Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında fındıq istehsalının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir

Azərbaycanın regionlarında fındıq istehsalının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir

03.10.2018 [08:35]

Bölgələrdə bu sahədə görülən uğurlu işlərin nəticəsidir ki, respublikamız fındıq ixracına görə dünyada 3-cü yerə yüksəlib
Yerləşdiyi regionun lider dövləti olan Azərbaycanın inkişaf strategiyasında regionların ixrac imkanlarından daha səmərəli şəkildə istifadə edilməsi qarşıya qoyulan hədəflər sırasında yer alır. Məlumdur ki, Azərbaycanın regionlarında qeyri-neft sektoru, xüsusilə aqrar sektor üzrə yüksək rəqabət qabiliyyətinə malik məhsullar yetişdirmək imkanları kifayət qədər genişdir. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri, münbit torpaqlar, əmək ehtiyatları, tarixdən gələn zəngin ənənələr respublikanın bölgələrində ixracqabiliyyətli məhsul istehsalının artırılması üçün geniş perspektivlər yaradır. Azərbaycana üstünlük qazandıran həm də o amildir ki, ölkəmiz bir sıra geniş istehlak bazarları ilə əhatə olunub. Bu bazarlarda Azərbaycanın bölgələrində yetişdirilən keyfiyyətli məhsulları yaxşı tanıyır və yüksək qiymətləndirirlər.
Azərbaycanın regionlarından ixracın artırılması baxımından perspektivli sahələrdən biri də fındıqçılıqdır. Respublikanın əlverişli coğrafi-iqlim xüsusiyyətləri nəzərə alınaraq bölgələrdə bu sahənin inkişafına böyük diqqət göstərilir. Yüksək ixrac potensialına malik olan fındıqçılıq həm də gəlirgətirmə qabiliyyətinə görə olduqca effektivdir. Qeyd edilməlidir ki, “Regionların sosial-iqtisadi inkişafı” Dövlət proqramlarının uğurlu icrası bu sahənin bölgələrimizdə daha yüksək səviyyədə inkişafını təmin edib. Artıq bir sıra bölgələrdə əsaslı şəkildə fındıq bağları artırılıb, yeni bağların salınması istiqamətində işlər aparılır. Öz növbəsində regionlarda fındıq bağlarının genişləndirilməsi, aqrotexniki qulluq qaydalarının gücləndirilməsi, həmçinin fermerlərə, torpaq mülkiyyətçilərinə dəstək tədbirlərinin artırılması, satışla bağlı problemlərin aradan qaldırılması istehsalın və ixracın həcminin artmasına müsbət təsir göstərib. Artıq xaricə ixrac potensialımız da ildən-ilə artmaqdadır. Yeri gəlmişkən, ötən ilin avqustunda Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edən dövlət başçısı bildirmişdi ki, indi xarici ölkələrdə bizim ticarət evləri yaradılır. Birinci ticarət evi yaradılıb. Xarici ölkələrdə ticarət nümayəndəlikləri yaradılır, bir çox ölkələrə ticarət missiyaları göndərilibdir və fındıq ixracatı orada həmişə qeyd olunur: “Ölkələr bu məhsulu qəbul etməyə hazırdır, sadəcə olaraq, biz istehsalı artırmalıyıq və hazır məhsul ixrac etməliyik. Fındıqçılar onu da yaxşı bilirlər ki, Azərbaycan fındıq istehsalı sahəsində dünya miqyasında birinci yerlərdədir. Biz indi görüləcək tədbirlər nəticəsində dünya miqyasında üçüncü yerə çıxa bilərik”.
