Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında heyvandarlığın inkişafına dair Dövlət Proqramı uğurla icra edilir

Azərbaycanın regionlarında heyvandarlığın inkişafına dair Dövlət Proqramı uğurla icra edilir

21.02.2020 [09:20]

Həyata keçirilən tədbirlərin nəticəsində 2020-ci ilin yanvar ayında heyvandarlıq məhsullarının istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artıb
(əvvəli ötən sayımızda)

Respublikanın şimal zonasında yerləşən Zaqatala rayonunda isə 2019-cu ildə 8399 baş inək və düyə süni yolla mayalandırılıb. Bu, əvvəlki illə müqayisədə 2075 baş çoxdur. Süni mayalama yolu ilə alınan cins tərkibi yaxşılaşdırılmış buzovların sayı isə 2018-ci illə müqayisədə 293 baş artaraq 3648 baş olub. Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Rasul Razaqov bildirib ki, ötən il Zaqatala rayonu üzrə 3102 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınan 3648 baş cins tərkibi yaxşılaşdırılmış buzova görə 364 min 800 manat subsidiya ödənilib.
Sektor müdiri deyib ki, hazırda rayonun şəxsi və fermer təsərrüfatlarında 29 min 465 baş inək və düyə var. Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamının icrası olaraq, son illər Zaqatala rayonunda 20 min baş inək və düyə süni yolla mayalandırılıb. Həmin müddətdə süni mayalama yolu ilə alınan 8 min 944 baş cins tərkibi yaxşılaşdırılmış buzova görə heyvan sahiblərinə hər buzova 100 manat olmaqla, ümumilikdə, 894 min 400 manat subsidiya ödənilib. Qurum rəsmisinin sözlərinə görə, süni mayalama tədbirlərinin həyata keçirilməsi nəticəsində yaxın 3-4 il ərzində rayonda olan mal-qaranın cins tərkibi tamamilə yaxşılaşdırılacaq. Hazırda rayonda süni mayalama üzrə 12 mütəxəssis fəaliyyət göstərir.
Onu da qeyd edək ki, Azərbaycanda sosial siyasətin əsas istiqamətlərindən birini əhalinin məşğulluğunun təmin olunması, yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması təşkil edir. Dövlətimiz tərəfindən aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, onların aktiv əməyə cəlb edilməsinə, məşğulluğunun təmin olunmasına və bununla da fəal həyat mövqeyinin formalaşmasına xüsusi diqqət yetirilir. Bu baxımdan Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamı mühüm əhəmiyyət kəsb edir. Sərəncam dövlət məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələ açmaqla, özünüməşğulluq fəaliyyəti ilə işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edir.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısı deyib ki, önəmli proqramlardan biri də özünüməşğulluq proqramıdır: “Buna da biz bir neçə il əvvəl start verdik və böyük tələbat var. Bu, onu göstərir ki, biz düzgün addım atmışıq və bu proqramı genişləndiririk. Tələbat təqribən 40-50 min ətrafındadır. Ancaq biz keçən il 7-8 min insanı bu proqrama cəlb etdik. Bu il ən azı 10 min insan cəlb olunacaq. Onlara lazımi vasitələr, avadanlıq, mal-qara veriləcək. Bizim təşəbbüsümüzlə bu proqramı Dünya Bankı ilə birgə icra edirik. Yəni yaradılacaq bu 10 min iş yeri üçün Dünya Bankının xətti ilə də vəsait nəzərdə tutulur. Bizə onların vəsaitindən çox təcrübəsi, ekspertizası lazımdır. Çünki Dünya Bankı dünyanın bir çox ölkələrində belə layihələr icra edib. Ona görə həm ekspertiza, həm əlavə maliyyə vəsaiti cəlb olunacaq. Mən Azərbaycanda fəaliyyət göstərən özəl banklara da demək istərdim ki, onlar da baxsınlar, bu proqrama qoşulsunlar və proqram daha geniş vüsət alsın. Çünki qeyd etdiyim kimi, maraq böyükdür, tələbat da artır”.
Respublikamızın hər yerində olduğu kimi, Bərdə rayonunda da özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş vətəndaşlar öz ailə təsərrüfatlarını və bizneslərini qururlar. Proqram çərçivəsində 2019-cu ildə Bərdə rayonunda özünüməşğulluq proqramına cəlb edilmiş 212 nəfər vətəndaş müvafiq təlimləri başa vurub, öz biznes planlarını müdafiə ediblər. Özünüməşğulluq proqramından yararlanan vətəndaşlar qoyunçuluq, maldarlıq, arıçılıq, xidmət və istehsalat sahələri üzrə öz ailə təsərrüfatlarını formalaşdırırlar.
Bərdə rayon Körpüsındıran kənd sakini ikinci qrup əlil Ruslan Əmrahova öz məşğulluğunu təmin etmək və ailə biznesini qurmaq üçün bu yaxınlarda 22 baş keçi verilib. Ruslan Əmrahov özünüməşğulluq proqramında iştirakı haqqında məlumat verərək deyib: “Rayon məşğulluq mərkəzinə iş üçün müraciət etmişdim. Sağ olsunlar, özünüməşğulluq proqramı barədə mənə məlumat verdilər. Kursdan keçdim, biznes-plan hazırladım. Çox gözləməli olmadım. Tezliklə ailə təsərrüfatımı formalaşdırmaq üçün bizə 22 baş keçi verildi”.
