Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / “Üslubundan bilmək olar ki, bu, Əli Kərimlidir, yoxsa yox”

“Üslubundan bilmək olar ki, bu, Əli Kərimlidir, yoxsa yox”

21.09.2012 [17:02]

Siyavuş Novruzov: İqbal Ağazadə AXCP-nin, Müsavatın iştirak edəcəyini bilsəydi, qaça-qaça gələrdi
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun Publika.az-a müsahibəsi:
- YAP-ın qərargahında müxalif partiyalarla məlum görüş hələ də müzakirə olunur. Bu görüşü müxalifətlə iqtidarın dialoqu kimi qiymətləndirənlər də var. YAP tərəfindən bu addımın atılması, təbii ki, müsbət haldır. Amma bu görüş də daim dialoq təklifləri ilə çıxış edən müxalifət düşərgəsi tərəfindən birmənalı qarşılanmadı, tənqidlər oldu. Sizcə, bu siyasi anormallıq nə ilə bağlıdır?
- Bu görüş göstərdi ki, ümummilli, respublika əhəmiyyətli məsələlərdə fikir ayrılığı yoxdur. Fikir ayrılığı hər bir partiyanın qarşısına qoyduğu məqsəd və fəaliyyətlə bağlı ola bilər. Yeni Azərbaycan Partiyası 18 siyasi partiyanı şəxsən dəvət etmişdi. Dəvət olunmadan bu görüşə qoşulan partiyalar da oldu. Və bu 18 partiya hazırlanmış sənədə imza atdı. Bu görüşü tənqid edənləri isə anlamıram. Milli maraqlarımıza aid məsələdə bir yerdə olmayacağıqsa, bəs nə vaxt bir yerdə olacağıq?! Qəbahət bu işin harasındadır?! Sənədə imza atan partiyalar həm parlamentdə, həm də parlamentdən kənar fəaliyyət göstərən partiyalardır. Öncədən hər bir partiyaya sənədin mətni göndərildi. Müəyyən əlavə və dəyişikliklər oldu, onlar da nəzərə alındı. Sonda bu sənəd beynəlxalq təşkilatlara çatdırıldı. Kimlərsə qısqanclıqdan, gözləri götürmədiklərindən bu məsələyə belə yanaşırlar. Tənqidçilər yanlış qərar verib görüşdə iştirak etməyən və sonra o partiyaları bir arada görüb peşman olanlardır. İştirak etməməklərinə bəraət qazandırmaq üçün bu fikirləri səsləndirirlər.
- Ümid Partiyası bu görüşdə iştirak etməyib...
- Ümid Partiyası rəsmi şəkildə dəvət olunmuşdu.
- İqbal Ağazadə bu görüşdə iştirak etməyi “vaxt itkisi” adlandırıb...
- İqbal Ağazadə bilsəydi ki, Müsavat, AXCP bu görüşdə iştirak edəcək, o zaman hər kəsdən birinci, qaça-qaça gələcəkdi. O, elə güman etdi ki, onlar gəlməyəcəklər. O, görüşdə iştirak etmədiyi üçün bu fikirləri səsləndirir. Məsələn, Qarabağ Blokundakı Demokrat Partiyası da bu görüşdə iştirak edənlər arasında idi. Bəzən parlamentdə təmsil olunan partiyalar yığışıb bir məsələni müzakirə edəndə hansısa biri imzalama prosesində iştirak etmir.
- Bu, nə ilə bağlıdır?
- Sadəcə olaraq hər partiyanın öz yolu var. İqbal bəy elə duşunur ki, bu görüş də əvvəlki qaydada olacaq və çox yanlış yol seçdi.
- Hər dəfə bir partiya kənarda qalır, kimlərsə narazı olur. Hakimiyyət nə etməlidir ki, müxalifət razı qalsın?
