Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Aqrar sektorda əkinçilik təsərrüfatlarının inkişafı istiqamətində mühüm addımlar atılır

Aqrar sektorda əkinçilik təsərrüfatlarının inkişafı istiqamətində mühüm addımlar atılır

05.03.2020 [09:11]

Regionlarda toxumçuluq və əkinçilik sahələrinin subsidiyalaşdırılması və yeni texnologiyaların tətbiqi ilə bağlı məhsul istehsalçılarına lazımi dəstək verilir
Ölkəmizdə iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılmasına, qeyri-neft sektorunun sürətlə inkişafına təkan vermək üçün kənd təsərrüfatının bütün sahələrinə dövlətin dəstək siyasəti uğurla davam etdirilir. Əhalinin məşğulluğunun təmin edilməsi və kənd yerlərində yaşayanların torpağın əkib-becərilməsinə marağının artırılmasını bu qəbildən hesab etmək olar. Bu baxımdan, istehsal və ixrac imkanları artırılan aqrar sektorda fəaliyyət göstərən təsərrüfatların subsidiyalaşdırılması, məhsullarının bazara çıxışının təmin olunması istiqamətində mühüm addımlar atılmaqdadır. Həmçinin Azərbaycanda əkinçiliyin əsasını təşkil edən toxumçuluğun inkişaf etdirilməsi dövlət başçısının apardığı aqrar siyasətin əsas istiqamətlərindən biri hesab olunur.
33 aqropark və iri fermer təsərrüfatı fəaliyyətə başlayıb
Azərbaycanın regionlarında yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan səmərəli istifadə mexanizmlərini də üzə çıxarır. Hazırda respublikanın 33 rayonu üzrə 262 min hektar ərazidə ümumi dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir. 153 min hektar ərazidə ümumi dəyəri 1,1 milyard manat dövlət dəstəyi göstərilmiş 33 aqropark və iri fermer təsərrüfatı birinci mərhələ üzrə fəaliyyətə başlayıb və 109 min hektar ərazidə ümumi dəyəri 1,3 milyard manat olan, dövlət dəstəyi göstərilmiş 18 aqropark və iri fermer təsərrüfatında layihələndirmə və ya tikinti-quraşdırma işləri aparılır. Bu aqropark və iri fermer təsərrüfatlarından 16-sı 2019-cu ildə fəaliyyətə başlayıb.
Xatırladaq ki, ölkəmizdə yeni yaradılan aqroparklardan biri də toxumçuluq üzrə ixtisaslaşmış “Qlobal Aqro” MMC-nin aqroparkıdır. Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan aqroparkda əsasən taxıl və digər dənli bitkilər istehsal olunacaq. Burada istehsal edilən məhsullar üçün 18,9 min tonluq saxlama anbarı, ofis və laboratoriya binaları, 80 tonluq elektron tərəzi, illik istehsal gücü 15 min ton olan çeşidləmə, dərmanlama və qablaşdırma sahəsi, texnika üçün talvar, qurutma avadanlıqları inşa olunub. Bundan əlavə, aqroparkda yem və yağ emalı zavodlarının tikintisi də nəzərdə tutulur.
Aqroparkın icraçı direktoru Nəriman Nərimanov bildirib ki, ötən il aqropark ərazisində 942 hektar sahədə arpa, 128 hektar sahədə buğda, 30 hektar sahədə isə bostan bitkiləri əkilib. Builki əkin mövsümündə 813 hektar sahədə arpa, 218 hektar sahədə buğda əkilib, yazlıq əkin üçün şum çıxarılıb.
N.Nərimanov deyib ki, hələlik müəssisədə 17 nəfər işlə təmin olunub və yaxın vaxtlarda 60-dan çox iş yerinin yaradılması nəzərdə tutulub. 20 hektar istehsal sahəsi olan aqroparkda zəruri infrastruktur da qurulub. İcraçı direktor həmçinin vurğulayıb ki, aqropark ərazisində gələcəkdə sınaq məqsədi ilə elit buğda sortlarının əkilməsi də nəzərdə tutulub. Müəssisədə ölkəmizlə yanaşı, Türkiyə və Belçika şirkətlərinin istehsalı olan ən müasir avadanlıqlar quraşdırılıb. İndiyədək 60 hektar sahənin suvarılması üçün tamburlu suvarma qurğusu, 27 ədəd texnika və aqreqat alınıb.