Vurğulanmalıdır ki, ölkə başçısının ötən il söylədiyi bu fikirlər cəmi bir ildən sonra reallaşdı. Belə ki, artıq Azərbaycan fındıq ixracatçısı kimi dünyada 3-cü yerdədir. Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov da bildirib ki, bu il Azərbaycanda 60 min tondan çox fındıq məhsulunun istehsal olunması gözlənilir. Azərbaycanın dünyanın 25 ölkəsinə fındıq məhsulu ixrac etdiyini bildirən İ.Orucov qeyd edib ki, ən iri idxalçılar İtaliya (9 min ton), Rusiya (6 min ton) və Almaniyadır (3 min ton). Onun sözlərinə görə, ölkəmiz fındıq ixracatçısı kimi dünyada 3-cü yerdədir və düşünürük ki, cari ildə də bu pilləni qoruyub saxlayacağıq. Azərbaycanda hazırda 50 min hektar məhsuldar fındıq bağı olduğunu söyləyən İ.Orucov qeyd edib ki, assosiasiya tərəfindən aqrotexniki qaydaların tətbiqinə diqqət yetirilməsi, eləcə də keçirilən təlimlər gələcəkdə bu bağlarda daha çox məhsul əldə etməyə şərait yaradacaq.
Yeri gəlmişkən, sentyabrın 29-da Zaqatalada I Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilib. Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov bildirib ki, fındıq, qoz, şabalıd festivalının məhz Zaqatalada keçirilməsi heç də təsadüfi deyildir. Zaqatala həm də fındıq diyarıdır və rayonda fındıqçılığın çox böyük potensialı var. Hazırda Azərbaycanda istehsal edilən fındıq məhsulunun 80 faizə qədəri məhz Zaqatala rayonundan ixrac olunur. Festivalın keçirilməsində əsas məqsəd fındıqçılığı daha geniş təşviq etmək, rayona turistləri cəlb etməkdir. İ.Orucov deyib ki, 2017-ci ildə Azərbaycandan xaricə 21 min ton fındıq ləpəsi ixrac olunub. Bu il də ən azından bir o qədər məhsulun ixracı proqnozlaşdırılır. Yeni mövsümlə əlaqədar artıq fındıq məhsulunun ixracına start verilib və bu günədək xarici bazarlara 1000 tondan çox fındıq ləpəsi göndərilib.
Zaqatalada keçirilən I Beynəlxalq fındıq, qoz və şabalıd festivalında fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdirilib, müxtəlif müsabiqələr, yarışlar təşkil olunub. Festivalda ölkəmizdə fəaliyyət göstərən bir sıra ölkələrin səfirliyinin rəhbər və təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, fındıq istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri iştirak ediblər. İkinci dəfədir keçiriləcək festivalın əsas məqsədi ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir. Festival iştirakçıları fındıq qabığı ilə sobanın yandırılmasını, fındığın və şabalıdın qovrulması prosesini əyani şəkildə izləyiblər, fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olublar. Həmçinin fındıq yığımında və emalında istifadə olunan müasir texniki avadanlıq da nümayiş etdirilib.
Vurğulandığı kimi, Zaqatala bu gün respublikamızda ən sürətlə inkişaf edən rayonlardan biridir və rayonda fındıqçılığın çox böyük potensialı var. Fındıqçılıq ötən əsrin ortalarından başlayaraq rayonun kənd təsərrüfatında ənənəvi sahələrdən birinə çevrilib. Hələ 1929-cu ildə rayonda keçmiş SSRİ məkanında yeganə olan fındıq emalı zavodu fəaliyyətə başlayıb. Zavodda istehsal olunan fındıq və konserv məhsulları SSRİ-nin bütün respublikalarına, həmçinin bir sıra Avropa ölkələrinə ixrac edilirdi. 1932-ci ildə isə Zaqatalada ilk fındıqçılıq sovxozu yaradılıb.
