Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ölkənin aparıcı qüvvəsi...

Ölkənin aparıcı qüvvəsi...

15.02.2023 [10:58]

Azərbaycan gəncliyinin uğurları sevindirir

Nicat Dilqəmli

Hər bir dövlət üçün aparıcı qüvvə hesab olunan gəncliyin inkişafının davamlı xarakter alması olduqca əhəmiyyətlidir. Sevindirici haldır ki, ölkəmizdə hər bir sahədə olduğu kimi, gənc nəslin müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsinin təmin edilməsi üzrə də layihələrin, dövlət proqramlarının həyata keçirilməsi müsbət bir ənənə olaraq formalaşıb. Gənclərin bütövlükdə, dövlətin, şəxsən ölkə başçısının diqqət və qayğısı ilə əhatə olunması, təbii ki, gənc nəslin nümayəndələrinin ölkədə baş verən ictimai-siyasi proseslərdə aktiv şəkildə iştirakını şərtləndirən ən başlıca amillərdəndir. Bu günə qədər gənclik çox sayda önəmli uğurlara imza atmağı bacarıb.

Onların böyük əksəriyyətinin könüllülərdən ibarət olmasını qeyd etməkdə isə xüsusi fayda var. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ölkəmizin güclü bir dövlətə çevrilməsində, insanların rifahının getdikcə yaxşılaşmasında könüllülər də mühüm rol oynayırlar. Son illərdə könüllülük hərəkatı respublikamızın davamlı inkişafının təmin olunmasında daha çox diqqət çəkir.

Azərbaycan gənclərinin sahib olduqları yüksək potensial, ali səviyyəli bilik və bacarıqlar 44 günlük Vətən müharibəsi dövründə özünü bir daha ən parlaq şəkildə göstərmiş oldu. Postmüharibə dövründə də ölkə gəncləri Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, aparılan abadlıq-quruculuq işlərinə dəstək və bu kimi bir çox önəmli məsələlərdə müxtəlif təşəbbüslərlə çıxış edərək dövlətə öz dəstəklərini nümayiş etdirməyə davam edirlər.

Əfsuslar olsun ki, gənc nəslin nümayəndələrinə yalnız xoş günlərdə iştirak etmək nəsib olmur. Baş verən təbii fəlakətlərdə, digər bütün neqativ hallarda - hər bir anda gənclər dövlətin yanında olmağı seçirlər. Bu isə onların dövlətimizin başçısına olan sevgilərindən, etibarından, inamından irəli gəlir.

Gənclərdən ibarət könüllü qruplarının müsbət, fərəhləndirici təşəbbüsləri bu gün də davam edir. Belə ki, hazırda hər birimizin ağrı-acı içərisində olduğumuz bir vax?da - qardaş ölkə Türkiyədə baş verən zəlzələ zamanında da könüllülərdən ibarət bir qrup gənc lazım olan dəstəyin göstərilməsində yaxından iştirak etmək üçün hadisə yerinə yollanıblar. Bir neçə gün öncə Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “ASAN Könüllüləri”, “Gənc Könüllülər”, “BİR Könüllü”, “Aqrar İnkişaf Könüllüləri”, “Naxçıvan Könüllüləri”, “Böyük Qayıdış” könüllüləri və “Ekokönüllülər” təşkilatlarının üzvləri arasından daha təcrübəli və çətin şəraitdə fəaliyyət göstərməyə hazır olan gənclər müəyyən edilərək, ilkin təlimatlandırma keçdikdən sonra türkiyəli həmkarlarına dəstək vermək üçün qardaş ölkəyə yola düşüblər.

Ulu öndər Heydər Əliyevin “bir millət iki dövlət” fəlsəfəsinə əsaslanan İttifaqın bu humanitar fəaliyyəti çərçivəsində Azərbaycan könüllülərinin öz türkiyəli həmkarları ilə zəlzələnin baş verdiyi bölgələrdə faciədən zərər çəkmiş vətəndaşlara yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə kimi bir çox işlərdə iştirak etmələri nəzərdə tutulur.

