Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda taxılçılığın inkişafına ciddi dövlət dəstəyi göstərilir

Regionlarda taxılçılığın inkişafına ciddi dövlət dəstəyi göstərilir

29.03.2019 [09:33]

Cəbhəyanı ərazilərdə də strateji bitki olan taxılın əkini və becərilməsi yönündə mühüm tədbirlər həyata keçirilir
Məlum olduğu kimi, ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq Azərbaycan Respublikasında kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Belə ki, bitkiçilik sahəsinə aid olan taxılçılıq təsərrüfatı bütün kənd təsərrüfatının əsasını təşkil edərək əhalinin çörək və un məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Ona görə də dövlət tərəfindən taxılçılıq təsərrüfatının inkişafına diqqətin artırılması mühüm məsələ kimi qarşıya qoyulub.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 yanvar 2019-cu il tarixində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı çıxışında strateji sahələrdən biri olan taxılçılığın inkişafına xüsusi diqqət çəkib. Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının tərkibinin əsasən yerlərdən gələn xahişlər nəticəsində formalaşdığını diqqətə çatdıran dövlət başçısı kənd təsərrüfatında islahatların dördüncü proqramda xüsusi yer tutduğunu bildirib: “Biz kənd təsərrüfatında islahatları dərinləşdirməliyik. Kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir. Məhsuldarlığın artırılması istiqamətində işlər görülür. Hesab edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək”.
Sözügedən nitqində Prezident İlham Əliyev ötən il məhsuldarlığın səviyyəsini qənaətbəxş hesab edib, həmçinin regionlarda taxılçılığın inkişafına diqqət yetirilməsinin vacibliyini vurğulayıb: “...Taxılçılıqda 2004-cü ildə 2 milyon ton məhsul yığılmışdı, keçən il 3 milyon 200 min ton. Yəni artım yaxşıdır. Xüsusilə iri fermer təsərrüfatlarında və aqroparklarda məhsuldarlıq hektardan 50 sentnerə bərabərdir. Bəzi yerlərdə daha çoxdur. Çox gözəl göstəricidir. Bu, Avropanın inkişaf etmiş ölkələrinin səviyyəsində olan göstəricidir”.
Dünya üzrə hektardan orta məhsuldarlığın 34 sentnerə çatdığını bildirən dövlət başçısı rayonlarda məhsuldarlığın artırılmasının vacibliyini vurğulayıb.
Cari il martın 14-də Naxçıvan Muxtar Respublikasında keçirilən muxtar respublikada yaz-tarla işlərinə hazırlıqla əlaqədar səyyar müşavirədə də ərzaq təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirilib. Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək deyib ki, aqrar sahədə həyata keçirilən islahatlar və göstərilən dövlət dəstəyi muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsinə etibarlı zəmin yaradıb. İqtisadiyyatın real sektorunun əsas istiqamətlərini müəyyən edən Dövlət proqramlarının həyata keçirilməsi, lizinq xidmətlərinin genişləndirilməsi, taxıl və soyuducu anbarların həcminin artırılması, istixana komplekslərinin, quşçuluq, balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması nəticəsində muxtar respublikanın kənd təsərrüfatında inkişaf təmin edilib. Müşavirədə qeyd olunub ki, 2018-ci ilin payızında cari ilin məhsulu üçün muxtar respublikada 31 min 667 hektar sahədə taxıl əkini aparılıb.
Yeri gəlmişkən, builki taxıl mövsümündə respublikanın Haramı düzü adlanan ərazisində də taxıl sahələrində geniş işlər aparılır. Aqrar sahə üzrə ekspert Nicat Nəsirli regionda görülən işlərlə bağlı geniş məlumat verərək qeyd edib ki, Füzuli rayonunun taxıl sahələrində fermerlər bu istiqamətdə fəaliyyətə sahələrə aqrotexniki qaydalara uyğun olaraq yemləmə gübrələrinin verilməsi ilə başlayıblar. Ərazisinin bir hissəsi işğal altında olan Füzuli rayonunda bu ilin məhsulu üçün rayonda 28 min 275 hektarda buğda, 8475 hektarda arpa, 150 hektarda xəsil əkilib. Ümumi əkin dövriyyəsi 36 min 900 hektarı əhatə edir. Sözügedən ərazidə olan onlarla texnikadan qışlama dövrünü başa çatdırmış bitkilərə yemləmə gübrələrinin verilməsində istifadə edilir, işçi heyət isə ərazidə yayılmış siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri aparır.
