Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda yaş barama tədarükünə start verilib

Regionlarda yaş barama tədarükünə start verilib

11.06.2020 [09:10]

Ölkəmizdə qədim ənənələrə malik baramaçılığın inkişafı istiqamətində atılan addımlar rayonlarda bu sahədə məhsuldarlığın artmasına təkan verib
Son 16 ildə regionların sosial-iqtisadi inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə, o cümlədən kənd təsərrüfatında ciddi uğurlar əldə olunub. Aqrar sektorun inkişafından danışarkən baramaçılığa göstərilən diqqət və qayğını xüsusi vurğulamaq yerinə düşər. Belə ki, son illər ərzində respublikamızda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində görülən işlər bu sahənin inkişafına mühüm töhfə verib.
Bir sözlə, Azərbaycanda qədim ənənələrə malik baramaçılığın dirçəldilməsi ölkə rəhbərliyi tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən olunub. Və regionlarda bu istiqamətdə görülən işlər davamlı xarakter daşıyır.
Aran bölgəsinin bir sıra rayonlarında kümçülər əldə olunan məhsulu qəbul məntəqələrinə təhvil verirlər
Yeri gəlmişkən, may ayının son, iyun ayının ilk günlərindən etibarən artıq bir sıra rayonlarımızda, o cümlədən Mərkəzi Aran regionuna daxil olan Zərdabda yaş barama tədarükünə başlanılıb. Məlumat üçün bildirək ki, 2016-cı ildə cəmi 5710 kiloqram yaş barama tədarük olunan Zərdabda hazırkı mövsümdə 70 tondan çox məhsul gözlənilir. Dövlətin bu sahəyə diqqət və qayğısı nəticəsində Zərdabda cari ildə də bol məhsul yetişdirilib. İlk günlərin göstəriciləri də bunu deməyə əsas verir. Bildirək ki, bu mövsümdə Zərdabda 683 nəfər kümçüyə 1700 qutu ipəkqurdu toxumu paylanıb və hər yerdə bol məhsul yetişdirilməsinə nail olunub.
Bərdə rayonunun kümçüləri də bu il 1000 qutu (19 min qram) ipəkqurdu toxumu bəsləyiblər. Əvvəlki illərdə yetişdirilən məhsulun bəhrəsini görən bərdəli kümçülər cari ildə daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar. Rayon üzrə 40 tondan çox barama tədarük ediləcəyi gözlənilir.
Rayon Statistika İdarəsinin məlumatına görə, rayonda barama tədarükü davam edir. Qeyd edək ki, Bərdə rayonunun xeyli inkişaf edən sahələrdən olan baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2019-cu illərdə rayon ərazisində 400 min ədəddən çox tut tingi əkilib. 2016-cı ildə 4,5 ton, 2017-ci ildə 12,5 ton, 2018-ci ildə 24,5 ton, 2019-cu ildə isə 36,6 ton barama istehsal olunub.
Kürdəmir rayonunda da yaş barama tədarükünə start verilib. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumatına görə, cari mövsümdə peşəkar kümçülər tərəfindən bol barama yetişdirilməsinə nail olunub. Bu ayın ilk günündə “Azəripək” MMC-nin nümayəndələrinə Türkəndi kəndindən Oktay İsmayılov 110 kiloqram, Sovla kəndindən Əlvan Rəhimov 106,2 kiloqram, Babək Fərzəliyev 73,8 kiloqram yaş barama təhvil veriblər. Qeyd edək ki, bölgədə kümçülər tərəfindən barama təhvili davam etdirilir.
Aran bölgəsinin bir başqa rayonunda-Ucarda da yaş barama tədarükünə başlanılıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumatına görə, cari mövsümdə 112 kümçü tərəfindən 350 qutu ipəkqurdu toxumu bəslənilib və bol məhsul yetişdirilib. İyunun ilk iki günündə “Azəripək” MMC-nin nümayəndələri tərəfindən 841 kiloqram yaş barama qəbul olunub. Rayonda daha çox barama yetişdirilən Boyat, Bərgüşad, Yuxarı Şilyan və bir sıra digər ərazi dairələrinin kümçüləri məhsul təhvilində fəallıq göstərirlər. İlk gündə Bağman kəndindən Mahmud Səfərəliyev 190 kiloqram, Niftalı Əzizov 73 kiloqram, Yuxarı Şilyandan Cabir Hacıyev 55 kiloqram yaş barama təhvil veriblər.
