Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Aqrar sektorda əkinçilik təsərrüfatlarının inkişafı istiqamətində mühüm addımlar atılır

Aqrar sektorda əkinçilik təsərrüfatlarının inkişafı istiqamətində mühüm addımlar atılır

06.03.2020 [09:23]

Regionlarda toxumçuluq və əkinçilik sahələrinin subsidiyalaşdırılması və yeni texnologiyaların tətbiqi ilə bağlı məhsul istehsalçılarına lazımi dəstək verilir
(əvvəli ötən sayımızda)

Məsələ ilə bağlı KTN yanında Aqrar Kredit və İnkişaf Agentliyinin məlumatına görə, alınan pestisid və toxumların dəyərinin 100 faizi, mineral gübrə və biohumusun dəyərinin 70 faizi əkin subsidiyası hesabına ödənilə bilər.
Qeyd olunub ki, əkin subsidiyasının məbləği təqvim ilinin əvvəlindən ilk bəyan edilən bitki növü üzrə hesablanır. Fermerə ayrılan əkin subsidiyası eyni il ərzində aparılan bütün əkinlər üçün istifadə edilə bilər. 50 hektardan çox torpaq sahəsində aparılan əkinə görə kənd təsərrüfatı kooperativlərinə 10 faiz artıq əkin subsidiyası ödənilir. Bu halda kooperativin sənədləri elektron informasiya sisteminə daxil edilməlidir.
Kartların paylanması və subsidiyaların “Fermer kartları”na köçürülməsi prosesi davam edir
Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib ki, Zaqatala rayonunda payızlıq əkinlə məşğul olan fermerlərə subsidiyaların verilməsinə başlanılıb. İndiyədək Zaqataladan olan 600 fermer elektron sistem üzərindən “Fermer kartı” vasitəsilə ona hesablanan subsidiyanı alıb.
Qurumdan bildirilib ki, Zaqatala rayonu üzrə bu günədək elektron sistemdə 18 min 624 fermer öz fərdi identifikasiya nömrəsi ilə qeydiyyatdan keçib. Onlardan 12 min 500 nəfərin mülkiyyət hüququna dair sənədləri təsdiq olunub. Rayon üzrə bu günədək 1414 fermer üçün bank kartı hazırlanıb və indiyədək 600 fermerin kartına vəsait köçürülüb. Fermerlərin payızlıq əkin bəyanlarının yoxlanılması, kartların paylanması və subsidiyaların “Fermer kartları”na köçürülməsi prosesi davam edir.
Eyni zamanda, Zaqatala Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib ki, Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamının icrası olaraq, 2019-cu ildə Zaqatala rayonu üzrə 7942 torpaq mülkiyyətçisinə 13 min 203,8 hektar əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına, həmçinin buğda səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına 873 min 361 manat vəsait ödənilib.
Bundan əlavə, ötən il təkrar əkinlərə görə 64 nəfər torpaq mülkiyyətçisinə 299,5 hektar əkin sahəsinin becərilməsinə görə 14 min 978 manat dövlət yardımı verilib. Fermer təsərrüfatlarına güzəştli qaydada 1598,1 ton mineral gübrə və 1173,2 litr pestisidlər satılıb.
İqtisadiyyatının əsasını əkinçilik və heyvandarlığın təşkil etdiyi Gədəbəy rayonunda ötən il bu sahənin inkişaf etdirilməsi istiqamətində zəruri işlər aparılaraq məhsul istehsalçılarına lazımi dəstək verilib və müvafiq köməkliklər göstərilib.
Rayon İcra Hakimiyyətindən bildirilib ki, 2019-cu il ərzində rayonda 10 min 377 hektar kartof, 1813,8 hektar buğda, 191 hektar arpa, 240 hektar kələm, 79,4 hektar yerkökü, 9 hektar qarğıdalı, 75 hektar çuğundur, 90,2 hektar digər tərəvəz məhsulları və təcrübə məqsədilə 10 hektar tütün olmaqla ümumilikdə 12 min 885,4 hektar əkin aparılıb. Sahələrdən 118 min 297 ton kartof, 5 min 351 ton buğda, 325 ton arpa, 39,6 ton qarğıdalı, 3 min 456 ton kələm, 1125,2 ton yerkökü, 3,4 ton quru tütün və 1473,5 ton digər tərəvəz məhsulları yığılıb.
