Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə münasibətləri olduqca yüksək səviyyədədir

Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə münasibətləri olduqca yüksək səviyyədədir

24.07.2020 [23:20]

Ölkəmiz hər zaman TDƏŞ-in fəaliyyətində özünəmuxsus təşəbbüsukarlığı ilə seçilir və istər iqtisadi, istərsə də siyasi platformada əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atır

Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın xarici siyasət kursu çoxvektorlu və praqmatik xarakter daşıyır. Milli maraqlara söykənən bu kurs nəticəsində ölkəmiz dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən yaxın tərəfdaş qismində qəbul olunmaqdadır. Ölkəmiz üzvü olduğu bütün beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, təşkilatdaxili münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməinə töhfələrini verir.

Bu mənada, ölkəmizin hazırda sədri olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) ilə münasibətləri olduqca yüksək səviyyədədir. Qeyd edilməlidir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Bu təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində  Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Təşkilatın yaranmasında əsas məqsəd üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsidir. Eləcə də TDƏŞ-ə üzv dövlətlər ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi və hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində yaxın əməkdaşlığa malikdirdər. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan təşkilatın tamhüquqlu üzvdür. Macarıstan isə təşkilatda müşahidəçi dövlət qismində təmsil olunur. Vurğulanmalıdır ki, 4  təsisçi ölkələrdən biri olan Azərbaycan yarandığı ilk tarixdən etibarən TDƏŞ-lə sıx əməkdaşlıq edir. Təşkilatın təsis edildiyi tarixdən bu günə qədər iqtisadi əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər, iqtisadiyyat, gömrük və nəqliyyat nazirlərinin görüşləri keçirilib. Bundan başqa üzv dövlətlər arasında ticarət-iqtisadi münasibətləri inkişaf etdirmək məqsədilə nəqliyyat və gömrük sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verilib. Üzv dövlətlərin ərazilərindən keçən Mərkəzi Nəqliyyat Dəhlizi boyunca səmərəli nəqliyyat əməliyyatlarının davamlı, mərkəzləşmiş və asan keçidinə əngəl yaradan mövcud maneələrin aradan qaldırılması istiqamətində səylər davam etdirilir. Xəzər dənizi və Qara dəniz limanları arasında əlaqələrin inkişafı, regionun multimodal nəqliyyat potensialının artırılması və Xəzər dəniz keçidinin nizamlanması üzv dövlətlərin nəqliyyat və gömrük sahəsi üzrə görüşlərinin  gündəliyində xüsusi yer tutur. Samsun, Bakı və Aktau limanları arasında qardaş limanlar əlaqələrinin yaradılması bu istiqamətdə atılmış addımdır. TDƏŞ çərçivəsində Azərbaycanın təşəbbüsü ilə 21 iyun 2013-cü il tarixində Bakıda ilk dəfə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilib. Forumda “Türkdilli dövlətlərin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası” və “Bakı Bəyannaməsi” qəbul edilib.

Azərbaycanın təşkilat çərçivəsində siyasi və təhlükəsizlik məsələləri sahəsində əməkdaşlığı uğurla davam etməkdədir. Naxçıvan Sazişinə uyğun olaraq hər il keçirilən zirvə görüşlərindən bir gün əvvəl TDƏŞ xarici işlər nazirləri Şurasının görüşləri keçirilir. Eyni zamanda Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyaları çərçivəsində xarici işlər nazirlərinin qeyri-formal görüşlərinin keçirilməsi artıq ənənə halını alıb. TDƏŞ-in bu günə qədər keçirilmiş bütün zirvə görüşlərində olduğu kimi, üzv ölkələrin dövlət başçıları tərəfindən 11 sentyabr 2015-ci il tarixində Nur-Sultanda qəbul edilmiş Beşinci Zirvə Görüşünün Bəyannaməsində təşkilata üzv ölkələr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycan Respüblikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həllinin vacibliyini bir daha vurğulamışlar.

Azərbaycan TDƏŞ-lə yanaşı bu qurumun əlaqəli orqan və təşkilatları olan TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası ilə də sıx əməkdaşlıq edir və üzv ölkələr arasında elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi sahəsində aktiv rol oynayır. Yeri gəlmişkən, təşkilat iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhəddində erməni silahlı qüvvələrinin törətdikləri hərbi təxribatlarla əlaqdar açıqlama yayaraq Azərbaycanı dəstəkləyib.

