Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda pambıqçılığın inkişafına göstərilən dövlət dəstəyi öz bəhrəsini verir

Regionlarda pambıqçılığın inkişafına göstərilən dövlət dəstəyi öz bəhrəsini verir

18.02.2020 [09:33]

Bu sahənin inkişafı məşğulluğun təmin edilməsi, ixrac potensialının və fermerlərin gəlirlərinin artması baxımından da əhəmiyyət kəsb edir
(əvvəli ötən sayımızda)

Görüşdə suvarma suyunun çatışmazlığı, mineral gübrələr, herbisidlər, dərmanlar və texnika təminatı, aqrar sahənin kreditləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fermerləri maraqlandıran suallar nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb, qaldırılan məsələlərin həlli üçün müvafiq qurum və struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.
Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.
Ötən mövsüm iri pambıqçılıq rayonu olan Biləsuvarda 31 min tona yaxın xam pambıq istehsal olunub. Məhsuldarlıq 2018-ci illə müqayisədə 58,2 faiz artıb. Ötən il biləsuvarlı pambıqçılar dövlətin göstərdiyi güzəştlərdən, kompleks tədbirlərdən yararlanaraq bu sahədə böyük uğura imza atıblar. Əgər 2018-ci ildə 12 min hektar sahədə pambıq əkilmişdisə, ötən il əkin sahəsi azaldılaraq 10 min 257 hektar olub. Əkin sahəsi azalsa da, yüksək aqrotexniki qulluq məhsuldarlığa müsbət təsir göstərib. İstehsalçıların hər hektardan əldə etdiyi orta məhsuldarlıq 29,9 sentner təşkil edib. Fərdi qaydada mülkiyyətçi və fermerlər 1 hektardan hətta 50-55 sentner məhsuldarlıq əldə ediblər.
Ümumiyyətlə, 2019-cu ildə ölkə üzrə pambıq lifi ixracı 124 milyon, pambıq ipliyi ixracı isə 30,2 milyon dollar təşkil edib. 2018-ci illə müqayisədə 2019-cu ildə pambıq lifinin ixracı 54 faiz, pambıq ipliyinin ixracı 27 faiz artıb.
“MKT-Biləsuvar” filialının baş mühəndisi Fərhad Salayev ötən ilin onlar üçün də uğurlu keçdiyini deyib: “2019-cu ildə pambıq sahəsindən 12 min tondan çox xam pambıq götürdük. Bu da təxminən 31 sentnerə bərabər oldu. Hazırda xam pambığın emalı gedir. Yığılmış məhsulun 9 min tondan çoxunu emal etmişik. Bunun da 4 min tonu mahlıcdır. 2 min ton mahlıcı Türkiyə və İrana satmışıq. Bu da ölkəmizə valyuta gəlməsi deməkdir. Hazırda müəssisəmiz yenilənir. İndi biz 50 dəzgahla işləyirik. İstəyirik ki, bu dəzgahların sayı 100-ə çatsın. Belə olarsa, mahlıc istehsalı iki dəfə artacaq. Eyni zamanda, yeni iş yerləri də açılacaq. Bu isə işsizliyin azaldılmasına bir töhfə olacaq”.
“Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulduğu kimi, mövcud pambıq emalı müəssisələrinin fəaliyyətinin bərpası, modernləşdirilməsi, mütərəqqi texnika və texnologiyalar əsasında yeni pambıq emalı müəssisələrinin yaradılması gələcəkdə bu sahədə əsaslı dönüş yaradacaq. Qeyd edək ki, yeni subsidiya mexanizminə əsasən, 2020-ci ildə hər hektara 220 manat, hər ton məhsula 100 manat subsidiya verilməsi nəzərdə tutulur. Belə olduqda, 30 sentner məhsul götürmüş fermerin dövlətdən əldə etdiyi vəsait 520 manat olmaqla, çəkdiyi xərcin 55 faizini təşkil edəcək.
Zərdab rayonunda isə emal müəssisələri ilə 407 istehsalçı arasında 2298,2 hektarda pambıq əkini üçün müqavilə bağlanıb.