Regionlarda məhsul istehsalçılarına müvafiq köməklik göstərilir
Sabirabadda suvarma və meliorasiya işləri genişləndirilir, yeni-yeni irimiqyaslı layihələr həyata keçirilir ki, bu da rayonda kənd təsərrüfatı məhsullarının istehsalının daha da artırılmasında mühüm əhəmiyyət kəsb edir. Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi Şafiq Heydərov bildirib ki, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi və meliorasiya işlərinin genişləndirilməsi məqsədilə ötən il 5 yeni su nasosu quraşdırılıb, 18 nasos və 67 hidrotexniki qurğuda əsaslı təmir işləri aparılıb, 1509 kilometr uzunluğunda su kanalı, 550 kilometr drenaj-kollektor lildən təmizlənib. Rayonun Moranlı-Sərxanbəyli, Bala Həşimxanlı, Əlilənbəyli və digər kəndlərinin əkin sahələrinin suvarma təminatının yaxşılaşdırılması üçün mənbəyi Kür çayından olmaqla uzunluğu 30 kilometr olan “H” kanalı istifadəyə verilib. Nəticədə 11 min 498 hektar sahənin su təchizatının yaxşılaşmasına imkan yaranıb.
Görülən bu işlərlə yanaşı, yaz və yay aylarında Kür və Araz çaylarında baş verə biləcək daşqınlar zamanı əkin sahələrinin mühafizə olunması məqsədilə hər iki çayın sahili boyunca mühafizə bəndlərinin möhkəmləndirilməsi istiqamətində işlər aparılır. Çayların Sabirabad rayonunun ərazisindən keçən hissəsi boyunca indiyədək 43,1 kilometr məsafədə təmir və 50 kilometr məsafədə qaya kəsmə işləri, həmçinin betonla sahil bərkitmə işləri aparılıb. Bütün bunlar əkin sahələrinin daşqınlardan mühafizəsini təmin edəcək.
Naxçıvan Muxtar Respublikasının ən böyük bölgəsi olan Şərur rayonunda torpaq və əkin sahələrində meliorativ tədbirlərə start verilib. Rayonun Muğanlı, Qorçulu, Dəmirçi, Qarxun, Yengicə, Xanlıqlar və digər yaşayış məntəqələrinin ərazisində həyata keçirilən meliorativ tədbirlərə 10-dan çox texnika cəlb olunub.
Qısa vaxtda 9 kilometrə yaxın məsafədə lildən təmizləmə işləri aparılıb. Hazırda Muğanlı kəndinin ərazisində torpaqların əkin dövriyyəsinə cəlb olunması məqsədilə kollektor və drenajlar lildən təmizlənir. Bu işlər başa çatdıqdan sonra torpaq sahələrində qrunt sularının səviyyəsi aşağı düşəcək və həmin ərazilərdə müxtəlif əkinlər həyata keçiriləcək. Həmçinin Oğlanqala kəndinin ərazisindəki suvarma arxlarında aparılan lildən təmizləmə işləri də artıq yekunlaşmaq üzrədir. Qeyd edək ki, rayonda 87 min hektardan artıq ümumi torpaq sahəsi var. Bunun 25 min hektardan çoxu əkinə yararlıdır.
Respublikanın bütün bölgələrində fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir
KTN yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən respublikanın bütün bölgələrində taxıl sahələrinin əsas zərərvericilərindən olan siçanabənzər gəmiricilərə və taxıl böcəyinə qarşı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, ölkədə 1 milyon hektara yaxın taxıl sahəsində fitosanitar müşahidələr aparılıb. Müşahidələr zamanı taxıl əkinindən sonra hava şəraitinin isti və quraq keçməsi nəticəsində gəmiricilərin sayında artım qeydə alınıb.
Qeyd edək ki, ötən il respublika ərazisində aparılan mübarizə tədbirlərinin 25,6 faizini (407,1 min hektar) siçanabənzər gəmiricilərlə mübarizə təşkil edib. Büdcə vəsaiti hesabına həyata keçirilmiş mübarizə tədbirləri 318 min hektar sahəni əhatə edib ki, bu da 2018-ci illə müqayisədə 1,5 dəfə və ya 105 min hektar çoxdur.
