Regionlarda taxılçılığın inkişafı daim diqqət mərkəzində saxlanılır
26.06.2020 [09:05]
Respublikamızın bölgələrində taxıl biçini uğurla davam etdirilir
(davamı növbəti sayımızda)
Qeyd edək ki, rayonda arpa sahələrinin biçini yekunlaşıb və 45-50 sentnerdən yuxarı nəticə əldə edən fermerlər də var. Hazırda hər hektardan orta məhsuldarlıq - arpada 22 sentner, buğdada isə 32 sentnerdən çoxdur. Fermerlərin isə hədəfi bu mövsüm 210 min tondan çox taxıl tədarük etməkdir.
Taxıl əkini sahələrinin həcminə görə ilk beşlikdə olan Ağsu rayonunda arpa biçini yekunlaşmaq üzrədir. Bu il rayonda 35728 hektar sahədə payızlıq taxıl əkilib. Bunlardan 18497 hektarı buğda, 17231 hektarı arpa sahələridir. Ağsuda 16830 hektar sahədə arpa biçini aparılıb, 55280 ton məhsul yığılıb. Arpa üzrə orta məhsuldarlıq 32,8 sentner təşkil edir. İyunun 23-nə olan məlumata görə, rayon üzrə buğda sahələrinin 9770 hektarında biçin başa çatıb. Sahələrdən 32210 ton buğda yığılıb ki, bu da orta məhsuldarlığın 33 sentner olması deməkdir.
Hazırda rayonda biçin prosesinə 78 kombayn cəlb olunub. Bunlardan 14-ü “Aqrolizinq” ASC-nin rayon bölməsinin balansında olan kombaynlardır. Biçin prosesini sürətləndirmək üçün “Aqrolizinq” tərəfindən Ağsuya əlavə 4 kombayn dislokasiya olunub. Biçində, həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 60 kombayn da iştirak edir. Ağsu rayonunda biçin prosesinin optimal müddətdə başa çatacağı gözlənilir.
İmişli rayonunun fərdi fermer təsərrüfatlarında da taxıl biçini sürətlə davam edir. İyunun 20-nə kimi 12 min 122 hektar sahədə biçin aparılıb və 48 min 370 ton məhsul yığılıb. Hər hektarın məhsuldarlığı orta hesabla 39,9 sentner olur. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumatına əsasən 2019-cu ilin payızında rayonda 17 min 151,8 hektar sahədə taxıl əkilib. Bunun 7 min 62 hektarı arpa, 10 min 89,8 hektarı isə buğdadır. Ötən təsərrüfat ilində hər hektar taxıl sahəsindən 36,7 sentner məhsul götürən torpaq mülkiyyətçiləri cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə nümunəvi qulluq göstəriblər. Bunun nəticəsində də taxıl sahələrində bol məhsul yetişib.
Xeyli vaxtdır ki, zəmilərdə yetişmiş məhsulun yığımına başlanılıb. Kampaniyanı vaxtında başa çatdırmaq üçün bütün qüvvələr səfərbər olunub, əsas diqqət məhsulun itkisiz yığılmasına yönəlib. Bu məqsədlə sahələrə 40 kombayn çıxarılıb, məhsulun daşınması və digər işlərin həlli üçün 150-dən çox maşın və mexanizm işə cəlb olunub. Mütəxəssislərin fikrincə, bu il sahələrdən təxminən 75 min tondan çox məhsul götürmək mümkün olacaq.
Oğuz rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası mütəşəkkil davam etdirilir. İyunun 20-nə olan məlumata əsasən, 2 min 435 hektar sahənin arpası biçilib, 7 min 256 ton məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 29,8 sentner təşkil edir. Bu barədə məlumat verən Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov bildirib ki, cari mövsümdə Oğuz rayonunda 16 min 135 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 11 min 970 hektarını buğda, 4 min 165 hektarını arpa sahələri təşkil edir. Hazırda sahələrdə 42 kombayn işləyir. Buğda biçininə bir neçə gündən sonra başlanılacaq.
Xatırladaq ki, oğuzlu fermerlər ötənilki mövsümdə 16 min 87 hektar taxıl sahəsindən 49 min 708 ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 31 sentner məhsul götürülüb.
