Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanda fındıqçılığın inkişafına böyük diqqət göstərilir

Azərbaycanda fındıqçılığın inkişafına böyük diqqət göstərilir

19.04.2019 [09:46]

2019-cu ilin sonunadək respublikanın bölgələrində fındıq bağlarının sahəsini 84 min hektara çatdırmaq nəzərdə tutulub
Son illər ölkəmizdə digər sahələr kimi, kənd təsərrüfatının inkişafı istiqamətində də mühüm addımlar atılıb. Daha dəqiq desək, icrası uğurla yekunlaşmış regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı və hazırda icra edilən dördüncü proqram bölgələrdə digər sahələr kimi, aqrar sahənin də inkişafına, o cümlədən ixrac potensialının artmasına təkan verib. Ümumiyyətlə, əlverişli coğrafi-iqlim xüsusiyyətləri, münbit torpaqlar, əmək ehtiyatları, tarixdən gələn zəngin ənənələr Azərbaycanın bölgələrində ixracqabiliyyətli məhsul istehsalının artırılması üçün geniş perspektivlər yaradır.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycanın regionlarından ixracın artırılması baxımından perspektivli sahələrdən biri də fındıqçılıqdır. Ölkəmizin əlverişli coğrafi-iqlim xüsusiyyətləri nəzərə alınaraq bölgələrdə bu sahənin inkişafına böyük diqqət göstərilir. Yüksək ixrac potensialına malik olan fındıqçılıq həm də gəlirgətirmə qabiliyyətinə görə olduqca effektivdir. Qeyd edilməlidir ki, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurlu icrası bu sahənin bölgələrimizdə daha yüksək səviyyədə inkişafını təmin edib. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransdakı nitqində bu məqama toxunan Prezident İlham Əliyev bildirib ki, son vaxtlar fındıqçılığa çox böyük diqqət yetirilir: “Biz fındıq bağlarının sahəsini qısa müddətdə böyük dərəcədə artırmışıq. 2016-cı ildə bizim 40 min hektar fındıq bağlarımız olub, bu gün artıq 75 min hektara çatıb və bu il 9 min hektar da əkiləcək. Beləliklə, biz 84 min hektarda fındıq yetişdirəcəyik. Əlbəttə, yeni salınan bağlar bar gətirənə qədər bir neçə il keçəcək. Amma ondan sonra fındıq ixracının həcmi iki dəfədən çox artacaq və fermerlərə indikindən iki dəfə çox vəsait gələcək. Hazırda fındıqçılıqda 20 min nəfər işləyir”.
Qeyd edildiyi kimi, artıq bir sıra bölgələrdə fındıq bağları əsaslı şəkildə artırılıb, yeni bağların salınması istiqamətində işlər aparılır. Öz növbəsində regionlarda fındıq bağlarının genişləndirilməsi, aqrotexniki qulluq qaydalarının gücləndirilməsi, həmçinin fermerlərə, torpaq mülkiyyətçilərinə dəstək tədbirlərinin artırılması, satışla bağlı problemlərin aradan qaldırılması istehsalın və ixracın həcminin artmasına müsbət təsir göstərib.
Yeri gəlmişkən, dövlətimizin başçısının fındıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Oğuz rayonunda da davamlı iş aparılır. Belə ki, təkcə ötən il rayon ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində 322 hektarda yeni fındıq bağları salınıb. Cari ildə fındıq bağlarının sahəsinin daha 300 hektar artırılması nəzərdə tutulur. Bu barədə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib. Qurum rəsmisi bildirib ki, hazırda rayonda 3 min 695,5 hektar fındıq bağları var. Bu bağların 1 min 703 hektarı son üç ildə salınıb. Ötən il fındıq bağlarından 1106 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 203 ton artıb.
Bu ilin yaz və payız mövsümlərində Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin Qax Meşəbəyliyi tərəfindən isə rayon ərazisində dövlət meşə fonduna aid 20 hektar sahədə aqromeşələrin salınması nəzərdə tutulur. Müəssisə tərəfindən artıq yaz meşə əkinlərinə başlanılıb və qısa müddətdə 5 hektar sahəyə fındıq tingləri əkilib.
Qeyd edək ki, 2016-cı ildən başlayaraq meşə əkini işləri zamanı kənd təsərrüfatı əhəmiyyətli kol və ağac tinglərinin əkininə, aqromeşələrin, bağların salınmasına üstünlük verilir. Əkin zamanı əsasən fındıq, qoz, şabalıd, tut və digər ağac tinglərindən istifadə olunur. Bununla yanaşı, 2016-2018-ci illərdə Qax rayonu ərazisində 242 hektarda aqromeşələr salınıb. Yeni meşələrin salınması məqsədilə hazırda müəssisənin 4,3 hektar tinglik sahəsində 330 minə yaxın ağac tingi yetişdirilir.
Son illər Zaqatala rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, 2018-ci ilin yaz və payız mövsümlərində rayon ərazisində 1353,5 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının ümumi sahəsi 19 min 505 hektara çatdırılıb. Bu bağların 10 min 571 hektarı barverəndir. Ötən il rayonun fındıq bağlarından 15 min tondan çox məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 1600 ton artıb. Bu il dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində daha 500 hektarda yeni fındıq bağlarının salınması nəzərdə tutulur.
Artıq rayonda fındıq tinglərinin əkiləcəyi ərazilər müəyyənləşdirilib. Sahələr şumlanaraq əkin üçün hazır vəziyyətə gətirilib. Əkin kampaniyasına yaxın günlərdə başlanılacaq. Yaz mövsümünün gəlişi ilə əlaqədar hazırda fındıq bağlarına aqrotexniki qulluq olunur, budama və təmizlik işləri aparılır, bağlar suvarılır.
