalı isə 5 min ədəd artaraq 6 milyon 670 min ədəd olub.
Bu ilin birinci yarısında Samux rayonunda isə 2779 baş iribuynuzlu mal-qara süni mayalandırılıb. Heyvanların süni mayalandırılmasından 401 baş bala alınıb. Ümumiyyətlə, 2012-ci ildən bu günədək rayonda süni mayalanmadan 5 min 928 baş buzov doğulub. Bununla da lizinq yolu ilə əldə edilən cins mal-qaranın və süni mayalanmadan alınan buzovların hesabına ilk dəfə olaraq rayonda cins mal-qaranın sayı yerli mal-qaranın sayını üstələyib. Bu ilin birinci yarısında rayonda iribuynuzlu mal-qara 23 min 659 başa, qoyun və keçilər isə 151 min 87 başa çatıb. Eyni zamanda, rayonda mal-qaranın cinsləşdirilməsi heyvandarlıq məhsulları istehsalının artmasına səbəb olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk 6 ayında rayonda süd istehsalı 52 ton artaraq 13 min 125 ton, ət istehsalı 10 ton artaraq 2 min 667 ton olub.
Yevlax rayonunda da heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2018-ci ilin yeddi ayında rayonda fəaliyyət göstərən süni mayalandırma texnikləri tərəfindən 407 baş inək və düyə süni yolla mayalandırılıb, 191 baş sağlam cins buzov alınıb. Əldə edilən yüksək nəticələr, həmçinin süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat subsidiya müəyyənləşdirilməsi süni mayalama tədbirlərinə marağı artırıb. Cari ilin üç ayında Yevlax rayonu üzrə 87 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınmış 97 buzovun hər birinə 100 manat olmaqla, ümumilikdə 9700 manat məbləğində subsidiya ödənilib. Növbəti aylarda doğulan buzovlar üçün də subsidiya hesablanıb və tezliklə heyvan sahiblərinə ödəniləcək. Subsidiyalar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyaların verilməsi” Qaydasına əsasən verilir.
Cari ilin yeddi ayında Ağsu rayonunda da bu sahədə müvafiq işlər görülüb və əhəmiyyətli nəticələr əldə edilib. Belə ki, bütün göstəricilər üzrə heyvandarlıq məhsulları istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb. Bəhs olunan müddət ərzində təkcə ət istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 70 ton artaraq 2921 tona çatıb. Süd istehsalında isə artım 127 ton olub. Yeddi ayda rayonda 16 min 752 ton süd istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə habelə yumurta istehsalı 2 milyon 374 min ədəd artıb və 7 milyon 572 min ədədə, yun istehsalı isə 2 ton çoxalaraq 308 tona çatıb. Hazırda iribuynuzlu mal-qaranın cins tərkibinin dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz olunması istiqamətində tədbirlər, o cümlədən süni mayalandırma işləri gücləndirilir.
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvanların cins tərkibi yaxşılaşır, heyvandarlıq məhsullarının istehsalı ilbəil artır. 2018-ci ilin yeddi ayında rayonda 2541,4 ton ət, 21 min 20,3 ton süd, 165,5 ton yun, 8037 min ədəd yumurta istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 3,8 faiz, süd istehsalı 4,5 faiz, yun istehsalı 5,3 faiz çoxalıb. Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan südlük və ətlik istiqamətli cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Təkcə 2018-ci ilin yeddi ayında 1468 baş inək və düyə süni yolla mayalandırılıb, 844 baş sağlam cins buzov alınıb.
Xaçmaz rayonunun Sayad kəndində fəaliyyət göstərən fermer təsərrüfatının nümayəndəsi Ramazan Lekayev isə KİV-ə açıqlamasında qeyd edib ki, Azərbaycana “Aqrolizinq” vasitəsilə gətirilən, təsərrüfatlarda bəslədiyimiz iribuynuzlu mal-qara ölkəmizdə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına dəstək olur. O, sahibi olduğu təsərrüfatın heyvandarlıq üzrə ixtisaslaşdığını bildirib. “Təsərrüfatımızda ətlik-südlük istiqamətli İsveçrənin “Simmental” və Almaniyanın “Holşteyn-Friz” cins heyvanları bəslənilir. Bu heyvanları “Aqrolizinq” yolu ilə gətirmişik”, - deyə fermer əlavə edib. Təsərrüfatda heyvanlardan sağılan süd gündəlik olaraq süd emalı zavodlarına təhvil verilir. Kökəltmə məqsədi ilə yetişdirilən danalar isə kəsim məntəqələrinə göndərilir, onların satışı bu məntəqələr vasitəsilə həyata keçirilir. Bundan əlavə, ana heyvanlardan əldə olunmuş buzovlar əhaliyə satılır. Bu da ətraf rayon və kəndlərdə heyvanların cins tərkibinin yaxşılaşmasına müsbət təsir göstərir.
Beləliklə, regionlarda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Bunun qanunauyğun nəticəsi kimi, Azərbaycanın bölgələrində heyvandarlıq sahəsində yüksək artım müşahidə edilir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 844 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30