Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / YAP-ın cəmiyyətdə böyük nüfuz qazanmasını və dəstəklənməsini şərtləndirən ən vacib amil onun xalqın maraq və mənafeyinin təminatını özünün başlıca məramına çevirməsidir

YAP-ın cəmiyyətdə böyük nüfuz qazanmasını və dəstəklənməsini şərtləndirən ən vacib amil onun xalqın maraq və mənafeyinin təminatını özünün başlıca məramına çevirməsidir

23.10.2012 [01:32]

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov www.yap.org.az saytına müsahibə verib:
- Bu gün dinamik inkişaf edən Azərbaycan Respublikasında həyata keçirilən sosial siyasəti necə xarakterizə edərdiniz?
- Müstəqilliyinin 21-ci ilini yaşayan Azərbaycanda dövlətin sosial siyasəti ölkənin iqtisadi tərəqqisindən irəli gələn imkanların ilk növbədə hər bir vətəndaşın layiqli yaşayış və iş şəraitinin təmin edilməsinə yönəldilməsini, o cümlədən, sosial rifah səviyyəsinin real iqtisadi əsaslar üzərində yaxşılaşdırılmasını, ölkədə mövcud əmək potensialının səmərəli şəkildə reallaşması üçün onun keyfiyyətinin yüksəldilməsini, sosial təminat sisteminin əhaliyə daha yaxın və əlçatan bir sistemə çevrilməsini nəzərdə tutur.
Respublika iqtisadiyyatının dayanıqlı inkişafının təmin olunması şəraitində getdikcə dinamik xarakter alan, əhalinin həyati mənafelərinin ödənilməsinə yönələn bu siyasət müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsas prinsiplərindən biri olan “Xalq dövlət üçün deyil, dövlət xalq üçündür” tezisinə əsaslanır.
Bildiyiniz kimi, 1993-cü ildə xalqın iradəsi ilə yenidən respublika rəhbərliyinə qayıdan Ulu öndər Heydər Əliyev ictimai-siyasi sabitliyin bərpa olunması və dövlət müstəqilliyinin bütün təhlükələrdən xilas edilərək möhkəmləndirilməsi, iqtisadi tənəzzülün qarşısının alınması və bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni iqtisadiyyatın qurulması kimi olduqca çətin və vacib bir tarixi missiyanı həyata keçirməklə yanaşı, əhalinin rifah halının yaxşılaşdırılmasını da diqqətdə saxlamış, iqtisadi islahatlarda sosialyönümlülüyün təmin olunmasını daim ön plana çəkmişdir.
Beləliklə, respublika iqtisadiyyatında davamlı artım dinamikası eyni zamanda sosial problemlərin uğurlu həllinə və əhalinin maddi rifah halının daim yüksəldilməsinə, xüsusən aztəminatlı vətəndaşların, sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinə münbit şəraitin yaradılması, dövlətin sosial siyasətinin ilbəil güclənməsi ilə nəticələnmişdir.
Ölkəmizin iqtisadi inkişaf konsepsiyasının mühüm tərkib hissəsi olan sosial siyasət Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən zamanın tələblərinə adekvat şəkildə, həm forma, həm də məzmun etibarilə daha da zənginləşdirilərək yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. İqtisadi artım tempinə görə dünya dövlətlərinin reytinq cədvəlinə başçılıq edən Azərbaycan bu gün rifahlı cəmiyyət quruculuğunun geniş vüsət aldığı, sosial dövlət statusunu getdikcə gücləndirən bir ölkədir.
Bazar iqtisadiyyatı prinsiplərinin tam formalaşdığı Azərbaycanda həyata keçirilən siyasət ilk növbədə məhz insan amilinə, onun firavan sabahının təminatına xidmət edir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev respublika hökumətinin cari ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə dair iclasında “Bizim bütün iqtisadi təşəbbüslərimiz və ümumiyyətlə, iqtisadi strategiyamız Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir” -deyə bildirmişdir.
Son 8 ildə yeni yaradılan iş yerlərinin sayının bir milyonu ötməsi, işsizlik səviyyəsinin daha da azalaraq 5,4 faizə enməsi, yoxsulluq səviyyəsinin kəskin şəkildə azalaraq cari ilin əvvəlində 7,6 faizə düşməsi, orta aylıq əmək haqqının hazırda 500 dollara, orta aylıq pensiyanın 190 dollara bərabər olması respublikada sosial firavanlığın təminatı istiqamətində mühüm irəliləyişlərin real ifadəsidir.