Yaz mövsümünün gəlişi ilə əlaqədar isə rayonda dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqlarda fındıq pöhrələrinin və tinglərin əkininə başlanılıb. Qısa müddətdə torpaq mülkiyyətçiləri tərəfindən 115 hektarda fındıq bağları salınıb. Ümumiyyətlə, yaz aylarında rayon ərazisində 250 hektarda yeni fındıq bağlarının salınması nəzərdə tutulur.
Ölkəmizin şimal regionunda yerləşən Quba rayonunda da fındıqçılığın inkişafı istiqamətində əsaslı addımlar atılmaqdadır. Mühüm ixrac qabiliyyətli məhsul sayılan fındıq bağlarının genişləndirilməsi istiqamətində şimal regionunda mühüm işlər görülür, innovativ addımlar atılır. Belə ki, Quba-Xaçmaz zonasında yeni texnologiya əsasında salınan fındıq bağlarında İtaliyadan gətirilən sortlar əkilir. Quba rayonunda yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun İtaliyanın “Ferrero” şirkəti ilə əməkdaşlığı çərçivəsində gətirilən fındıq sortları məhsuldarlığına görə yerli sortları 3-4 dəfə üstələyir.
İnstitutun direktoru İlham Qurbanov KİV-ə açıqlamasında bildirib ki, italyan sort fındıqlar yeni texnologiya əsasında əkilib. “Prezident İlham Əliyevin ölkəyə daha çox valyuta gətirən məhsulların yetişdirilməsinə üstünlük verilməsi ilə bağlı göstərişlərinə əsasən fındıq bağlarının sahəsinin artırılmasına xüsusi diqqət yetirilir. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun ərazisində 2 hektar sahədə italyan texnologiyası ilə bağ salınıb. Burada təkcə italyan yox, eyni zamanda, dədə-baba və institutun yetişdirdiyi “Qalib”, “Saçaqlı” fındıq sortları əkilib. Yeni bağların salınması ənənəvi bağlardan fərqlənir. Ənənəvi fındıq bağları ocaq əkin sistemi ilə salınırdı. Yəni qazılan çalada 3-6 pöhrə əkilirdi. İtalyan texnologiyasında isə pöhrələr yox, cəmi bir ting əkilir. Ötən ildən başlayaraq Zaqatalada dədə-baba sortunun tinglərini də yetişdirmişik. İndi həmin tinglər müqayisə üçün italyan sortları ilə birlikdə bu sahədə əkilib”, - deyə İ.Qurbanov söyləyib.
Qeyd edək ki, Quba-Xaçmaz zonasında yeni texnologiya ilə ümumilikdə 3 min hektara yaxın fındıq bağlarının salınması nəzərdə tutulub. Bunun 1500 hektarı artıq əkilib. Bu texnologiya ilə əkilən bağlarda məhsuldarlıq bir hektardan 3 tona kimi arta bilər. Xaçmazlı təsərrüfatçı Qurban Qəribov 3 hektar sahədə yeni texnologiya ilə İtaliyadan gətirilən fındıq tingləri əkib. “Bunun əsas üstünlüyü ondan ibarətdir ki, əkin sahəsində daha çox ağac becərmək mümkündür. Bir hektara təxminən 335 ting əkmişik. Bağın salınmasında italiyalı mütəxəssislər də iştirak ediblər. Bizdə fındıq adətən kol bitkisi kimi becərilir. Yeni sortlar isə digər ağaclar kimi bir gövdədən ibarətdir. Əkildikdən 3 il sonra məhsul verməyə başlayır. Bir ağacın məhsuldarlığı 60 kiloqrama yaxındır. Dədə-baba sortlarında isə bu göstərici ən yaxşı halda 15 kiloqramdır”, - deyə təsərrüfatçı bildirib.
Vurğulayaq ki, yeni salınan bağlar mütəxəssislərin təlimatları əsasında xüsusi aqrotexniki tədbirlər görülməklə becərilir.
Dövlətimizin başçısının fındıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Qəbələ rayonunda da davamlı iş aparılır. Belə ki, təkcə bu ilin yaz mövsümünün əvvəlində rayon ərazisində 237 hektarda yeni fındıq bağları salınıb. Ümumiyyətlə, son üç ildə rayonda 2 min 137 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının ümumi sahəsi 6 min 247 hektara çatdırılıb. Hazırda rayonda 4 min 827 hektar bar verən fındıq bağları var. Ötən il fındıq bağlarından 9 min 200 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 1800 ton artıb.
Yaz mövsümünün gəlişi ilə əlaqədar Şəki rayonunda da dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqlarda fındıq tinglərinin əkininə başlanılıb. Yaz aylarında rayon ərazisində 388 hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulur. Torpaq mülkiyyətçiləri tərəfindən indiyədək 257 hektar sahəyə fındıq tingləri əkilib və hazırda bu iş davam etdirilir. Ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi Şəki rayonunun kənd təsərrüfatı üçün də prioritet istiqamətlərdən biridir. Son illər Şəki rayonunda yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, 2016-cı ilə kimi rayonda cəmi 979 hektar fındıq bağı mövcud idisə, 2018-ci ilin yekununda fındıq bağlarının ümumi sahəsi 2822 hektar olub. Bu il yaz mövsümündə salınacaq bağlar da nəzərə alınmaqla, aprelin sonunda fındıq bağlarının ümumi sahəsi 3210 hektara çatdırılacaq. Qeyd edək ki, 2018-ci ildə Şəkinin fındıq bağlarından 3 min 80 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 262 ton artıb.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 901 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30