Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda əkinçilik işləri aparılması üçün dövlətin hərtərəfli dəstəyi ilə mühüm tədbirlər görülür

Regionlarda əkinçilik işləri aparılması üçün dövlətin hərtərəfli dəstəyi ilə mühüm tədbirlər görülür

06.02.2020 [09:26]

2020-ci ildə aqrar sahədə məhsuldarlığın daha da artırılması üçün bir çox rayonda taxıl, tütün və çiyələk sahələrində əkin və şumlama işləri yerinə yetirilir
(əvvəli ötən sayımızda)

Onu da qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin 100 illik yubileyi münasibətilə “ADAU-100” adlı buğda sortu yetişdirilir. Dövlət Sosial Komissiyasının təcrübə stansiyalarında sınaqdan keçirilmiş “ADAU-100” sortu çörək bişirilməsi üçün ən yüksək keyfiyyət göstəriciləri və alçaq boylu olması ilə digər sortlardan fərqlənir. Xüsusi sort universitetin Taxıl və paxlalı bitkilər laboratoriyasının təcrübə sahəsində yetişdirilir.
Yuxarıda qeyd olunduğu kimi, kənd təsərrüfatında artım ixracyönümlü məhsulların istehsalının genişləndirilməsi, o cümlədən aqrar sahədə məhsuldarlığın artırılması məqsədlərinin həyata keçirilməsi üçün əkinçilik sahəsində işlərin düzgün qurulması mühüm əhəmiyyət daşıyır.
Ölkəmizdə taxılçılığın inkişafında iştirak edən Neftçala rayonunda fərdi fermer təsərrüfatlarında taxıl əkini artıq başa çatıb. Ötənilki məhsuldarlıqdan razı qalan təsərrüfat sahibləri bu il taxıl sahələrindən daha çox məhsul götürmək niyyətindədirlər. Qeyd edək ki, ötən il Neftçalada 39 min 386 hektar sahədə taxıl əkini aparılıb. Bunun 31404 hektarını arpa, 7982 hektarını isə buğda sahəsi təşkil edib. Sahələrdən, ümumilikdə, 111 min 603 ton məhsul yığılıb.
Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elman Məmmədov bildirib ki, bu il əkin sahələri artırılıb: “Rayonda 40 min 592 hektar sahədə taxıl əkilib. Bunun da 5 min hektardan çoxu buğda sahəsidir. Qalanını isə arpa təşkil edir. Çalışacağıq ki, məhsulumuz bu il də bol olsun”.
Otuz ildən çoxdur ömrünü torpağa bağlayan fermer Vidadi Bağırov dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhrələndiyini deyir. Ötən ilin məhsuldarlığından razı qalan təsərrüfat sahibi bu il taxıl sahəsini daha da artırıb: “Ötən il 5 hektar arpa, 5 hektar buğda əkmişdim. Arpa sahəsinin orta məhsuldarlığı 30,5, buğda sahəsinin isə 32,9 sentner oldu. Bu il 12 hektar taxıl əkmişəm, sahələrdən daha çox məhsul gözlənilir. Çünki aqrotexniki qaydalara düzgün əməl etmişik. Dövlətimizdən də razıyıq. Kənd zəhmətkeşləri üçün əlverişli şərait yaradılıb, güzəştlər və subsidiya qaydaları yenilənib. Bütün bunlar məhsuldarlığın bol olmasına zəmin yaradır”.
Hazırda sahələrdə çıxış vəziyyəti yaxşıdır. Mütəxəssislər qeyd edirlər ki, bu, yüksək məhsuldarlıqdan xəbər verir. Məhsul istehsalçıları yarım təsərrüfat ilində daha yüksək nəticələr əldə etmək üçün səpinə vaxtında başlayıblar. Əkin zamanı daha çox rayonlaşdırılmış məhsuldar toxum sortlarına üstünlük verilib. Sahələrdə hələlik xəstəlik və ziyanvericilərə rast gəlinməyib.
İqtisadiyyatının əsasını müxtəlif kənd təsərrüfatı bitkilərinin becərilməsi və heyvandarlıq təşkil edən Goranboyda 2020-ci məhsul ili üçün payızlıqların əkini məqsədilə bu vaxta kimi 25 min hektardan çox sahədə şum qaldırılıb.