İl ərzində siçanabənzər gəmiricilərlə bağlı büdcə vəsaiti hesabına aparılmış kimyəvi mübarizə tədbirləri ən çox Şəki (59,8), Qobustan (20,4), Cəlilabad (19,6), İsmayıllı (17,6), Oğuz (12,3), Tovuz (12,1), Qusar (11,7), Ağsu (11,0), Zaqatala (9,7), Şamaxı (9,3), Gədəbəy (9,1), Ağstafa (8,5), Qəbələ (8,4), Ağcabədi (7,9), Göygöl (7,6) və Füzuli (7,0) rayonlarının əkin sahələrini əhatə edib. Agentlik tərəfindən cari ildə də siçanabənzər gəmiricilərə və taxıl böcəyinə qarşı mübarizə tədbirləri davam etdirilir. İlin əvvəlindən indiyə kimi büdcə vəsaiti hesabına 40,7 min hektar sahədə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri aparılıb.
Eyni zamanda, yerli qurumların mütəxəssisləri tərəfindən mütəmadi olaraq taxıl böcəyi sürfələrinə qarşı müşahidələr aparılıb və sirayətlənmə aşkar edilmiş təsərrüfat sahiblərinə mübarizə tədbirlərinin aparılmasına dair məsləhət və tövsiyələr verilib, mübarizə işləri təşkil olunub. Belə ki, 2019-cu il ərzində dənli bitkilərdə taxıl böcəyinə qarşı 26,9 min hektar sahədə, cari ilin əvvəlindən indiyə kimi isə 1960 hektarda taxıl böcəyinə qarşı təsərrüfat subyektləri ilə birgə kimyəvi mübarizə tədbirləri aparılıb. Fevral ayının ikinci ongünlüyündən başlayaraq respublikanın əksər bölgələrində havanın temperaturunun aşağı düşməsi və qarın yağması bu zərərvericilərin aktivliyini xeyli aşağı salıb. Hazırda mübarizə tədbirləri davam etdirilir.
Bununla yanaşı, Aqrar Elm və İnnovasiya Mərkəzinin strukturuna daxil olan qurumlar tərəfindən regionlarda taxılçılıqla məşğul olan fermerlərin əlverişsiz iqlim amillərinə qarşı mübarizə tədbirləri mövzusunda maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
KTN-in İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, payızlıq taxıl əkinlərində qulluq işlərinin davam etdirilməsi, yemləmə gübrəsinin verilməsi, xəstəlik və ziyanvericilərə qarşı mübarizə, təhlükəsizlik tədbirlərinin təşkili mövzusunda növbəti sahə təlimi Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən təşkil olunub. Şəki rayonunun Turan qəsəbəsində baş tutmuş sahə nümayişində mərkəzin direktoru Qərib Novruzlu tərəfindən payızlıq taxıllara yemləmə gübrəsinin - ammonium nitratın bitkinin inkişaf fazalarından asılı olaraq bir neçə dəfə verilməsi, taxılın xəstəlik və zərərvericiləri, onlara qarşı işlədilən pestisidlər haqqında geniş məlumat verilib. Bildirilib ki, əlverişsiz iqlim amillərinə qarşı məhsulun qorunması tədbirləri kimi dərman vasitələrindən istifadə edən zaman fermerlərin təhlükəsizlik qaydalarına və ekoloji mühitin qorunmasına ciddi əməl etmələri, istifadə olunan dərman qablarının utilizasiyası üçün ciddi tədbir görmələri son dərəcə vacibdir.
Tədbirdə fermerləri maraqlandıran bir sıra suallara aydınlıq gətirilib, əsasən, yağıntıların orta çoxillik normadan aşağı olması nəticəsində əkinlərdə normal çıxışın olmaması məsələsi müzakirə edilib. Həmçinin torpaqda olan nəmliyin qorunub saxlanması məqsədilə məhsul yığıldıqdan sonra sahədə yay şumu əvəzinə diskiləmə aparılması, torpaqda əmələ gələn qaysaqların dağıdılması və torpaqda olan yarıqların ləğv edilməsinin vacibliyi izah olunub. Eyni zamanda, fermerlərə qlobal iqlim dəyişikliyinin səbəb olduğu su probleminin həllində innovativ suvarma sistemlərinin tətbiqinin vacibliyi və torpaq mühafizəedici sistemlərin müasir əkinçilikdə əhəmiyyəti barədə ən son məlumatlar çatdırılıb.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 808 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30