Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanda baramaçılığın inkişafına güclü dövlət dəstəyi göstərilir

Azərbaycanda baramaçılığın inkişafına güclü dövlət dəstəyi göstərilir

07.07.2020 [09:39]

Regionlarda barama istehsalı əhəmiyyətli dərəcədə artmaqdadır
(əvvəli ötən sayımızda)

Qeyd edək ki, Ucar rayonunda baramaçılıq ənənəvi təsərrüfat sahəsidir və demək olar, bütün ərazi dairələrində hər il ipəkqurdu bəslənilir. Hər il olduğu kimi, təcrübəli kümçülər cari mövsümdə də yaxşı məhsul əldə etməyə nail olublar. Belə ki, Yenicə kəndindən kümçü Kamil İbrahimov 235,3 kiloqram yaş barama istehsal edib. Habelə, Qəribli kəndindən Pünhan Məmmədov 208,1 kiloqram, Eymur kəndindən Qalib İbrahimov 196 kiloqram, Pirkəkədən Ehtiqam Mikayılov 131,1 kiloqram barama yetişdirməyə nail olublar.
Ağcabədi rayonunda isə barama tədarükü davam edir. Bu il Ağcabədi rayonunda 1500 qutu (28 min 500 qram) ipəkqurdu toxumu yetişdirilib. Artıq kümçülərin yetişdirdikləri 55 min 218 kiloqram məhsul rayonda “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul edilib. Ağcabədili kümçülər ötən ilin müvafiq dövrü ilə müqayisədə 2450 kiloqram çox məhsul istehsal ediblər. Qeyd edək ki, Ağcabədi rayonunda baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 3675 kiloqram, 2017-ci ildə 16 min 761 kiloqram, 2018-ci ildə 37 min 146 kiloqram, 2019-cu ildə isə 54 min 466 kiloqram barama istehsal olunub.
Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər isə barama tədarükünü başa çatdırıblar. İstehsal edilən 418 kiloqram məhsul “Azəripək” MMC-nin nümayəndələri tərəfindən qəbul edilib. Laçın Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən laçınlı məcburi köçkünlər üçüncü ildir ipəkqurdu bəsləyirlər. Bu il rayon üzrə 10 qutu (190 qram) ipəkqurdu toxumu yetişdirilib və nəzərdə tutulandan çox barama tədarük olunub.
Şəki rayonunda da bu il barama yetişdirmək üçün 389 kümçüyə 1590 qutu ipəkqurdu paylanılıb. Şəkili kümçülər cari mövsümdə 33 tondan çox yaş barama istehsal ediblər. Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib. Sektor müdirinin sözlərinə görə, Aşağı Göynük kəndindən Abdulla Mahmudov bu il qəbul məntəqəsinə rayon üzrə hamıdan çox - 497,2 kiloqram yaş barama təhvil verib. Kümçü cari mövsümdə 9 qutu, yəni 171 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olub. Aşağı Göynük kəndindən olan digər kümçü Adil Hümmətov cari mövsümdə qəbul məntəqəsinə 312,7 kiloqram, Kiçik Dəhnə kəndindən Qərənfil Mənəfzadə 238 kiloqram, həmin kənddən Aybəniz Cabbarova isə 226 kiloqram yaş barama təhvil veriblər.
Saatlı rayonunda isə dördüncü ildir ki, ipəkqurdu bəslənilir. Dövlət başçısının ölkədə baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Saatlıda da müvəffəqiyyətlə icra olunur. Baramaçılığın inkişafında əsas amil olan yem bazasının möhkəmləndirilməsi məqsədilə son üç ildə rayonun ayrı-ayrı yaşayış məntəqələrində 124 min tut tingi əkilib, bir neçə yaşayış məntəqəsində müasir kümxana tikilib və digər zəruri tədbirlər həyata keçirilir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu il rayonda 8 ton barama istehsal olunması nəzərdə tutulub. Bunun üçün 200 qutu (3 min 800 qram) barama qurdu toxumu gətirilərək Saatlı şəhər, Azadkənd, Əliabad, Dəlilər və digər kəndlərdən olan 135 kümçüyə paylanılıb.