Goranboy Rayon İcra Hakimiyyətindən bildirilib ki, sahələrdə 5000 hektara yaxın arpa, 7000 hektardan artıq buğda və 1500 hektar xəsil əkini aparılıb. Hazırda rayonda bu sahədə işlər davam etdirilir. Ötən kənd təsərrüfatı ilində rayonda 39150 baş iribuynuzlu mal-qara, o cümlədən 19935 baş ana mal, 198260 baş xırdabuynuzlular (qoyun-keçi) və 401750 ev quşu qeydə alınıb.
Keçən il taxıl zəmilərindən bol məhsul götürən Beyləqan rayonunun fermerləri və torpaq mülkiyyətçiləri 2020-ci ilin məhsulu üçün səpini başa çatdırıblar.
Beyləqan Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, rayon üzrə 13 min 288 hektarda taxıl səpini aparılıb. Taxıl əkinlərinin 11 min 21 hektarı buğda, 1819 hektarı dən üçün arpa, 448 hektarı xəsil arpadır. Rayonda taxıl əkinlərinin bitiş suvarılması da başa çatdırılıb.
Qeyd edək ki, Beyləqan rayonunda ötən ilin payızında səpilmiş 12 min 431 hektar taxıl sahəsindən 42 min 696 ton məhsul əldə ediblər. Hər hektarın məhsuldarlığı orta hesabla buğda zəmilərində 35,2 sentner, arpa sahələrində isə 29,2 sentner təşkil edib.
Salyanda taxıl əkini başa çatıb. Səpinə yaxşı hazırlaşan torpaq mülkiyyətçiləri qısa müddətdə 16 min 747 hektar sahədə payızlıq taxıl səpini aparıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, salyanlı taxılçılar ötən il 16 min 637 hektar zəmidən 63 min 507 ton məhsul götürüblər. Məhsul istehsalçıları cari təsərrüfat ilində daha yüksək nəticələr əldə etmək üçün səpinə vaxtında başlayıblar. İşə məsuliyyətlə yanaşan əkinçilər qısa müddətdə 16 min hektardan çox sahəyə toxum səpərək kampaniyanı başa çatdırıblar. Məhsul istehsalçıları həmçinin 273 hektar sahədə yaşıl yem üçün xəsil də əkiblər.
Sarvan, Qızılağac və Şorsulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə fəaliyyət göstərən fermerlər taxıl səpinində daha fəal iştirak ediblər. Hazırda əkinçilər taxıl sahələrində becərmə işləri aparılır, bitki suvarılır, yemləmə gübrəsi ilə təmin edilir və digər zəruri tədbirlər həyata keçirilir.
Tərtər rayonunda fermer və torpaq mülkiyyətçiləri 2020-ci ilin məhsulu üçün taxıl səpinini başa çatdırıblar. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, rayon üzrə 10 min 655,8 hektarda taxıl səpini aparılıb. Taxıl əkinlərinin 6056,9 hektarı buğda, 4442,9 hektarı dən üçün arpa, 156 hektarı xəsil arpadır. Taxıl əkinlərinin 10 min 200 hektarında bitiş suvarılması aparılıb.
Qeyd edək ki, 2019-cu ilin məhsulu üçün Tərtər rayonunda 7093,9 hektarı buğda, 3814,5 hektarı arpa olmaqla, 10 min 908,4 hektar sahədə taxıl becərilib. Zəmilərdən 42 min 352,3 ton məhsul əldə edilib.
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda isə torpaq mülkiyyətçiləri 2019-cu ilin payızında bu ilin məhsulu üçün taxıl əkini sahələrini daha da genişləndiriblər, 11 min 540 hektar sahədə əkin aparılıb və bu, hələlik rekord göstəricidir. 2018-ci ilə nisbətən taxıl əkini sahəsində 930 hektar artım müşahidə olunub. Rayonda ötən il 10 min 610 hektar taxıl sahəsindən 33 min 707 ton məhsul götürülüb. Torpaq mülkiyyətçilərinə bu dövrdə dövlət tərəfindən 511 min manatdan çox vəsait, eləcə də 2240 ton 944 kiloqram azot və 29 ton 295 kiloqram fosfor gübrəsi verilib.
2019-cu ildə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə babəkli sahibkarlara 45 texnika və texnoloji avadanlıq güzəştli şərtlərlə lizinq yolu ilə satılıb. Kənd təsərrüfatının dinamik inkişaf etdiyi Babək rayonunda taxılçılığa xüsusi maraq göstərilir. Torpaq mülkiyyətçilərinə verilən subsidiyalar, gübrələr, texnika və texnoloji avadanlıqlar, əkin sahələrinin suvarma təminatının yaxşılaşdırılması imkan verir ki, taxıl əkini sahələri genişləndirilsin.
