Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda yazlıq tarla işləri uğurla davam etdirilir

Regionlarda yazlıq tarla işləri uğurla davam etdirilir

20.03.2020 [09:44]

Əkin kampaniyasını optimal müddətdə başa çatdırmaq üçün əvvəlcədən lazımi tədbirlər həyata keçirilir, fermerlərə texniki yardımlar göstərilir
Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycanda həyata keçirilən siyasət istər regional layihələrin, istərsə də müvafiq Dövlət proqramlarının uğurla icrasına imkan yaradır. Bu isə spesifik milli inkişaf modelinə malik olan ölkəmizin tərəqqisinin konseptual əsaslara söykəndiyini bir daha təsdiqləyir. Ümumiyyətlə, son 16 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrdə böyük layihələr reallaşdırılıb. Xüsusilə, bu proqramların uğurlu icrası regionlarda kənd təsərrüfatının inkişafında əhəmiyyətli rol oynayıb. Dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı onu deməyə əsas verir ki, əldə olunan nəticələr ildən-ilə daha da yüksələcək.
Qeyd edildiyi kimi, kənd təsərrüfatının inkişafına göstərilən diqqət nəticəsində bu gün bölgələrimizdə bu sahəyə maraq daha da artıb. Eləcə də aqrar sahə ilə məşğul olan fermerlər dövlətin hərtərəfli yardımları ilə təmin edilirlər. Fermerlərin torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi, onlara subsidiyaların ayrılması, əmək tutumu və gəlir imkanları böyük olan sahələrin inkişafının təşviq edilməsi, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə texnika və gübrə satışı bu qəbildən olan tədbirlər sırasında yer alır. Yeri gəlmişkən, artıq regionlarda kənd təsərrüfatı sahələrində mövsümi yazlıq tarla-əkin işlərinin qızğın vaxtıdır. Bölgələrimizdə yazlıq səpin, əkin işləri aparılır, gələcək planlar dəqiqləşdirilir. Məsələn, Qazaxda kənd təsərrüfatının ənənəvi sahələrindən olan kartofçuluq son illərdə həm də daha çox inkişaf edən və rayonda sakinlərin işlə təmin olunduğu mühüm sahələrdəndir. Bunu ildən-ilə artan kartof sahələrindən və əldə edilmiş bol məhsuldan da görmək olar. Qeyd edək ki, əgər 2016-cı ildə rayonda 433 hektar sahədən 10205 ton kartof tədarük olunubsa, 2017-ci ildə kartof əkilən sahələr 809,1 hektara çatdırılıb. Həmin il kəndlilər sahədən 22000 ton məhsul əldə ediblər. 2018-ci ildə əkin sahələri daha da genişləndirilərək 1118 hektara çatdırılıb və 30745 ton məhsul əldə olunub. 2019-cu ildə əkin sahəsi əvvəlki illə müqayisədə 202 hektar artırılaraq 1320 hektara çatdırılıb və sahələrdən 40018 ton kartof tədarük edilib.
Bu il isə 1200 hektar sahədə kartof əkilməsi nəzərdə tutulub. Artıq xeyli vaxtdır ki, rayonda kartof əkininə başlanılıb. Bununla əlaqədar əkinə hazırlıq işləri tam başa çatdırılıb. Belə ki, kartof əkiləcək sahələrdə hələ ötən ilin payızında şum qaldırılıb, şumdan əvvəl sahələr üzvi gübrələrlə zənginləşdirilib. İndi əkində yüksək məhsuldar toxum sortlarından istifadə olunur, əkinçilərə hərtərəfli kömək göstərilir. Əkin kampaniyasını optimal müddətdə başa çatdırmaq üçün əvvəlcədən lazımi tədbirlər həyata keçirilir. Bu günədək rayonda 432,5 hektar sahədə kartof əkilib.
Ağdaş rayonunda da yazlıq bitkilərin əkininə başlanılıb və artıq 1070 hektardan çox sahədə əkin aparılıb. Builki mövsümdə 12000 hektarda yazlıq bitkilər əkiləcəyi proqnozlaşdırılır. Hələlik 70 hektarda kartof əkilib, 1000 hektarda yonca səpini aparılıb. Bir sıra ərazi dairələrində tərəvəz əkininə başlanılıb. Rayonda ənənəvi təsərrüfat sahələri olan çəltik, bostan əkininə hazırlıq işləri görülür.