Ekspertin verdiyi məlumata görə, “Natural-Aqro” MMC-nin 2700 hektar ərazisi var, onun 1800 hektarında payızlıq taxıl əkilib, qalan hissəsində isə yazlıq bitkilər səpiləcək. Hazırda təsərrüfatın ərazisində yemləmə, ziyanvericilərə və alaq otlarına qarşı mübarizə aparılır. Bu il yağıntıların az düşməsi riskini müasir suvarma sisteminin tətbiqi ilə aradan qaldıracaqlar. Aqronom Qurban İmranov deyib ki, yazlıq əkinlər üçün hazırlıqlarımız başa çatıb, martın 30-dan qarğıdalı səpininə başlayacaqlar: “Haramı torpağı ağır torpaqlardır, tərkibi qumlu-gilli olduğu üçün drenaj kanallarının qazılması, mineral gübrələrdən normalara uyğun istifadə olunması vacibdir. Ötən ildən üzvi gübrələrdən də istifadə etməyə başlamışıq, hektara 20-30 ton verilib, bu da torpaqlarda minerallaşmanı təmin edəcək. Dövlət dəstəyi təsərrüfatın inkişafında mühüm rol oynayır”.
Haramı düzündə intensiv metodlara əsaslanaraq əkin aparan digər şirkət isə “Kraunko” MMC-dir. Kollektiv bu il sahələrini 11 min hektara çatdırıb. Təsərrüfatın rəhbəri Hətəm Həsənov mövsümü belə qiymətləndirib: “Təsərrüfatımızın rayon iqtisadiyyatında əhəmiyyəti böyükdür. Sahələrimizdə yüzlərlə sakin ilboyu çalışır. Taxıl müqəddəs bitkidir, bu il də bizi çətin vəziyyətdə qoymayacaq, yüksək məhsuldarlıq gözləyirik”.
Qeyd olunur ki, rayonun böyük hissəsi işğalda olduğu üçün əkin sahələri dağınıq ərazilərdə yerləşir. Ona görə də ən ağır məsuliyyət rayon bitki mühafizə mərkəzi əməkdaşlarının üzərinə düşür. Bütün əraziləri gəzir, xəstəlik, zərərvericilərin hərəkətini müşahidə edir, vaxtında qarşısının alınması üçün fermerlər arasında maarifləndirmə işləri aparırlar.
Verilən məlumata görə, rayonda gedən əkin, aqrotexniki qulluq tədbirlərinə Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzinin bütün əməkdaşları cəlb olunublar. Mərkəzin direktor müavini Elgün Gəraylı yaz qulluq işlərinin günün tələbləri səviyyəsində aparıldığını söyləyib: “Proses başlamamış yerli aqrolizinqin anbarında gübrə ehtiyatı yaradılıb, əkin altında olan bütün sahələr üçün 1 hektara 150 kiloqram azot gübrəsi norması təmin edilib. Səpin vaxtı şumaltı gübrələrdən və dəmyə şəraitinə dözümlü toxum sortlarından istifadə olunub. Bu gün rayonda 70 mindən çox insan məskunlaşıb, son illər torpağa münasibət ciddi şəkildə dəyişib, hamı əkib-biçmək istəyir ki, bu da bizi qürurlandırır. Hər gün sahələri gəzirik, fermerlərə lazımi məsləhətləri veririk, artıq aprel ayında gözlənilən Mərakeş çəyirtkələrinin hücumu ilə bağlı monitorinqlər aparır, mübarizə vasitələrini müəyyən edirik. Şənbə-bazar günləri də daxil olmaqla, fasiləsiz iş rejimi elan etmişik. Hər il olduğu kimi, bu il də Füzuli nəticələrinə görə lider rayonlar sırasında olacaq. Çalışacağıq ki, ölkəmizin çörəyini qoruyaq, itirməyək”.
