Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında yolların tikintisi və bərpası istiqamətində genişmiqyaslı işlər görülür

Azərbaycanın regionlarında yolların tikintisi və bərpası istiqamətində genişmiqyaslı işlər görülür

10.04.2020 [20:20]

Bölgələrdə yol infrastrukturunun yenilənməsi ilə əlaqədar tədbirlər fasiləsiz olaraq davam etdirilir

(əvvəli ötən sayımızda)

Son dövrlərdə cəbhəyanı yaşayış məntəqələrini birləşdirən yolların inşası, müasir tələblər səviyyəsində yenidən qurulması ümumilikdə, ölkəmizin iqtisadi potensialını artırır. Belə ki, bu cür yolların yenidən qurulması vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına səbəb olur.
Onu da qeyd edək ki, son dövrlər respublika əhəmiyyətli və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarında tikinti-bərpa işləri davam etdirilir. Belə ki, Yevlax rayonu ərazisində Xaldan-Ərəş-Meyvəli marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən avtomobil yolu yenidən qurulur.
AAYDA-dan bildirilib ki, başlanğıcını Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 3-cü kilometrindən götürən Yevlax rayonunun 8 kilometrlik Xaldan-Ərəş-Meyvəli kəndlərarası avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir. Hazırda yolun deformasiyaya uğramış hissələrinin qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri istiqamətində işlər aparılır. Yol yatağı hazır olan hissələrdə qum-çınqıl qarışığından ibarət əsasın alt və üst layının tikintisi işləri də görülür. Bunun üçün optimal qum-çınqıl qarışığından istifadə edilir. Ümumilikdə sözügedən torpaq işləri 80 min kvadratmetrdən çox ərazini əhatə edir, 32 min kvadratmetrə yaxın sahədə çiyin hissələrin lazımi materialla bərkidilməsi də nəzərdə tutulub.
Torpaq işlərinə paralel olaraq layihə çərçivəsində yeni suötürücü boruların inşası işləri də həyata keçirilir. Belə ki, borular istismara yararsız olduğundan yenisi ilə əvəz olunmasına ehtiyac var idi. Bu məqsədlə müxtəlif diametrli dəmir-beton borunun quraşdırılması, boru başlıqlarının dəmir-betonla inşası aparılır.
Yol əsası hazır olan hissələr texnoloji ardıcıllığa uyğun olaraq, iri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilərək örtüyün alt və üst layı 12 santimetr qalınlıqda asfaltlanacaq. Bu işlər 50 min kvadratmetrə yaxın ərazini əhatə edəcək. Tikinti işlərinin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları, yol nişanı və göstəricilər, siqnal dirəkləri quraşdırılacaq, yolun xətlənməsi işləri görüləcək.
Sözügedən ərazidə yeni və müasir yol infrastrukturu yaradılmaqla avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunacaq, 3 yaşayış məntəqəsinin 6 mindən çox əhalisinin Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 3-cü kilometrinə rahat çıxış əldə etməklə gediş-gəlişi asanlaşacaq. Yol layihəsinin icrası avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla, həm də kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.
Yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, AAYDA tərəfindən Abşeron rayonunda ərazisində mühüm əhəmiyyətə malik yollarda təmir-tikinti işləri davam etdirilir. Bu çərçivədə Masazır-Novxanı avtomobil yolunun 2,5 kilometrlik hissəsinin yenidən qurulması işlərinə başlanılıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sözügedən avtomobil yolu uzun müddət istismar olunduğundan yolda çalalar, çökmələr, qabarmalar əmələ gəlib, nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Yolun səviyyəsi yerin təbii relyefi ilə eyni olduğundan yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalır. Yolun əsaslı şəkildə bərpa edilməsi ilə sadalanan problemləri aradan qaldırmaq üçün agentlik tərəfindən təxirəsalınmaz işlər görülür.
Təmir-bərpa işləri çərçivəsində qəsəbələrarası yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. İlk dəfə olaraq bu yolda yol əsasının yararsız qruntu qazılıb çıxarılaraq daşınır və yararlı qrunt gətirilərək əks dolğu işləri görülmədən bərkidilir. Bunun üçün qruntdan nümunə götürülür, laboratoriyada analiz edilərək tərkibi, rütubətliliyi, sıxlığı və yükgötürmə qabiliyyəti öyrənilir. Bundan sonra tərkibinə uyğun olaraq xüsusi qatqı müəyyənləşdirilir. Daha sonra ərazidə xüsusi mexanizmlər vasitəsilə əldə edilən qatqı yol əsasına səpilir və qarışdırılır. Məhz həmin ərazi üçün hazırlanmış xüsusi qrunt texnikalar vasitəsilə yayılıb kipləşdirilir.
Yol əsasının bu cür bərkidilərək yükgötürmə qabiliyyətinin artırılması əraziyə əlavə texnikaların və qüvvənin cəlb edilməməsi ilə qənaətə, həmçinin əlavə vaxt itkisinin qarşısını almaqla faydalı iş əmsalının artırılmasına gətirib çıxaracaq.