- Bu, mümkün deyil. Dünyanın heç bir yerində mümkün deyil. Müxalifət həmişə narazı olmalıdır. Amma bu narazılığın içində bir konstruktivlik də olmalıdır. Əgər konstruktivlik yoxdursa, ancaq iddialar varsa, heç bir məsələ müzakirə oluna bilməz. Bundan öncə də siyasi partiyalar birlikdə müzakirələr aparıb. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT-də müzakirələr olan zaman da birlikdə bəyanat imzalamışdılar. Quba məzarlığı ilə bağlı Qubada keçirilən dəyirmi masada siyasi partiyaların əksəriyyəti iştirak etmişdi. Bu kimi addımlar hər zaman olub. Hesab edirəm ki, ümummilli məsələlərdə heç kim kənarda qalmamalıdır.
- Müsavat başqanı İsa Qəmbərin qardaşı Rövşən Qəmbər bu yaxınlarda müsahibə verib. Deyib ki, İsa Qəmbər, Əli Kərimli və İlham Əliyev görüşüb ölkədəki problemləri bir yerdə həll etməlidirlər. Bu üç liderin bir araya gəlməsi müsbət nəticə verə bilər. Bu fikirə münasibətinizi bilmək istərdim...
- Hər kəs öz fikrini səsləndirməkdə azaddır. Bu da onun fikridir. Bilirsinizmi, Prezidentlə görüşmək istəyənlər müraciət etməlidir. Prezident də qəbul edir, fikirlərini çatdırırlar. Yadımdadır, Ümummilli lider Heydər Əliyevin dövründə müxalifət partiyalarından müraciətlər daxil olurdu, müəyyən məsələlər qoyulurdu. O da baxırdı məsələlərə, hansı məqsədəuyğun idisə, onu müzakirə edirdi, hansı məqsədəuyğun deyildisə, baxılmırdı. İsa Qəmbər, Əli Kərimli və başqaları Prezidentlə görüşmək istəyirlərsə, müraciət etsinlər. Azərbaycanda işlər onsuz da yaxşılığa doğru gedir. İstər iqtisadiyyatda, istər siyasətdə, istərsə də digər məsələlərdə. Bu proseslərə kimlərsə əlavə köməklik göstərmək istəyirsə, buyursun. Bu gün Azərbaycanın yetərincə dövlətçilik siyasəti var. Azərbaycan bu gün regionda, eləcə də Şərqi Avropada öndə gedən dövlətlərdən biridir. Azərbaycana qarşı qəbul olunan qərarların böyük əksəriyyəti sırf gözü götürməməzlikdən, qərəzdən irəli gəlir. Bu gün Ermənistanın, Gürcüstanın, Baltikyanı ölkələrin vəziyyəti heç də Azərbaycandakı vəziyyətdən yaxşı deyil. Ramil Səfərovla bağlı qərarlar verən beynəlxalq təşkilatlar Xocalı ilə bağlı bir söz demirlər. Amma Azərbaycanın hüququ çatan bir məsələyə etirazları bilavasitə gözü götürməməzlikdir. Onların verdiyi qərarlar nə hüquqa, nə də real siyasi proseslərə uyğun deyil. Məsələn, seçki sistemi ilə bağlı iradlara baxaq. Azərbaycan nümunəvi seçki keçirir. ATƏT bildirir ki, Əfqanistanda demokratik seçkilər keçirildi. Əfqanistanda ali təhsillilərin sayı bir faiz deyil, barmaqlarını mürəkkəbə batırıb seçkidə iştirak edirlər. Deyirlər ki, İraqda demokratik seçkilər keçirilir. İraq nə vaxtdan demokratik seçki keçirir?! Bu ikili standartlar artıq hər kəsə bəllidir.
- Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da mətbuata son açıqlamasında bildirib ki, iqtidarla müxalifətin dialoqu davam edəcək. Buradan belə nəticəyə gəlmək olarmı ki, iqtidarla müxalifətin dialoq dönəminə start verilir?
