Azərbaycanın bölgələrində yazlıq bitkilərin əkini uğurla davam edir
26.04.2019 [09:30]
Bu ilin üç ayında ölkə üzrə 126,4 min hektar sahədə və ya ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz çox yazlıq bitki səpini aparılıb
Məlum olduğu kimi, son 15 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrdə böyük layihələr reallaşdırılıb. Müvafiq Dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində bölgələrin siması əsaslı dərəcədə dəyişilib, bütün sahələrdə, o cümlədən aqrar sektorda mühüm inkişaf göstəriciləri əldə olunub. Aqrar sektorun inkişafı, eyni zamanda, bölgələrdə iqtisadi aktivliyin artmasına və fəal məşğul əhalinin əmək bazarına çıxış imkanlarının genişlənməsinə müsbət təsir göstərir ki, bu da dərin sosial əhəmiyyətə malikdir.
Məlumat üçün bildirək ki, son 15 ildə ölkəmizdə kənd təsərrüfatı 1,7 dəfə artıb. Bu, olduqca yüksək bir göstəricidir. Eyni zamanda, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı onu deməyə əsas verir ki, bu rəqəm ildən-ilə daha da yüksələcək.
Qeyd edildiyi kimi, ümumilikdə ölkə üzrə kənd təsərrüfatının inkişafına göstərilən diqqət nəticəsində bölgələrimizdə də bu sahəyə diqqət və qayğı artıb. Eləcə də aqrar sahə ilə məşğul olan fermerlər dövlətin hərtərəfli yardımları ilə təmin edilirlər. Fermerlərin torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi, onlara subsidiyaların ayrılması, pambıqçılıq, tütünçülük, baramaçılıq kimi əmək tutumu və gəlir imkanları böyük olan sahələrin inkişafının təşviq edilməsi, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə texnika və gübrə satışı bu qəbildən olan tədbirlər sırasında yer alır. Eləcə də fermerlərə göstərilən dövlət qayğısının institusional mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sahədə xidmətyönümlü fəaliyyətə üstünlüyün verilməsi, fermerlərlə işin gücləndirilməsi, innovasiyadan istifadə ilə bağlı maarifləndirmənin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin müvafiq Fərmanına uyğun olaraq rayon (şəhər) kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) yaradılıb. Bununla yanaşı, nazirlik yanında Fermerlər Şurası və Aqrar Məşvərət Şurası təsis edilib.
Bu məqamda vurğulamaq yerinə düşər ki, artıq regionlarda kənd təsərrüfatı sahələrində mövsümi işlərin qızğın vaxtıdır. Belə ki, bölgələrimizdə yazlıq səpin, əkin işləri aparılır, gələcək planlar dəqiqləşdirilir. Ümumiyyətlə, cari il aprelin 1-nə kimi ölkə üzrə 126,4 min hektar sahədə və ya ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz çox yazlıq bitki səpini aparılıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə 21,5 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 1,7 min hektarı dən üçün qarğıdalı), 28,8 min hektar sahədə kartof, 25,9 min hektar sahədə tərəvəz, 3 min hektar sahədə bostan bitkiləri, 3,1 min hektar sahədə şəkər çuğunduru, 2,9 min hektar sahədə dən üçün günəbaxan, 40,7 min hektar sahədə çoxillik otlar və 0,5 min hektar sahədə birillik otlar əkilib.
