Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycan mediasına konkret və real kömək lazımdır

Azərbaycan mediasına konkret və real kömək lazımdır

28.09.2021 [16:48]

Tofiq Yusifov: Dövlətin dəstəyi və təşəbbüsləri qarşısında media orqanlarının adekvat reaksiyası və çevikliyi çox aşağıdır

Azərbaycan müstəqillik əldə etdikdən, daha doğrusu, 1993-cü ilin iyunundan sonra ölkəmizdə insan hüquq və azadlıqlarının təməl prinsiplərindən olan fikir, söz və ifadə azadlığının, plüralizmin təmin edilməsi sahəsində də mühüm addımlar atılıb. Belə ki, ötən müddət ərzində ölkəmizdə kütləvi informasiya vasitələrinin (KİV) inkişafı üçün müxtəlif istiqamətlərdə işlər görülüb. Həyata keçirilmiş ciddi islahatlar nəticəsində Azərbaycan Respublikasında senzura, söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan götürülüb.

Şübhəsiz ki, ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçib, ölkəmizdə və dünyada baş verənlər haqqında informasiyaların cəmiyyətimizə, həmçinin ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib. Bununla belə, bütün dünyada kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların və iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac duyulub. Məhz bu baxımdan, milli-tarixi ənənələr və modern çağırışlar, habelə müasir medianın özəllikləri də nəzərə alınmaqla hazırda KİV-də yeni islahatların reallaşdırılması prosesi gedir. Daha doğrusu, yeni konseptual baxış və fərqli tənzimləmə mexanizminin yaradılması ilə Azərbaycan mediası özünün inkişaf tarixində yeni mərhələyə qədəm qoyur.

Azərbaycanda söz və ifadə azadlığının hazırkı vəziyyətinə toxunan Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Tofiq Yusifov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, indiki dövrdə ölkəmizdə mətbuat və söz azadlığına, fikir plüralizminə yaradılan şəraiti qənaətbəxş hesab etmək olar: “Yəni kütləvi informasiya vasitələrinin, o cümlədən yeni yaranan media orqanlarının qeydiyyatdan keçirilməsində, onların fəaliyyətində heç bir ciddi əngəl yoxdur. Əksinə, onların fəaliyyəti üçün əvvəllər mövcud olan maneələr aradan qalxıb, imkanlar daha da genişlənib. Bu sahədə fərqlənmək, ciddi inkişaf əldə etmək jurnalistlərimizin fəaliyyətindən asılıdır. Amma təəssüf ki, media sahəsində fəaliyyət göstərən bəzi ictimai təşkilatlar və media orqanları tərəfindən yalnız imitasiyaların şahidi oluruq”.

Media sahəsində son dövrlərdə aparılan islahatlara da toxunan T.Yusifov deyib ki, hər hansı islahatın reallaşması üçün dövlət tərəfindən edilən yardımla yanaşı, ictimai dəstək və digər şərtlər də lazımdır: “Yəni hər bir media mənsubu, jurnalist təsdiq edə bilər ki, bu sahədə dövlətin KİV orqanları, media təşkilatları və jurnalistlərdən daha irəlidə gedir. Dövlət dəstəyinin meyarlarına nəzər yetirəndə görürük ki, dövlət daha tolerant, obyektiv, cəsarətli, günün reallıqlarını ortaya qoyan, ciddi təhlilə əsaslanan, analitik cəhətlərə malik olan yazıların ərsəyə gəlməsi üçün kifayət qədər səy göstərir. Dövlət dəstəyinin digər mühüm cəhətləri jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzillərlə təmin olunması, milli mətbuatımız üçün əlamətdar günlərdə mükafatlar, orden və medallarla təltif edilməsi, çap, hətta onlayn media orqanlarına dövlət yardımının göstərilməsi medianın inkişafına hesablanmış addımlardır. Ancaq çox təəssüf ki, bir çox hallarda dövlətin dəstəyi və təşəbbüsləri qarşısında media orqanlarının adekvat reaksiyası və çevikliyi çox aşağıdır. Yəni bu qayğının və diqqətin qarşılığında nəzərəçarpacaq tərəqqi hiss olunmur”.

“Bu kontekstdən çıxış edərək, medianın inkişafı üçün dövlətin göstərdiyi qayğını çox yüksək qiymətləndirirəm. Ona görə də medianın indiki durumunda dövləti günahlandırmaq ədalətsizlik olardı. Medianı düşdüyü vəziyyətdən çıxarmaq üçün biz jurnalistlər özümüzdən başlamalıyıq. Bu sahəyə yeni qüvvələrin gəlməsinə şərait yaratmaq lazımdır. Ölkəmizdə savadlı, bilikli, bu sahəni sevən jurnalistlərin bacarıq və təcrübəsindən geniş istifadə olunmalıdır”, - deyə T.Yusifov bildirib.

“Media haqqında” qanun layihəsinin hazırlanması prosesinə də toxunan həmsöhbətimizin sözlərinə görə, belə bir qanunun qəbulundan sonra hansısa inqilabi yenilik gözləmir: “Layihənin bəzi maddələri ilə tanış olan şəxs kimi deyə bilərəm ki, həmin maddə və müddəaların Azərbaycan mediasında son illərdə yığılıb qalan problemləri həll edəcəyinə inamım azdır. Çünki yaşadığımız dövrdə dünyada media sahəsində qeyri-adi atmosfer yaranıb. Son iki ilə yaxındır ki, dünyanı cənginə alan pandemiya, eyni zamanda, dünyada baş verən kataklizmlər və digər mürəkkəb proseslər medianın rupor, yeniliklərin carçısı, insanlara xəbərləri çatdıran vasitə kimi rolunu ikinci plana keçirib. Söhbət ondan gedir ki, əvvəlki dövrlərdən fərqli olaraq bu gün media orqanları kütləni, cəmiyyəti səfərbər etmək, arxasınca aparmaqdan daha çox kütlənin arxasınca getməyə başlayıb. Çox təəssüf ki, media sahəsində bu reallığı Azərbaycan mediasına daha çox aid etmək olar. Bu gün bizim mediamız cəmiyyətin arxasınca gedir, bir növ medianı cəmiyyət idarə edir. Amma əksinə olmalı, media cəmiyyəti maarifləndirməli, öz fikirləri, ideyaları və təşəbbüsü ilə onu səfərbər etməlidir”.

Azərbaycan mediasındakı problemlərin içərisində olan KİV məkanından sui-istifadə hallarından və digər mənfi tendensiyalardan söhbət açan T.Yusifov deyib ki, hər hansı fəaliyyət sahəsində durğunluq, geriləmə varsa, orada hökmən mərkəzdənqaçmalar olacaq: “Bu zaman jurnalistika üçün yad olan, xoşagəlməz hallara, təhriflərə, kənaraçıxmalara rast gəlməmək qeyri-mümkündür. Mətbuatımızda bəlaya çevrilən sui-istifadə və “reketçilik” halları bunlarla əlaqədardır. Məhz bu səbəblərdən deyə bilərəm ki, Azərbaycan mediasına bu gün konkret və real kömək lazımdır. Bundan ötrü isə digər sahələrdə aparılan islahatlar zamanı olduğu kimi, medianın da “yol xəritəsi” hazırlanmalıdır. Media sahəsində inkişaf əldə etmək üçün hökmən “yol xəritəsi” olmalıdır. Yəni biz “a” bəndindən “b” bəndinə keçmək üçün hansı addımları atmağı müəyyən etməli, ondan sonra bu tədbirlərin reallaşdırılmasına başlamalıyıq”.

Qaşqay ZİYƏDDİNOĞLU

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 599 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30