Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ali təhsil müəssisələrində azərbaycançılq ideologiyasının təbliği gənc nəslin milli ruhda tərbiyəsi baxımından mühüm əhəmiyyətə malikdir

Ali təhsil müəssisələrində azərbaycançılq ideologiyasının təbliği gənc nəslin milli ruhda tərbiyəsi baxımından mühüm əhəmiyyətə malikdir

08.07.2021 [11:34]

Azərbaycan Dillər Universitetində də bu istiqamətdə məqsədyönlü işlər görülür
Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Ötən 30 il ərzində müstəqil ölkəmiz böyük inkişaf yolu keçərək güclü və qüdrətli dövlətə çevrilib. Əlbəttə ki, müstəqillik dövründə qazanılan tarixi nailiyyətlərin ciddi əsasları mövcuddur. Bunlardan biri də xalqımızın azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsidir. Bəlli olduğu kimi, azərbaycançılıq ideologiyasının təməlində dayanan əsas prinsiplərdən biri də milli, o cümlədən hərbi vətənpərvərliyin gücləndirilməsidir. Biz vətənpərvərliyin ən gözəl nümunəsini 44 gunlük Vətən müharibəsi zamanı gördük. Əlbəttə, gənc əsgər və zabitlərimizin Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlar ötən müddət ərzində azərbaycançılıq ideologiyası əsasında aparılan vətənpərvərliyin təbliği siyasətinin real nəticələrini əks etdirir. Gənc nəslin milli köklərimizə, mənəvi dəyərlərimizə, tarixdən gələn ənənələrimizə bağlılıq, Vətənə sevgi, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması postmüharibə dövrdə də qarşıda duran ən ümdə vəzifələrdəndir.
Qeyd etmək lazımdır ki, Azərbaycançılıq ideologiyasının təbliği istiqamətində müxtəlif sahələrdə davamlı addımlar atılır. Mütəxəssislərin qeyd etdikləri kimi, milli ideologiyamızın ali təhsil müəssisələrində, o cümlədən tələbə-gənclər arasında təbliği də müstəsna əhəmiyyət kəsb edir. Bu istiqamətdə Azərbaycan Dillər Universitetində də məqsədyönlü işlər görülür.
Azərbaycan Dillər Universiteti (ADU) Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova qəzetimizə açıqlamasında bildirib ki, azərbaycançılıq, ilk növbədə, dövlətimizin müstəqilliyinin qorunmasına və ölkəmizin inkişaf etdirilməsinə xidmət edir. Qeyd olunub ki, 2017-ci ildən ADU-da Azərbaycanşünaslıq Elmi Tədqiqat Laboratoriyası (ETL) yaradılıb. Azərbaycanşünaslıq ETL-in əsas məqsədi azərbaycançılıq ideologiyasının, Ulu Öndər Heydər Əliyev irsinin, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elm, təhsil və mədəniyyətin davamlı inkişafı sahəsində həyata keçirdiyi dövlət siyasətinin öyrənilməsinə və təbliğinə, universitetdə təhsil alan azərbaycanlı və əcnəbi gənclərin xalqımızın dili, tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə bağlı müasir elmi biliklərə yiyələnməsinə, azərbaycanşünaslığın inkişafına dəstək göstərməkdir. Bu məqsədlə azərbaycanşünaslıq laboratoriyasının fəaliyyəti elmi-tədqiqat, təbliğat, maarifləndirmə, elmi-təşkilatçılıq və s. yöndə istiqamətləndirilib. Azərbaycanşünaslığın aktual problemlərinə aid bir çox əhəmiyyətli mövzular müəyyənləşdirilib, tədbirlərin təşkili nəzərdə tutulub və həyata keçirilib: “Labaratoriyada “Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğu istiqamətində fəaliyyəti”, “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Azərbaycançılıq dövlətimizin milli ideologiyasıdır”, “Heydər Əliyevin dövlətçilik strategiyası”, “Heydər Əliyev və Azərbaycan gəncləri”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Müstəqil Azərbaycanın Beynəlxalq münasibətlər sisteminə inteqrasiyasında Heydər Əliyev mərhələsi”, “Folklor və ədəbi abidələr Heydər Əliyevin azərbaycançılıq konsepsiyasının kontekstində”, “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”, “Əbədiyaşar lider” adlı elmi seminarlar, “dəyirmi masa”lar keçirilir, tədqiqatlar aparılır”.