Fındıqçılıq hazırda Zaqatala rayonunun iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. Belə ki, son illər Zaqatala rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Son üç ildə fındıq bağlarının ümumi sahəsi 9 min 575 hektardan 18 min 503 hektara çatdırılıb. 2016-cı ildə Zaqatalanın emal müəssisələri tərəfindən 90 milyon, 2017-ci ildə isə 124,4 milyon manat dəyərində fındıq məhsulları ixrac olunub. Ötən il rayonda 13 min 422 ton fındıq istehsal olunub. Cari ildə isə fındıq istehsalının 15 min tona çatacağı gözlənilir. Hazırda Zaqatala rayonunda fındıq bitkisinin 100-dən çox sortu mövcuddur. Son üç ildə rayonda 47,5 hektar sahədə yeni qoz bağları salınaraq, mövcud bağların sahəsi 481,5 hektara çatdırılıb. Bundan əlavə, rayonda 70 hektar şabalıd bağları da var.
Bununla yanaşı, Balakən rayonunun fındıq bağlarında da builki mövsümün məhsulunun yığımı davam edir. Cari ildə bağlardan 6 min tona yaxın fındıq tədarük olunması gözlənilir. Kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı ölkə Prezidenti İlham Əliyevin verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə Balakən rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində işlər davam etdirilir. Belə ki, son üç ildə rayonda 3 min 968 hektar sahədə yeni fındıq bağları salınaraq mövcud bağların ümumi sahəsi 9 min 634 hektara çatdırılıb. Ötən il Balakənin fındıq bağlarından 5 min 385,7 ton məhsul tədarük olunub. Rayon əhalisi fındıq satışından 14,5 milyon manat gəlir əldə edib.
İsmayıllı rayonunda da fındıq yığılır və indiyədək bağlardan 100 tondan çox məhsul toplanıb. Vurğulanmalıdır ki, artıq İsmayıllıda fındıq bağlarının sahəsi 1615,7 hektara çatdırılıb. Bu bağlardan 87 hektarı bar verəndir. Fındıq yığımında bütün təbii iqlim şəraitinə malik olan, yetişdirilən məhsullarının öz dadı və keyfiyyəti ilə seçilən Topçu, Qurbanəfəndi ərazi vahidləri, habelə İsmayıllı şəhəri və ətraf ərazilər öndə gedir. Qeyd edək ki, bölgədə bu il bağlardan 310 ton fındıq gözlənilir. Bu da ötən il istehsal olunan məhsuldan 50 ton artıqdır.
Eyni zamanda, Qax rayonunda da fındıq və tərəvəz istehsalçıları üçün təlimlər keçirilib. Gəncə Aqrobiznes Assosiasiyasının (GABA) ekspertləri “Azərbaycanın (Şəki-Zaqatala) və Gürcüstanın (Laqodexi) sərhədyanı ərazilərində kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı bioloji mübarizə üsullarının tətbiqi” layihəsi çərçivəsində Qax rayonunun Cəlayir, Turaclı, Əmircan kəndlərində yerli fermerlər üçün fındıq və tərəvəz sahələrində zərərvericilərə və xəstəliklərə qarşı bioloji mübarizə üsullarının tətbiqi, ekoloji təmiz məhsul istehsalı mövzularında təlimlər keçiriblər. Fermerlərə layihə mütəxəssisləri tərəfindən məhsul istehsalı prosesində zərərvericilərə qarşı ətraf mühit üçün təhlükəsiz vasitələrdən - entomopatogenlərdən istifadə edərək ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə dəstək verən İnteqrir Bitki Mühafizə Sisteminin haqqında geniş məlumat verilib. Təlim zamanı bütün iştirakçılara mövzunu əhatə edən təlim materialları, layihənin məqsədlərini və ekoloji təmiz kənd təsərrüfatının əhəmiyyəti barədə məlumatları əks etdirən broşürlər təqdim edilib. Təlimləri dəstəkləyən Qax rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) və AMEA-nın ETKT üzrə Regional Təcrübə və Resurs Mərkəzinin mütəxəssisləri fermerlərin bilik və bacarıqlarının artırılması prosesinə öz töhfələrini veriblər. Sonda məhsul istehsalçılarını maraqlandıran suallar cavablandırılıb və müvafiq tövsiyələr verilib.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 928 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30