Bölgəyə daxil olan Hacıqabulda isə artıq dördüncü ildir ki, ipəkqurdu bəslənilir. Ölkədə bu sahənin inkişafına yenidən önəm verilməsi hacıqabullu kümçülər tərəfindən də razılıqla qarşılanır. İndi onlarla rayon sakini təsərrüfatın bu gəlirli sahəsinə göstərilən dövlət dəstəyindən yararlanmaq üçün aidiyyəti qurumlarla müqavilələr bağlayaraq, barama istehsalı ilə məşğul olmağa başlayıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, ötən il rayonda 59 kümçü ipəkqurdu bəsləyib və 2 ton 912 kiloqram məhsul istehsal olunub. Bu il isə 59 ailəyə ipəkqurdu toxumu paylanılıb. Kümçülərin bu sahədə təcrübəsinin az olmasına baxmayaraq, mütəxəssislərin məsləhətlərinə düzgün əməl olunması nəticəsində yaxşı nəticə əldə edilib. Artıq bir neçə gündür ki, rayonda barama tədarükünə başlanılıb. İyunun 9-na kimi tədarük məntəqəsinə 312 kiloqram barama təhvil verilib. Rayonun xüsusən Abdullabad, Qarasu, Nəvahi və Meyniman kəndlərinin kümçüləri yüksəkkeyfiyyətli məhsul təhvil verirlər. Rayonda barama tədarükü davam edir. Qeyd edək ki, bu il Hacıqabulda 2 ton 912 kiloqram barama istehsalı nəzərdə tutulub.
Bu il İmişlidə isə 17 ton barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə 420 qutu ipəkqurdu toxumu gətirilərək müqavilə bağlanılmış kümçülərə paylanılıb. Respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində rayon baramaçılarının bu sahəyə marağı xeyli artıb. Əgər ötən il İmişlidə 134 ailə ipəkqurdu bəsləyirdisə, bu il onların sayı 163-ə çatıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, ötən il rayonda 9 ton 500 kiloqram barama istehsal olunub. Kümçülər bu il istehsalı artıraraq 17 tona çatdırmağı qarşıya məqsəd qoyublar. Bununla bağlı kümçülər üçün bütün zəruri şərait yaradılıb.
Artıq bir neçə gündür ki, rayonda barama tədarükünə başlanılıb. Kümçülər qısa müddətdə tədarük məntəqəsinə 2 ton 740 kiloqram məhsul təhvil veriblər. Barama tədarükündə rayonun Oruclu, Cəfərli, Gödəktala və Telişli kəndlərinin kümçüləri fərqlənirlər.
Cənub regionunda baramaçılığın inkişafı istiqamətində ardıcıl tədbirlər görülür
Baramaçılıq cənub regionuna daxil olan Cəlilabad rayonu üçün qeyri-ənənəvi sahələrdən olsa da, rayonda ipəkqurdu təsərrüfatlarının sayı ilbəil artır. Bu il də Cəlilabad rayonunda baramaçılıqla məşğul olan təsərrüfatların sayı artıb. Qeyd edək ki, Cəlilabad rayonunda 25-ə yaxın təsərrüfatda ipəkqurdu bəsləməklə 150-dən çox ailənin məşğulluğu təmin edilib. Kümçülərə 1 kiloqrama yaxın ipəkqurdu paylanılıb. Vurğulanmalıdır ki, ötən il baramaçılıqdan yüksək gəlir edən kümçülər bu il daha çox ipəkqurdu bəsləyirlər.