Göyçay rayonunda da yazlıq bitkilər əkilir. Bu mövsüm 1600 hektarda əkin aparılması gözlənilir. Qısa müddətdə 79 hektar sahədə kartof, 34 hektarda tərəvəz əkilib. Digər yazlıq əkinlərin əkini üçün işlər davam etdirilir. Qeyd edək ki, rayonda torpaqların 60-70 faizi Yuxarı Şirvan kanalından götürülən su ilə suvarılır. Kanada suyun səviyyəsi isə hazırda xeyli aşağıdır. Bu, eləcə də yağıntıların iqlim normasından az olması fermerləri narahat edir. Hazırda bölgədə yazlıq əkinlərin normal su ilə təminatı üçün sudan qənaətlə istifadə edilməsi, eləcə də alternativ su mənbələrindən istifadə üçün lazımi tədbirlər də görülür.
İmişli rayonunda da cari təsərrüfat ilinin məhsulu üçün yazlıq bitkilər əkininə başlanılıb. Əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə 1522 hektar sahədə yazlıq bitkilər əkiblər. Əkin aparılan sahənin 1488 hektarını yonca, 23 hektarını kartof, 11 hektarını isə tərəvəz sahəsi təşkil edir. Əkinçilər, həmçinin rayonda mövcud olan 4 pambıq emalı müəssisəsi ilə müqavilə bağlayaraq 7 min 754.7 hektar sahədə dondurma şumu aparıb, arata qoyublar. Hazırda əkin sahələri pambıq səpini üçün malalanır. Torpaqda lazımi temperatur yaranan kimi çiyid səpininə başlanılacaq. Qeyd edək ki, ötən il rayonda 7 min 492.3 hektar sahədə pambıq əkilib və 19 min 715.8 ton məhsul yığılıb.
Kürdəmir rayonunda isə indiyədək 850 hektarda yazlıq kartof əkilib. Cari mövsümdə 900 hektarda yazlıq kartof əkini gözlənilir. Əkin daha çox rayonun Kürqırağı ərazilərində, o cümlədən Axtaçı, Mehdili, Qocalı, Ərəbqubalı, Köhünlü və bir sıra digər ərazi vahidlərində aparılıb. Qeyd edək ki, keçən il rayonda 16 min 160 ton kartof istehsal olunub. Bu, inişilkindən 318 ton çoxdur.
Biləsuvar rayonunda da cari ilin məhsulu üçün yazlıq bitkilərin əkininə başlanılıb. Əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə 718 hektar sahədə yazlıq bitkilər əkiblər. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 70 hektar çoxdur. Əkin aparılmış sahələrin 298 hektarını təzə yonca, 61 hektarını kartof, 437 hektarını tərəvəz, 22 hektarını isə dənli paxlalı bitkilər təşkil edir. Həmçinin rayonda fəaliyyət göstərən pambıq emalı müəssisələri ilə bağlanmış müqavilə əsasında 9 min 100 hektar sahədə pambıq əkilməsi üçün şum da aparılıb. Qeyd edək ki, keçən il rayonda 10 min 257 hektar sahədə pambıq əkilib, 3 min 706 ton məhsul tədarük olunub.
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər. Yanvar-fevral aylarında payızlıq və yazlıq çoxillik ot bitkilərinin yenidən əkilən sahəsi də daxil olmaqla, 1831 hektarda yaz əkini aparılıb. Yazlıq əkinlərin 345 hektarını çoxillik otlar, 190 hektarını kartof, 1296 hektarını tərəvəz təşkil edir. Rayonda ötən ilin payızında səpilmiş taxıl əkinlərinin becərilməsi də müvəffəqiyyətlə həyata keçirilir. Pambıq səpini üçün hazırlıq işləri görülür.
Balakən rayonunun təsərrüfatlarında da yazlıq bitkilərin əkininə başlanılıb. Qısa müddətdə 537 hektar sahədə yazlıq əkin aparılıb. Məhsul istehsalçıları indiyədək 246 hektar sahədə kartof və 206 hektarda tərəvəz bitkiləri əkib, 85 hektar sahəyə yonca səpiblər. Təsərrüfatlarda, eyni zamanda, tütün əkini üçün şitillərin yetişdirilməsi və taxıl əkinlərinə aqrotexniki xidmət işləri də davam etdirilir.
