Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionların turizm potensialından daha səmərəli istifadə etmək məqsədilə davamlı tədbirlər həyata keçirilir

Regionların turizm potensialından daha səmərəli istifadə etmək məqsədilə davamlı tədbirlər həyata keçirilir

15.08.2019 [09:25]

Azərbaycana istirahətə gələn xarici qonaqların sayında ötən ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artım müşahidə olunub
(əvvəli 09 avqust 2019-cu il tarixli sayımızda)

Yay günlərində sərin havası və füsunkar təbiəti ilə seçilən “Şahdağ” Turizm Mərkəzində turistlər üçün 20-yə yaxın müxtəlif əyləncə və idman oyunu nəzərdə tutulub. Mərkəzə gələn qonaqlara macəralar parkı, kvadrosikllər, seqvey, zip-layn, trotinnet, bob kart, dağ velosipedi, peyntbol, atla gəzinti və sair xidmətlər təklif olunur. Bu idman növlərindən istifadə etmək üçün təcrübəli təlimatçılar turistlərə kömək edirlər. Burada kiçik yaşlı uşaqların (12 yaşa qədər) nəzarət altında əylənməsi üçün xüsusi qalalar da qurulub.
Mərkəzdə həmçinin həftəsonu musiqi sədaları altında pikniklər və digər maraqlı əyləncələrin keçirilməsi üçün əlverişli şərait yaradılıb.
Sonda qeyd edək ki, cari ildə Azərbaycanın bəzi ərazilərində turistləri cəlb etmək üçün müəyyən işlər görüləcək. Bakıda keçirilən V Azərbaycan-Avropa İttifaqı biznes forumunda Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib ki, Baskal, Şəki, Xınalıqda, həmçinin palçıq vulkanında turistlərin daha çox cəlbi üçün hazırlıq işlərinə başlanılacaq. Qış aylarında isə işlər icra olunacaq. Bu, Azərbaycanın bölgələrinə turist axınını daha da artıracaq.
Florian Zenqstşmid onu da deyib ki, yanvar-may aylarında Azərbaycana gələn turistlərin sayında ötən ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artım müşahidə olunub. O bildirib ki, ötən il ölkəyə 2,8 milyon turist gəlib. Çin, Koreya Respublikası və Yaponiyadan gələn turistlərin sayında 8-9 faiz artım olub. Həmçinin Yaxın Şərq ölkələrindən, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı da artıb.
Zaqatalada ekoturizm, etnoturizm və kənd yaşıl turizmi geniş yayılmaqdadır
Əlverişli iqlim şəraitinə və əsrarəngiz təbiətə malik olan Zaqatala rayonu ilin bütün fəsillərində yerli və xarici turistlərin diqqətini özünə cəlb edir. Rayonu əhatə edən Böyük Qafqaz sıra dağları, zəngin bitki örtüyünə malik yaylaları, buz kimi sərin dağ çayları, yamyaşıl meşələri, özünəməxsus arxitekturası ilə seçilən tarixi-memarlıq abidələri, təbii parkları, həmçinin multietnik mədəniyyəti və folkloru burada turizmin bir çox növünün inkişafına zəmin yaradıb. Əvvəlki illərdə olduğu kimi, bu ilin yay mövsümündə də rayona gələn turistlərin sayında artım müşahidə olunur.
Dövlət Turizm Agentliyi Zaqatala Turizm İnformasiya Mərkəzinin direktoru Ramin Əsgərov bildirib ki, hazırda rayonda 13 turizm obyekti fəaliyyət göstərir. Bu obyektlərdə yerlərin sayı 470-ə çatıb. İlin sonunadək daha 5 turizm obyektinin fəaliyyətə başlayacağı gözlənilir.
“Qrata”, “Zaqatala”, “İş”, “Turqut” hotellərində, Olimpiya İdman Kompleksinin kotteclərində, “Ləzzət”, “Dost qapısı” və digər ailəvi istirahət mərkəzlərində turistlərə müasir standartlara uyğun xidmətlər göstərilir. Bundan əlavə, Car, Qəbizdərə, Mazıx, Meşleş və digər dağ kəndlərində turistlərin yerləşməsi üçün hər cür şəraiti olan 70-dən çox fərdi qonaq evi var. Bu kənd evləri yerli turistlərlə yanaşı, xarici qonaqların da diqqətini cəlb edir. Sadə kənd evlərində yerləşən turistlər bu yerlərin adət-ənənələri ilə yaxından tanış olmaq imkanı qazanırlar. Hotellərdə qiymətlər 25 manatdan 100 manatadəkdir. Fərdi evlərin isə bir günlük kirayə haqqı şəraitindən və otaqların sayından asılı olaraq 80-200 manat arasında dəyişir.