O da qeyd olunub ki, universitetdə tələbələrin iştirakı ilə azərbaycanşünaslığın aktual problemləri ilə bağlı müxtəlif kafedra, laboratoriya və qurumlarla birgə tədbirlər həyata keçirilir. Universitetdə azərbaycançılıqla bağlı tələbələrin maarifləndirilməsi, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə və incəsənətinə marağın artırılması yönündə “dəyirmi masa”, kitab təqdimatı və elmi seminarlar təşkil edilir.
Şöbə müdirinin sözlərinə görə, milli ideologiyamızın təbliği çərçivəsində Azərbaycan dilinin qorunub saxlanılmasında və tələbələrə aşılanmasında universitetlərin də üzərinə böyük məsuliyyət düşür: “Bu milli məsuliyyəti dərindən dərk edən kollektivimiz “Azərbaycan dili milli sərvətimizdir”, “Dilimiz və mənəviyyatımız”, “Heydər Əliyevin dil siyasəti”, “Azərbaycan dili milli özünüdərk vasitəsidir”, “Azərbaycan Demokratik Respublikasının dil siyasəti”, “Azərbaycan şifahi xalq ədəbiyyatı və dil”, “Dilin fəlsəfəsi”, “Azərbaycan dili haqqında sərəncamlar: qarşıda duran vəzifələr” və s. kimi mövzularda “dəyirmi masa” və elmi seminarlar təşkil ediblər”.
44 günlük Vətən müharibəsi zamanı ADU-nun gənc əməkdaşlarının, tələbə və məzun heyətinin fəallığından da danışan şöbə müdiri “ADU-da Vətən müharibəsi və əldə edilən tarixi Zəfərə həsr olunan, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhid olan qəhrəmanların adlarının əbədiləşdirilməsinə və şücaətlərinin təbliğinə xidmət edən müxtəlifformatlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılıb. Bunlarla yanaşı, Yeni Azərbaycan Partiyası ərazi ilk partiya təşkilatı ilə birgə 20 Yanvar hadisələri, Xocalı faciəsi, Aprel döyüşləri ilə bağlı döyüş iştirakçıları və II Dünya müharibəsi veteranlarının tələbələrlə görüşü təşkil olunub. Eyni zamanda, “Azərbaycan bayrağı”, “Azərbaycan tarixinin zəfər günləri - Aprel döyüşləri”, “II Qarabağ müharibəsi - keçmişdə qalan problemlər və gələcək perspektivlər”, “Şəhid Elvin Bayramovun Rəşadəti”, “Şuşa Qafqazın konservatoriyasıdır” adlı tədbir və konfranslar təşkil edilib. Həmçinin 8 oktyabr 2020-ci il tarixində universitetdə İnformasiya Qərargahı yaradılması haqda qərar qəbul edilib. Qərargahın qarşısında dayanan məsələ müharibə şəraitində olan ölkəmizdə baş verənləri universitetinin kadr potensialından, beynəlxalq əlaqələrindən, resurslarından istifadə etməklə ölkəmizə qarşı xüsusən qərəzli mövqe sərgiləyən dünya KİV-lərinə, universitetlərə, siyasi təşkilatlara, parlamentlərə çatdırmaqdan ibarət idi. Qısa müddət ərzində dünyanın 104 ölkəsinə 22 dildə məktublar göndərilib. Göndərdiyimiz çoxsaylı məktublara cavablar da almışıq”, - deyə bildirib.
Müşfiqə BAYRAMLI

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili - azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 621 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30