Hazırda quruma sədrlik edən Azərbaycan təşkilat üzvü olan ölkələrin qlobal problemlərin həlli istiqamətində əməkdaşlığın şərtləndirən bir sıra addımları ilə seçilib. Məsələn, bu ilin aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Sədrliyi ilə TDƏŞ-in Dövlət Başçıları Şurasının videokonfrans vasitəsilə Fövqəladə Zirvə Görüşü keçirilib. “COVID-19 pandemiyası ilə mübarizədə həmrəylik və əməkdaşlıq” mövzusunda keçirilən Zirvə Görüşündə Türkiyə Respublikasının, Qazaxıstan Respublikasının, Qırğız Respublikasının, Özbəkistan Respublikasının, Türkmənistanın prezidentləri və Macarıstanın Baş naziri, TDƏŞ-in Baş Katibi, ÜST-ün Baş direktoru iştirak ediblər. Zirvə Görüşündə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fövqəladə Zirvə Görüşünün Bakı Bəyannaməsi” qəbul olunub. Tərəflər Dövlət Başçıları Şurası tərəfindən pandemiya ilə mübarizədə elmi, yenilikçi, texnoloji və tibbi potensialların tam səfərbər etməklə təlimatlandırılıblar və bu mübarizədə əməkdaşlığın vacibliyini dilə gətiriblər. TDƏŞ-Azərbaycan əlaqələri ilə bağlı fikirlərini qəzetimizlə bölüşən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Ramil Həsən bildirib ki, ölkəmiz hər zaman TDƏŞ-in fəaliyyətində özünəmuxsus təşəbbüsukarlığı ilə seçilir və istər iqtisadi, istərsə də siyasi platformada əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atır. Millət vəkilinin fikrincə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən və türkdilli ölkələr arasındakı siyasi və iqtisadi sahələrdə əlaqələrin inkişafına yönəldilmiş layihələrin əhəmiyyəti bu mənada xüsusilə seçilir: “Ümumiyyətlə, türkdilli ölkələr arasında əlaqələr hər keçən gün artmaqda və inkişaf etməkdədir. Türkdilli  xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Bu əlaqələrin əhatə dairəsi çoxşaxəlidir. Bu baxımdan türkdilli dövlətlərin regionda sabitliyin və sülhün qorunub saxlanılması, ölkələrimizin ərazi bütövlüyünün beynəlxalq münasibətlər sistemi səviyyəsində tanınması və qəbul olunması, BMT-nin qəbul etmiş olduğu qətnamələrdən irəli gələn məsələlərin Türk dövlətləri arasında da yekdilliklə qarşılıqlı hörmətə dayanaraq qəbul olunması kimi məsələləri də vurğulaya bilərik. Elə bir neçə gün öncə qurumun Ermənistanın hərbi təxribatları ilə əlaqədar ölkəmizə tam dəstəyin ifadə olunduğu açıqlaması da bunu təsdiqləyir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmazlığı prinsipləri əsasında ən tez zamanda həllinin vacibliyi bütün Zirvə toplantılarının qəbul etmiş olduğu qətnamələrində xüsusi olaraq vurğulanır. Bunu Azərbaycanın uğuru olmaqla bərabər, eyni zamanda, türkdilli dövlətlər tərəfindən Azərbaycanın haqq səsinin qəbul olunması və dəstəklənməsinə verdikləri bir töhfə və həmrəylik kimi qəbul edə bilərik”.

Bu ilin aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Sədrliyi ilə TDƏŞ-in Dövlət Başçıları Şurasının videokonfrans vasitəsilə Fövqəladə Zirvə Görüşünə də toxunan R.Həsən bildirib ki, bu çox mühüm bir tədbir oldu. Çünki, məhz bu Zirvə görüşündən sonra fəaliyyətdə olan Sədr kimi Prezident İlham Əliyevin təlimatları və təşəbbüsü ilə hökumətin müvafiq strukturları arasında da əməkdaşlığın konkret istiqamətləri üzrə nəticələr əldə edilməsi məqsədilə bir-birinin ardınca Türk Şurasının müxtəlif istiqamətli toplantıları baş tutub. Bunlar aprelin 28-də keçirilmiş Türk Şurasının Səhiyyə nazirlərinin toplantısı, aprelin 30-da keçirilmiş nəqliyyat sahəsi üzrə nazirlərin toplantısı, daha sonra mayın 6-da keçirilmiş üzv ölkələrin İqtisadiyyat nazirləri və Gömrük idarələri rəhbərlərinin toplantısı və mayın 7-də baş tutmuş Miqrasiya sahəsindəki dövlət qurumu rəhbərlərinin toplantısı olub. Millət vəkili deyib ki, Prezident İlham Əliyevin dünya səviyyəsində irəli sürdüyü təşəbbüslərə, pandemiyaya qarşı birgə mübarizə, qlobal bəladan birgə çıxış yollarının axtarılıb tapılması, eyni zamanda, ortaq mübarizə proqramlarının ortaya qoyulması istiqamətində təkliflərinə ən sürətli şəkildə reaksiya verən və konkret istiqamətlərdə hökumətlərarası işçi qruplarını işə salaraq addımlar atan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası oldu. Şura, eyni zamanda, digər beynəlxalq təşkilatlar üçün model rolunu oynamaqdadır.

R.Həsən bildirib ki, TDƏŞ daxilində əməkdaşlığın daha yüksək səviyyəyə çatması üçün neçə illərdir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ortaq Türk Sərmayə (İnvestisiya) Fondunun yaradılması ilə bağlı işlər aparır. Qlobal çağırışlar zəminində cənab Prezidentin verdiyi tapşırıqlara əsasən İqtisadiyyat nazirlərinin toplantısında bu məsələ xüsusi müzakirə olunub və Ortaq Türk İnvestisiya Fondunun sürətlə qurulması üçün nazir müavinləri səviyyəsində xüsusi komitənin yaradılması qərara alınıb. Milli valyutalardan istifadə olunması və bununla bağlı ortaq strategiyanın tətbiqi də qərarlar içərisində xüsusi yer tutur. Bu məsələ iqtisadi dayanıqlılığın artırılması, tənəzzülün qarşısının alınması və pandemiyadan sonrakı dövrdəki iqtisadi inkişafa mühüm töhfə verə biləcək əsas amillərdəndir.

R.Həsən onu da əlavə edib ki, ölkəmiz TŞƏD-in həm regional, həm də qlobal miqyasda güclü, möhkəm əməkdaşlıq üzərində qurulmuş bir təşkilat kimi inkişafı üçün bundan sonrakı dövrdə də bütün gücünü səfərbər edəcək.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 597 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30