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Ramil Həsən qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasətinin əsas tərkib hissələrindən biri də könüllülük fəaliyyətidir. Artıq bir neçə ildir ki, ölkəmizdə, bütün sahələrdə gənc nəslin nümayəndələrinin aktiv könüllülük fəaliyyəti göstərdiyini qeyd edən millət vəkili bildirib ki, həmin gənclər bu yolla həm öz bilik və bacarıqlarını artırmış, həm də ictimai-siyasi proseslərin tərkib hissəsinə çevrilmiş olurlar: “Bütün bunlar da gələcəkdə onların həm karyera, həm də şəxsi inkişaf mərhələlərində birmənalı olaraq öz müsbət təsirlərini ortaya qoyur. Azərbaycan gəncliyi vətənpərvər, öz dövlətinə bağlı, milli maraqları daim qoruyan gənclikdir. 44 günlük Vətən müharibəsi dövründə azərbaycanlı gənclərin döyüş meydanında göstərdiyi şücaət, qəhrəmanlıq bu dediklərimizi bir daha sübut edir. İstər ön, istərsə də arxa cəbhədə gənclər böyük fəallıq nümayiş etdirdilər. Ön cəbhədə böyük qəhrəmanlıqlara imza atanların böyük əksəriyyətini də elə gənclər təşkil edirdi. Hesab edirəm ki, Vətən müharibəsi onların həm fiziki, həm də mənəvi cəhətdən ən yüksək səviyyədə inkişaf etdiklərini göstərən ən aydın nümunədir”.

Deputat, həmçinin gənclərin informasiya müharibəsində aktiv iştirakına da diqqət çəkərək, bunun çox əhəmiyyətli bir nüans olduğunu qeyd edib: “Bundan başqa, hamımız şahid olduq ki, olduqca yüksək potensiala malik olan, savadlı gənclərimiz həm informasiya müharibəsində aktiv iştirak edərək mənfur düşmənin dünya ictimaiyyətinə ötürdüyü yalanları, əsassız məlumatları elə yerindəcə ifşa etdilər. Burada söhbət yalnız və yalnız ölkəmizdə yaşayanlardan getmir. Dünyanın dörd bir yanında yaşayan soydaşlarımız - gənclərimiz əllərindən gələni etdilər. Bildiyimiz kimi, bu müsbət tendensiya postmüharibə dövründə də davam edir. Onlar erməni həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında birbaşa iştirak edərək, Ermənistan tərəfindən törədilmiş vandalizm, qeyri-insani əməlləri internetin bizlər üçün yaratdığı imkanlardan istifadə edərək bütün dünyaya yayırlar. Bu isə olduqca vacib və əhəmiyyətli bir nüansdır”.

Millət vəkili qardaş ölkə Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə yollanan, orada bütün imkanlarını səfərbər edərək yardım göstərən gənclərimizdən də söz açıb: “Bu gün isə gənclərimiz yenə də öz aktiv fəaliyyətlərini davam etdirirlər. Əvvəla çox böyük təəssüf hissi ilə, qardaş ölkə Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirən şəxslərlə bağlı onların yaxınlarına, Türkiyə dövlətinə, xalqına dərin hüznlə başsağlığı verir, təbii fəlakət nəticəsində yaralananlara Allahdan şəfa diləyirəm. Məlumdur ki, hadisənin baş verdiyi ilk dəqiqələrdən etibarən Azərbaycan qardaş ölkənin yanındadır. Zəlzələdən dərhal sonra  Prezident İlham Əliyevin tapşırığı ilə qardaş Türk xalqına yardım məqsədilə həyata keçirilən və xalqımızın da böyük dəstək verdiyi geniş miqyaslı tədbirlərə Azərbaycanın könüllü gəncləri də qoşulublar. Göründüyü kimi, burada da gənclərimiz aktiv şəkildə iştirak edirlər”.

“Bütün bu məqamlar Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasətinin parlaq nəticələridir. Dövlət başçısı bu sahəyə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşır ki, bu da gəncləri daha da ruhlandırır, onlarda özünəinam hissinin daha da yüksəlməsinə səbəb olur. Əminəm ki, Azərbaycan gəncliyi bundan sonra da böyük nailiyyətlərə imza ataraq hər birimizi fərəhləndirəcək, sevindiricək”, - deyə R.Həsən fikirlərinə yekun vurub.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 525 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30