Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ölkəmizin regionlarında quruculuq işləri uğurla davam edir

Ölkəmizin regionlarında quruculuq işləri uğurla davam edir

12.03.2019 [10:01]

Bu uğurlar Qax, Zaqatala, Balakən və Şəki rayonlarında da özünü əyani şəkildə göstərir
Məlum olduğu kimi, Azərbaycan ötən dövr ərzində dinamik inkişaf baxımından dünyada öncül sıralardadır. Ölkəmizdə uğurla reallaşdırılan sosial-iqtisadi siyasət ölkəmizin hərtərəfli inkişafını təmin edib. Bu inkişafda isə 2004-cü ildən etibarən reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının xüsusi payı var. Çünki məhz bu proqramlar çərçivəsində atılan addımlar respublikanın bölgələrinin ümumi inkişaf dinamikasını təmin edib. Eyni zamanda, onu da vurğulamaq yerinə düşər ki, respublikamızda regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqramın icrası da yüksək səviyyədə təmin olunub. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla isə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Yeri gəlmişkən, dövlət başçısı cari il yanvarın 29-da keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizin inkişafı baxımından üçüncü Dövlət Proqramını yüksək qiymətləndirib: “Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası təmin edildi. Beş il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirildi. Son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olundu. Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram bizə imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verək”.
Beləliklə, görünən odur ki, Azərbaycanda 2004-cü ildən etibarən böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikanın bölgələrinin ümumi inkişaf dinamikasını artırmaqla yanaşı, hər bir rayonda əldə edilən uğurlarla müşayiət olunub. Və 2018-ci ildə də davam edən bu uğurlardan ölkəmizin şimal bölgəsinə daxil olan Qax, Zaqatala, Balakən və Şəki rayonlarına da pay düşüb.
2018-ci ildə Qax rayonunda ənənəvi istehsal sahələrindən olan tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişafı ilə bağlı tədbirlər davam etdirilib. Ötən il rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 17,5 hektar artırılaraq 623,5 hektara çatdırılıb. Hesabat ilində rayonda 971,8 ton quru tütün istehsal edilib. Tütün istehsalı əvvəlki illə müqayisədə 161,5 ton artıb. Qaxlı fermerlər tütün satışından 1,5 milyon manatdan çox gəlir əldə ediblər. Ötənilki mövsümdə rayonda 25,3 ton, yəni əvvəlki ildəkindən 2 dəfə çox yaş barama istehsal edilib. Rayon ərazisində 601 hektar sahədə yeni fındıq bağları salınıb. Bu barədə Qax rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda məlumat verilib.
Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev hesabat məruzəsində deyib ki, 2018-ci il Qax rayonu üçün Prezident İlham Əliyevin rayona növbəti səfəri ilə əlamətdar və yaddaqalan olub. Oktyabrın 28-də reallaşan səfər zamanı dövlətimizin başçısı Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun, “Yurd Hotel” mehmanxanasının, “Ulu Aqro” MMC-nin Qax Aqroparkının və yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasının açılışlarında iştirak edib. Diqqətə çatdırılıb ki, 2018-ci ildə rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi əvvəlki illə müqayisədə 2,3 faiz artaraq 157 milyon 478 min manat olub. Hesabat dövründə rayonda 12 milyon 126 min manatlıq sənaye, 53 milyon 848 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib, 49 milyon 804 min manatlıq tikinti işləri görülüb. Sənayedə məhsul istehsalı 2017-ci illə müqayisədə 2,2 faiz, kənd təsərrüfatında isə 3,1 faiz artıb. Ötən il sahibkarlara 3 milyon 546 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər hesabına 98 yeni iş yeri yaradılıb. 2018-ci ildə rayonda 601 yeni, daimi iş yeri açılıb.
Rayonda yeni yaradılan aqroparkda idarəetmə mərkəzinin, hər biri 1500 ton olan 3 ədəd taxıl bunkerinin, həcmi 50 min kubmetr olan su anbarının, 500 tonluq su hovuzunun tikintisi, həmçinin meyvə bağları üçün damcılı suvarma sisteminin quraşdırılması işləri başa çatdırılıb.
Eyni zamanda, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə hesabat ilində Qax şəhərində və kəndlərdə, ümumilikdə, 13 ədəd artezian və subartezian quyusu qazılıb. Kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi marağının artırılması, buğda istehsalının stimullaşdırılması, həmçinin yazlıq bitkilərin əkini və payızlıqların biçini ilə əlaqədar 1654 istehsalçıya 1 milyon 126 min manat məbləğində yardım verilib. Ötənilki mövsümdə fermerlər 13 min 572 hektar taxıl sahəsindən 41,1 min ton məhsul əldə ediblər. 2019-cu ilin məhsulu üçün 13 min 815 hektarda payızlıq dənlilərin səpini aparılıb.
