Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında yeni müəssisələr işə salınır

Azərbaycanın regionlarında yeni müəssisələr işə salınır

21.11.2019 [09:43]

İstifadəyə verilən müasir istehsal və xidmət müəssisələri bölgələrdə iqtisadi aktivliyin təmin olunmasına, eyni zamanda, yerli sakinlərin məşğulluq və gəlir imkanlarının artmasına müsbət təsir göstərir
Azərbaycanda 2004-cü ildən bəri Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində ölkənin bölgələrinin tarazlı inkişafı təmin edilib. Vurğulamaq yerinə düşər ki, indiyədək respublikamızda regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramı uğurla reallaşdırılıb. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib və hazırda bu proqramın da icrası yüksək səviyyədə təmin edilir.
Regionların inkişafının davamlı olaraq diqqət mərkəzində saxlanılması və bəhs olunan Dövlət proqramlarının icrasının yüksək səviyyədə təmin edilməsi ölkənin bütün bölgələrində müsbət reallıqların yaranması ilə nəticələnib. İnkişafın, quruculuq-abadlıq işlərinin, müasir infrastruktur yaradılmasının, əhalinin kommunal rahatlıqlarla yüksək səviyyədə təmin edilməsinin paytaxt Bakı ilə məhdudlaşmaması, bütün regionları əhatə etməsi ölkənin hər bir vətəndaşında iftixar və böyük məmnunluq hissi yaradır.
Azərbaycanın regional inkişaf strategiyasında bölgələrin iqtisadi potensialından səmərəli istifadə olunması və istehsal imkanlarının genişləndirilməsi xətti də mühüm yer tutur. Prezident İlham Əliyev qarşıya regionlarda aqrar sektorun inkişafı ilə bağlı mühüm hədəflər qoyub. Eyni zamanda, son vaxtlarda regionlarda dövlət başçısının tapşırığı əsasında sənaye məhəllələri yaradılır. Artıq Neftçala, Masallı sənaye məhəllələri, Mingəçevir sənaye parkı uğurla fəaliyyət göstərir. Bundan başqa, daha bir neçə bölgədə sənaye zonalarının yaradılması istiqamətində intensiv iş aparılır.
Beləliklə, bəhs olunan Dövlət proqramlarının uğurlu nəticələrindən biri də ondan ibarətdir ki, hazırda respublikanın bölgələri iqtisadi güc amili qismində çıxış edir. Bölgələrdə yeni yaradılan müəssisələrin önəmi kifayət qədər böyükdür. Təkcə son vaxtlarda regionlarda çoxlu sayda müxtəlif təyinatlı yeni istehsal və xidmət müəssisələri istifadəyə verilib. Bu müəssisələr bölgələrdə iqtisadi aktivliyin, müxtəlif xidmətlərə əlçatanlığın təmin olunmasına öz müsbət təsirini göstərir. Eyni zamanda, yerli sakinlərin əmək bazarına inteqrasiyasına yeni imkanlar yaranır, bölgələrdə əhalinin məşğulluğu və gəlir imkanları artır.
Ağdaşda istifadəyə verilən Biyan Sənaye Parkında ixrac yönümlü məhsullar istehsal olunacaq
Cari il oktyabrın 28-də Prezident İlham Əliyevin regionlara növbəti səfəri çərçivəsində Ağdaşda “Biyan Products” MMC-yə məxsus Biyan Sənaye Parkının açılışı baş tutub. Dövlət başçısının da qatıldığı açılış mərasimində Biyan Sənaye Parkının direktoru Ramin Məmmədov bildirib ki, bu park Azərbaycan brendi ilə istehsal olunan məhsullara yeni nümunələr əlavə edəcək. Müəssisənin yaradılmasında məqsəd müasir texnologiyalardan istifadə edərək, emal olunmuş biyan kökü və biyandan hazırlanan 100 faiz bitki mənşəli, bioloji fəallığa malik qida əlavələrini dünya bazarına çıxarmaqdır. Ümumi sahəsi 11 hektar olan Biyan Sənaye Parkının ərazisinə biyan tədarükü və emalı zavodu, bitki ekstraktı və sirop zavodu və digər yardımçı binalar daxildir.
Məlumat verilib ki, müəssisə saatda 2300 kiloqram biyan kökü emal etmək gücündədir. Zavodda Türkiyənin “Bigtem” şirkətinin istehsalı olan müasir avadanlıq quraşdırılıb. Biyan kökü həm mexaniki üsulla, həm də əllə seçilir, təmizlənir, yuyulur, müxtəlif formada və ölçüdə doğranır, qurudulur və qablaşdırılır.
Biyan Sənaye Parkının nəzdində fəaliyyət göstərən bitki ekstraktı və sirop zavodunda bioloji fəallığa malik qida əlavələri istehsal olunur. İstehsal edilən məhsullar elmi patentlər əsasında hazırlanır. Bu patentlərdən biri 2019-cu ildə Koreya Respublikasında keçirilən Beynəlxalq İxtiraçı Qadınlar Forumunda xüsusi mükafat və qızıl medal qazanıb. İstehsal olunan müalicəvi şərbətlər öskürək, iltihab, qrip və zökəm əleyhinə, bəlğəmgətirici, immuniteti, hemoqlobini artıran, sinir sistemini sakitləşdirən təsirlərə malikdir. Məhsulların başlıca üstünlükləri 100 faiz bitki mənşəli olması, xammalın ekoloji təmizliyi, tərkibində kimyəvi maddənin - konservant, dadverici və rəngvericilərin olmamasıdır. Xəttin illik istehsal gücü 350 min ədəddir. Bütün istehsal prosesi boyu məhsul nümunələri müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada yoxlanılır. İstər doğranmış biyan kökünə, istərsə də biyan tərkibli bitki mənşəli şərbətlərə həm daxili, həm də xarici bazarda böyük tələbat var. Məhsulun ilk nümunələri İrana göndərilib. Gələcəkdə məhsulların ABŞ, Koreya, Hindistan, Misir və Avropa ölkələrinə ixracı da nəzərdə tutulur. Biyan Sənaye Parkında ildə 7500 ton biyan kökünün və 100 min ədəd biyan şərbətinin “Made in Azerbaijan” brendi ilə ixracı planlaşdırılır.