Ümumi dəyəri 30 milyon manat olan müəssisənin yaradılmasına 1 milyon manat güzəştli kredit verilib, 8,1 milyon manat dövlət əsaslı vəsaiti qoyulub. O cümlədən ərazidə aparılan meliorasiya işlərinə 7,9 milyon manat, elektrik və qaz təminatının hər birinə 100 min manat vəsait sərf olunub, 600 min manat vəsaitə qənaət edilib.
Ölkədə bərk buğda əkinçiliyinin inkişafı üzrə tədbirlər həyata keçiriləcək
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu isə yaxın gələcəkdə ölkədə özəl sektorla əməkdaşlıq perspektivlərini dərinləşdirmək məqsədilə çoxşaxəli tədbirlərə başlayacaq. Əməkdaşlığın əsas istiqamətlərindən biri yerli makaron sənayesinin xammal təminatının gücləndirilməsi məqsədilə ölkədə bərk buğda əkini ilə məşğul olan fermerlərə göstərilən elmi təminatın gücləndirilməsidir. Bu ideyanın reallaşdırılması üçün artıq özəl sektor nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib, istehsalçı şirkətlərlə müzakirələr aparılıb.
KTN-in İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, növbəti işgüzar görüş ölkənin əsas istehsalçı şirkətlərindən biri olan “Karmen” MMC-də keçirilib. İnstitutun kollektivi zavodun istehsal sahəsində olaraq makaron məhsullarının bişirilməsi, çeşidlənməsi, qablaşdırılması prosesi ilə yaxından tanış olub. Dəyirmanda makaron üçün seçilmiş buğda sortlarının üyüdülməsi, çeşidlərə ayrılması, laboratoriyada isə buğda nümunələrinin analizinə baxış keçirilib.
İnstitutun direktoru Faiq Xudayev deyib ki, səfərdə əsas məqsəd istehsalçı şirkətlərin xammala olan tələblərini müəyyən etməkdir: “Ötən ay respublikamızda fəaliyyət göstərən şirkətlərlə müzakirə apararkən onlar yerli bərk buğda istehsalına böyük tələbatlarının olduğunu bildirdilər. Ona görə də qarşımıza məqsəd qoyduq ki, elmi təminatı gücləndirməklə yaxın gələcəkdə ölkənin ümumi əkin dövriyyəsində bərk buğda əkininin çəkisinin artırılmasına nail olaq və nəticədə həm fermerlərimizin gəliri artsın, həm də şirkətlərimizin idxaldan asılılığı azalsın. Razılaşmaya əsasən, institut fermerlərə bərk buğda əkinini gücləndirmək üçün torpaq analizlərinin aparılması, becərmə, sort seçimi, aqrotexniki qulluq işlərində yaxından kömək edəcək, şirkətlər isə istehsal olunmuş məhsulun tədarükünü həyata keçirəcək. Ölkədə bərk buğda bazarının genişlənməsi müasir əkinçiliyin inkişafına ciddi təsir göstərəcək”.
Görüşdə iştirak edən “Karmen” MMC-nin departament direktoru İlqar Əhmədov ölkədə makaron sənayesi üçün xammal bazasının genişləndirilməsində maraqlı olduqlarını deyib: “Zavodumuzun bərk buğdaya tələbatı böyükdür, bu tələbatı yerli istehsal hesabına təmin etmək bizim əsas hədəfimizdir. Gələcəkdə üçtərəfli - alimlər-fermerlər-şirkətlərin əməkdaşlığına nail olmaqla ölkəmizin bərk buğda bazarını inkişaf etdirmək üçün Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlığa xüsusi maraq göstəririk. Əsas məsələ bərk buğda istehsalında keyfiyyət göstəricilərinin yüksəldilməsidir”.
Qeyd edək ki, Əkinçilik Elmi-Tədqiqat İnstitutunda yaradılmış işçi qrupu tərəfindən digər istehsalçı şirkətlərlə də görüşlər keçiriləcək, xammala olan tələbat müəyyən edilərək konkret inkişaf planı hazırlanacaq. Bundan sonra, ölkədə bərk buğda əkinçiliyinin inkişafı üzrə tədbirlər həyata keçiriləcək.