Taxılçılıq rayonlarından sayılan Salyanda da taxıl biçini sürətlə davam edir. Fermerlər məhsul yığımını tezliklə başa çatdırmaq üçün bütün imkanlardan yararlanırlar. İşin səmərəli təşkili nəticəsində artıq taxıl sahələrinin 84,6 faizinin məhsulu yığılıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumatına görə, salyanlı taxılçılar ötən ilin payızında əkdikləri 16 min 802 hektar taxıl sahəsinin 14 min 209 hektarında biçini başa çatdırıblar. Zəmilərdən iyunun 22-nə kimi 53 min 154 ton məhsul yığılıb ki, bunun da 40 min 307,9 tonu arpa, 12 min 846,7 tonu buğdadır. Qeyd edək ki, hazırda Salyanın taxıl sahələrində 39 kombayn işləyir.
Qeyd edildiyi kimi, ərzaq təhlükəsizliyinin təmin edilməsində kənd təsərrüfatının əsas prioritet istiqamətlərindən biri olan taxılçılıq mühüm əhəmiyyət kəsb edir. Taxıl istehsalının artırılmasına daha məhsuldar və xəstəliklərə davamlı sortların yaradılması, yüksək reproduksiyalı taxıl toxumlarının istehsalı, intensiv becərmə texnologiyasının tətbiqi ilə nail olmaq mümkündür. Bu baxımdan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasının fəaliyyəti tədqirəlayiqdir. Yeri gəlmişkən, artıq bir neçə gündür ki, Tərtər Bölgə Təcrübə Stansiyasının əkin sahələrində becərilmiş taxılın biçininə başlanılıb. Bölgə Təcrübə Stansiyasının direktoru Həqiqət Həşimova bildirib ki, hazırda stansiyada dənli bitkilərin seleksiyası, toxumçuluq və becərmə texnologiyası istiqamətlərində üç şöbə fəaliyyət göstərir. Stansiyanın fəaliyyətinin məqsədi Qarabağın suvarma zonası üçün yüksək məhsuldar, yatmaya və xəstəliyə davamlı sortların yaradılması və yüksək reproduksiyalı toxum istehsalıdır.
Respublikada əkilib-becərilən yumşaq buğdanın “Qırmızı gül”, “Qobustan”, “Fatimə”, “Şəfəq-2”, “Mətin”, “Əsgəran”, “Xəzri”, “Murov-2”, arpanın “Qarabağ-22”, “Qarabağ-33”, “Günəş” sortları Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun əməkdaşlarının iştirakı ilə Tərtər Bölgə Təcrübə Stansiyasında yaradılaraq həyata vəsiqə alıb. Qeyd edək ki, stansiyanın becərmə texnologiyası şöbəsində yeni yaradılmış perspektiv sortların aqrotexnikası öyrənilir.
Toxumçuluq şöbəsində isə buğdanın 8, arpanın isə 4 sortunun elmi əsaslarla toxumçuluğu ilə məşğul olunur. Hər il burada 450-500 ton yüksək reproduksiyalı super elit və elit toxumları istehsal edilir. Stansiyada 2020-ci ilin məhsulu üçün 235,5 hektarda toxumluq arpa və buğda sortları əkilib. Hazırda taxıl biçini davam edir. Hər hektarın orta məhsuldarlığı 40 sentnerdir. Taxıl sortlarından asılı olaraq digər sahələrdə məhsuldarlığın 45 sentner olacağı gözlənilir. Ümumilikdə isə bu il min tona yaxın məhsul tədarükü proqnozlaşdırılır.
Taxıl biçini başa çatdıqdan sonra buğda və arpa sortlarının təmizlənməsi həyata keçiriləcək. İstehsal olunmuş toxumlar Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında respublikada fəaliyyət göstərən dövlət və özəl toxumçuluq təsərrüfatlarına, həmçinin fermerlərə veriləcək.