- Biz istənilən məsələ ilə bağlı dialoqa hazırıq. Ortaya məsələ qoyulsun və müzakirəsi aparılsın. Ancaq qərəz olmasın. Tutaq ki, sərbəst toplaşma azadlığı ilə bağlı iradlarını bildirəcəklər. Azərbaycanda sərbəst toplaşma azadlığı ilə bağlı qanun var. Qanuna müvafiq olaraq yerlər seçilib. Səbail rayonunda bir neçə dəfə toplaşdılar, kim onlara bir söz dedi?! Sadəcə olaraq elə yerləri tələb edirlər ki, orada toplaşmaq təhlükəsizlik baxımından olmaz. Onlar da Azərbaycanın vətəndaşıdırlar və onların təhlükəsizliyini qorumaq dövlətimizin borcudur. Harada qəbul olunmasından asılı olmayaraq, qətnamənin rəngi dəyişmir...
- Sosial şəbəkələrdə varsınız?
- Varam.
- Aktivsiniz, yoxsa vaxt olduqca fəaliyyət göstərirsiniz?
- Partiya işlərindən vaxt tapdıqca izləyirəm. Gün ərzində media ilə ünsiyyətimiz də çox olur.
- Maraqlıdır ki, sosial şəbəkələrdə iqtidara yaxın insanlarla müqayisədə müxalifət, müxalif düşüncəli gənclər daha aktivdir. Necə düşünürsüz, bu, nə ilə bağlıdır?
- Mən elə deməzdim. Vaxt tapdıqca prosesləri diqqətlə izləyirəm. Müxalifətyönlü yazarlar iki-üç nəfərdir. Yəni üslubundan hiss olunur ki, fərqli adlar altında olsa da, bu, eyni insandır. Müxalifət tərəfindən iştirak edənlərin əksəriyyəti xaricdə yaşayanlardır. Azərbaycanın daxilində az bir hissə oradadır. Aydındır ki, o hissə də nələrdəsə maraqlıdır. Bizim partiyanın gəncləri aktiv olaraq sosial şəbəkələrdə iştirak edirlər və böyük say fərqi ilə öndədirlər.
- Bəlkə də, müxalif gənclər diqqəti ona görə çəkir ki, bir çox hallarda sağlam müzakirələr getmir və özlərini ifadə etmək üçün daha çox söyüş və təhqirlərdən istifadə edirlər...
- Bəli, söyüşlərdən istifadə edirlər. Bəzi internet saytları da elə ancaq onların söyüşlərindən ibarətdir. O saytlarda sağlam təhlil yoxdur.
- Bu gənclər Azərbaycanın gəncliyidir, millətin gələcəyidir. Əslində, bu narahatlıq doğuran məqamdır...
- Bəli. Bunlar o gənclərin gələcək inkişafı üçün böyük problem yaradacaq. Ağıllı şəkildə şərhlər verə bilməmələri ciddi problemdir. Ümumi qayda olaraq axşamlar girirlər “Facebook”-a və gördükləri hər sözə, hər fikrə söyüşlə reaksiya verirlər. Bununla da özlərinə ziyan vururlar. Onların intellektual baxımdan aşağı səviyyəli olmaları aydın görünür və təəssüf doğurur.
- Bəzi siyasilər isə gizli profillərlə sosial şəbəkələrdə aktiv fəaliyyət göstəririlər. Belə insanlar arasında Əli Kərimlinin də adı çəkilir. Bu günlərdə Xədicə İsmayıl “Facebook”-da belə bir status paylaşmışdı ki, suallarına cavab almaq üçün Əli Kərimlini tapa bilmir. Ən azından o, gerçək profili ilə sosial şəbəkədə deyil. İstər-istəməz sual yaranır, bəlkə, “Facebook”-da söyüş söyənlərdən biri elə Əli Kərimlinin özüdür?..