Masazır-Novxanı yolunda bərpa işlərinin aparıldığı ərazidə yol əsasının yeni üsulla işlənilməsi prosesinin yaxın günlərdə yekunlaşdırılması və ardınca asfaltlanma işlərinə başlanılması nəzərdə tutulur. Yeni asfalt-beton örtüyü 30 min kvadratmetr sahəyə döşənəcək. Buna paralel olaraq yolun çiyin hissələrinin də xüsusi qruntla bərkidliməsi işləri aparılacaq.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılacaq, yola üfüqi nişanlanma xətləri çəkiləcək. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Abşeron rayonunun mərkəzi Xırdalan şəhərində isə ümumi uzunluğu 5,4 kilometr olan Nizami Gəncəvi, Qalubiyyə, Hacı Zeynalabdin Tağıyev və Səttar Bəhlulzadə küçələrinin təmir işləri artıq yekunlaşmaq üzrədir. Aparılan kompleks tədbirlər çərçivəsində AAYDA tərəfindən əsaslı təmir olunan Qalubiyyə küçəsinin uzunluğu 1,1 kilometr, ortalama eni 10 metrdir. Təmiri yekunlaşmaq üzrə olan Nizami Gəncəvi küçəsinin uzunluğu 1,6 kilometr, ortalama eni isə 12 metr təşkil edir. Bu küçələr üzrə ümumi asfaltlanan ərazinin sahəsi 12,5 min kvadratmetrdir.
Növbəti mərhələdə 1,5 kilometr uzunluğa malik Hacı Zeynalabdin Tağıyev və 1,2 kilometrlik Səttar Bəhlulzadə küçələrinin əsaslı təmiri nəzərdə tutulub. Bu küçələr üzrə asfaltlanacaq sahə 22,5 min kvadratmetrdir.
Hazırda Xırdalan şəhərinin əsas nəqliyyat arteriyası hesab olunan Heydər Əliyev prospektində isə yenidənqurma işləri davam etdirilir. Prospektin uzunluğu 5100 metrdir ki, bunun da 2700 metri 4 hərəkət zolaqlıdır. Əsaslı təmir işləri çərçivəsində prospekt boyu köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, zəruri olan yerlərdə yol əsasının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib. Bundan başqa, mümkün ərazilərdə yolun hər iki tərəfi 2 metr olmaqla genişləndirilib. Bu işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işlərinə başlanılıb. Artıq prospektin 2,5 kilometrlik hissəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşdırılıb. Mövcud piyada səkilərinin yenidən qurulması, zəruri olan yerlərdə yeni piyada səkilərinin tikintisi, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri də layihə üzrə həyata keçirilən işlərdəndir.
Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının baxış qapaqları layihə hündürlüyünə qaldırılaraq yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.
Tovuz rayonunda isə bir şəhər və dörd kəndi əhatə edən yollar yenidən qurulur. AAYDA-dan bildirilib ki, ümumi uzunluğu 36 kilometr olan avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri yüksək keyfiyyətlə və sürətlə dava etdirilir. Bu, M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan ayrılan və uzunluğu 17 kilometr olan Əyyublu kəndinin, 4,4 kilometr uzunluğunda Aran kəndinin, 7,6 kilometrlik Qovlar şəhərinin 2 yaşayış məntəqəsinin, həmçinin uzunluğu 5 kilometr olan Aşağı Quşçu və 2 kilometr olan Koxanəbi kəndlərinin avtomobil yollarıdır. Sözügedən yolların hər biri IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.
İşlər 5 yaşayış məntəqəsinin 30 mindən çox əhalisinin M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə respublikanın bütün istiqamətlərinə hərəkət etmələrini xeyli dərəcədə asanlaşdıracaq. Sözügedən avtomobil yolları uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən avtomobil yolu yararsız vəziyyətdə idi. Üstəlik bəzi hissələrdə yol əkin sahəsindən keçdiyi üçün torpaq yatağı suvarma və qrunt sularının təsirinə məruz qalaraq yararsız hala düşmüşdü. Bu isə öz növbəsində, vətəndaşların hərəkətində müəyyən çətinliklərə səbəb olurdu.
Yollar boyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa olunur. Bu işlərə paralel olaraq suların ötürülməsi üçün müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton boruların tikintisi işləri də aparılır. Çünki mövcud suötürücü borular və boruların başlıq hissələri dağılıb.
Torpaq yatağının tikintisi yekunlaşan ərazilərdə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası görülür. Texnoloji ardıcıllığa əsasən növbəti mərhələdə yollara 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də başlanılıb. Qeyd olunan işlər ümumilikdə yolların 200 min kvadratmetrdən çox sahəsində aparılacaq. Asfaltlanan ərazilərdə çiyinlərin lazımi materialla bərkidilməsi işləri də görülür.
Qaşqay RAMAZANOV

 
Paylaş:
Baxılıb: 664 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30