Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda yeni yaşayış massivlərinin qazlaşdırılması işləri uğurla icra olunur

Regionlarda yeni yaşayış massivlərinin qazlaşdırılması işləri uğurla icra olunur

22.06.2019 [09:10]

Aparılan məqsədyönlü işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 226 min 675-ə çatıb
Azərbaycanda son illərdə yaşayış məntəqələrində istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin, avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir və qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi tədbirləri uğurla davam etdirilir. Dövlət başçısının göstərişinə uyğun olaraq, respublika üzrə qazlaşdırma səviyyəsi bu il yanvarın 1-nə 95,7 faizə çatdırılıb. Bu isə əhalinin böyük hissəsinin təbii qaza olan tələbatının ödənilməsi deməkdir. Xatırladaq ki, Azərbaycan qazlaşdırma işlərinin görülməsi səviyyəsinə görə nadir ölkələrdəndir. Buna baxmayaraq, gündəlikdə duran prioritet məsələ məhz qaz verilməyən yaşayış məntəqələrinin qazlaşdırılmasıdır. Bu proses cari ildə də davam etdirilir. Ölkə başçısının qazlaşdırmaya göstərdiyi böyük diqqət və qayğının nəticəsində 2009-2019-cu illər ərzində 2349 qəsəbə və kənddə qazlaşdırma işləri tam başa çatdırılıb.
Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində də Prezident İlham Əliyev əhalinin qazla təminatının Azərbaycanda ən yüksək səviyyədə olduğunu vurğulayıb: “İnfrastruktur layihələri ilə bağlı, görün, nə qədər böyük işlər görülüb. Bu gün qazlaşdırmanın səviyyəsinə görə Azərbaycan dünyada lider ölkələrdəndir, qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb. Biz ən ucqar dağ kəndlərinə qaz xətləri çəkdik. Halbuki bu, iqtisadi cəhətdən səmərəsizdir. Biz Azərbaycanda qazın mövcud olan aşağı tarifi ilə o xərcləri heç vaxt qarşılaya bilmərik. Onu da bildirməliyəm ki, Azərbaycanda təbii qazın tarifləri dünya miqyasında ən aşağı səviyyələrdən biridir, bəzi qonşu ölkələrdən iki-üç dəfə aşağıdır. Qazın olmaması insanları narahat edən məsələ idi. İndi bizim təqribən 3-4 faiz yaşayış məntəqələrimiz var ki, orada qaz yoxdur. Biz o işləri də görəcəyik”.
Onu da vurğulamaq yerinə düşər ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir. Regionlarda əhali istehlakçılarının təbii qaza olan tələbatının tam ödənilməsi, mənzillərdə istismar müddəti başa çatmış məişət qaz sayğaclarının yenisi ilə əvəz olunması işləri və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqlarının və boru xətlərinin yeniləri ilə əvəz edilməsi işləri uğurla icra olunur. Digər tərəfdən, qaz verilməyən bir çox yaşayış məntəqəsinin qazla təminatı ilə yanaşı, son illər regionlarda yaşayış məntəqələrinin genişlənən hissələrindəki yeni massivlərinin qazlaşdırılması üzrə işlər intensiv olaraq davam etdirilir.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, cari ilin qazlaşdırma proqramında qazlaşdırılmış yaşayış məntəqələrinin genişlənən hissələrindəki yeni massivlərin qazlaşdırılması əsas yer tutur ki, aparılan işlər çərçivəsində hazırda Tovuzun Yuxarı Öysüzlü kəndində yeni massivin qazlaşdırılması uğurla icra edilir. Tərtib edilmiş layihəyə uyğun olaraq, yeni massivin “mavi yanacaq”la təmin olunması məqsədilə ümumi uzunluğu 13 min 200 metr müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilməsi, 104 evdə sayğac, eləcə də fərdi tənzimləyici quraşdırılması nəzərdə tutulur.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq edilir ki, bu da hər bir abonentin fərdi qaztənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Artıq işlərin 80 faizi yerinə yetirilib, tezliklə ərazinin qazlaşdırılması tam yekunlaşacaq.
Qeyd edək ki, dövlət başçısının müvafiq sərəncamları ilə qəbul olunan “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq respublikanın bütün yaşayış məntəqələrində olduğu kimi, Şəki şəhəri də inkişaf etməkdədir. Burada yaradılan şərait nəticəsində mənzillərin sayı durmadan artmaqda davam edir və yeni yaşayış massivləri salınır. Yeni massivlərin qazlaşdırılması işləri çərçivəsində hazırda Şəki şəhəri 98-ci kvartal adlanan yeni massivin qazlaşdırılması uğurla icra edilir.
Tərtib edilmiş layihəyə uyğun olaraq, yeni massivin mavi yanacaqla təmin edilməsi məqsədilə ümumi uzunluğu 9 min metr müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilməsi və 128 evdə sayğac, eləcə də fərdi tənzimləyici quraşdırılması nəzərdə tutulur. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq edilir ki, bu da hər bir abonentin fərdi qaztənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Artıq görüləcək işlərin 70 faizi yerinə yetirilib, tezliklə ərazinin qazlaşdırılması tam yekunlaşacaq. Qeyd olunan yaşayış məntəqələrinə təbii qazın çəkilişi əhalinin sosial rifahının yaxşılaşdırılmasına və ekologiyanın qorunmasına xidmət edəcək.
