Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Göstərilən dövlət dəstəyi regionlarda kartofçuluğun inkişafı üçün geniş imkanlar yaradıb

Göstərilən dövlət dəstəyi regionlarda kartofçuluğun inkişafı üçün geniş imkanlar yaradıb

06.11.2019 [09:31]

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, oktyabrın 1-dək sahələrdən 939,7 min ton kartof yığılıb
Məlum olduğu kimi, ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində davamlı addımlar atılır. Məhz bu addımlar, o cümlədən həyata keçirilən işlər qeyri-neft sektorunun mühüm sahələrindən olan kənd təsərrüfatının inkişafında önəmli rol oynayır. Bundan başqa, belə tədbirlər həm də idxaldan asılılığı azaltmaqla, ölkəmizin ixrac potensialının artırılmasına, ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına da töhfə verir. Bu məqamda qeyd edək ki, ölkəmizdə məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi aqrar bölmənin digər sahələri kimi, kartofçuluğun inkişafı üçün də geniş imkanlar yaradıb. Kənd təsərrüfatının strateji məhsulu hesab edilən və hazırda öz əhəmiyyətinə görə Azərbaycanda taxıl bitkisindən sonra ikinci yerdə qərarlaşan kartofun əkilib-becərilməsinə və kartofçuluğun inkişafına son illərdə dövlət tərəfindən ciddi diqqət yetirilməsi idxaldan asılılığı azaltmaq baxımından mühüm əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu sahəyə xüsusi diqqət göstərilməli olduğunu bir vəzifə kimi qarşıya qoyub: “Ən gəlirli sahələrdən biri də kartofçuluqdur. Bu sahəyə də maraq böyükdür. Əfsuslar olsun ki, biz hələ böyük ixrac potensialına malik deyilik, bu, mövsümdən-mövsümə dəyişir. Statistik göstəricilərə diqqət yetirəndə görürəm ki, biz bəzi illərdə öz tələbatımızı ödəyə bilmirik. Bəzi illərdə isə başabaş çıxırıq. Ona görə kartofçuluğun da inkişafı prioritet olmalıdır. Çünki kənd təsərrüfatı məhsulları arasında ən çox gəlir gətirən sahələrdən biri də kartofçuluqdur. Bu sahəyə də xüsusi diqqət göstərilməlidir”.
Ötən müddət ərzində bu istiqamətdə mühüm addımlar atılıb. Elə Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun yenidən qurulması, “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin yaradılması da bu istiqamətdə icra olunan layihələrdən biridir. Cari il yanvarın 24-də əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında Prezident İlham Əliyev də iştirak edib. Həmin tədbirdə vurğulanıb ki, belə müasir kompleksin yaradılması ölkəmizdə yüksəkkeyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyacı ödəmək, toxumluq məhsulların istehsalını artırmaq baxımından mühüm rola malikdir. Üstəlik, müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə bu cür ixtisaslaşmış müəssisələrin yaradılması böyük əhəmiyyət kəsb edir. Qeyd edək ki, ərazidə inzibati-laboratoriya binası, yeməkxana, toxum saxlanma anbarı, toxum emalı məntəqəsi, toxum təmizləmə sexi, istixanalar kompleksi, toxum satış mərkəzi yaradılıb. Burada ümumilikdə 16 hektar sahədə tikinti, abadlıq və yaşıllaşdırma işləri görülüb.
Yeri gəlmişkən, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun bölgə təcrübə stansiyalarında və dayaq məntəqələrində yüksək reproduksiyalı toxum istehsalı həyata keçirilir. İnstitutun Şəmkir Dayaq Məntəqəsində artıq bir neçə gündür ki, toxumluq kartofun yığımına başlanıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyevin və Şəmkir Dayaq Məntəqəsinin rəhbəri İsaq Həsənovun iştirakı ilə aparılan tədarük zamanı elit reproduksiyalı “Telman” sortunun dəmyə ərazilərdə daha yüksək nəticə göstərdiyi məlum olub. Yığım zamanı superelit və elit reproduksiyalı toxum texnoloji yolla çıxarılaraq çeşidlənir, saxlama qaydalarına uyğun olaraq anbara yığılır. İsaq Həsənov bildirib ki, əldə olunan toxumlar bölgü əsasında respublikada kartofçuluqla məşğul olan fermer təsərrüfatlarına veriləcək. Məntəqədə “Əmiri” sortunun da toxumçuluğu təşkil edilib.