Bu gün Azərbaycanda həyata keçirilən sosial siyasətin daha geniş spektrdə sosial məsələlərin həllini əhatə etdiyini və bununla cəmiyyətin rifahında daha önəmli rola malik olduğunu, eyni zamanda ölkədə sosial ədalətin tam təmin olunduğunu təsdiq edən tədbirlərin davamı kimi, sovet vaxtından qalmış əmanətlərə bütün MDB məkanında ən qısa müddət ərzində və ən yüksək əmsalla kompensasiya verilməsi prosesini göstərmək olar. Eyni zamanda, müstəqil Azərbaycanda səhiyyə, gənclər və idman, təhsil və digər sahələrdə əldə olunan mühüm tarixi nailiyyətlər ölkənin daim güclənən və çevik sosial siyasət kursuna malik olduğunu göstərir.
- Nazirlik tərəfindən həyata keçirilən vacib tədbirlərdən biri də ünvanlı dövlət sosial yardımı proqramıdır. Bu sahədə hansı yeniliklər vardır? Respublikada aztəminatlı ailələrin sosial reabilitasiyası məqsədilə hansı yeni layihələr icra olunur və onların əhəmiyyəti nədən ibarətdir?
- Məlum olduğu kimi, 2006-cı ilin ortalarından nazirlik tərəfindən ünvanlı dövlət sosial yardımı proqramı icra olunur. Ötən dövr ərzində bu mexanizm daha da təkmilləşdirilmiş, bu proqramın əhatə dairəsi genişləndirilmiş, yoxsul ailələrin bu yardım növündən yararlanmaq imkanları artırılmışdır. 2012-ci ilin 9 ayının yekununa əsasən, 560 minə yaxın insanı əhatə edən 127 minə yaxın ailəyə orta hesabla ayda 112 manat ödənilir. Ünvanlı yardımın hesablanması üçün ehtiyac meyarının məbləği 2006-ci ildəki 30 manatla müqayisədə ötən müddətdə təxminən 3 dəfəyə yaxın artırılaraq cari ilin əvvəlindən 84 manata çatdırılmışdır. Həmçinin 2006-cı ildə ehtiyac meyarının yaşayış minimumuna nisbəti 51,7 faiz təşkil edirdisə, bu nisbət hazırda 77,8 faizə yüksəlib.
Ünvanlı yardımların təyinatında subyektiv amillərin minimuma endirilməsi, bu sahədə şəffaflığın artırılması məqsədilə hazırda 27 rayonda icra olunan poçt və elektron qaydada alternativ müraciət mexanizmlərinin bütün ölkədə tətbiqi üçün işlər aparılır.
Ölkəmizdə ilk dəfə olaraq Sosial Dəstək Fondunun yaradılmasına, aztəminatlı ailələrə güzəştli mikrokreditlərin verilməsi mexanizminin tətbiqinə hazırlıq işləri aparılır. Bununla da müəyyən potensiala malik yoxsul ailələr şəxsi təsərrüfatlarını inkişaf etdirmək imkanı qazanacaq və bu təsərrüfatların genişlənməsi yeni iş yerlərinin yaranmasına, aztəminatlı vətəndaşın tədricən yoxsulluqdan sahibkarlığa doğru irəliləyişinə şərait yaradacaq. Göründüyü kimi, bu aktiv proqramın icrası ünvanlı yardım alanların sayının 30 faizə qədər azalması ilə nəticələnəcək.
- İşsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin olunması, eyni zamanda işçi hüquqlarının müdafiəsi, o cümlədən qeyri-leqal məşğulluğun aradan qaldırılması istiqamətlərində nə kimi işlər görülür?
- Respublikanın regionlarının sosial-iqtisadi inkişafı proqramı başlanandan, yəni 2004-cü ildən bu vaxtadək 800 mini daimi olan bir milyon 100 min iş yerinin açılması ölkənin əmək bazarında gərginliyin aradan qalxmasına səbəb olmuşdur və bu gün ölkədə işsizlik heç də kəskin bir problem deyildir.
Qeyd edim ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təsdiqlənən, iki mərhələni- 2007-2010-cu və 2011-2015-ci illəri əhatə edən Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramları bu sahədə mühüm rol oynamışdır. Həmin Proqramlar mahiyyət etibarı ilə dövlət məşğulluq siyasətinin mərhələli şəkildə həyata keçirilməsinə yönəlmişdir.
Birinci mərhələdə məşğulluq sahəsində beynəlxalq hüquq normalarına uyğun olaraq milli qanunvericilik bazasının təkmilləşdirilməsi, məşğulluq siyasətinin həyata keçirilməsi üzrə iqtisadi mühitin və regional əmək bazarlarının inkişafı, yeni iş yerlərinin açılması, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi nəzərdə tutulmuşdur. İkinci mərhələ isə əmək bazarında işçi qüvvəsinin keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsinə, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə, layiqlı əməyin tətbiqi sahəsinin genişlənməsinə, özünüməşğulluğun və sahibkarlığın inkişafına, insan kapitalının ön plana çəkilməsinə yönəlmiş tədbirlər kompleksini müəyyən edir. Hazırda 2011-2015-ci illəri əhatə edən proqramın icrası işləri davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin 9 ayında 22777 nəfər münasib işlə təmin edilmiş, 2836 nəfər peşə hazırlığı kurslarına, 1189 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur. Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək Birjaları tərəfindən 3098 nəfər müvəqqəti xarakterli işlərə göndərilmişdir. Bu müddətdə respublika üzrə 72556 nəfər peşəyönümü məsləhətlərinə cəlb edilmişdir.
