Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın rayonlarında yetişdirilən məhsulların ixrac coğrafiyası genişlənir

Azərbaycanın rayonlarında yetişdirilən məhsulların ixrac coğrafiyası genişlənir

16.04.2019 [09:15]

Cari ilin sonunadək respublikamızdan 19 xarici ölkəyə 25 ixrac missiyasının həyata keçirilməsi, 11 beynəlxalq sərgidə milli şirkətlərin vahid ölkə stendi ilə təmsil olunması nəzərdə tutulub
Azərbaycanın yeni şəraitdə iqtisadi inkişafla bağlı qarşıya qoyduğu əsas hədəflərdən biri aqrar sektorda istehsal həcmlərinin artırılması və bu əsasda ixrac imkanlarının genişləndirilməsi ilə bağlıdır. Ölkəmizin qarşıya belə bir məqsəd qoyması isə heç də təsadüfi deyil. Məlum olduğu kimi, respublikamızda aqrar sektorda böyük ixrac potensialı var. Davamlı olaraq hərtərəfli dövlət dəstəyi göstərilən fermerlərin fəallığı sayəsində regionlardan kənd təsərrüfatı məhsullarının ixrac həcmlərini genişləndirməklə respublikamız valyuta daxilolmalarını artırmaq və sosial-iqtisadi inkişafın ardıcıllığını təmin etmək məqsədi güdür.
“Made in Azerbaijan” brendinin yaradılması və səmərəli təşviq mexanizminin işə salınması ölkəmizdən ixracın genişlənməsinə əlverişli zəmin yaradıb
Azərbaycan qeyri-neft sektoru üzrə, o cümlədən də ölkənin bölgələrindən ixracın genişləndirilməsi ilə bağlı qarşıya qoyduğu hədəflərə çatmaq üçün lazım olan hər şeyi edir. Məlumdur ki, dünyanın əksər inkişaf etmiş ölkələrində ixrac bir sıra səmərəli vasitələrlə dəstəklənir və təşviq edilir. Müasirləşməni strateji hədəf seçən Azərbaycan da məhz qabaqcıl ölkələrin təcrübəsindən bəhrələnməyə çalışır. Respublikamızda ixracın səmərəli təşviqi mexanizminin işə salınması ixracın genişlənməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin ixracın təşviqinin stimullaşdırılması ilə bağlı imzaladığı müvafiq sənədlərə uyğun olaraq “İxrac təşviqinin ödənilməsi qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı” və “İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar” təsdiq olunub. İxrac təşviqi şamil olunan malların siyahısına bal, xurma, nar, qovrulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbə və cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular və şirələr, unlu qənnadı məmulatları, habelə dəri məmulatları, ipək parçalar və xalçalar kimi digər məhsullar daxil edilib. Həmin məhsulların növündən asılı olaraq sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3-6 faizi həcmində təşviq vəsaiti ödənilir.
Ölkəmizin ixrac imkanlarının genişləndirilməsi baxımından “Made in Azerbaijan” brendinin yaradılması da böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmanla təsdiqlənən Qayda xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsini və ödənilmə mexanizmini müəyyən edir. Dövlət başçısının Fərmanı ilə təsdiqlənən Qaydada müəyyən olunmuş dəstək tədbirlərindən istifadə etmək hüququna isə Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracatçısı olaraq Azərbaycan Respublikasında vergi ödəyicisi kimi uçota alınmış fiziki və hüquqi şəxslər malikdirlər.
Azərbaycanda indiyədək dünyada özünü doğruldan səmərəli təşviq mexanizminin işə salınması həm ixracatçı sahibkarlara böyük dəstəkdir, həm də bütövlükdə milli maraqlarımıza xidmət edir. Brendlərdən asılı olmayaraq, ölkəyə, onun keyfiyyətə nəzarət sistemlərinə inamın yaradılması əldə oluna biləcək ən yaxşı uğurdur. Dövlətin bu məsələyə dəstəyi və qayğısı Azərbaycanda dövlət-özəl sektor-vətəndaş əməkdaşlığının bariz nümunəsidir. Burada həmçinin sahibkarların məsuliyyəti məsələsi də böyük aktuallıq kəsb edir. Mütəxəssislərin qənaəti belədir ki, “Made in Azerbaijan” brendlərinə yaranacaq etimad istehsal olunan məhsulun keyfiyyətindən, beynəlxalq standartlara cavab verməsindən, müştərilərə göstəriləcək xidmətlərin yüksək səviyyədə olmasından və güclü marketinq fəaliyyətindən çox asılıdır.
Ölkəmizdə ixracın genişləndirilməsinə nail olmaq üçün yaradılan möhkəm hüquqi baza öz növbəsində praktiki müstəvidə genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə zəmin yaradıb. Bunun təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə təbliği məqsədilə ixrac missiyaları təşkil edilir, beynəlxalq sərgilərdə yerli məhsullarımız vahid ölkə stendində nümayiş olunur, xarici ölkələrə ticarət nümayəndələri təyin edilir və ticarət evləri yaradılır, sahibkarlara ixrac təşviqi ödənilir, ixracatçılara məsləhət xidməti göstərilir, ixtisaslaşmış assosiasiyaların yaradılması dəstəklənir. Bir neçə istiqamət üzrə məhsul istehsalçıları və ixracatçıları assosiasiyaları yaradılıb, mənşə sertifikatının verilməsi sadələşdirilərək müddəti üç gündən bir günə endirilib.
İxracın genişləndirilməsi məqsədilə reallaşdırılan tədbirlər öz müsbət nəticəsini verir