Qeyd edək ki, “Telman” sortu 2008-ci ildə rayonlaşdırılaraq dövlət reyestrinə daxil edilib, dəmyə şəraiti üçün əlverişlidir, xəstəlik və zərərvericilərə qarşı dözümlüdür. Respublikanın Qərb və Şirvan bölgəsinin dağlıq ərazilərində geniş yayılıb. Dəmyə şəraitində hektardan məhsuldarlığı 15 tondur, suvarma şəraitində məhsuldarlığı iki dəfə artır. Sortun müəllifi Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, mərhum Zeynəddin Əmirovdur.
Onu da vurğulamaq yerinə düşər ki, kartof kənd təsərrüfatının ən gəlirli bitki növlərindəndir. İnkişaf etmiş ölkələrdə kartofçuluğun rentabelliyi 300 faizə çatır. Mütəxəssislər qeyd edirlər ki, kartof həm də çox tələbkar və səhlənkarlığı sevməyən bitkidir. Yüksək məhsuldarlıq və gəlir əldə etmək üçün düzgün aqrar texnologiya, keyfiyyətli texnika, mövsüm ərzində aqrokimyəvi qulluq, düzgün yığım və saxlanma vacibdir. Düzgün sortun seçilməsi də vacib məsələlərdəndir.
Təsadüfi deyil ki, kənd təsərrüfatı müəssisələrinin istehsal prosesini sürətləndirmək üçün yüksək texnologiyaların tətbiqini təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi ixtisaslaşmış texnika ilə tanışlıq kampaniyasına start verib. İsmayıllı rayonunda “Buta Qrup” MMC-nin sahələrində keçirilmiş “Kartof festivalı”nda nümayiş etdirilən texnika və texnologiyalar fermerlərin əl əməyini azaltmağa və istehsal prosesini sadələşdirməyə yönəlib.
“PriorLeasing” ASC-nin baş sponsorluğu və aparıcı aqrar texnika istehsalçıları CLAAS və GRIMME brendlərinin sponsorluğu ilə təşkil olan tədbirdə tərəvəz istehsalçılarına kartof istehsalında tətbiq edilən ən müasir texnologiyalar nümayiş olunub, logistika və saxlanma zamanı avtomatlaşdırılmış proseslərin üstünlükləri barədə ətraflı məlumat verilib. Tədbir iştirakçıları bildiriblər ki, ölkə üzrə kartof məhsulu ilə özünütəminat səviyyəsinin artırılması və ərzaq təhlükəsizliyinin təmin olunması aparıcı texnologiyaların tətbiqini zəruri edir.
Daha sonra kompaniya nümayəndələri kartofəkən maşınlar, cərgəaçan frez, kəsim aparatı, kartofyığan kombayn və traktorlar barədə ətraflı məlumat veriblər. Fermerlər “Buta Qrup” MMC-nin kartof sahələrində adıçəkilən texnikaların istifadəsi ilə əyani tanış olub, müasir texnologiyaların yüksək effektivliyini müşahidə ediblər. Sahə nümayişindən sonra fermerlər şirkətin sex və anbarlarında çeşidləmə və qablaşdırma maşınlarına baxıblar. Onlara istehsal, logistika, saxlama və paketləmə prosesləri nümayiş etdirilib.
Qeyd edək ki, kartofçuluq ənənələrinə malik olan regionlarda sahələrdən kartof yığımı başa çatmaq üzrədir. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda təsərrüfat adamları bu ilin kartof əkinini və yığımını uğurla başa vurublar. Belə ki, bölgənin torpaq mülkiyyətçiləri 434 hektar sahədə əkin aparıb, sahələrə vaxtında və aqrotexniki qaydalar əsasında qulluq göstəriblər. Nəticədə 2019-cu ilin məhsulu üçün sahələrdən 5274 ton kartof tədarük olunub.