Neftçalada da cari ilin məhsulu üçün yazlıq bitkilərin əkininə başlanılıb. Əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə 1578,1 hektarda yazlıq bitkilərin əkinini aparıblar. Əkin aparılmış sahələrin 1444 hektarını yonca, 94,2 hektarını kartof, 39,9 hektarını tərəvəz bitkisi təşkil edir. Həmçinin rayonda fəaliyyət göstərən pambıq emalı müəssisələri ilə bağlanmış müqavilə əsasında 6 min 184 hektar sahədə pambıq əkilməsi üçün şum da aparılıb. Qeyd edək ki, ötən il rayonda 1052 məhsul istehsalçısı ilə müqavilə bağlanılaraq 5087 hektar sahədə pambıq əkilib, 16 min 71,4 ton xam pambıq toplanılıb.
İmişli rayonunda da kənd təsərrüfatı əsas fəaliyyət istiqamətlərindən sayılır. Dövlətimizin sahibkarlara göstərdiyi hərtərəfli dəstək, yanacaq və sürtkü yağlarına görə edilən güzəştlər, son məhsula verilən subsidiyalar rayonda taxıl istehsalının ilbəil artmasına səbəb olub. Qeyd edək ki, ötən il taxıl sahələrinin hər hektarından 36,4 sentner məhsul götürən əkinçilər cari təsərrüfat ilində bu göstəricini daha da artırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər. Artıq ötən ilin payızında səpin aparılan 17 min 151 hektar sahəyə aqrotexniki qaydada qulluq olunub. Səpin zamanı yüksək repreduksiyalı məhsuldar toxum sortlarından istifadə olunduğundan sahələrdən normal bitiş alınıb.
Hazırda taxılçılar əkin sahələrində becərmə işləri aparır, sahələr suvarılır və bitkiyə yemləmə gübrələri verilir. Artıq sahələrdə birinci suvarma başa çatıb və suvarılan sahələrin 9 min hektarına yemləmə gübrəsi verilib. Bu iş hazırda da davam etdirilir. Taxıl sahələrinin becərilməsi ilə yanaşı, xəstəlik və ziyanvericilərə qarşı da qabaqlayıcı tədbirlər görülür. Qeyd edək ki, ötən il rayonda 19 min 37 hektar sahədə biçin aparılıb və 70 min 821 ton taxıl tədarük olunub.
Salyan rayonunda da təsərrüfatın digər sahələri ilə yanaşı, taxılçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin bu sahəyə göstərdiyi hərtərəfli dəstək, yanacaq və sürtkü yağlarına görə edilən güzəştlər və son məhsula verilən subsidiyalar taxılçılıqla məşğul olan fermerlərin bu sahəyə marağını daha da artırıb. Buna görə də rayonda taxıl sahələri ilbəil genişlənir, məhsul istehsalı artır.
Ötən il taxıl sahələrinin hər hektarından 38,4 sentner məhsul götürən əkinçilər cari təsərrüfat ilində də yüksək nəticələr üçün bütün imkanlardan səmərəli istifadə edir, ötən ilin payızında səpin apardıqları 16 min 802 hektar sahəyə aqrotexniki qaydada qulluq göstərirlər. Səpin zamanı yüksək repreduksiyalı məhsuldar toxum sortlarından istifadə olunduğundan sahələrdən normal bitiş alınıb.
Hazırda taxılçılar əkin sahələrində becərmə işləri aparır, bitkilər suvarılır və yemləmə gübrəsi ilə təmin olunur. Artıq sahələrə bitiş suyunun verilməsi başa çatdırılıb, hazırda ikinci suvarma aparılır. Bu iş başa çatdıqdan sonra üçüncü suvarma, daha sonra isə bitkiyə dən suyu veriləcək. Taxıl sahələrinin becərilməsi ilə yanaşı alaq otları, xəstəlik və gəmiricilərə qarşı mübarizə tədbirləri də həyata keçirilir. İndiyədək alaq otları və xəstəliklərə qarşı ümumi əkin sahəsinin 140, gəmiricilərə qarşı isə 939 hektarında müşahidə aparılıb və qabaqlayıcı tədbirlər görülüb. Qeyd edək ki, ötən il rayonda 16 min 734 hektar sahədə biçin aparılıb və 63 min 508 ton taxıl tədarük olunub.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 664 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30