Hazırda bölgələrdə yazlıq əkin işləri davam etdirilir. Məsələn, Zaqatala rayonunun fermerləri artıq üçüncü ildir ki, soya bitkisinin əkininə maraq göstərirlər. 2018-ci ildə fermerlər 100 hektar soya sahəsindən 194 ton məhsul tədarük ediblər. Soya əkilən sahələrin böyük hissəsi Muxax kənd sakini Abdulla Mahmudovun rəhbərlik etdiyi “Muxax” İstehsal Kooperativinin payına düşüb. Ötən il təsərrüfat sahibi əvvəlcə 45 hektarda soya əkib, 95 ton məhsul tədarük edib. Taxıl biçini başa çatdıqdan sonra fermer 50 hektarda təkrar əkin kimi yenidən soya əkib və hər hektardan 1 ton məhsul götürüb. Təsərrüfat rəhbəri bildirib ki, builki mövsümdə soya bitkisinin əkin sahəsini iki dəfəyədək artıraraq 90-100 hektara çatdırmağı planlaşdırır. Hazırda soya əkiləcək sahə şumlanaraq tam hazır vəziyyətə gətirilib və yaxın günlərdə əkinə başlanılacaq. Fermer, eyni zamanda, bu il yenə də taxıl biçinindən sonra 50 hektarda təkrar soya əkməyi planlaşdırır.
Soyanın yüksək rentabelli və qiymətli bitki olduğunu vurğulayan təsərrüfat rəhbəri KİV-ə açıqlamasında deyib: “Xüsusilə, heyvandarlığın, quşçuluğun inkişaf etdirilməsində, bu sahələrin yem təminatında, məhsuldarlığın artırılmasında soya bitkisi mühüm rol oynayır. Soya unu mal-qara üçün çox dəyərli yem hesab olunur. Soya dənindən yağ, marqarin, pendir, süd, un, qənnadı məmulatı və başqa məhsullar da alınır. Soyadan alınan yağ sabunbişirmə sənayesi üçün də xammaldır. Ondan lak-boyaq sənayesində istifadə olunur”.
Zaqatalalı fermer, eyni zamanda, uzun illərdir ki, taxıl, qarğıdalı və günəbaxan istehsalı ilə də məşğul olur. Ötən ilin payızında təsərrüfatda cari ilin məhsulu üçün 270 hektarda taxıl səpini aparılıb. Fermer bu ilin yazında 50 hektar sahədə günəbaxan əkib. Yaxın günlədə təsərrüfatda 40 hektarda qarğıdalı əkininə də başlanılacaq.
Qeyd edək ki, bu il ümumilikdə Zaqatalada 14 min hektar sahədə yazlıqların əkini nəzərdə tutulur. Məhsul istehsalçıları indiyədək 5,1 min hektarda yazlıq bitkilər əkiblər. Fermerlər bu günədək 1257 hektar sahədə kartof, 750 hektarda dənli və dənli paxlalı bitkilər, 945 hektarda tərəvəz, 110 hektar sahədə bostan bitkiləri əkib, 2035 hektar sahəyə yonca toxumu səpiblər. Cari ildə rayonda 4 min hektar sahədə qarğıdalı əkini nəzərdə tutulur. Torpaq mülkiyyətçiləri indiyədək 710 hektarda dən üçün qarğıdalı əkiblər. İndiyədək təsərrüfatlarda 15 hektarda soya əkilib.
Kürdəmir rayonunda da yazlıq bitkilərin kütləvi əkini davam edir və artıq 3222 hektarda əkin aparılıb. Rayon Statistika İdarəsindən bildirilib ki, yazlıq bitkilərin əkin sahəsi ötən ilin müvafiq dövründəkindən 402 hektar və ya 14,3 faiz çoxdur. Yazlıq əkinlərin 1365 hektarı çoxillik otlar, 872 hektarı kartof, 476 hektarı tərəvəz, 366 hektarı bostan, 142 hektarı şəkər çuğundurudur.
Fermerlər və fiziki şəxslər hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, yazlıq əkinləri vaxtında və keyfiyyətlə başa çatdırmaq üçün ciddi səy göstərirlər.
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da yaz-tarla işləri davam etdirilir. Rayonun fermerləri və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edir, texniki bitkilər üçün nəzərdə tutulmuş sahələr səpinə hazır vəziyyətə gətirilir. Rayon Statistika İdarəsinin rəisi Xosrov İsmayılov bildirib ki, bu günədək 2539 hektarda yazlıq səpin həyata keçirilib. Bu, ötən ilin müvafiq dövründəkindən 32,4 faiz çoxdur. Yazlıq əkinlərin 431 hektarı çoxillik otlar, 344 hektarı kartof, 1498 hektarı tərəvəz, 266 hektarı şəkər çuğundurudur. Əvvəlki illə müqayisədə kartof əkini 4,2 faiz, tərəvəz əkini 47 faiz, şəkər çuğunduru əkini 2 dəfə artıb. Rayonda ötən ilin payızında səpilmiş taxıl əkinlərinin becərilməsi də müvəffəqiyyətlə həyata keçirilir.