Xeyli vaxtdır ki, rayonda barama tədarükünə başlanılıb. Kümçülər bəslədikləri ipəkqurdlarından əldə etdikləri məhsulu tədarük məntəqəsinə təhvil verirlər. Bu günədək rayon üzrə ümumilikdə 3 ton 232.7 kiloqram barama təhvil verilib ki, bunun da yarıdan çoxunu Azadkənd, Qaralar və Bəylər kəndlərinin baramaçıları istehsal edib.
Qaralar kənd sakini Eyvaz Əsədov bu mövsüm 3 qutu ipəkqurdu toxumu götürərək bəsləyib. “Bu sahə rayonda yeni olduğundan digər kümçülər kimi ilk illər çətinliklərim olsa da, mütəxəssislərdən öyrəndiklərimi tətbiq etməklə yaxşı nəticələr əldə etmişəm. Bu il 3 qutu ipəkqurdu toxumu götürüb bəsləmişəm. İpəkqurdlarına yaxşı qulluq etdiyimdən məhsul gözlədiyimdən də çox olub. Bu günə kimi tədarük məntəqəsinə 174.1 kiloqram barama təhvil vermişəm. Hələ kümxanada məhsulum var. Bundan sonra daha 5 kiloqramdan çox məhsulum olacaq”, - deyə kümçü bildirib. Rayonda barama tədarükü davam edir. Qeyd edək ki, ötən il Saatlıda 52 ailə ipəkqurdu bəsləyib.
Prezident İlham Əliyevin respublikada baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Sabirabadda da uğurla icra olunur. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, ötən il rayonda 14 ton barama istehsal edilib. Cari mövsümdə isə 18 ton məhsul istehsalı nəzərdə tutulub və bunun üçün 234 kümçüyə 450 qutu ipəkqurdu toxumu paylanılıb. Dövlətin bu sahənin inkişafı üçün göstərdiyi qayğı və hər kiloqram məhsul üçün verdiyi əlavə subsidiya rayonda ipəkçiliyə olan marağı artırıb. Keçən il rayon üzrə 250 ailə barama istehsalı ilə məşğul olmuşdusa, bu mövsüm 234 kümçü ilə müqavilə bağlanılıb və onlara ödənişsiz olaraq ipəkqurdu toxumu paylanılıb.
Artıq xeyli vaxtdır ki, sabirabadlı kümçülər bəslədikləri ipəkqurdundan əldə etdikləri məhsulun tədarükünə başlayıblar. İndiyədək tədarük məntəqəsinə 10 ton 226,1 kiloqram barama təhvil verilib.
Yastıqobu kənd sakini Ramiz Əhmədov bir neçə ildir ki, ipəkqurdu bəsləyir və hər il də yaxşı nəticə əldə edir. “Ötən il ailə üzvlərimlə birlikdə 1,5 qutu ipəkqurdu bəsləyərək 85 kiloqram barama tədarük etdik. 35-40 gün ərzində istehsal etdiyimiz məhsuldan 815 manat gəlir götürdük. Bu il də 1,5 qutu ipəkqurdu toxumu götürüb bəsləmişik və 90 kiloqram məhsul tədarük etmişik. Məhsula görə qazancımız ötən ildəkindən də çox olacaq”, - deyə kümçü bildirib.
Rayonda barama tədarükü davam edir. Qeyd edək ki, son 5 ildə Sabirabadda baramaçılığın inkişafı məqsədilə 123 min ədəd tut tingi əkilib.
Onu da qeyd edək ki, Sabirabadda zəngilanlı məcburi köçkünlər üçün salınmış qəsəbədə üçüncü ildir ki, ipəkqurdu bəslənilir. Dövlət başçısının ölkəmizdə barama istehsalının artırılması ilə bağlı verdiyi tapışırıq və tövsiyələr, imzaladığı sərəncamlar uzun illər bu sahədə zəngin təcrübəsi olan zəngilanlı ipəkçilərin də ürəyincə olub.
Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi Möhübbət Səmədov bildirib ki, artıq qəsəbədə yaşayan baramaçılar bəslədikləri ipəkqurdu toxumundan əldə etdikləri məhsulun tədarükünü başa çatdırıblar. Baramaçılar ipəkqurduna nümunəvi qulluq etdiklərindən məhsul da çox olub. Kümçülər tədarük məntəqəsinə 795,5 kiloqram barama təhvil verərək məhsul tədarükünü başa çatdırıblar.