Ötən illərdə olduğu kimi, bu il də rayonlarla yanaşı, Sumqayıt kimi böyük şəhərlərin genişlənən hissələrindəki yeni massivlərin qazlaşdırılması işləri icra edilir. Hazırda Sumqayıt şəhərinin Sumqayıtçay adlanan hissəsinin qazlaşdırılması işləri aparılır. Ümumilikdə 175 mənzilin olduğu ərazinin qazlaşdırılması üçün 6000 metrədək müxtəlif diametrli qaz kəmərlərinin çəkilməsi nəzərdə tutulub ki, artıq işlərin 85 faizi yerinə yetirilib. Bundan başqa, şəhərin Yeni Sumqayıt adlanan yaşayış massivinin də cari ildə qazla təmin olunması üçün layihələndirmə işləri aparılır.
Görülən işlərin nəticəsində istehlakçılar normativ təzyiqli, keyfiyyətli və fasiləsiz təbii qazla təmin olunacaqlar. Əhalinin təhlükəsiz və itkisiz mavi yanacaqla təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanının artırılması məqsədilə görülən tədbirlər Sumqayıt sakinlərinin də ürəyincə olub.
Qeyd olunduğu kimi, qaz verilməyən yaşayış məntəqələrinin qazlaşdırılması işləri də davam etdirilir. Belə ki, Xaçmaz rayonunun Digahoba, Aşağı Ləgər və Seyidlər kəndlərinin qazlaşdırılmasına başlanılıb. Tikinti işləri yekunlaşdıqdan sonra üç kənddə ümumilikdə 300 abonent yüksəktəzyiqli təbii qazla təmin olunacaq. Kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 28 min metrə yaxın olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkiləcək. Bununla yanaşı, bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılacaq. Qazlaşdırma işlərinin ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.
Bununla yanaşı, Quba rayonunun Təngəaltı və Kunxırt kəndlərinin qazlaşdırılmasına başlanılıb. Tikinti işləri yekunlaşdıqdan sonra bu 2 kənddə ümumilikdə 308 abonent yüksəktəzyiqli təbii qazla təmin olunacaq. Kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 14 min 700 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkiləcək. Bununla yanaşı, bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılacaq.
Rayonun Hacıhüseynli və Əliməmmədoba kəndlərinin qazlaşdırılması isə başa çatmaq üzrədir. Həmin kəndlərdə 727 abonent yüksəktəzyiqli təbii qazla təmin olunacaq. Bu il Qubanın 11 yaşayış məntəqəsinin təbii qazla təminatı planlaşdırılır. Rayonda il ərzində qazlaşdırılacaq yaşayış məntəqələrində ümumilikdə 1715 abonent qeydə alınıb.
Xatırladaq ki, bu il Xaçmazda 3, Qubada 11, Qusarda isə 1 yaşayış məntəqəsi qazlaşdırılacaq. Bununla da şimal regionunda daha 2 min 172 abonent “mavi yanacaq”la təmin ediləcək. Hazırda şimal regionunda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 288, təbii qazdan istifadə edən abonentlərin sayı isə 102 mindən çoxdur.
Qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində Abşeron rayonu Qobu qəsəbəsində əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğaclarının yenisi ilə əvəz olunması işləri və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqlarının və boru xətlərinin yeniləri ilə əvəz edilməsi işləri uğurla icra olunur.
Dövlət yoxlaması vaxtı bitmiş qaz sayğaclarının yeni nəsil “smart-kart” qaz sayğacları ilə əvəzlənməsi, quraşdırılan sayğacların kipliyə yoxlanıldıqdan sonra yivli birləşmələrinin plomblanması və dəyişdirilən qaz xətlərinin rənglənməsi işləri aparılır. Belə ki, tərtib edilmiş layihəyə uyğun olaraq qəsəbədə 2500 yeni qaz sayğacının əymə üsulu ilə yeni çəkilmiş xətlərin üzərinə quraşdırılması nəzərdə tutulur ki, artıq bu günə 500-dən artıq yeni sayğac quraşdırılıb. Qəsəbə ərazisində aparılan yenidənqurma işlərinin qısa zamanda başa çatdırılması üçün müvafiq tədbirlər görülür. İşlər başa çatdırıldıqdan sonra qeyd olunan ərazidə yaşayan istehlakçıların tələb olunan təzyiqdə, keyfiyyətli və dayanıqlı təbii qazla təminatı üçün əlavə imkan yaradılacaq.
Verilən məlumata görə, bu ilin yanvar-may aylarında “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 43 min 153 yeni abonent qeydiyyata alınıb ki, bunun da 21 min 240-ı Bakı, Abşeron və Sumqayıt, 21 min 913-ü isə regionlar üzrədir. “Azəriqaz”dan bildirilib ki, yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması əsas rol oynayıb.
Təsadüfi deyil ki, görülən məqsədyönlü işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 226 min 675-ə çatıb.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 821 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30