Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Respublikamızın regionlarında yol infrastrukturu quruculuğu uğurla davam edir

Respublikamızın regionlarında yol infrastrukturu quruculuğu uğurla davam edir

04.06.2020 [09:13]

Müasir standartlara cavab verən yeni yolların çəkilməsi bölgələrin sosial-iqtisadi inkişafında mühüm rol oynayır
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində bütövlükdə ölkəmiz, o cümlədən regionlar uğurla inkişaf edib. Təbii ki, əldə edilən uğurlarda 2004-cü ildən etibarən reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının xüsusi payı var. Çünki indiyə qədər üçünün icrasının tamamlandığı, dördüncüsünün icrasının isə davam etdiyi sözügedən Dövlət proqramları çərçivəsində görülən işlər, həyata keçirilən genişmiqyaslı layihələr ölkəmizin bütün regionlarının ümumi inkişaf dinamikasını təmin edib. Onu da vurğulamaq yerinə düşər ki, bəhs edilən Dövlət proqramları çərçivəsində regionlarda reallaşdırılan ən vacib işlərdən biri də müxtəlif sahələr üzrə müasir infrastrukturun yaradılması, infrastruktur layihələrinin icra edilməsidir.
Yeri gəlmişkən qeyd edək ki, bu məsələyə Prezident İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə də geniş toxunulub. Dövlət başçısı müşavirədəki çıxışında “İnfrastruktur layihələrinə gəldikdə, demək olar ki, əsas infrastruktur layihələri Azərbaycanda icra edilib. Düzdür, növbəti illərdə bu layihələrin icrasına ehtiyac var. Çünki bir daha qeyd etmək istəyirəm, əhalinin artımı bunu diktə edir. O ölkələrdəki əhali artmır, orada yeni infrastruktur layihələrinə də ehtiyac qalmır. Amma bizdə əhali artır, ona görə yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar, yol infrastrukturu, kommunikasiyalar - bütün bunlar daim diqqət tələb edir. Ona görə birinci vəzifə budur. İkinci vəzifə ondan ibarətdir ki, investisiya proqramımız infrastruktur layihələrinin icrası ilə paralel olaraq iqtisadiyyatın real sektoruna dəstək verməlidir. O cümlədən bu infrastruktur layihələrinin real sektora olan təsiri də bir növ təhlil edilməli və mənə məlumat təqdim edilməlidir”, - deyə bildirib.
Beləliklə, qeyd olunduğu kimi, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən işlər, reallaşdırılan müvafiq layihələr respublikanın bölgələrinin hərtərəfli inkişafını təmin edib və hər bir rayonda əldə edilən yeni-yeni uğurlarla müşayiət olunub. Bu məqamda vurğulamaq yerinə düşər ki, ölkəmizdə sosial sahənin mühüm elementi olan yol infrastrukturunun müasirləşdirilməsi, respublikanın bölgələrində yol təsərrüfatının yenidən qurulması da bunun əyani göstəricisidir. Ölkəmizdə həyata keçirilən müxtəlif infrastruktur layihələri sırasında avtomobil yollarının yenidən qurulması mühüm yer tutur. Çünki yolların yenidən qurulması həm insanların rahatlığına, həm də iqtisadiyyatın, kənd təsərrüfatının inkişafına xidmət edir. Bildirmək yerinə düşər ki, Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı müvafiq Fərmanla təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda bölgələrdə magistral və kənd yollarının əsaslı şəkildə yenidən qurulması ilə bağlı çoxlu sayda tədbirlər nəzərdə tutulub.
Bütövlükdə, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq yenidən qurulan yollar bölgələrin simasını dəyişməklə, rayon və şəhərlərin inkişafı üçün yeni imkanlar yaradır. Və ötən illərdə olduğu kimi bu ili arxada qayal ayları ərzində də sözügedən istiqamətdə işlər davam etdirilib.
Masallı-Köhnə Alvadı-Təzə Alvadı-Güllütəpə-Əmirtürbə-Yeni Zuvand avtomobil yolu yenidən qurulub
Daha dəqiq desək, hazırda regionlarda yol infrastrukturu quruculuğu uğurla davam edir. Məsələn, Masallı-Köhnə Alvadı-Təzə Alvadı-Güllütəpə-Əmirtürbə-Yeni Zuvand avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin Sərəncamına əsasən, Masallı rayonunda 2 istiqamət üzrə kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri yekunlaşıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, söhbət ümumi uzunluğu 16 kilometr olan Masallı-Köhnə Alvadı-Təzə Alvadı və Köhnə Alvadı-Güllütəpə-Yeni Zuvand-Əmirtürbə avtomobil yollarından gedir. Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 15 yaşayış məntəqəsində yaşayan 38 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, rayon mərkəzinə, həmçinin M3 Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
Sözügedən yollarda işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılmış yenidənqurma işləri çərçivəsində torpaq və çınqıl örtüklü olan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolların eni 10 metrə qədər genişləndirilib. Buraya 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
