Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında yol infrastrukturu quruculuğu uğurla davam edir

Azərbaycanın regionlarında yol infrastrukturu quruculuğu uğurla davam edir

30.08.2019 [09:09]

Bölgələrdə bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda bütün sahələrdə böyük uğurlar əldə edilir. Bu da təsadüfi deyil. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan regionun davamlı inkişaf edən dövlətinə çevrilib.
Ölkəmizdə regionların hərtərəfli inkişafı da daim diqqət mərkəzindədir. Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqramın da icrasının yüksək səviyyədə təmin olunması nəticəsində regionların sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Eyni zamanda, Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib.
Qeyd etmək lazımdır ki, əvvəlki üç Dövlət Proqramında olduğu kimi, növbəti dördüncü Dövlət Proqramının icrası zamanı da Azərbaycanın bölgələrində müasir infrastrukturun yaradılması diqqət mərkəzindədir. Bu kontekstdə avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində reallaşdırılan işlər də davamlı xarakter daşıyır. Elə ayrı-ayrı rayonlarda bu istiqamətdə həyata keçirilən layihələr də deyilənləri təsdiqləyir.
Bu məqamda qeyd edək ki, Xızı rayonunun Giləzi-Xızı (28 kilometr)-Tıxlı avtomobil yolu yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, başlanğıcını respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun 28-ci kilometrindən götürən yerli əhəmiyyətli Tıxlı yolunun uzunluğu 2 kilometrdir və çınqıl örtüklü olmaqla IV texniki dərəcəlidir. Mövcud yol uzun illər təmir olunmadan istismar olunduğundan, həmçinin atmosfer və qrunt sularının təsirindən torpaq yatağı və yol əsası güclü deformasiyaya uğrayıb, örtükdə qabarma və çökmələr əmələ gəlib. Bu isə kənd əhalisinin xüsusən payız-qış aylarında rayon mərkəzinə gediş-gəlişində müəyyən çətinliklərə gətirib çıxarırdı.
Yolun kəndin daxilində, yaşayış məntəqəsindən keçən hissəsində torpaq yatağının eni 6-7 metr təşkil edir. Bundan başqa, yolda 270 metr məsafədə dağ yamaclarının kəsilərək torpaq yatağının genişləndirilməsinə ehtiyac olduğu üçün bu istiqamətdə addımlar atılıb. Belə ki, yolun normativ eninin alınması üçün müxtəlif hissələrdə süxurların mexanizmlə kəsilməsi, həmçinin yolun torpaq yatağının bərpası üçün yararsız qruntun və deformasiyaya uğramış hissələrin qazılıb çıxarılması, çınqıl materialı ilə yolun eninin 6-7 metrdən 10 metrə genişləndirilməsi və profilə salınması işləri aparılıb. Layihəyə uyğun olaraq, optimal qum-çınqıl qarışığından istifadə edilərək yeni yol əsasının inşası işləri aparılır. Yol əsası hazır olan hissələrdə asfaltlanma işlərinə də başlanılıb. Ümumilikdə, yolboyu 12 min kvadratmetr sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.
Mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün layihə üzrə boru başlıqlarının yenidən təmir olunmasına və əlavə olaraq yol birləşmələri ilə kəsişmələrdə yeni boruların qoyulmasına ehtiyac olduğu üçün bu çərçivədə müxtəlif diametrli 160 poqonmetr metal və dəmir-beton boruların quraşdırılması işləri aparılır, avtoqreyderlə 1600 poqonmetr küvetlər açılır.
Layihənin sonuncu mərhələsi üzrə çiyinlər optimal-çınqıl qarışığı ilə bərkidiləcək, hərəkətin normal təşkili üçün yolboyu zəruri yerlərdə kilometr göstəricisi, 12 yol nişanı və 80 siqnal dirəyi quraşdırılacaq, xətlənmə işləri aparılacaq. İşlərin yaxın müddətdə yekunlaşdırılması planlaşdırılır.
Ağdaş rayonunda isə cari ildə Orta Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral marşrutu üzrə 40,5 kilometr uzunluğa malik bir neçə istiqamət üzrə avtomobil yolları əsaslı şəkildə təmir edilir. Yollar 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun yenidən qurulur. Layihəyə uyğun olaraq yeni yol yatağının inşası işləri aparılıb. Hazırda yolboyu yol əsası hazır olan ərazilərin asfaltlanması işləri görülür, yolun 250 min kvadratmetrədək sahəsinə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir. Bundan başqa, yolboyu köhnə boruların sökülməsi, əvəzinə və zəruri olan yerlərə 630 poqonmetr uzunluğunda müxtəlif diametrli yeni dəmir-beton boruların quraşdırılması işləri aparılıb, başlıqları dəmir-betonla inşa edilib, həmçinin mövcud 8 metr uzunluğunda suötürücü qurğu monolit dəmir-betonla təmir edilib. Tikinti işlərinin sonuncu mərhələsində 18 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yolboyu 172 yol nişanı və məlumatverici lövhə, 40 kilometr göstəricisi və 1620 siqnal dirəyi quraşdırılacaq, həmçinin yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.
Yenidənqurma işləri nəticəsində yolboyu yaşayan əhali Ağdaş rayon mərkəzinə, həmçinin M4 Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması asanlaşacaq, yetişdirilən məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradılmaqla kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək.
