Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ölkəmizdə heyvandarlığın intensiv inkişafı istiqamətində tədbirlər uğurla davam etdirilir

Ölkəmizdə heyvandarlığın intensiv inkişafı istiqamətində tədbirlər uğurla davam etdirilir

10.10.2019 [09:33]

Regionlarda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən məhsul istehsalı və mal-qaranın baş sayı ilbəil artır
(əvvəli ötən sayımızda)

Öz növbəsində muxtar respublikada da maldarlıq və heyvandarlığın inkişaf etdirilməsi və əhalinin ət və süd məhsullarına olan tələbatının ödənilməsi istiqamətində bir sıra işlər görülür. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, maldarlıqda qısırlığın ləğvi və damazlıq heyvanların əldə olunması məqsədilə 2019-cu ilin yanvar-avqust aylarında 8780 baş inək, düyə və camış süni yolla mayalandırılıb. Bu dövr ərzində həmin inək, düyə və camışlardan 5 min 980 baş sağlam cins bala alınıb.
Azərbaycan Respublikası Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamına əsasən süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiyanın müəyyən edilməsi maldarlığın dinamik inkişafına təkan verməkdədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Süni Mayalanma Mərkəzinin yaradılması mal-qaranın cins tərkibinin daha da yaxşılaşdırılmasına, heyvandarlıq məhsulları istehsalının artımına müsbət təsir göstərəcək. Bu istiqamətdə hazırda mərkəz üçün yeni infrastruktur obyektləri yaradılır.
Bu məqamda qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar mütəxəssisləri tərəfindən Samux rayonunun Hacıalılı kəndində heyvandarlıq sahəsində fəaliyyət göstərən bir qrup fermerə “Xırdabuynuzlu heyvanların çiçək xəstəliyinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda praktiki təlim keçirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, heyvanlar arasında qeydə alınan infeksion xəstəliklər barədə məlumat verən AXA-nın Samux Rayon Baytarlıq İdarəsinin rəisi Elxan Rüstəmov çiçək xəstəliyinin xırdabuynuzlu heyvanlara ən çox zərər verən infeksion xəstəliklərdən biri olduğunu bildirib: “Çiçək xəstəliyinin inkubasiya müddəti 4-12 gün davam edir və xəstəliyin ümumi müddəti 3-4 həftə çəkir. Əgər çiçək ana qoyunlarda boğazlıq dövründə qeydə alınarsa, balasalma baş verə bilər. Quzularda xəstəlik daha ağır keçir, mürəkkəbləşmələr - pnevmoniya, qastroenterit, irinli artrit və korluq yaranır. Xəstəliyin ilkin proqnozu zamanı ölüm 2-3, yayılmış və hemoroji çiçək zamanı isə 100 faizədək ola bilər”.
Təlimdə fermerlərə çiçək xəstəliyinin etiologiyası, patogenezi, kliniki əlamətləri, davamlılığı və mübarizə tədbirləri barədə geniş məlumat verilib və xırdabuynuzlu heyvanlarda bu xəstəliyin diaqnostikası, profilaktikası və ləğvinin dövlət vəsaiti hesabına aparılması xüsusi qeyd edilib.
Xəstəliyə yoluxma və ondan qorunma yolları haqqında məlumat verən təlimçi xəstəlikdən qorunmağın ən etibarlı yolunun vaksinasiya olduğunu vurğulayıb: “Cari il ərzində Samux rayonunda 172 min 628 baş xırdabuynuzlu heyvanda çiçək xəstəliyinə qarşı peyvəndləmə aparılıb. Hazırda isə cavan heyvanlarda dabaq və qarayara xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılır”.
Təlim çərçivəsində xüsusi təhlükəli xəstəliklərə qarşı ölkədə tətbiq olunan vaksinlərin əhəmiyyətindən danışılıb. Heyvanların bəslənib saxlanması ilə məşğul olan fermerlərin qatıldığı təlimlərdə həmin xəstəliklərin qarşısının alınması və onların idarə olunması, mövsümlə əlaqədar qeydə alınan xəstəliklər və onlarla mübarizə üsulları, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrası və digər mühüm əhəmiyyətə malik məsələlər barədə məlumatlar verilib. Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.
Bərdə rayon Dövlət Aqrar İnkişaf Mərkəzində isə qoyunçuluqda damazlıq və seleksiya işinin təşkili layihəsi çərçivəsində “Qoyunlarda süni mayalanma və süngərləmə üsulu ilə bala alınma” təlimi keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarının, Türkiyənin Qars Qafqaz Universitetinin professorları Yavuz Öztürklər və Cihan Kaçarın iştirak etdiyi təlimdə fermerlərə qoyunçuluqda damazlıq və seleksiya işinin təşkili, süni mayalanma və süngərləmə üsulu ilə bala alma və onun əhəmiyyəti barədə geniş məlumat verilib.
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev respublikamızda heyvandarlığın inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qoyunçuluqda damazlıq işinin təşkili ilə bağlı layihəyə başlanılıb. Layihənin əsas məqsədi qoyunçuluğun intensiv inkişafı üçün süni mayalanmanı tətbiq və təbliğ etmək, qoyunların məhsuldarlığının yüksəldilməsinə nail olmaqdır.