Ötən il rayonda geniş tikinti-təmir işləri də həyata keçirilib. Belə ki, hesabat dövründə Qıpçaq kəndində 35 yerlik körpələr evi-uşaq bağçası tikilib, Tasmalı kəndində tam orta məktəb üçün inşa edilən yeni binanın, Fıstıqlı və Aşağı-Malax kəndlərində modul tipli məktəb binalarının tikintisi davam etdirilib, Əlibəyli kəndində tam orta məktəb üçün yeni binanın və Çinarlı kəndində modul tipli məktəb binasının tikintisinə başlanılıb. İlisu kəndindəki “Uludağ” Turizm və İstirahət Kompleksində 65 yerlik otelin və Ağçay kəndindəki “Bergs” otelində yeni korpusun tikintisi başa çatdırılıb.
Ötən il Zaqatala rayonu üçün də uğurlu olub. Aqrar sahədə həyata keçirilən davamlı tədbirlər sayəsində 2018-ci ildə Zaqatala rayonunda kənd təsərrüfatı məhsulları istehsalı əvvəlki illə müqayisədə 4 faiz artaraq 127 milyon 752 min manat olub. Hesabat ilində rayonun kənd təsərrüfatı üçün ənənəvi olan tütünçülük, baramaçılıq və fındıqçılığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib. Ötənilki mövsümdə zaqatalalı fermerlər 677 hektar sahədə tütün yetişdirib, 875 ton quru tütün istehsal edib. Kümçülər tərəfindən proqnozda nəzərdə tutulan 40 ton əvəzinə 48,1 ton yaş barama istehsal edilərək “Azəripək” MMC-yə təhvil verilib. Keçən il rayonun fındıq bağlarından 15 min 69 ton məhsul tədarük edilib, fındıq istehsalı əvvəlki illə müqayisədə 1647 ton və ya 12,3 faiz artıb. Zaqatala rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə deyib ki, 2018-ci ildə rayonda 333 milyon 91 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ötən il əsas kapitala yönəldilən investisiyaların həcmi 35 milyon 677 min manat, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi isə 29 milyon 101 min manat olub. Hesabat dövründə rayon iqtisadiyyatına 11 milyon manatadək özəl investisiya qoyulub. Rayonda 1127-si daimi olmaqla 1207 yeni iş yeri açılıb.
Ötənilki mövsümdə rayonun fermerləri 10 min 933 hektar payızlıq taxıl sahəsindən 35 min 610 ton məhsul götürüblər. Taxıl istehsalı əvvəlki illə müqayisədə 1290 ton artıb. Keçən il plantasiyalardan 55 ton yaşıl çay yarpağı tədarük olunub. “AzRose” MMC-nin gül plantasiyalarından 120 ton 787 kiloqram qızılgül ləçəyi və 22 ton 663 kiloqram “Lavanda” gülü yığılıb. Tədarük olunan gül ləçəklərindən 38 litr qızılgül və 290 litr “Lavanda” yağı istehsal edilib.
Eyni zamanda, ötən il rayonda bütün maliyyə mənbələri hesabına 29 milyon manatlıq tikinti-quruculuq və abadlıq işləri görülüb. Rayonun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı ölkə başçısının müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin, həmçinin Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 35 kilometr uzunluğunda Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri və yenidənqurulması işləri başa çatdırılıb. Eyni zamanda, Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi davam etdirilib, Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğanlı avtomobil yolunun yenidənqurulması işlərinə başlanılıb.
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə 2018-ci ildə rayonun kəndlərində daha 13 ədəd subartezian quyusu qazılıb. Lahıc, Bəhmətli və Kürdəmir kəndləri təbii qazla təmin edilib. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün rayonda 3 ədəd fərdi ev tikilib istifadəyə verilib.
Yığıncaqda, həmçinin 2018-ci ildə əhalinin elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil edilib.
Sosial-iqtisadi inkişaf prosesləri Balakən rayonunda da uğurla davam edir. Rayonda ötən ilin yekunlarına həsr olunmuş yığıncaqda İcra Hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının icrası nəticəsində rayon üzrə son 5 ildə ümumi məhsul buraxılışı 42,0 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 22,7 faiz, sənaye məhsulu istehsalı 4,2 dəfə, tikinti işlərinin həcmi 2,8 dəfə, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 45,7 faiz, pərakəndə ticarət dövriyyəsi 56,2 faiz artıb.

(davamı növbəti sayımızda)
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 785 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30