Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Tolerantlıq ənənələrinin izi ilə...

Tolerantlıq ənənələrinin izi ilə...

17.09.2021 [14:44]

Anar İsgəndərov: Azərbaycan hər zaman fərqli dini və milli mənsubiyyətə malik xalqların dostluq zəminində yaşadığı məkan olub

Milli-mənəvi dəyərlərin qorunması, millətlərarası münasibətlərin tənzimlənməsi Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Dünyada multikulturalizm nümunəsi sayılan Azərbaycanda bu gün dini, irqi, etnik ayrı-seçkiliyə yol verilmir və hər bir Azərbaycan vətəndaşı qanun qarşısında bərabərdir.

Qeyd olunmalıdır ki, Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu, milli və dini tolerantlığı özündə əks etdirən dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, ölkəmizdə müxtəlif xalqların nümayəndələri bir ailə kimi yaşayırlar, respublikamızın inkişafına töhfələrini verirlər. Yeri gəlmişkən, İkinci Qarabağ müharibəsi zamanı ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri, o cümlədən fərqli dini inanclara malik gənclərimiz çiyin-çiyinə Vətənin keşiyində dayandılar. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə yerləşən, 30 ilə yaxın erməni vandalizminə məruz qalmış dini abidələrimiz də düşmən əsarətindən xilas edildi. Həmin regionlarda gedən abadlıq-quruculuq işləri çərçivəsində tarixi, dini və milli abidələrimiz bərpa olunur. Xüsusi olaraq vurğulanmalıdır ki, bunlar sırasında məscidlərlə yanaşı, digər dinlərə məxsus abidələr də var.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Anar İsgəndərov bildirib ki, Azərbaycan xalqının tolerantlıq və multikulturalizm mədəniyyəti dünya üçün nümunədir. Millət vəkilinin sözlərinə görə, hətta 1920-ci ilin aprel işğalından sonra respublikada dini ibadətlə bağlı sərt qadağalar həyata keçirilsə belə, Azərbaycan xalqı bu dəyərləri yaşatdı, gələcək nəsillərə ötürdü. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində mühüm addımlar atdı. A.İsgəndərov deyib ki, ölkəmizdə din-dövlət münasibətlərinin tənzimlənməsi, o cümlədən milli birliyin formalaşdırılması istiqamətində atılan addımlar Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: “Həmin dövrdə ölkəmizdə 20-yə yaxın məscid var idi. Ulu Öndər Azərbaycanın müqəddəs məkanlarına, İslam dininə, o cümlədən xristianlığa və yəhudilərə məxsus dini abidələrə dövlət qayğısını təmin etməklə Azərbaycanın tolerantlıq ənənələrini bütün dünyaya nümayiş etdirdi. Məscidlərimiz, kilsələr və sinaqoqlar bərpa olundu, yeniləndi. Hətta yeni dini ibadət məkanları istifadəyə verildi”.

“Xüsusi vurğulanmalıdır ki, Azərbaycan hər zaman fərqli dini və milli mənsubiyyətə malik xalqların dostluq zəminində yaşadığı məkan olub. Nəzərə alsaq ki, XX əsrin sonları dünyada müxtəlif dini, siyasi, etnik qarşıdurmalarla, kataklizmlərlə müşayiət olunub, o zaman qeyd edə bilərik ki, Azərbaycanda bu cür gözəl ab-havanın hökm sürməsi həm həyata keçirilən dövlət siyasətinin nəticəsi, həm də xalqımızın tolerantlıq ənənələrinin göstəricisidir”, - deyə Anar İsgəndərov əlavə edib.

Millət vəkili bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasəti bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanımızın əmri ilə erməni təxribatlarına qarşı əks-hücum  əməliyyatları başlanan kimi xalqımız bir yumruğa çevrilməyi bacardı və dini, milli mənsubiyyətindən, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qoşuldu. Azərbaycanda yaşayan bütün dini konfessiyalar, icmalar, etnik azlıqlar ölkə Prezidentinin ətrafında sıx birləşdiyini, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda ortaya qoyulan bu iradəni dəstəklədiyini bəyan etdi. “Bu, bəlkə də, bəşər tarixində görünməmiş bir hadisə idi. Düşmənə qarşı  birləşən və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını ortaya qoyan qəhrəman Vətən övladlarımız məhz milli-mənəvi dəyərlərimizin bizə verdiyi gücün, qüvvənin sayəsində irəli getdilər və öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər”, - deyə A.İsgəndərov əlavə edib.

Pərviz SADAYOĞLU

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 620 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30