Direktorun məlumatına görə, cari ilin birinci yarısında mehmanxana tipli obyektlərdə 5 mindən çox turist qalıb. Onların 309 nəfərini xarici turistlər təşkil edib. Eyni zamanda, kənd evlərində də yüzlərlə ailə dincəlib. Xarici turistlər arasında Rusiya, Türkiyə, Gürcüstan, Çin, Almaniya və Fransadan gələnlər üstünlük təşkil edib. Xarici turistlərin böyük əksəriyyəti ailəvi və yaxud 4-5 nəfərlik qruplar şəklində gələnlərdir. Onlar daha çox ekoturizmə maraq göstərirlər.
Qeyd edək ki, son illər Zaqatalada ekoturizm, etnoturizm və kənd yaşıl turizmi geniş yayılmaqdadır. Zaqatala şəhərindəki IV-V əsrlərə aid Alban məbədi, 1830-cu ildə tikilmiş Zaqatala qalası, Car kəndindəki XIV əsrə aid Cingöz qala, Yuxarı Çardaxlar kəndindəki V əsrə aid Pəri qalası, Mosul kəndindəki minarə, həmçinin rayonun əsrarəngiz təbiət guşələri turistlər üçün böyük maraq kəsb edir. Qəbizdərə kəndinin gursulu dağ çayları, şəlalələri burada çay-sal ekstrim idman növünü inkişaf etdirməyə imkan verir və adrenalin sevənlər üçün əvəzedilməz əyləncə yeridir. Car kəndi də turistlər üçün əsl istirahət məkanına çevrilib.
Azərbaycanda mövcud olan palçıq vulkanları müalicə turizminin inkişafına təkan verəcək
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda mövcud olan palçıq vulkanları da ekoturizm üçün çox faydalıdır. Azərbaycana gələn turistlər palçıq vulkanları ilə tanış olmağa meyillidirlər. Xüsusilə yaşlı turistlər müalicə məqsədilə palçıq vulkanlarını ziyarət etməyə üstünlük verirlər. Bir çox ölkələrdə palçıq vulkanlarının palçığından müxtəlif məqsədlər üçün istifadə olunur. Azərbaycanda vulkan palçığı neftlə qarışıq olduğu üçün o daha keyfiyyətlidir, kimyəvi tərkibinə görə Naftalan nefti ilə təxminən eynidir. Buna görə də Azərbaycan vulkanlarının beynəlxalq ekoturizmə qatılması günün tələbidir. Bir neçə il əvvəl həmin vulkanlar seçilib və 6 marşrut Mədəniyyət Nazirliyinə təklif olunub. Bununla yanaşı, 2008-ci ildə 25 vulkana aid 3 dildə bələdçi kitabçası nəşr olunub. Həmin vulkanlardan bir neçəsinin ətrafında infrastruktur yaradılması, yaşıllıq, istirahət zonaları, o cümlədən müalicə üçün məkan təşkil etmək olar. Məqsədimiz bu sahədə sistemli işin qurulmasını təşkil etməkdir. Bu tədbirlərin həyata keçiriləcəyi təqdirdə ölkəmizə gələn turistlərin sayı da artacaq.
Onu da qeyd edək ki, dünyada mövcud olan 2500 vulkandan 353-ü ölkəmizdədir. Onlardan 200-ü quruda, 153-ü dənizdədir. Vulkan palçığı müalicəvi əhəmiyyətə malikdir. Belə ki, vulkanların palçığından 10-dan çox xəstəliyin müalicəsində istifadə olunur. Vulkan palçığı dəri, onurğa sütunu, mədə-bağırsaq traktı, şəkərli diabet xəstəlikləri, ginekologiya, urologiya, kosmetologiya sahələri və s. üçün faydalıdır.