Ən əsası isə, bu il rayonda 2 min kiloqramdan çox barama məhsulunun tədarük edilməsi nəzərdə tutulub. Toxumların dövlət tərəfindən verilməsi və bazarının olması insanlar arasında baramaçılığa olan marağı daha da artırır. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) verilən məlumata görə, qurdların bəslənməsi üçün rayonda əlverişli yem bazası var. Son iki ildə rayon ərazisində Çindən gətirilən 25 min tut tingi əkilib. Eləcə də kümçülər şəxsi təsərrüfatlarında da yem tədarükü üçün tut ağaclarının sayını artırırlar.
Cəlilabad DAİM-in direktor müavini Sahibəli Seyfullayev bildirib ki, Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri daim kümçülərlə görüşür, onlara öz tövsiyələrini verirlər: “Kümçülərin yem bazalarında demək olar ki, heç bir problem yoxdur. Bizim builki hədəfimiz 50 qutudan 2 ton məhsul əldə etməkdir. İnşallah, buna da nail olacağıq. Gəlirli sahə olduğuna görə ipəkqurdu saxlamağa maraq getdikcə çoxalır, bu isə gələcəkdə kümçülərin sayının daha da artacağını deməyə əsas verir”.
Beləliklə, artıq bir neçə gündür ki, Cəlilabad rayonunda barama tədarükünə başlanılıb. Kümçülərin yetişdirdikləri barama məhsulu “Azəripək” MMC-yə təhvil verilir.
Son illər Lənkəran rayonunda da ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Rayonda baramaçılığın yem bazasını möhkəmləndirmək məqsədilə Çin Xalq Respublikasından gətirilərək kümçülərə paylanılmış tut tinglərinin əkilməsinə, vaxtında suvarılmasına və aqrotexniki qulluğuna ciddi nəzarət olunaraq, məhsuldar tut bağları salınıb. Son dörd ildə rayonda 141 min 200 ədəd tut tingi əkilib.
Bu il rayonda 45 kümçüyə ipəkqurdu toxumu paylanılıb. İpəkqurdunun normal bəslənməsindən ötrü təsərrüfatlarda kümçülər tərəfindən yardımçı binalar, sığınacaqlar ayrılıb. Böyük zəhmət bahasına yaradılmış bu şərait ipəkqurdunun normal inkişafına və vaxtında bol məhsulun yetişməsinə tam təminat verir.
Rayonda təcrübəli kümçülərdən və ixtisaslı mütəxəssislərdən ibarət işçi qrupunun üzvləri tez-tez təsərrüfatlarda olur, təcrübə mübadiləsi aparır və vəziyyətlə yerindəcə tanış olaraq kümçülərə lazımi tövsiyələrini verirlər.
Bu il Lənkəranda 10 ton barama məhsulunun tədarükü proqnozlaşdırılır. Rayonda bu sahədə böyük təcrübəyə malik Liman şəhər, İstisu qəsəbə, Şilavar, Şağlaser, Göyşaban, Vilvan, Zövlə, Səpnəkəran və digər kəndlərdə fəaliyyət göstərən təsərrüfatlarda mütəxəssis rəylərini nəzərə alaraq həyata keçirilən səmərəli işlər kümçülərin əvvəlki illərdə olduğu kimi, bu il də yüksəkkeyfiyyətli məhsul əldə edəcəklərinə əminlik yaradır. Qeyd edək ki, ötən il Lənkəranda 8 ton barama tədarük olunub. Respublika üzrə bir qutu ipəkqurdundan götürülən ən yüksək məhsuldarlıq Lənkəranda olub.
O da qeyd edilməlidir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla həyata keçirilməsi sayəsində yeni müsbət reallıqlar yaranıb, bölgələrin tarazlı inkişafı təmin edilib. Diqqət çəkən ən mühüm məsələlərdən biri isə bölgələrin inkişafında müstəsna komponentlərdən sayılan aqrar sektorun müasir innovativ yeniliklərə daim müraciət etməsi, yeni texnologiyalardan bəhrələnməsidir. Digər tərəfdən, müasir innovativ yeniliklərdən istifadə olunması ənənəvi kənd təsərrüfatı sahələrinə vətəndaşların da marağını artırır.
Yeri gəlmişkən, baramaçılıqda da hər zaman müasir innovativ yeniliklərə müraciətlər olunur.

(davamı növbəti sayımızda)
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 584 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30