Ölkənin əmək bazarında iqtisadi inkişafa uyğun, beynəlxalq tələblər səviyyəsində ixtisaslı kadların yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bununla bağlı olaraq, Dünya Bankı ilə birgə həyata keçirilən Sosial Müdafiənin İnkişafı Layihəsi çərçivəsində İSCO88/08-ə uyğun Təkmilləşdirilmiş Peşə Standartları və Əlaqədar Təlim Standartları hazırlanır. Layihə çərçivəsində 3 il ərzində 200 peşə və 100 təlim standartı, həmçinin 200 standart üzrə qiymətləndirmə forması, peşə təsnifatının müasir tələblərə uyğunlaşdırılması məqsədilə təkliflər və Peşə Standartları Mərkəzinin yaradılması üçün hüquqi-institusional baza hazırlanacaq.
- Sosial cəhətdən həssas əhali qruplarından biri də əlillərdir. Bu baxımdan, əlil insanların tibbi-sosial reabilitasiyası, yaşayış vəziyyətinin yaxşılaşdırılması sahəsində atılan addımlar barədə məlumat verməyinizi xahiş edirik.
- Respublikamızda səhiyyə sistemi getdikcə təkmilləşir, bölgələrdə yeni müalicə-diaqnostika və bərpa müəssisələri yaradılır. Bütün bunlar nəticə etibarilə ölkədə əlilliyin artım tempinin qarşısının alınmasına, reabilitasiya səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya üzrə əlillərin əhali tərkibində faiz göstəricisi 10 faizdən yüksək olduğu halda, Azərbaycanda bu rəqəm təxminən 4 faiz civarındadır. Bu göstərici MDB məkanında ən aşağı göstəricilərdəndir.
Azərbaycan əlilliyi olan şəxslərin maddi və mənəvi tələbatlarının ödənilməsi ilə bağlı məqsədyönlü və daim təkmilləşən siyasətə malik bir ölkədir. Hazırda belə şəxslər qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə dövlət müavinətləri, eyni zamanda bərpa-müalicə xidməti, müxtəlif reabilitasiya vasitələri ilə təmin edilirlər. Məsələn, dövlət hesabına minik avtomobilləri ilə təmin olunan əlillərin sayı 3250-dən çoxdur.
Ötən müddətdə əlilliyi olan şəxslərlə bağlı ölkə qanunvericiliyi, o cümlədən “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu xeyli təkmilləşdirilmiş, ümumilikdə, son illərdə 10-ə qədər yeni hüquqi normativ akt qəbul edilmişdir. Əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar Azərbaycan qanunvericiliyində, BMT Baş Məclisinin qəbul etdiyi Əlillərin hüquq bəyannaməsində təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Əlilliyi olan şəxslərin maddi təminatı da daim gücləndirilir. Onlara verilən müavinətlərin, həmçinin əmək pensiyalarının məbləği mütəmadi olaraq artırılır.
Son illərdə ölkədə bərpa-müalicə şəbəkəsi bölgələr üzrə daha da genişləndirilmişdir və indi ölkənin bütün regionları üzrə 14 bərpa mərkəzi fəaliyyət göstərir ki, onlarda hər il 8 mindən çox əlil insana bərpa-müalicə xidməti göstərilir. Bakı Protez-ortopedik bərpa mərkəzi və onun filialları tərəfindən əlilliyi olan şəxslər protez-ortopedik məmulatlarla, əlil arabaları, eşitmə aparatları və digər reabilitasiya vasitələri ilə davamlı olaraq təmin edilirlər.
Bunlarla yanaşı, respublikamızda fiziki məhdudiyyətli insanların sosial müdafiəsi istiqamətində tədbirlərin maliyyələşdirilməsi ilə bağlı olaraq hər il təsdiqlənən müvafiq Dövlət Proqramlarına əsasən, əlillərin ölkə daxilində müalicəsi və bərpası, asudə vaxtının mənalı təşkili, yaradıcı əlillərin maddi və mənəvi dəstəklənməsi, paralimpiya hərəkatının genişlənməsi və s. istiqamətlərində ardıcıl tədbirlər keçirilir. Bu sahədə işlərin davamı kimi, nazirlik tərəfindən 2012-ci ilin avqust-sentyabr aylarında Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N. Burdenko adına Onurğa-beyin sistemi zədələnmiş xəstələr üçün ixtisaslaşmış müalicə mərkəzində və Bolqarıstanın “Pavel Banya” sanatoriyasında 86 nəfər əlilliyi olan vətəndaşın bərpa müalicəsi təmin olunub.
