Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuza malik olması qlobal pandemiya dövründə bir daha təsdiqləndi

Ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuza malik olması qlobal pandemiya dövründə bir daha təsdiqləndi

14.07.2020 [08:21]

Azərbaycanın COVİD-19-a qarşı birgə mübarizə məqsədi ilə atdığı addımlar və irəli sürdüyü təşəbbüslər dünya miqyasında yüksək dəyərləndirilir
Məlum olduğu kimi, Azərbaycanda 1993-cü ilin iyunundan etibarən bütün sahələrdə düşünülmüş və məqsədyönlü siyasət həyata keçirilir. Ötən müddət ərzində ölkəmiz, eyni zamanda, uğurlu xarici siyasəti ilə də fərqlənib. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin son 17 il ərzində Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi ölkəmizin qarşısında yeni perspektivlər açıb. Beləliklə, həyata keçirilən uğurlu xarici siyasət nəticəsində ötən müddət ərzində beynəlxalq birlik tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycan məhz bu etimadın nəticəsi olaraq 2012-ci ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasının Qeyri-daimi üzvü seçilib. Hazırda isə ölkəmiz Qoşulmama Hərəkatı və Türk Şurası kimi beynəlxalq qurumlara sədrlik edir. Bundan başqa Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoqla bağlı qlobal forumların keçirilməsi ölkəmizin qlobal və regional səviyyədə dialoqun təmin olunmasında körpü rolunu oynadığını da göstərir. Onu da qeyd edək ki, Azərbaycan təkcə adi dövrdə deyil, hər hansı fövqəladə vəziyyətlərdə belə dünyada birliyin və həmrəyliyin təşəbbüskarı kimi digər ölkələrə nümunə göstərilir. Yeni növ koronavirus (COVİD-19) infeksiyasının dünyanı cənginə aldığı bir vaxtda ölkəmizin təşəbbüsləri də deyilənləri bir daha təsdiqləyir.
Belə ki, dünyada koronavirus pandemiyasının elan olunduğu ilk gündən Azərbaycan Respublikası tərəfindən həm ölkə daxilində məqsədyönlü addımlar atılıb, həm də COVİD-19-a qarşı mübarizədə regional və qlobal səviyyədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülüb. Daha dəqiq desək, Azərbaycan pandemiyanın ilk dövründən bütün ölkələri ümumbəşəri bəlaya qarşı mübarizədə birgə əməkdaşlıq və həmrəylik nümayiş etdirməyə çağırıb. Əslində, bu da təsadüfi deyil. Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursumuzda dünya ölkələri ilə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq həmişə prioritet təşkil edib. Məhz bu səbəbdən Azərbaycan dövləti yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı mübarizə çərçivəsində qlobal arenada uğur əldə edilməsi üçün mühüm beynəlxalq təşəbbüs və platformalarla çıxış edir.
Belə ki, Prezident İlham Əliyev cari ilin aprel ayından koronavirusla mübarizə çərçivəsində videokonfrans formatında keçirilən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İttifaqının rəhbərləri, eləcə də bir sıra dövlətlərin başçıları ilə ikitərəfli, o cümlədən çoxtərəfli danışıqların bilavasitə iştirakçısı və təşəbbüskarı olub. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə qlobal pandemiya ilə mübarizə istiqamətində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) və Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında Zirvə görüşləri keçirilib.
Aİ-nin ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirində yüksək səviyyədə iştirakı Azərbaycanın dünyada birləşdirici rol oynadığını növbəti dəfə sübut edib
İstər yerli, istərsə də xarici ekspertlər ölkəmizin bu addımlarını yüksək dəyərləndirir, həmin təşəbbüslərin beynəlxalq birlik tərəfindən birmənalı olaraq dəstəklənməsini Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsi kimi qiymətləndirirlər. Öz növbəsində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Ramil Həsən deyib ki, Prezident İlham Əliyevin pandemiyaya qarşı regional və qlobal miqyasda atdığı addımlar, koronavirusla mübarizədə bir sıra ölkələrə yardım göstərilməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib: “Belə ki, dövlət başçısı sadəcə ölkə və region üçün deyil, qlobal mənada ciddi addımlar atıb, mühüm təşəbbüslərlə çıxış edib”.
Məlum olduğu kimi, Azərbaycanın pandemiya ilə mübarizə sahəsindəki fəaliyyətini ÜST rəhbərliyi də yüksək qiymətləndirib. Qurum rəhbərinin qlobal səviyyədə yardımlar göstərməsinə görə ölkəmizi təqdir etməsi və pandemiya ilə mübarizədə Azərbaycan modelinin dünyada tətbiq edilməsinin vacibliyini vurğulaması xüsusilə qeyd edilməlidir.