Tikinti layihəsinə uyğun olaraq yararsız qruntun qazılıb çıxarılması, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub. Bunun ardınca lazımi qarışıqlardan istifadə etməklə 2 laydan ibarət yol əsasının inşası işləri də aparılıb və asfalt-beton örtük salınıb.Tikinti norma və standartlarına uyğun olaraq yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənib. Bu işlər yolun 100 min kvadratmetr sahəsini əhatə edib.
Yolboyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə müxtəlif diametrlərə malik 11 ədəd suötürücü dəmir-beton borular tikilib, yolun 6-cı kilometrində yerləşən 46 poqonmetr uzunluğunda olan avtomobil körpüsü təmir olunub.
Layihənin sonuncu mərhələsində yolboyu 15 yerdə avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün 500 siqnal dirəyi, 150 yol nişanı və məlumatverici lövhə quraşdıırlıb, üfüqi nişanlanma xətləri çəkilib. Bununla da sözügedən yollarda müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.
Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunda yenidənqurma işləri artıq yekunlaşıb
Xaçmaz rayonunun Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunda isə yenidənqurma işləri artıq yekunlaşıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yenidən qurulan avtomobil yolunun ümumi uzunluğu 35,9 kilometr təşkil edir. Yol bir-neçə istiqamət üzrə yenidən qurulub. Bu, yolun 20,5 kilometr uzunluğa malik Xaçmaz-Əbilyataq və 7,7 kilometr olan Qarğalıq kənd hissələridir, həmçinin 7 kəndin - Qaraçı, Gülalan, Cığatay, Qarabağlı, Ağçay, İlxıçı və Niyazoba kəndlərinin giriş yollarıdır. Giriş yollarının da ümumi uzunluğu 7,7 kilometrdir.
Torpaq və çınqıl örtüklü olan yolla xüsusən payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi. Təmir-tikinti işlərindən sonra isə 12 yaşayış mətəqəsinin əhalisi tam yeni və yüksəkkeyfiyyətli asfalt-beton örtüklü yoldan istifadə edirlər. Layihəyə əsasən, sözügedən yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. İki hərəkət zolaqlı olan yolun ümumi eni 10 metr təşkil edir. Buraya 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.
Tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa olunub. Bunun ardınca qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri görülüb. Bundan başqa yolboyu zəruri olan yerlərdə sel və yağış sularının yol yatağından kənar edilməsi üçün 5 yerdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton borular quraşdırılıb, mövcud borular isə təmir olunaraq bərpa edilib. Daha sonra yolun 200 min kvadratmetrdən çox hissəsinə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənib. Tikinti işlərindən sonra layihəyə uyğun olaraq zəruri olan yerlərdə avtonəqliyyat vasitələrinin hərəkətin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədilə yol nişanları, məlumatverici lövhələr, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib.
Müasir şəkildə yenidən qurulan yolun istifadəyə verilməsi ilə yolboyu 12 yaşayış məntəqəsində yaşayan 12 minədək əhalinin gediş-gəlişi xeyli rahatlaşıb, yük və sərnişin daşıması isə asanlaşıb. Çünki yolun yenidən qurulması ilə əhali istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara rahat şəkildə gedib-gələ, yetişdirdikləri məhsulları xarab olmadan bazarlara çıxara bilirlər. Bununla da sözügedən ərazidə insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatı daha da inkişaf edir.
Qubanın Mirzəqışlaq kəndinin yolu əsaslı şəkildə yenidən qurulub
Qubanın Mirzəqışlaq kəndinin yolu əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Belə ki, Mirzəqışlaq kəndinə yeni avtomobil yolunun çəkilməsi ilə yaşayış məntəqəsində yaşayan 800-ə yaxın əhalinin Qubanın rayon mərkəzinə rahat və maneəsiz gediş-gəlişi təmin olunub. Mirzəqışlaq yolu bundan öncə torpaq və çınqıl örtüklü olduğundan sözügedən yolda xüsusən payız-qış mövsümündə avtomobillərin hərəkəti xeyli çətinləşirdi. Problemlə bağlı vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, 3,5 kilometrlik yol əsaslı şəkildə yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun həyata keçirdiyi yenidənqurma işləri çərçivəsində yeni yol yatağı salınıb, 6 metr enində yüksək keyfiyyətli asfalt örtüyü döşənib. Yerli əhəmiyyətli yol 4-cü texniki dərəcəyə uyğun inşa edilib. Yolun istifadəyə verilməsi yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsini yaxşılaşdırmaqla yanaşı, bölgədə kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

(davamı növbəti sayımızda)
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 601 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30