Respublikamızda ixracın genişləndirilməsinə nail olmaq üçün hüquqi və praktiki müstəvidə həyata keçirilən tədbirlər öz nəticəsini verir. Aqrar sektorda və sənayedə ixracın genişlənməsi bunu bir daha təsdiqləyir. Son illərdə respublikamızın ixracı əsasən qeyri-neft sektorunda, o cümlədən də regionlarda aqrar sektorda yetişdirilən məhsullarının hesabına genişlənir. 2018-ci ildə dövlət dəstəyi hesabına xarici ölkələrə 11 ixrac missiyası təşkil edilib, bölgələrdə fəaliyyət göstərən şirkətlər xarici ölkələrdə təşkil olunmuş 11 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak ediblər. Bu tədbirlər çərçivəsində ABŞ, Almaniya, BƏƏ, Çexiya, Qətər və digər ölkələrə Azərbaycan şirkətlərinin istehsalı olan kənd təsərrüfatı məhsulları, o cümlədən də meyvə-tərəvəz, nar şirəsi, şərab, ət məhsulları, quru süd, fındıq, qənnadı məhsulları, bal, çay, həmçinin Naftalan nefti, tikinti materialları, mebel və digər məhsulların ixracına dair 50-dən çox müqavilə imzalanıb və razılaşma əldə olunub. Görülmüş tədbirlər nəticəsində 2018-ci ildə ölkəmizdən qeyri-neft ixracı 9,8 faiz, o cümlədən kənd təsərrüfatı və emalı məhsullarının ixracı 13,8 faiz, sənaye məhsullarının ixracı 6,2 faiz, xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin sayı 56,2 faiz artıb. Bütövlükdə, ötən il Azərbaycandan 3088 çeşiddə məhsul ixrac edilib.
Cari ilin yanvar-fevral aylarında regionlarda yetişdirilən məhsulların ixracı artıb
Respublikamızda qeyri-neft sektorunda ixracın təşviq edilməsi ilə bağlı tədbirlər 2019-cu ildə də davam etdirilir. Cari ildə 19 xarici ölkəyə 25 ixrac missiyasının həyata keçirilməsi, 11 beynəlxalq sərgidə Azərbaycan şirkətlərinin vahid ölkə stendi ilə təmsil olunası, eləcə də ixracla məşğul olan sahibkarlara maliyyə dəstəyinin daha da gücləndirilməsi nəzərdə tutulub.
Cari ilin yanvar-fevral aylarında ölkənin qeyri-neft sektoru üzrə ixracı 16,5 faiz artıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın mart sayına dair keçirilən mətbuat konfransında İİTKM-in departament rəhbəri Ramil Hüseyn deyib.
İcmalın bu sayında göstərilir ki, iki ayda Azərbaycanın ixracı 3,2 milyard ABŞ dolları təşkil edib. Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 282 milyon dollar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-fevral aylarında qeyri-neft sektoru üzrə ixrac 40 milyon dollar və ya 16,5 faiz artıb.
Ümumiyyətlə, cari ilin ilk iki ayında regionlardan meyvə-tərəvəz ixracı 76 milyon, pambıq lifi ixracı 26 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 13,5 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,1 milyon, pambıq ipliyi ixracı 3,7 milyon dollar təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-fevral aylarında pambıq lifinin ixracı 2,6 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,5 dəfə artıb.
Azexport.az portalı məhsulların mərkəzləşdirilmiş qaydada xarici bazarlara çıxışını təmin edir
Yeni şəraitdə respublikanın ixrac imkanlarının genişləndirilməsinə yönəldilən tədbirlər iki mühüm istiqamətdə reallaşdırılır. Belə ki, bir tərəfdən bütün ölkə boyu ixrac qabiliyyəti yüksək olan məhsulların istehsalı artırılır, digər tərəfdən isə həmin məhsulların mərkəzləşdirilmiş qaydada tədarükü və satış bazarlarına daha asan çıxarılması üçün optimal yollar seçilir.
Yuxarıda deyilənlər baxımından Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan Azexport.az portalının fəaliyyəti böyük aktuallıq kəsb edir. 2016-cı il dekabrın 20-də təqdimatı keçirilən portal Azərbaycan mənşəli məhsulların daxili və xarici istehlak bazarlarına çıxış imkanlarını artırmaq məqsədilə yaradılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, portalın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma yaradılmasıdır. Portal dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq Azərbaycan mallarını dünyaya sərgiləyir. Mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli, əlverişli olan azexport.az vasitəsilə “Made in Azerbaijan” brendi alıcılara yaxınlaşdırılır.
Azexport.az həm istehsalçılar, həm də istehlakçılar üçün böyük üstünlüklər qazandırır. Belə ki, istehsalçılar məhsulları barədə məlumatları portala inteqrasiya edə bilərlər. Eyni zamanda, istehlak bazarlarının iştirakçıları portalın xidmətlərindən, geniş məlumat bazasından bəhrələnməklə bu məhsullara çıxış imkanı qazanırlar. Azexport.az təchizat-satış zənciri üzrə bütün xidmətlərə optimal çıxış imkanları yaradır. Qısa müddətdə bir sıra milli və beynəlxalq ödəmə sistemləri, o cümlədən ölkənin aparıcı nəqliyyat-logistika şirkətləri portala inteqrasiya olunublar.

(davamı növbəti sayımızda)
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 836 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30