Yeri gəlmişkən xatırladaq ki, KTN-in İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Almaniyanın “Syngenta” şirkəti ilə əməkdaşlıq edəcəyi barədə məlumat yayıb. Bu əməkdaşlığın istiqamətlərini müəyyən etmək üçün institutda şirkətin nümayəndəsi ilə görüş keçirilib.
“Syngenta”nın elmi tədqiqatlara böyük əhəmiyyət verdiyini deyən Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu və şirkətin nümayəndəsi Rasim Zamanov buğda, arpa, qarğıdalı və soya bitkisi, bu bitkilərin yerli iqlim amillərinə uyğunlaşması, bioloji sort xüsusiyyətlərinin yaxşılaşdırılması istiqamətində birgə əməkdaşlığın mümkünlüyünü bildirib. Qeyd edib ki, şirkət fermer və kənd təsərrüfatı idarələri ilə sıx əlaqə yaradaraq, onlara müasir əkinçilik mədəniyyəti, texnologiyalarla düzgün iş qaydası, resurslara qənaət edərək məhsuldarlığın artırılması ilə bağlı məsləhətlər verir.
Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev çıxış edərək, ölkənin tələbatına uyğun əhəmiyyətli bitkilərin birgə seleksiya işlərinin təşkili, yeni tezyetişən sortların yaradılması, gübrələrin tətbiqi istiqamətində tədqiqatların aparılması ilə bağlı təkliflərini veriblər.
İnstitut kollektivi ilə birgə aparılmış müzakirədə kadr hazırlığına xüsusi diqqət yetirilməsi təklif olunub və ixtisaslı gənc kadrların Almaniyada təcrübə keçmələrinin təşkili qərara alınıb. Görüşdə vurğulanıb ki, gələcəkdə Almaniya-Azərbaycan iqtisadi əməkdaşlığı aqrar sahəyə öz töhfəsini verəcək.
Əkin subsidiyasının 25 faizi nağd, 75 faizi nağdsız formada istifadə olunur
Qeyd edək ki, “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bu barədə danışan Prezident İlham Əliyev bildirib ki, kənd təsərrüfatı sahəsində ciddi islahatlar aparılır. Bu islahatların tərkib hissələrindən biri də əkinçiliklə məşğul olan fermerlərə əkin subsidiyalarının Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə verilməsidir.
Şəffaflığı və ünvanlılığı daha yaxşı təmin edən EKTİS-in fermerlərə yaratdığı üstünlüklərdən danışan KTN-in İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, yeni sistemin tətbiq olunması nəticəsində fermerlərin əkin subsidiyalarını təsərrüfat ilinin sonunda deyil, əvvəlində alması əkin prosesində xərclərin mühüm bir hissəsini qarşılamağa şərait yaradacaq. Eyni zamanda, fermerlər yeni sistemdə yaratdıqları elektron kabinetləri vasitəsilə KTN və onun qurumlarına günün 24 saatında müraciət göndərmə imkanı əldə edəcəklər. Bu, fermerlərə onlara göstərilən dövlət dəstəyi üzrə ilkin mənbədən dürüst məlumat əldə etməyə imkan verəcək. Ölkə üzrə aparılacaq və aparılan əkin barədə məlumatlar zamanla fermerlər üçün əlçatan olacaq. Bu həm təsərrüfat, həm də ticari fəaliyyətlərlə bağlı qərarların qəbulunda onlara köməklik göstərəcək.
Şöbə müdiri qeyd edib ki, hazırda fermerlərin elektron sistemdə bəyan etdikləri torpaq sahəsi və payızlıq əkin məlumatlarının yoxlanılmasından sonra təsdiqlənmiş yekun bəyan məlumatları əsasında subsidiyaların “Fermer kartı”na köçürülməsi həyata keçirilir. Fermerlər karta köçürülmüş subsidiya məbləğinin 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra biləcəklər. Qalan 75 faiz isə qeyri-nağd ödəmələr şəklində gübrə, pestisid, toxum, ting və s. alınmasında, aqrar xidmətlərə dair ödənişlərin edilməsində istifadə oluna biləcək.

(davamı növbəti sayımızda)
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 710 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30