Ağsu rayonunun Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolunun yenidən qurulması işləri də yekunlaşır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Muğanlı-İsmayıllı avtomobil yolunun 7-ci kilometrindən ayrılan Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolunun uzunluğu 15 kilometrdir. Yenidənqurma işləri çərçivəsində zəruri yerlərdə 1 metr diametrində dəmir-beton suötürücü boruların quraşdırılması və izolyasiyası işləri görülüb, torpaq yatağı hazır olan hissələrdə əsasın alt və üst layı inşa edilib. Bu işlər 150 min kvadratmetr sahəni əhatə edib. Daha sonra 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Layihənin sonuncu mərhələsində yolboyu 10 avtobus dayanacağı tikiləcək, hərəkətin normal təşkili üçün 45 yol nişanı, 15 kilometr göstəricisi, 680 siqnal dirəyi quraşdırılacaq, 45 kilometr uzunluğunda üfüqi nişanlama xətləri çəkiləcək.
Ağsu rayonunun Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolu 2 min əhalinin yaşadığı 5 yaşayış məntəqəsini əhatə edir və vətəndaşların Muğanlı-İsmayıllı avtomobil yoluna çıxışını təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq.
Bundan başqa, respublika əhəmiyyətli Gəncə-Daşkəsən avtomobil yolunun 27-ci kilometrindən ayrılan yerli əhəmiyyətli, uzunluğu 24,9 kilometr olan Quşçu-Çovdar-Çaykənd avtomobil yolu da IV texniki dərəcəli olmaqla yenidən qurulur. 2 hərəkət zolaqlı yolun hərəkət hissəsi 6 metr təşkil edir. Tikinti layihəsinə uyğun olaraq, yolboyu 10 metr enində yeni yol yatağı inşa olunur. Həmçinin torpaq işləri bitən ərazilərdə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür, çiyinlər optimal qum-qırmadaş qarışığı ilə bərkidilir. Bu işlər ümumilikdə 250 min kvadratmetr sahəni əhatə edəcək.
Avtomobil yolu üzərindəki mövcud 2 avtomobil körpüsündə təmir işlərinin aparılması, 2 düzbucaqlı su keçidinin inşası, zəruri 24 nöqtələrə 288 poqonmetr uzunluğunda yeni dairəvi suötürücü dəmir-beton boruların quraşdırılması, yolun təhlükəli hissələrində təhlükəsizliyi təmin etmək məqsədilə 2 kilometrdən çox əyrixətli tirlərin və dirəklərin quraşdırılması və 8,3 kilometr uzunluğa malik küvetlərin təmizlənməsi də layihə üzrə görülən işlərin siyahısındadır.
Son mərhələdə isə 6 avtobus dayanacağının tikintisi, 208 yol nişanı və məlumatverici lövhənin, 420 siqnal dirəyinin, həmçinin 50 kilometr göstəricisinin quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
İşlərin yaxın müddətdə yekunlaşdırılması və avtomobil yolunun istifadəyə verilməsi planlaşdırılır. Quşçu-Çovdar-Çaykənd yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq.
Şəmkir rayonunun Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayramlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq yenidənqurma işləri aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, hazırda avtomobil yolu 3 istiqamət üzrə əsaslı şəkildə yenidən qurulur. Bu 20 kilometr uzunluğa malik yerli əhəmiyyətli Şəmkir-Zəyəm-Düyərli, həmçinin 7,9 kilometrlik Zəyəm-Şiştəpə və 5 kilometrlik Bayramlı avtomobil yollarıdır.
Məlumata əsasən, Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayramlı avtomobil yolu üzərindəki Zəyəm qəsəbəsində 1,3 kilometr uzunluğunda yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür. Layihə üzrə sözügedən hissədə - Qanlı Qobu çayı üzərində 36,3 metr uzunluğunda olan 2 aşırımlı və Cəyirçay üzərində 54,3 metr uzunluğa malik 3 aşırımlı körpülərin əsaslı şəkildə təmiri də nəzərdə tutulub.
Analoji işlər yolun IV texniki dərəcəli 7,9 kilometrlik Zəyəm-Şiştəpə və 5 kilometrlik Bayramlı hissələrində də aparılır. Belə ki, mövcud örtük mexanizmlə sökülüb, yolun normativ eninin alınması və deformasiyaya uğramış torpaq yatağının qazılmış hissələrinin doldurulması üçün xüsusi qrup qrunt tökülərək yayılıb və kipləşdirilib, yeni yol yatağı inşa edilib. Yollar boyu layihədə nəzərdə tutulmuş qarışıqlardan yol əsasının inşası işləri aparılır.
Tikinti işlərinin sonuncu mərhələsində 14 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yollar boyu 158 yol nişanı, 1440 siqnal dirəkləri, həmçinin 66 kilometr göstəricisi quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkiləcək.
Bayramlı avtomobil yollarının yenidən qurulması ilə 85 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması xeyli asanlaşacaq.
Gəncə şəhərinin isə su-kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə işlər davam edir. Layihə çərçivəsində, ümumilikdə, 1000-dən çox küçə və prospekti əhatə edəcək işlərlə yanaşı, şəhərdə yolların bərpası, Gəncə çayı üzərindəki körpülərin yenidən qurulması, küçələrin işıqlandırılması və köhnə işıq dirəklərinin yenisi ilə əvəz edilməsi işləri görülür.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 697 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30