Rayon İcra Hakimiyyətindən bildirilib ki, müqavilələr “MKT-İK” MMC-nin Zərdab filialı ilə 308 nəfər istehsalçı arasında 1048,2 hektar, “P-Agro” MMC-nin Zərdab filialı ilə 99 nəfər arasında 1250 hektar üçün bağlanılıb. Sahələrdə cari ilin əkini, gələcək yüksək məhsuldarlıq üçün hazırlıq işləri aparılır. Artıq rayon üzrə çiyid səpiləcək 2190 hektar sahədə dondurma şumu çıxarılıb. Şum işlərinin 1005 hektarı “MKT-İK” MMC-nin, 1185 hektarı isə “P-Agro” MMC-nin Zərdab filialları tərəfindən həyata keçirilib.
İmişlidə ötən ilin dekabr ayından pambıq sahələrində əkin üçün başlanan şum işləri başa çatıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, yanvarın 31-nə kimi rayonda 7 min 754,7 hektar sahədə dondurma şumu aparılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 92 hektar çoxdur.
Torpaq sahiblərinin sözlərinə görə, gələcək bol məhsulun bünövrəsi məhz bu dövrdə qoyulur. Fermerlər strateji sahə olan pambıqçılığı inkişaf etdirmək və bol məhsul götürmək üçün pambıq sahələrini genişləndirməklə yanaşı, növbəli əkin sisteminə də üstünlük verirlər. Pambıq emalı müəssisələri 7 min 754,7 hektar sahədə pambıq əkilməsi üçün 5 min 600 məhsul istehsalçısı ilə müqavilə bağlayıb və bu iş davam etdirilir.
Qeyd edək ki, ötən il rayonda 7 min 492,3 hektar sahədə pambıq əkilib və 19 min 715,8 ton məhsul yığılıb.
Saatlıda ötən ilin dekabr ayından pambıq sahələrində əkin üçün başlanan şum işləri artıq yekunlaşmaq üzrədir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, fevralın 4-nə kimi rayonda 11 min 931 hektar sahədə şum aparılıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 100 hektar çoxdur.
Havaların əlverişli keçməsindən istifadə edən fermer və torpaq mülkiyyətçiləri şum kampaniyasını qısa müddətdə başa çatdırmaq üçün bütün imkanlardan yararlanırlar. Gələcək bol məhsulun bünövrəsinin məhz bu dövrdə qoyulduğunu bilən əkinçilər işin gedişinə ciddi nəzarət edirlər. Fermerlər strateji sahə olan pambıqçılığı inkişaf etdirmək və bol məhsul götürmək üçün pambıq sahələrini genişləndirməklə yanaşı, növbəli əkin sisteminə də üstünlük verirlər. Əkinçilər bundan sonra daha 1694 hektar sahədə şum aparılmasını nəzərdə tuturlar.
Qeyd edək ki, ötən il rayonda 13 min 741 hektar pambıq sahəsindən 41 min 813 ton pambıq istehsal olunub.
Neftçalada pambıq sahələrində şum işləri davam edir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, fevralın 11-nə kimi rayonda 2 min 907 hektar sahədə dondurma şumu aparılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 71 hektar çoxdur. Əkinçilər bundan sonra daha 3 min 593 hektar sahədə şum aparacaqlar.
Torpaq sahiblərinin sözlərinə görə, gələcək bol məhsulun bünövrəsi məhz bu dövrdə qoyulur. Fermerlər strateji sahə olan pambıqçılığı inkişaf etdirmək və bol məhsul götürmək üçün növbəli əkin sisteminə üstünlük verirlər. Artıq 4 pambıq emalı müəssisəsi ilə 6 min 442,3 hektar sahədə pambıq əkilməsi üçün 4 min 294 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb və bu iş davam etdirilir.
Qeyd edək ki, ötən il rayonda 5 min 7 hektar sahədə pambıq əkilib və 16 min 75 ton məhsul yığılıb.
Bu il Biləsuvarda 10 min hektardan çox sahədə pambıq əkini planlaşdırılır. Tarlalarda ötən ilin dekabr ayından pambıq əkini üçün başlanan şum işləri artıq yekunlaşmaq üzrədir.