Həmçinin 2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” nın müvafiq bəndinə uyğun olaraq, cari ildə 1000-dən çox əlilliyi olan vətəndaş müxtəlif istirahət zonalarına göndərilib. Eyni zamanda, cari ilin oktyabr-noyabr aylarında 80 nəfərdən artıq əlil şəxsin Naftalan şəhərində yerləşən müalicə müəssisəsində bərpa müalicəsi təşkil ediləcək.
Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 2009-cu ilin “Uşaq ili” elan olunması ölkəmizdə uşaqların rifahının yaxşılaşdırılmasında, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsində xüsusi rol oynamış, bu sahədə birgə səylərin artırılması üçün geniş imkanlar açmışdır.
Xüsusilə qeyd olunmalıdır ki, Heydər Əliyev Fondunun davamlı dəstəyi ilə nazirliyin 3 və 7 nömrəli internat evlərində aparılan əsaslı təmir və yenidənqurma işləri nəticəsində həmin müəssisələrdə uşaqlar üçün nümunəvi şərait yaradılmış, sağlamlıq imkanları məhdud uşaqların bacarıqlarının inkişafı və hüquqlarının müdafiəsi üçün mühüm işlər görülmüşdür. Eyni zamanda Buzovna 9 saylı internat evində əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Hazırda bütün internat evlərində müasir standartlara uyğun şəraitin yaradılması məqsədilə müvafiq işlər görülür.
- Məlum olduğu kimi, bu il Yeni Azərbaycan Partiyasının yaranmasının 20 ili tamam olur. YAP-ın ölkəmizin və cəmiyyətimizin ictimai-siyasi həyatında rolu haqqında fikirlərinizi bilmək istərdik?
- 1992-ci ildə Azərbaycanın olduqca ağır siyasi və iqtisadi böhran keçirdiyi, yenicə qazanılmış milli dövlətçiliyin süquta uğramaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycanın görkəmli ziyalılarının, nüfuzlu şəxsiyyətlərinin Naxçıvana, dünya şöhrətli siyasi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevə müraciət ünvanlaması, Ulu öndərin yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsini xahiş etməsi, əslində, bütün xalqın arzu və istəyinin ifadəsi olmuşdur.
Həmin vaxtlarda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edən tanınmış dövlət xadimi və böyük dövlətçilik təcrübəsinə malik Ümummilli lider Heydər Əliyevin xalqın müraciətini qəbul edərək yenicə yaradılan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi Ulu öndərimizin ölkənin, xalqın müqəddəratı ilə bağlı məsələdə özünəxas müdriklik və ləyaqət göstərməsinin tarixi təcəssümü olmuşdur. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası fəaliyyətə başladı.
Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əlyevin rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətdə böyük nüfuz qazanmasını və xalq tərəfindən dəstəklənməsini şərtləndirən ən vacib amil ondan ibarətdir ki, YAP həmişə xalqın maraq və mənafelərinin təminatını özünün başlıca məramına çevirmişdir. Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, ölkənin hərtərəfli inkişafı, xalqın rifah halının yüksəldilməsi naminə mühüm tarixi nailiyyətlərin qazanılmasında, dövlət başçısının respublikanı böyük perspektivlərə doğru aparan siyasətinin uğurla həyata keçirilməsində YAP yaxından iştirak etmişdir. YAP-ın təməl prinsiplərindən olan Azərbaycançılıq, dövlətçilik, qanunçuluq və sosial ədalət, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin əsaslandığı ideoloji prinsiplərdir.
Qeyd edim ki, partiyanın ilk ərazi təşkilatlarından biri də 2006-ci ilin noyabrında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırda yerləşdiyi Salatın Əsgərova, 85 ünvanında yaradılıb və təşkilat ötən müddətdə uğurla fəaliyyət göstərib, onun sıraları getdikcə genişlənib. Ayda bir dəfədən az olmayaraq təşkilatın toplantısı keçirilir.
Yeni Azərbaycan Partiyasının keçdiyi 20 illik yol Azərbaycan xalqının taleyinin 20 illik ayrılmaz bir hissəsi olmaqla, şərəfli bir tarixdir. Ümummilli liderimiz Heydər Əliyevin “Dünənin, bu günün və gələcəyin partiyası” kimi adlandırdığı Yeni Azərbaycan Partiyası Ulu öndərin əbədiyaşar ideyalarının işığında xalqımızla, dövlətimizlə birgə böyük gələcəyə doğru inamla irəliləyir.
Paylaş:
Baxılıb: 1054 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30