Ramil Həsən vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının onlayn formatda keçirilən Zirvə görüşündə koronavirusla mübarizədə ortaq əməkdaşlıq, nəqliyyat dəhlizləri, yükdaşımaların asanlaşdırılması, tibbi personalın əməkdaşlığı, təcrübə mübadiləsi və s. məsələlərin müzakirəsi postpandemiya dövrü üçün də mühüm əhəmiyyət kəsb edir. Deputatın sözlərinə görə, Türk Şurasının Sədri kimi Prezident İlham Əliyevin təlimatları və təşəbbüsü ilə qurumun müvafiq strukturları arasında toplantılar baş tutub: “Məsələn, aprelin 28-də Türk Şurasının Səhiyyə nazirlərinin, aprelin 30-da nəqliyyat sahəsi üzrə nazirlərin, mayın 6-da İqtisadiyyat nazirləri və Gömrük idarələri rəhbərlərinin, mayın 7-də Miqrasiya sahəsindəki dövlət qurumu rəhbərlərinin toplantıları keçirilib və mühüm qərarlar qəbul edilib”.
Həmin toplantıların əhəmiyyətinə toxunan R.Həsən Prezident İlham Əliyev tərəfindən qlobal təşəbbüslərin beynəlxalq praktikada tətbiqinin uğurla həyata keçirildiyini deyib: “Azərbaycan Prezidentinin beynəlxalq səviyyədə irəli sürdüyü təşəbbüslər, pandemiyaya qarşı birgə mübarizə, qlobal bəladan xilas yollarının axtarılıb tapılması, ortaq sənədin qəbul olunması, bununla bağlı ÜST, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İttifaqı, BMT, Qoşulmama Hərəkatı kimi dünyanın bir çox nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlığa çağırışların edilməsi, bu çağırışlara dünya liderləri və beynəlxalq qurumlar tərəfindən müsbət münasibət göstərilməsi təqdir edilən haldır”.
R.Həsənin sözlərinə görə, 120 dövlətin üzv olduğu və BMT-dən sonra dünyanın ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına Sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının pandemiya ilə mübarizəyə həsr olunmuş videoformatda Zirvə görüşünün keçirilməsi də mühüm tarixi önəmə malikdir. Eyni zamanda, Avropa İttifaqının ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirində yüksək səviyyədə iştirakı Azərbaycanın dünyada birləşdirici rol oynadığını növbəti dəfə sübut edib.
Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş videokonfrans formatında Zirvə görüşündə üzv dövlətlərin təmsilçiləri ilə yanaşı, BMT-nin Baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat və Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin də iştirak etməsi tarixi hadisə kimi yüksək qiymətləndirilir.
Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə göstərilən böyük etimadın növbəti təzahürüdür
Öz növbəsində Azərbaycan Respublikasının xarici siyasətində hər zaman qarşılıqlı faydalı əməkdaşlığa böyük əhəmiyyət verdiyini xatırladan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva isə bildirib ki, bu amil dövlətimizin pandemiya şəraitində də dünya ölkələri ilə əlaqələrində də özünü büruzə verir. Ölkəmizin koronavirusla mübarizə istiqamətdə təşəbbüslərinin beynəlxalq müstəvidə yüksək dəyərləndirdiyini bildirən deputat deyib ki, Qoşulmama Hərəkatının Təmas Qrupunun koronavirusla mübarizəyə həsr olunmuş videokonfrans formatında Zirvə görüşündə dövlətimizin başçısı çox vacib bir təkliflə çıxış edib: “Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan Prezidenti İlham Əliyev qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsini irəli sürüb. Dövlət başçısı İlham Əliyevin bu təşəbbüsü Azərbaycan Prezidentinin qlobal çağırışlara çox çevik reaksiya verməsinin göstəricisidir. BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır”.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə bağlı təklifi Qoşulmama Hərəkatına üzv olan 120 ölkə arasında yekdilliklə razılaşdırılıb və Qoşulmama Hərəkatının Sədri Prezident İlham Əliyev üzv dövlətlər adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlayıb. BMT Baş katibi bütün üzv ölkələrə müraciət edərək təşəbbüsə dair münasibət bildirilməsini xahiş edib. Təşəbbüsə dəstək verən 130-dək ölkə bu barədə Baş katibin ofisini məlumatlandırıb.
Açıqlamasında bu məqama da toxunan deputatın sözlərinə görə, BMT-nin 130-dək üzv dövləti tərəfindən Prezident İlham Əliyevin təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə göstərilən böyük etimadın növbəti təzahürüdür. O, əmin olduğunu bildirib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi pandemiyaya qarşı mübarizədə dünya ölkələrinin birgə səylərinin gücləndirilməsində mühüm rol oynayacaq. S.Fətəliyevanın sözlərinə görə, bu fakt bir daha Azərbaycanın dünyada qlobal problemin həllinə töhfə verdiyini göstərir.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 609 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30