Qəsəbə sakini Sadiq Həsənov Zəngilan rayonu erməni hərbi birləşmələri tərəfindən işğal olunana qədər barama istehsalı ilə məşğul olub və bu sahədə yaxşı təcrübəsi var. “Uzun illərdən sonra bu il 3,5 qutu ipəkqurdu toxumu götürüb ailə üzvlərimlə birlikdə bəslədik və 158 kiloqram məhsul əldə etdik. Hesablamama görə məhsulun dəyəri 1400 manatdan çox olacaq. 40-45 gün ərzində bu qədər qazanc götürmək çox sərfəlidir”, - deyə kümçü bildirib.
Builki mövsümdə barama yetişdirmək üçün Qax rayonunda da 445 kümçüyə 860 qutu ipəkqurdu paylanılıb. Bunun 620 qutusunu damazlıq elit, 240 qutusunu isə hibrid sənaye ipəkqurdu təşkil edib. Kümçülər cari mövsümdə 12 ton 804 kiloqram yaş barama istehsal edərək Qax Damazlıq İpəkçilik Stansiyasındakı qəbul məntəqəsinə təhvil veriblər. Bu barədə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun məsləhətçisi Bilal Mustafazadə məlumat verib. Onun sözlərinə görə, Əlibəyli kəndindən Nikola Aslamazaşvili bu il qəbul məntəqəsinə rayon üzrə hamıdan çox - 303 kiloqram yaş barama təhvil verib. Ləkit kəndindən Qiyas Aslanov cari mövsümdə 217 kiloqram, Zəyəm kəndindən Nizami Rəcəbov 207 kiloqram, Tasmalı kəndindən Ramin Osmanov isə 145 kiloqram yaş barama istehsal edib.
Hacıqabulda isə bu günə kimi 4 ton barama istehsal edilib. Dördüncü ildir ki, Hacıqabulda ipəkqurdu bəslənilməsinə başlanılıb. Ölkədə bu sahənin inkişafına yenidən önəm verilməsi hacıqabullu kümçülər tərəfindən də razılıqla qarşılanıb. İndi onlarla rayon sakini təsərrüfatın bu gəlirli sahəsinə göstərilən dövlət dəstəyindən yararlanmaq üçün aidiyyəti qurumlarla müqavilələr bağlayaraq barama istehsalı ilə məşğul olmağa başlayıblar. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, ötən il rayonda 59 kümçü ipəkqurdu bəsləyib və 2 ton 912 kiloqram məhsul istehsal olunub. Bu il isə 67 ailəyə ipəkqurdu toxumu paylanılıb. Kümçülərin bu sahədə təcrübəsinin az olmasına baxmayaraq mütəxəssislərin məsləhətlərinə düzgün əməl olunması nəticəsində yaxşı nəticə əldə olunub. Artıq bir neçə gündür ki, rayonda barama tədarükünə başlanılıb. Bu günə kimi tədarük məntəqəsinə 4 ton barama təhvil verilib. Rayonun Abdullabad və Meyniman kəndlərinin kümçülərinin istehsal etdikləri məhsul yüksək keyfiyyətlə qəbul olunur.
Ələtli kənd sakini, kümçü Anar Ağamalıyev bir neçə ildir ki, ipəkqurdu toxumu götürüb bəsləyir. “Rayonda barama istehsalına yenidən başlanması mənim də ürəyimcə olub. Bu il 2 qutu ipəkqurdu toxumu götürüb bəsləmişəm. Bu günə kimi 123 kiloqram barama tədarük etmişəm. 40-45 gün ərzində istehsal etdiyim məhsuldan 1100 manatdan çox gəlir əldə edəcəyəm”, - deyə kümçü bildirib.
Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndli məcburi köçkünlər isə barama tədarükünü başa çatdırıblar. Xocavənd Rayon İcra Hakimiyyətindən bildiriblər ki, xocavəndli məcburi köçkünlər üçüncü ildir ipəkqurdu bəsləyirlər. Bu il rayon üzrə 50 qutu (950 qram) ipəkqurdu toxumu yetişdirilib və 1914 kiloqram barama tədarük olunub. İstehsal edilən məhsul “Azəripək” MMC-nin nümayəndələri tərəfindən qəbul edilib.
Qeyd edək ki, ipəkqurdunun yem bazasını təmin etmək məqsədilə xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə 42 min ədəd tut tingi əkilib. Xocavəndli kümçülər 2018-ci ildə 1 ton 47 kiloqram, 2019-cu ildə 2 ton barama istehsal ediblər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 592 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30