Təsərrüfatını daha da genişləndirməyi planlaşdıran R.Əmrahov deyib: “Keçi təsərrüfatının qoyunçuluqdan üstünlüyü daha artımlı olmasıdır. Bir il ərzində keçilərin sayını 60 başa çatdırmağı nəzərdə tutmuşam. Gələcəkdə həm keçilərin, həm də südün və pendirin satışını həyata keçirəcək, beləliklə də ailəmizin gəlirini təmin etmiş olacağıq. Göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Rayonun Zümürxan kəndində məskunlaşan Ağdam rayonundan məcburi köçkün Əlyar Əlyarova isə öz məşğulluğunu təmin etmək və ailə biznesini qurmaq üçün 21 baş qoyun verilib. Ə.Əlyarovun da məqsədi heyvanların sayını çoxaltmaq və təsərrüfatını genişləndirməkdir: “Biz doğma kəndimizdə də heyvandarlıqla məşğul olurduq. 1993-cü ildən Bərdə rayonunda məskunlaşmışıq. Heyvandarlıqla məşğul olmaq istəsək də təsərrüfat yaratmaqda çətinlik çəkirdik. Bir il əvvəl özünüməşğulluq proqramından faydalanmaq üçün rayon Məşğulluq Mərkəzinə müraciət etdim. Təlim kurslarına cəlb olunaraq biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələndim. Bir aydır ki, gördüyünüz bu heyvanlar mənə verilib. Artıq onların altısının balası olub. Yazda heyvanların sayı 40-a çatacaqdır. Erkəkləri satıb yem təminatına, həm də özümüzün dolanışığımız üçün istifadə edəcəyik. Dişi quzuları isə damazlıq kimi saxlayacağıq. Ən böyük istəyim Qarabağın işğaldan azad olunması və təsərrüfatımızı doğma torpaqlarımızda genişləndirməkdir”.
Qeyd edək ki, işsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlillərə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.
Ölkəmizdə heyvandarlığın inkişafını yerli ekspertlər də yüksək qiymətləndirirlər. Belə ki, ekspert Cəfər İbrahimli deyib ki, son 10 ildə heyvandarlıq sahəsində müasir tələblərə cavab verən idarəetmə sisteminin formalaşdırılması, qapalı yemləmə sisteminin tətbiqi, heyvanların sağlam cins kimi yetişməsi üçün ferma komplekslərinin qurulması iribuynuzlu intensiv heyvandarlığa marağı artırıb: “Belə ki, müasir tələblərə cavab verən heyvandarlıq kompleksləri yaradılıb və dövlət xətti ilə güzəştli şərtlərlə xaricdən gətirilərək sahibkarlara verilən damazlıq və məhsuldar heyvanlarla bu sahədə ciddi dəyişikliklərə nail olunub. İribuynuzlu yerli cinslərin cırlaşması və təsərrüfat əhəmiyyətini itirməsi nəticəsində bir laktasiya dönəmində 1500 litr süd əldə olunur və çəki alma imkanı məhdud səviyyədə qalır. Dövlət dəstəyi ilə xaricdən gətirilən və qapalı şəraitdə saxlanılan heyvanların bir laktasiya dönəmində süd məhsuldarlığı 5000-6000 litr, çəki alma imkanı isə çox yüksəkdir. Nəticədə intensiv heyvandarlığın yaradılması ölkədə təməl qida maddəsi olan ət və süd istehsalının artmasını təmin edib”.
Onun sözlərinə görə, hazırda ölkənin illik süd və süd məhsullarına olan ehtiyac 2 milyon tona yaxındır və bunun təxminən 90 faizə yaxını yerli istehsal hesabına formalaşır və idxaldan asılılıq yox səviyyəsindədir. Son 10 ildə ölkə üzrə illik süd istehsalı 1,5 milyon tondan 2 milyon tona yüksəlib. Növbəti mərhələdə isə yeni heyvandarlıq təsərrüfatlarında yetişdirilən damazlıq heyvanların fərdi fermerlərə və ev təsərrüfatlarına satışı ilə ölkə üzrə cins tərkibinin sağlamlaşdırılmasının, ət və süd məhsullarının istehsalının daha da artması gözlənilir. İntensiv damazlıq təsərrüfatlarının yetişdirdiyi heyvanların yerli fermer və ev təsərrüfatlarına satılması sisteminin qurulması ilə xaricdən damazlıq heyvan idxalının da azalması təmin ediləcək.
Cəfər İbrahimli qeyd edib ki, heyvandarlığın inkişafını dəstəkləyən ən böyük amil isə dövlət dəstəyi ilə planlı formada süd emalı müəssisələrinin qurulmasıdır. Emal müəssisələrinin süd ehtiyacı böyük ölçüdə yerli heyvandarlıq fermaları tərəfindən ödənilir və təbii süddən hazırlanmış ekoloji təmiz süd məhsulları daxili istehsal hesabına təmin edilməklə idxaldan asılılıq kəskin azalıb.
“Növbəti illərdə qapalı saxlanılan təsərrüfatların yem təminatının bir hissəsinin fermerlərin özləri tərəfindən təmin edilmə imkanlarının yaxşılaşdırılması, süd emal müəssisələri ilə südçülük təsərrüfatları arasında uzunmüddətli müqavilələrin bağlanması (hazırda bu müqavilə əsasən 3 aylıq bağlanır) və süd istehsalının maya dəyərinə bağlı qiymət siyasətinin qarşılıqlı formalaşdırılması intensiv iribuynuzlu heyvandarlıq təsərrüfatlarının inkişafını təmin edəcək əsas amillərdir”, - deyə ekspert bildirib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 740 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30