- Təəssüf ki, orada müəyyənləşdirmək olmur kim-kimdir. Əlbəttə, o, gizli profillə ola da bilər. Diqqət edilsə, üslubdan müəyyən şeyləri hiss etmək olar.
- Müsavatçı Nigar Yaqublunun həbsi məsələsi də gündəmin ən çox müzakirə edilən mövzularındandır. Bu, bir bədbəxt hadisədən, xoşagəlməz qəzadan daha çox siyasi motivlər müstəvisinə çəkilir. Siyasi mübarizədə bu, nə dərəcədə doğrudur?
- Hər bir məsələyə hüquqi müstəvidən yanaşmaq lazımdır. Allah bütün insanların yolunu açsın. Parlamentdə də dəfələrlə əfv olunmanın, amnistiya verilməsinin tərəfdarı olmuşam və bununla bağlı çıxışlar etmişəm. Ümummilli liderin doğum günü ərəfəsində, bayramlarda belə addımlar atılmasını təklif etmişəm. Çünki hər kəsin gözü yoldadır, hamı cəzasının tez bitməsini istəyir. Amma bunu siyasiləşdirməyin heç bir mənası yoxdur. Əksinə, bu, vəziyyəti daha da pisləşdirir. Ortada fakt var. Ya zəlzələdən, ya vəlvələdən bu hadisə baş verib. Hüquq-mühafizə orqanlarını da qınamağın mənası yoxdur. Bildiyim qədəriylə onu zaminə götürmək istəyirlər. Mən bunun tərəfdarıyam. Burada fakt kənara qoyulub, onun ictimai-siyasi fəaliyyəti önə çəkilir. Axı onun barəsində heç kim fəaliyyətinə görə həbs qəti-imkan tədbiri seçməyib. Azərbaycanda bu gün yüzlərlə insan həbsdədir və o da onlardan birdir. Həbsdə yatan hər kəs kiminsə övladı, bacısıdır. Nigarın digər vətəndaşlardan fərqi nədədir?! Ortada bir cinayət varsa, hansısa partiyanın üzvü olması onu xilas edə bilməz.
- İsa Qəmbər bu məsələ ilə bağlı açıqlamasında bildirdi ki, söhbət qadınlardan gedirsə, siyasi mübarizədə heç kim qırmızı xətti keçməməlidir. Siyasi mövqeyindən asılı olmayaraq, qadınlara anamız, bacımız, qızımız nöqteyi-nəzərindən baxmalıyıq. Amma müxalif mətbuat orqanları onun işarə vurduğu “qırmızı xətt”i dəfələrlə keçiblər. Müxalif mətbuatda yüksək vəzifəli məmurların ailəsinin qadın üzvləri haqqında xoş olmayan şeylər yazılıb. İsa bəy nədən o zaman “qırmızı xətt” haqqında danışmırdı?
- Bu gün də nazirlərin, yüksək vəzifəli şəxslərin ailəsi, övladları ilə bağlı mütəmadı yazılır, onlara böhtanlar atırlar. Siyasətdə bu, yolverilməzdir. Bunun üçünsə peşəkar olmaq lazımdır. İstər siyasətdə, istəsə də jurnalistikada olanlar peşəkar olmalıdır. Bizdə deyirlər ki, diffamasiya haqqında qanun niyə qəbul olunmur. Bu gün bizim mətbuat, siyasilərimiz bu qanunun qəbuluna hazırdırmı?! Bəzən mətbuat orqanları əllərində fakt olmadan bir şayiə əsasında elə şeylər yazırlar ki, dəhşətə gəlirsən. Axı insanın ailəsinin onun iş fəaliyyəti ilə nə əlaqəsi var?! Məmurun işində buraxdığı nöqsanlardan yazmaq lazımdır. Özəl həyata isə heç kimin müdaxilə etməyə ixtiyarı yoxdur.
Paylaş:
Baxılıb: 998 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30