Rayonun əkin üçün yararlı olan məhsuldar torpaq sahələri burada yüksəkkeyfiyyətli kartof istehsalına imkan verir. Yaradılan şərait, dövlət tərəfindən verilən kredit və əldə edilmiş məhsuldar toxum sortları torpaq mülkiyyətçilərinin ilbəil qazandıqları uğurların artmasında başlıca səbəblərdir. Ona görə də torpaqları bərəkətli olan rayonda hər il bu sahədə torpaq mülkiyyətçiləri tərəfindən yüksəkkeyfiyyətli məhsul istehsal edilir. Kartofçuluqda təcrübə qazanan torpaq mülkiyyətçilərinin əməyi, zəhməti sayəsində nəinki onlar ailələrinin, eləcə də rayon və Naxçıvan şəhər əhalisinin bu məhsula olan tələbatının ödənilməsində mühüm rol oynayırlar.
Rayonun Ağbulaq, Gömür, Mahmudoba, Yuxarı Qışlaq və Biçənək kəndlərində kartof əkini üçün münbit torpaqlar digər kəndlərlə müqayisədə üstünlük təşkil edir. Bu kəndlərin sakinləri kartofçuluğa olan maraqları sayəsində istər həyətyanı, istərsə də icarəyə götürdükləri torpaq sahəsində daha çox kartof əkininin aparılmasına üstünlük verirlər.
Ağsu rayonunun torpaq mülkiyyətçiləri də kartof yığımını başa çatdırıblar. Sahələrdən 1378,1 ton məhsul götürülüb. Rayon Statistika İdarəsindən bildirilib ki, ilboyu bazarlarda böyük tələbat olan təsərrüfatın bu sahəsi ilə rayonun əsasən dağlıq və dağətəyi ərazilərinin sakinləri məşğul olurlar. Builki mövsümdə 166,4 hektarda kartof əkini aparılmışdı. Əkin sahələrinin hər hektarında orta məhsuldarlıq 1,4 sentner artaraq 82,8 sentnerə çatıb. Dağ kəndləri olan Kalva, Dilman, Nuran, Gürcüvan və bir sıra digər ərazi dairələrində məhsuldarlıq daha çox olub.
Qeyd edək ki, son illər rayonun dağətəyi ərazilərində, o cümlədən Qaraqoyunlu, Padar, Gəgəli ərazi dairələrində kartofçuluğa maraq artıb. Təsadüfi deyildir ki, bu ərazilərdə əkin sahələri ildən-ilə genişlənir.
İsmayıllı rayonunda da kartof yığımı başa çatıb. Sahələrdən 13 min 850 ton məhsul götürülüb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, rayonda ənənəvi sahə olan kartofçuluq son illər dinamik inkişaf edir. Builki mövsümdə bölgədə 935 hektarda, o cümlədən 220 hektar sahədə intensiv becərmə texnologiyaları ilə kartof əkilib. Əkin sahələri keçən illə müqayisədə 50 hektar çox olub. Bu il istehsal olunan məhsul da ötən ildəkindən 3435 ton çoxdur. Kartof sahələrinin hər hektarından məhsuldarlıq 148,1 sentnerə çatıb.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Astarada tərəvəzçiliyin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlər uğurla icra edilir. Astara Rayon Statistika İdarəsindən verilən məlumata əsasən, bu il rayonda 2067 hektar sahədə tərəvəz məhsulları yetişdirilib. İyulun 15-dən başlayaraq rayonda tərəvəz yığımına başlanılıb. İndiyədək 1876,2 hektar sahədən 24031 ton tərəvəz məhsulları yığılıb. Bunun 317 tonunu kələm, 5157 tonunu xiyar, 6478 tonunu pomidor, 1251 tonunu sarımsaq, 4880 tonunu soğan, 5948 tonunu sair tərəvəz təşkil edir. Sahələrdən həmçinin 8508 ton kartof və 4452 ton bostan məhsulları toplanılıb.
Sonda onu da qeyd edək ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, məhsul yığımı başlanandan oktyabrın 1-dək sahələrdən 1 milyon 443,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 11,2 faiz çox tərəvəz, 939,7 min ton (10,2 faiz çox) kartof, 445,1 min ton (12,4 faiz çox) bostan məhsulları toplanıb.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 781 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30