“Şəbəkə” mərkəzlərində vətəndaşlara göstərilən müxtəlif xidmətlər vahid məkandan təqdim olunur
Son illərdə ölkəmizdə digər sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sahəsində də kompleks yenidənqurma tədbirləri reallaşdırılır. Yüksək texnoloji tutumlu və rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunun genişləndirilməsi, infrastrukturun modernləşdirilməsi, sahə üzrə iqtisadi-təşkilati islahatların aparılması Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edir. Bunun üçün bir neçə perspektiv layihələr üzrə əməli işlər görülür. Bunlardan biri də Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ölkə üzrə “Şəbəkə” xidmət mərkəzlərinin yaradılmasıdır. Yaradılan müasir xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən müxtəlif xidmətlər vahid məkandan təqdim olunur. “Şəbəkə” mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən əlavə, bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka, açıqca və pul köçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir. Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər.
Belə mərkəzlərdən biri bu yaxınlarda Ağdaş rayonunda açılıb. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən açılış mərasimində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və “Aztelekom” MMC-nin baş direktoru Suat Paşayev xidmətin fəaliyyət istiqamətləri barədə dövlətimizin başçısına məlumat veriblər. Bildirilib ki, “Şəbəkə” Xidmət Mərkəzinin yaradılmasında məqsəd nazirliyin bütün xidmətlərini əhaliyə vahid məkanda təqdim etməkdir.
Diqqətə çatdırılıb ki, “Şəbəkə” Xidmət Mərkəzində poçt xidmətləri, bütün növ ödənişlər, telefon çəkilişləri, internetə qoşulma, IMEI qeydiyyat, elektron hökumət, elektron imza, valyuta mübadiləsi, aviabiletlərin və turpaketlərin satışı və digər bir çox xidmət növləri təqdim olunacaq.
Qəbələ rayonunda yaradılan dekorativ gülçülük istixanasında gələcəkdə istehsalın artırılması hədəflənib
Azərbaycanın dövlət başçısı İlham Əliyev regionlara son səfəri çərçivəsində həmçinin Qəbələ rayonunun Vəndam qəsəbəsində dekorativ gülçülük istixanası ilə tanış olub. Dövlətimizin başçısına istixanada görülən işlərlə bağlı ətraflı məlumat verilib.
“AzRose” MMC-nin direktoru Nicat Mirzəyev bildirib ki, ölkəmizdə ənənəvi və ixrac potensialı yüksək sahələrdən biri də gülçülükdür. Azərbaycan Prezidenti İlham Əliyevin regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması, ənənəvi sahələrin inkişafı ilə bağlı verdiyi tapşırıq və göstərişlərə uyğun olaraq, gülçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri işlər görülür. Bu sahənin Azərbaycanda ənənəvi xarakter daşıdığını, hələ sovet dövründə bu sahədə ciddi işlərin həyata keçirildiyini nəzərə alsaq, gülçülüyün ölkəmizdə yenidən inkişaf etdirilməsi ilə bağlı görülən işlər təqdirəlayiqdir. Çünki bu sahədə əldə olunan məhsullara dünya bazarında böyük tələbat var. Statistik göstəricilərə görə, dünya üzrə ildə təxminən 3 ton qızılgül yağı istehsal olunur. Bu bazarda Azərbaycanın da təmsil olunması ölkəmizə yeni valyuta axınını təmin edəcək, digər tərəfdən də “Made in Azerbaijan” brendinin dünyada daha da məşhurlaşmasına səbəb olacaq.
Qeyd olunub ki, Qəbələ gülçülük istixanasının yaradılması ilə bağlı işlərə 2017-ci ilin noyabr ayında başlanılıb. İllik istehsal gücü 6 milyon ədəd gül olan müəssisədə suvarma, işıqlandırma, isitmə və havalandırma sistemləri tamamilə elektronlaşdırılıb. Məhsuldarlığın artırılması məqsədilə 2005 LED lampası quraşdırılıb.
Çeşidləmə və paketləmə prosesi ilə tanışlıq zamanı bildirilib ki, Qəbələ istixana kompleksinin yaradılmasında 90 illik holland təcrübəsinə malik “Bosman van Zaal” şirkətinin texnoloji yeniliklərindən istifadə olunub. Burada “Red Naomi”, “Avalanj”, “Talea”, “Aqua”, “Sweet Avalanj”, “Jumilia”, “Wow” və “London eye” kimi xüsusi qızılgül növləri yetişdirilir, yerli və xarici bazarlara satışa çıxarılması hədəflənir.
İnvestisiya dəyəri 19 milyon manat təşkil edən müəssisənin ümumi ərazisi 10 hektardır. İstixana ərazisi 3 hektardır və gələcəkdə genişləndirilməsi planlaşdırılır. “AzRose” hazırda daxili bazarın 60 faizini güllə təmin edir. Qiymət daha ucuz və münasibdir. Zirə və Şəmkirdə də istixanalar var. Vəndam qəsəbəsində dekorativ gülçülük istixanasında ümumilikdə 50 yerli işçi çalışır və onların orta aylıq əməkhaqqı 550 manat təşkil edir. Gələcəkdə istehsalın 40 faizinin Rusiya, Qazaxıstan və digər ölkələrə ixracı planlaşdırılır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 688 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30