Məlumat verilib ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu respublikamızın ənənəvi təsərrüfat sahəsi olan qoyunçuluğun intensiv metodlarla inkişaf etdirilməsi, heyvanların baş sayının artırılması, onların damazlıq keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Türkiyənin bir sıra elmi müəssisələri ilə sıx əməkdaşlığa başlayıb. Nəzərdə tutulan əməkdaşlıq çərçivəsində Türkiyənin Qars Qafqaz Universitetinin əməkdaşları Yavuz Öztürklər, Cihan Kaçar və Aksaray Universitetinin əməkdaşı Tahir Karaşahin ekspert qismində bir il müddətində Azərbaycana ardıcıl səfərlər edəcəklər. Əməkdaşlıq çərçivəsində yerli fermerlər üçün təlim və seminarlar keçiriləcək, qoyunçuluqda süni mayalanmanın tətbiqi, süngərləmə üsulu ilə bala alınması, damazlıq və seleksiya işinin təşkili ilə bağlı maarifləndirmə işləri aparılacaq. Əməkdaşlıq çərçivəsində qoyun cinslərinin təmiz şəraitdə yetişdirilməsi, xarici ölkələrdən təmizqanlı cinslərin gətirilərək seleksiyaya cəlb olunması, yerli genofonddan istifadə edilərək yeni məhsuldar cinslərin əldə olunması, süni mayalandırılma, süngərləmə və digər mütərəqqi metodların iqtisadi səmərəsinin öyrənilməsi, müasir tipli qoyunçuluq sənaye kompleksinin tikilməsi nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, hazırda respublikada 13 cinsdə 8 milyon 600 min başa yaxın qoyun var. Lakin mövcud qoyun cinslərinin bəziləri itmək təhlükəsi qarşısındadır. Layihə çərçivəsində həmin cinslərin bərpası və yeni cinslərin yaradılması hədəf götürülüb.
Tədbirdə Türkiyənin Qars Qafqaz Universitetinin professorları Yavuz Öztürklər və Cihan Kaçar təqdimatla çıxış edərək, qoyunçuluqda süni mayalanmanın tətbiqi, süngərləmə üsulu ilə bala alınması, damazlıq və seleksiya işinin təşkili barədə geniş məlumat verib, fermerləri maraqlandıran sualları cavablandırıblar.
“Yalama Aqropark”ın fəaliyyətə başlamasının üç ili tamam olur. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu illər ərzində “Yalama Aqropark”da innovativ üsullardan və müasir texnologiyadan istifadə edildiyindən istehsal sahələri üzrə ölkədə ən yüksək məhsuldarlıq səviyyəsinə nail olunub. Hazırda müəssisədə gündəlik süd istehsalı 18-20 ton təşkil edir. Aylıq göstərici isə 600 tona yaxındır. Bir ay ərzində diri çəkidə ət istehsalı isə 40-50 ton arasında dəyişir.
Ölkədə heyvandarlığın inkişafı istiqamətində görülən işlər və əldə edilən uğurlardan danışarkən onu da bildirmək yerinə düşər ki, Azərbaycanın ən iri heyvandarlıq təsərrüfatlarından olan “Yalama Aqropark”da saxlanılan heyvanların sayı üç il ərzində 3 min başa çatdırılıb. Aqroparkda “Simmental” cinsinə aid südlük-ətlik istiqamətli heyvanlar saxlanılır. Bu heyvanlarda südün keyfiyyəti göstəricilərinə görə digər cinslərdən fərqlənir. İstehsal edilən südün yağlılıq dərəcəsi 4,2 faiz və daha yuxarı olduğundan tərəfdaş emal müəssisələri tərəfindən kərə yağı istehsalında geniş tətbiq olunur. Stabil keyfiyyətli süd istehsalı ölkəmizin süd məhsullarına tələbatının ödənilməsində əhəmiyyətli rol oynayır.
Qarşıya qoyulan tapşırığa uyğun olaraq “Yalama Aqropark”ın əkin sahələri 3 dəfə artırılıb, eyni zamanda, istehsal genişləndirilib. Xaçmaz rayonunun İstisu qəsəbəsində Dövlət Ehtiyat Fondu torpaqlarından 956 hektar sahə uzunmüddətli icarəyə götürülərək əkin dövriyyəsinə qatılıb. Bununla da müəssisənin əkin dövriyyəsinə cəlb etdiyi torpaq sahəsi 523 hektardan 1479 hektara çatdırılıb.
Əkin dövriyyəsinə cəlb edilən yeni torpaqlarda kollektor-drenaj sistemləri təmizlənib, mövcud suvarma kanalları bərpa edilib. Bununla yanaşı, əkin sahələrinin daimi suvarma suyu ilə təmin olunması üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti tərəfindən mənbəyini Xanarx kanalından götürən əlavə təsərrüfatlararası suvarma kanallarının çəkilişi, tutumu 50 min kubmetr olan 2 ədəd su hovuzunun tikintisi, həmçinin “Valley”, “Reinke” və “Lindsay” kimi məşhur şirkətlər tərəfindən müasir suvarma sistemlərinin qurulması üzrə işlər davam etdirilir.
“Yalama Aqropark”da 240 başlıq yeni tövlənin tikintisi də yekunlaşdırılıb. Bu da təsərrüfatdakı heyvanların sayını daha da artırmağa imkan verir. Bununla yanaşı, təsərrüfatda ümumi tutumu 10 min ton olan 3 silos quyusu tikilib, yem tədarükü və emalının tələbata uyğun formada təmini üçün taxıl saxlama bunkeri quraşdırılıb. Qarşıdakı aylarda “Yalama Aqropark”da daha iki tövlə tikiləcək.
İdxaldan asılılığı azaltmaq üçün aqroparkda hər il soya bitkisinin əkini aparılır, taxıl və qarğıdalı əkini sahələri genişləndirilir.
Qeyd edək ki, Azərbaycanda yaradılan ilk aqropark Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşir. 2016-cı il sentyabrın 8-də Prezident İlham Əliyevin iştirakı ilə “Yalama Aqropark”ın açılış mərasimi keçirilib. Layihənin ilkin mərhələsinə uyğun olaraq, “Yalama Aqropark”da 3 min başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 779 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30