Bu il Samux rayonunda da 11184,2 hektar sahədə payızlıq taxıl səpini aparılıb. Samux Rayon Statistika İdarəsindən bildirilib ki, 2020-ci ilin məhsulu üçün rayonun təsərrüfatlarında 13701,5 hektar sahədə şum qaldırılıb və 11184,2 hektar sahədə payızlıq taxıl səpini aparılıb. Taxıl səpininin 6326,2 hektarı buğda, 4081 hektarı arpa, 777 hektarı isə xəsildir. Taxıl əkininin 230,5 hektarı və ya 2,1 faizi dövlət müəssisələrində, 4696,5 hektarı və ya 42 faizi qeyri-dövlət müəssisələrində, 6257,2 hektarı və ya 55,9 faizi isə əhali təsərrüfatlarında qeydə alınıb.
Şəki rayonunun təsərrüfatlarında isə 2020-ci ildə 1065 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Əkin sahələrinin 850 hektarına “Virciniya botaniki” növlü, 215 hektarına isə yerli tütün sortları əkiləcək. Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Sektor müdirinin sözlərinə görə, tütünçülüyün inkişafına dövlət tərəfindən yüksək diqqətin göstərilməsi, bu sahəyə subsidiyaların ayrılması, güzəştli kreditlərin verilməsi şəkili fermerlərin də tütünçülüyə marağını xeyli artırıb. Keçən il rayonda tütünün əkini, becərilməsi və yığılması işlərinə 2200-dən çox kənd sakini cəlb olunub. Tütünçülüklə məşğul olan 189 fermerə ötən il istehsal etdikləri 2 min 247 ton quru tütünə görə dövlət büdcəsinin vəsaiti hesabına hər tonuna 50 manat hesabı ilə 112 min 347 manat məbləğində subsidiya ödənilib.
O bildirib ki, hazırda əhaliyə məxsus şəxsi təsərrüfatlarda tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən sadə istixanaların hazırlanması işlərinə başlanılıb. Toxum səpiləcək sahələr şumlanır, hamarlanır. Ümumiyyətlə, tütün şitillərinin yetişdirilməsi üçün fevral ayı ərzində təsərrüfatlarda 53 min kvadratmetr sahədə şitilxanaların hazırlanması planlaşdırılır.
Cəlilabad rayonunda isə çiyələk əkini aparılır. Belə ki, Türkiyə və İspaniyadan gətirilmiş məhsuldar çiyələk sortları artıq altı ilə yaxındır Cəlilabadda yetişdirilir. Faraş əkinçiliyə xüsusi maraq göstərən fermerlər bu il 100 hektara yaxın sahədə örtükaltı çiyələk əkini aparıblar.
Məhsuldar sortların yetişdirilməsində artıq mütəxəssis problemi də həll olunub. Yüksək gəlir əldə etmək məqsədilə cəlilabadlı fermerlər xarici mütəxəssislərlə əməkdaşlıq edirlər. Ötən il rayon üzrə 3800 ton, bu mövsüm isə 9300 ton çiyələk istehsal olunub. Bu isə ötən illə müqayisədə məhsulun üç dəfəyədək artması deməkdir.
Fermer Mirhüseyin Cəfərov deyir ki, hazırda faraş çiyələk əkini aparılan sahələrdə ilkin becərmə tədbirlərinə başlanılıb. O, əkdikləri bu sortun digərlərindən fərqləndiyini bildirir: “Yerli sortlarla bunların fərqi xəstəliklərə dözümlülüyü və uzaq yol üçün daşınmasının əlverişli olmasıdır. Yerli sortlar ancaq may ayında dərilirsə, bu sortun məhsulunu sentyabr və oktyabr aylarına qədər dərmək mümkündür”.
İntensiv texnologiya əsasında qulluq göstərilən xarici sortlarda orta məhsuldarlıq 300 sentnerə çatır, bəzən də daha çox məhsul götürmək olur. Mirhüseyin Cəfərov onu da bildirib ki, bu il faraş çiyələyin əkinindən daha çox gəlir əldə edəcəklər: “Ötən ilə qədər problemlərimiz var idi. Soyuducuların fəaliyyətindən sonra problem həllini tapdı. İndi hər şey normaldır. Aprel ayından yığıma başlayırıq. Məhsulumuz əsasən Rusiyaya və yerli bazara daşınır”.
Qeyd edək ki, rayon ərazisində 500 hektara yaxın sahədə çiyələk əkilir. Yeni ildə əlavə olaraq 30-40 hektar yeni çiyələk sahəsinin salınması da planlaşdırılır.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 668 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30