Artıq fevralın 7-nə kimi Biləsuvarda 8 min 500 hektardan çox sahədə şum aparılıb. Məhsul istehsalçıları rayonda fəaliyyət göstərən 4 pambıq emalı müəssisəsi ilə 10 min hektara yaxın sahədə pambıq əkilməsi üçün müqavilə imzalayıb və bu iş davam etdirilir.
Fermerlər strateji sahə olan pambıqçılığı inkişaf etdirmək məqsədilə artıq sahələrini genişləndirmədən, intensiv aqrotexniki qulluğun tətbiqi ilə bol məhsula nail olurlar. Bunun nəticəsidir ki, ötən il onlarla fermer fərdi qaydada 40-50 sentnerdən yuxarı məhsuldarlıq əldə edib. Fermerlər bu nəticəni daha da artırmaq istəyirlər.
Fermer Kəlbi Əhmədov deyib: “2019-cu ildə pambıq sahələrimizdə məhsuldarlıq 42 sentner oldu. Təmiz kondisiyalı 12,3 hektar sahədən 52 ton məhsul götürdük. Bu il qarşımıza məqsəd qoymuşuq ki, daha yüksək məhsuldarlığa nail olaq. Hədəfimiz 50 sentnerdən yuxarıdır”.
Qeyd edək ki, rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri pambıq əkini üçün yerlərdə mövcud vəziyyətin araşdırılması, sahələrdə şumun yekunlaşdırılması, səpinqabağı becərmə işlərinə başlanılması kimi zəruri məsələlərlə bağlı fermerlərlə mütəmadi görüşlər keçirirlər.
Ucar rayonunda bu il pambıq əkiləcək sahələr müəyyənləşdirilib və hazırda bu ərazilərdə dondurma şumu çıxarılır. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, builki mövsümdə 500 hektarda pambıq əkilməsi nəzərdə tutulub. Hazırda sahələrdə 4 şum traktoru işləyir və artıq 200 hektarda dondurma şumu çıxarılıb.
Qeyd edək ki, rayonda əsas pambıqçılıq təsərrüfatları olan Xələc, Bərgüşad və Təzə Şilyan ərazi dairələrində bu mühüm tədbir davam etdirilir.
Hazırda dondurma şumu aparılan sahələr arat edilir. Mütəxəssislər aratı gələcək yüksək məhsul üçün vacib olan aqrotexniki tədbirlərdən biri kimi dəyərləndirirlər.
Ağsu rayonunda pambıqçılıqla məşğul olan fermerlər gələcək bol məhsul üçün zəruri aqrotexniki tədbir olan dondurma şumunu başa çatdırıblar. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, qarşıdakı mövsümdə 500 hektarda pambıq əkilməsi nəzərdə tutulub. Artıq pambıq əkini ilə əlaqədar “P-Aqro” MMC 30 nəfər torpaq mülkiyyətçisi ilə müqavilə bağlayıb.
Qeyd edək ki, cari mövsümdə 12 icra nümayəndəliyində “ağ qızıl” yetişdiriləcək. Bu nümayəndəliklərin əksəriyyətində, o cümlədən Çaparlı, Xəlilli, Ərəbuşağı, Qaraqoyunlu, Bozavand, Ərəbmehdibəy ərazi dairələrində dondurma şumu yüksək keyfiyyətlə aparılıb. Hazırda dondurma şumu çıxarılan sahələrdə qış aratına başlanıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, fevralın 11-nə kimi rayonda 2 min 907 hektar sahədə dondurma şumu aparılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 71 hektar çoxdur. Əkinçilər bundan sonra daha 3 min 593 hektar sahədə şum aparacaqlar.
Torpaq sahiblərinin sözlərinə görə, gələcək bol məhsulun bünövrəsi məhz bu dövrdə qoyulur. Fermerlər strateji sahə olan pambıqçılığı inkişaf etdirmək və bol məhsul götürmək üçün növbəli əkin sisteminə üstünlük verirlər. Artıq 4 pambıq emalı müəssisəsi ilə 6 min 442,3 hektar sahədə pambıq əkilməsi üçün 4 min 294 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb və bu iş davam etdirilir.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 697 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30