Samux rayonunda da bu ilin məhsulu üçün yazlıq bitkilərin əkini davam etdirilir. Rayon Statistika İdarəsindən bildirilib ki, aprelin 1-nə kimi bütün təsərrüfat kateqoriyaları daxil olmaqla, 3061 hektar sahədə yazlıq bitkilərin əkini aparılıb. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 418 hektar çoxdur.
Cari ilin məhsulu üçün aparılmış yazlıq bitkilərin əkininin 1861 hektarı ailə kəndli və ev təsərrüfatlarının, 1200 hektarı isə kənd təsərrüfatı müəssisələrinin payına düşür.
Onu da qeyd edək ki, Samux rayonunda şəkər çuğunduru əkininə də maraq artıb. Bu mövsümdə rayonda şəkər çuğundurunun səpininə martın əvvəlindən başlanılıb. Artıq 340 hektar sahədə səpin işləri yekunlaşıb. Yüksək məhsul əldə etmək üçün dekabrda şum aparılarkən əkilən hər hektara 200 kiloqram amofos və 100 kiloqram kalium gübrəsi də verilib. Bu il İmişli Şəkər Zavodu Samuxda şəkər çuğunduru əkmək üçün 80 mülkiyyətçi ilə müqavilə bağlayıb. Müqavilənin şərtlərinə görə, bütün xərcləri zavod öz üzərinə götürüb.
İmişli Şəkər Zavodunun Samux bölgəsi üzrə nümayəndəsi bildirib ki, mülkiyyətçiyə kömək üçün zavod tərəfindən bir hektara 1230 manat subsidiya verilir. Zavod mülkiyyətçiləri zəruri texnika ilə təmin edir, məhsulun daşınmasını həyata keçirir və nəqliyyat xərclərini ödəyir.
Bununla yanaşı, şəkər çuğunduru əkən mülkiyyətçiyə dövlət tərəfindən hər hektara görə 4 manat subsidiya verilir. Bütün bunlar isə fermerlərin şəkər çuğunduru əkininə marağını artırır.
Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahil Həsənov bildirib ki, ötən il Samux rayonunda 560 hektar şəkər çuğunduru əkilib. Fermerlər sahələrdən hər hektara görə orta hesabla 45 ton olmaqla ümumilikdə 24000 ton məhsul yığıblar. Bu il isə samuxlu fermerlər şəkər çuğunduru sahələrini daha 40 hektar artırıblar. Qeyd edilib ki, səpin aprelin sonuna kimi tam yekunlaşacaq. İyunun əvvəlindən şəkər çuğundurunun mərhələli şəkildə suvarılması aparılacaq. Məhsul yığımına isə sentyabrdan başlanılacaq.
Qax rayonunun təsərrüfatlarında da yaz-tarla işlərinin qızğın çağıdır. Ümumiyyətlə, bu il rayonda 4845 hektarda yazılıq bitkilərin əkini proqnozlaşdırılır. Bu barədə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib. Qurum rəsmisi bildirib ki, məhsul istehsalçıları indiyədək 301 hektar sahədə kartof, 220 hektarda tərəvəz, 34 hektarda lobya, 80 hektarda bostan bitkiləri əkib, 264 hektara vələmir, 793 hektara çoxillik yonca toxumu səpiblər. Bundan əlavə, cari ildə rayonda 1600 hektarda dən üçün qarğıdalı əkilməsi də planlaşdırılır. Bu günədək təsərrüfatlarda 96 hektarda qarğıdalı əkilib.
Sektor müdirinin məlumatına görə, aprelin 25-dən etibarən tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25