Cari mövsümdə Qax rayonunda 13 min 26 hektar taxıl sahəsinin məhsulunun biçilməsi gözlənilir. Taxıl əkinlərinin 10 min 270 hektarını buğda, 2 min 756 hektarını isə arpa sahələri təşkil edir. Hazırda təsərrüfatlarda taxıl biçini sürətlə davam etdirilir. İyunun 23-dək 2 min 594 hektar arpa və 380 hektar buğda sahəsinin məhsulu biçilib, 8 min 347 ton taxıl istehsal olunub. Bu barədə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov məlumat verib.
Qurum rəsmisi bildirib ki, tədarük olunan taxılın 7 min 362 tonu arpa, 985 tonu buğdadır. Arpa sahələrinin hər hektarından orta hesabla 28,4 sentner, buğda sahələrindən isə 25,9 sentner məhsul götürülüb. Buğda sahələrində biçinə yeni başlanıldığından növbəti günlərdə orta məhsuldarlığın daha da artacağı gözlənilir. Baş məsləhətçinin sözlərinə görə, arpa sahələrində rayon üzrə ən yüksək məhsuldarlıq Qax Aqroparkında qeydə alınıb. Belə ki, burada hər hektar arpa sahəsindən 46,4 sentner məhsul götürülüb. Biçin kampaniyasına, ümumilikdə, 31 ədəd taxılbiçən kombayn, həmçinin lazımi qədər digər texnika cəlb edilib. Hazırda sahələrdə 22 kombayn işləyir. Goranboy rayonunda cari məhsul ilində 23739 hektar sahədə taxıl, o cümlədən 8771 hektar buğda, 13755 hektar arpa və 1213 hektar xəsil əkilib. İyunun 22-nə rayon üzrə 2880 hektardan 9216 ton buğda, 11090 hektardan 35155 ton arpa biçilib. Buğda sahələrində orta məhsuldarlıq 32 sentner, arpa sahələrində isə orta məhsuldarlıq 31,7 sentner təşkil edir. Hazırda rayondakı sahələrdə taxıl biçini davam etdirilir. Biçinin optimal müddətdə yekunlaşdırılması üçün lazımi maşın və texnikalar cəlb edilib.
Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasında təcrübə məqsədilə becərilmiş taxılın biçini yekunlaşıb. Qarabağ Elmi-Tədqiqat Bazasının direktoru Həmid Mehdiyev bildirib ki, dənli taxıl bitkilərinin seleksiyası və toxumçuluğu üzrə tarla təcrübələri müxtəlif pitomniklərdə, o cümlədən müsabiqəli sort sınağı, rayonlaşdırılmış sortların toxumçuluğun birinci manqası və toxum pitomnikində həyata keçirilir. Bundan başqa, 2019-cu ildə rayonlaşdırılmış “Maya” bərk və “Start” yumşaq buğda sortlarında aprobasiya işləri yekunlaşıb, artırma və super elit toxum almaq məqsədilə səpilmiş ilkin toxumçuluq əkinlərinin yığımı da başa çatıb. Hər hektarın orta məhsuldarlığı 50 sentner təşkil edir. İstehsal olunmuş məhsuldar elit toxumlarının fermerlərə verilməsi nəzərdə tutulub.
Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib. Füzuli Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, 2020-ci təsərrüfat ili üçün rayon ərazisində 37 min 575 hektarda taxıl səpini həyata keçirilib. Zəmilərin 28 min 778 hektarı buğda, 8797 hektarı isə arpadır.
Hazırda rayonda taxıl biçini uğurla davam edir. Biçin kampaniyasına 57 kombayn cəlb olunub. Bu günədək 8621 hektar arpa, 24 min 574 hektar buğda zəmisində biçin aparılıb, 104 min 221 ton məhsul tədarük edilib. Hektarın orta məhsuldarlığı buğda zəmilərində 32 sentner, arpa sahələrində isə 29,6 sentnerdir.
Qeyd edək ki, taxılçılıq Füzuli rayonunda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Son illər rayonda taxılçılığın inkişaf etdirilməsi, məhsul istehsalının artırılması istiqamətində mühüm addımlar atılıb. Artıq 10 ildir ki, Füzuli rayonu respublikanın 100 min tondan artıq taxıl istehsal edən rayonları sırasındadır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39