Azərbaycan ərazisində palçıq vulkanlarının olduğu rayonlardan biri də Salyandır. Salyanda Şirvan Dövlət Təbiət Qoruğundakı palçıq vulkanları 122 hektar ərazini əhatə edir. Ərazidə yerləşən Bəndovan dağında onlarla palçıq vulkanı bu gün də fəaliyyətdədir. Bəndovan palçıq vulkanı Bakı şəhərindən 80 kilometr cənub-qərbdə, dəniz sahilində yerləşir. Bu, morfoloji cəhətdən oturacağının diametri 2 kilometrdən çox olan dağdır. Dağın şimal-şərq və cənub-qərb yamacları dərin yarğanlarla parçalanıb. Mütləq hündürlüyü 47, nisbi hündürlüyü isə 87 metrdir. Zirvəsi kəskin dərə-təpəli yaylaşəkilli səthdir. Burada qaz, lil, neft qabarcıqlı bulanıq su çıxan çoxlu sayda qrifonlar və salzalar qrupu var. Bəzi salzaların diametri 1-2 metrdir. Vulkan brekçiyasının sahəsi 118 hektar, orta qalınlığı 35 metr, həcmi isə 412 milyon kubmetrdir. Buradakı vulkanlar bir neçə dəfə püskürüb.
Şirvan Milli Parkının direktoru Arzu Mustafayev deyir ki, dünyada olan palçıq vulkanlarının böyük əksəriyyəti - 70 faizə qədəri Azərbaycanda, xüsusən də Abşeron yarımadası, Qobustan ərazisi, Şirvan, Dağlıq Şirvan və Ceyrançöl ərazilərindədir. Dünyadakı ən böyük palçıq vulkanı - Toraqay da Azərbaycandadır. Palçıq vulkanları minlərlə mikroorqanizmlə zəngindir. Mütəxəssislərin fikrincə, palçıq tullantılarının tərkibində karbon, yod, bioloji aktiv maddələr, ion şəklində elementlər və insan orqanizmi üçün əhəmiyyətli olan yüzlərlə mineral var.
Həkim-terapevt Fatma Səmədzadə qeyd edir ki, palçıq vulkanları təkcə neft-qaz yataqlarının axtarışı üçün öyrənilmir. Palçıq vulkanlarının həm də müalicəvi əhəmiyyəti var. Salyan ərazisində təbii palçıq çıxır ki, bu da bir çox xəstəliklərin müalicəsinə kömək edir. Xüsusən sümük, oynaq sistemlərinin, sinir xəstəliklərinin müalicəsində çox gözəl təsirləri var.
Bəndovan palçıq vulkanı təkcə müalicəvi deyil, həm də turizm baxımından əlverişlidir. Arzu Mustafayev deyir ki, Azərbaycana gələn qonaqlar bu əraziyə böyük maraq göstərirlər.
Tarixçi Sahib Həsənov isə bildirir ki, palçıq vulkanları təkcə təbii fəlakət mənbəyi deyil, həm də insanların istifadə etdikləri qiymətli sərvətdir. Palçıq vulkanından istifadə etmək, dənizin havasını qəbul etmək həm yerli sakinlər, həm də turistlər üçün çox faydalıdır.
Evlərini turistlərə kirayə verən sahibkarların problemləri dinlənilib
Onu da xatırladaq ki, Dövlət Turizm Agentliyi regionlarda turizm mövsümündən yararlanan yerli sahibkarlara qarşı da biganə qalmır. Belə ki, qurumun rəhbərliyi iyulun 29-da kənd yerlərində evlərini turistlərə kirayə verən sahibkarlarla görüş keçirib. 30-dək kənd qonaq evi sahibinin qatıldığı tədbirdə Dövlət Turizm Agentliyinin regional turizmin inkişafı istiqamətində gördüyü işlər və gələcək planlar barədə ətraflı məlumat verilib.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bu növ platformaların milli şəbəkələşmə işində mühüm rol oynayacağını qeyd edib.
O söyləyib ki, diskussiya xarakterli görüşün əsas məqsədi kənd evi sahiblərinin təklif və problemlərini dinləmək, bu sahədə mövcud boşluqları müəyyən etmək və aradan qaldırılması istiqamətində dəstək göstərməkdir.
Görüşdə həmçinin Dövlət Aqrar Ticarət Şirkəti, “ABAD” publik hüquqi şəxs, Beynəlxalq Alman Əməkdaşlıq Təşkilatı və Regional İnkişaf İctimai Birliyinin nümayəndələri də iştirak ediblər.
Qeyd edilib ki, agentlik regionların turizm potensialından daha effektiv istifadə etmək, regional turizmin təbliğatını aparmaq, bununla da uzunmüddətli davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə Destinasiya Menecmenti Təşkilatları formalaşdırır.
“İnfrastruktur”, “Xidmətlərin səviyyəsi”, “Qonaq evlərinin hüquqi və marketinq qiymətləndirilməsi” kimi mövzularda aparılan müzakirələr zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb və verilən təkliflər dinlənilib.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 732 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30