Onu da qeyd edək ki, rayonda hər il yüz min tondan artıq taxıl məhsulları istehsal olunur, orta məhsuldarlıq 30 sentner təşkil edir. Araz çayı əsas su mənbəyi sayılır, rayon ərazisində 23 min 737 hektar sahəni suvaran 53 nasos stansiyası, 3600 hektarı suvaran 151 artezian quyusu, 260 kilometrlik kollektor şəbəkəsi aktiv vəziyyətdədir. Fərdi təsərrüfatlarda 36 min 418 baş iribuynuzlu, 138 min 545 baş xırdabuynuzlu, 370 min baş quş bəslənir. Yerli aqrolizinq filialından bildiriblər ki, bu il biçin mövsümü tez başlayacağından 52 ədəd kombayn işlək vəziyyətə gətirilib.
Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Hüseyn Abbasov bildirib ki, dövlət tərəfindən davamlı dəstəyin göstərilməsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində də canlanmaya səbəb olub: “Daim dövlət qayğısı hiss edən kənd əhalisi gələcəkdə üzüm, meyvə bağlarının salınmasını, heyvandarlıq sahələrinin yaradılmasını vacib hesab edir. Çünki həm kəndin yerləşdiyi coğrafi mövqe, həm də əhalinin bu həvəsinin olması sözügedən sahələrin inkişafı üçün əlverişli zəmin yaradır”.
Fermer Rasim İsmayılov əkinə hazırlıq prosesi barədə məlumat verib: “Lələtəpənin alınması ilə 600 hektarlıq bir ərazi əkinəyararlı vəziyyətə gətirilib, onun böyük hissəsində yazlıq bitkilər əkəcəyik. Yerdə qalan hissə isə taxıl altındadır. Bu il mülayim hava şəraiti ilə bağlı olaraq becərmə işlərinə tez başlamışıq, hazırda gəmiricilərə qarşı mübarizə aparırıq. Birinci suvarma işlərini artıq başa çatdırmışıq”.
Fermer Fərhad İbrahimov da yaz qayğılarından danışıb: “Göstərilən dövlət dəstəyi çox vacibdir, kəndimizi yenidən qururuq. Əhalinin əksəriyyəti kənd təsərrüfatı sahəsində işlədiyi üçün bu sahə bizim üçün çox vacibdir. Bu il taxılda hektardan 45-50 sentner məhsul götürməyi planlaşdırmışıq. Sahələrdə gündəlik aqrotexniki işlərimizi aparırıq. Kənd Təsərrüfatı Nazirliyinin əlaqədar qurumları, eyni zamanda, DAİM əməkdaşları bizə çox kömək edirlər. Bu il daha çox köməyə ehtiyacımız olacaq, çünki qışlama dövrü çətin keçib, il quraq gəlib, bütün sahələr suvarma altında olmalıdır. Prezident İlham Əliyev kəndə gələndə xahiş etdik ki, su probleminə köklü yanaşılsın. Sağ olsun, Onun tapşırığı ilə ərazilərə iki istiqamətdən su xətləri çəkilib. Buna görə ötən il 620 hektarda taxıl, 70 hektarda yonca, 50 hektarda isə çuğundur becərib təhvil verdik”.
İsmayıllı rayonunda da payızlıq əkinlərə ardıcıl olaraq aqrotexniki qulluq göstərilir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumatda bildirilir ki, bu ilin məhsulu üçün ötən ilin payızında 70 hektarı xəsil olmaqla 29 min 473 hektar sahədə taxıl əkini aparılıb. Bütün ərazilərdə normal çıxış alınıb.
Payız və qış dövründə 25 min hektar əkin sahəsində gəmiricilərə qarşı mübarizə tədbirləri aparılıb. Gəmiricilərlə mübarizədə istehsalçılar həm öz, həm də dövlət büdcəsinin vəsaiti hesabına əldə olunan preparatlardan istifadə edirlər. Hazırda bu işlər yekunlaşmaq üzrədir.
İndiyədək 9500 hektar sahədə payızlıq əkinə yemləmə gübrəsi verilib. Hazırda yabanı bitkilərə qarşı herbisidlər vurulur, bəzi sahələrə yaşıl mala çəkilir. Bu tədbirlər əsasən rayonun cənub zonası olan Qubaxəlilli, Gəraybəyli, Kəlbənd, Mollaisaqlı, Qalagah kəndlərinin ərazilərindəki əkinlərdə aparılır.
Payızlıq əkinlərə qulluq işlərinin aprelin birinci ongünlüyündə yekunlaşdırılması nəzərdə tutulub. Aparılan aqrotexniki tədbirlərdə mütəxəssislər də yaxından iştirak edirlər.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 790 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30