Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / “Bəzi səfirliklər Azərbaycanın maraqlarını müdafiə etməyən QHT-lərə açıq dəstək verməklə siyasi məqsəd güddüklərini ortaya qoyurlar”

“Bəzi səfirliklər Azərbaycanın maraqlarını müdafiə etməyən QHT-lərə açıq dəstək verməklə siyasi məqsəd güddüklərini ortaya qoyurlar”

25.12.2012 [15:52]

Rauf Zeyni: Görünür, bizim ölkəmizin, millətimizin maraqlarını müdafiə etməyimiz onları qane etmir
Xəbər verdiyimiz kimi, dekabrın 19-da Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) VIII qurultayı keçirilib. Qurultayda MQF-nin prezidenti Rauf Zeyninin hesabat məruzəsi, həmçinin, qurumun idarə heyətinin sədri Aydın Kərimovun və nəzarət-təftiş komissiyasının sədri Ceyhun Hacıbəyovun hesabatları dinlənilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarının İnkişafına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək qurultay iştirakçılarına təbriklərini çatdırıblar. Çıxışlarda ölkəmizdə QHT sektorunun inkişafından bəhs edilib. Dövlətimizin başçısının QHT-lərlə əməkdaşlığın gücləndirilməsinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini dəfələrlə vurğuladığını xatırladan natiqlər onu da bildiriblər ki, QHT-lər ölkəmizin gələcəyi ilə bağlı konsepsiyaların, proqramların hazırlanmasında və həyata keçirilməsində fəal olmalıdırlar. Vurğulanıb ki, bu gün Azərbaycan cəmiyyətində güclü konsensus var və bu sabitliyi heç bir qüvvə poza bilməz. İnkişafımızın əsas istiqamətləri düzgün müəyyən olunub və onun həyata keçirilməsində dövlət qurumları ilə yanaşı, QHT-lər də mühüm rol oynamalıdır.
Sonra təşkilati məsələyə baxılıb, hesabatlar dinlənilib, müzakirələr aparılıb, MQF-nin rəhbər orqanlarına seçkilər keçirilib. Rauf Zeyni növbəti 4 illik müddətə Forumun prezidenti, eləcə də, 27 nəfərdən ibarət idarə heyəti və 7 nəfərdən ibarət nəzarət-təftiş komissiyası seçilib.
Sonda MQF-nin VIII qurultayının iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
Yeri gəlmişkən, Milli QHT Forumunun prezidenti Rauf Zeyni APA-ya müsahibəsində həm qurultayı dəyərləndirib, həm də digər sualları cavablandırıb.
- Qurultayın işini necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, qurultayın işi çox uğurlu oldu. Prezident Administrasiyası, Nazirlər Kabineti, özəl qurumlar, media və qeyri-hökumət təşkilatlarının, həmçinin, beynəlxalq təşkilatların və bəzi xarici ölkələrin səfirliklərinin nümayəndələri qurultaya çox yüksək qiymət verdilər. Fürsətdən istifadə edərək qurultayın belə yüksək səviyyədə keçməsinə dəstək verən və onun işində iştirak edən insanların hamısına öz minnətdarlığımı bildirirəm.
- Bu qurultay nə ilə yadda qaldı və hansı sənədlər qəbul olundu?
- Qurultay özünün mütəşəkkilliyi, möhtəşəmliyi ilə yadda qaldı. Qurultayın qətnaməsində indiyə qədər görülən işlərə qiymət verildi və bundan sonrakı istiqamətlər üzrə görüləcək işlər müəyyən edildi. Qurultay nümayəndələrinin Azərbaycan Respublikasının Prezidentinə müraciəti də çox mühüm sənəddir. Orada cənab İlham Əliyevin vətəndaş cəmiyyətinin inkişafına göstərdiyi diqqət və qayğı xüsusi qeyd edilib, ölkənin əksər qeyri-hökumət təşkilatlarının Prezidentin siyasi kursunu müdafiə etdikləri ifadə olunub. Qurultay forumun yeni rəhbər heyətini də seçdi. Biz növbəti dörd il üçün yeni seçilən heyətlə daha səylə çalışmaq və vətəndaş cəmiyyətinin inkişafına mühüm töhfələr vermək əzmindəyik. Onu da deyim ki, yeni heyət gələn ilin yanvar ayında ictimaiyyətə təqdim ediləcək.
- Perspektivdə MQF fəaliyyətini hansı istiqamətdə quracaq?
- Biz qəbul etdiyimiz qərar və qətnaməyə, habelə ölkəmizin, cəmiyyətin tələbatına uyğun olaraq öz fəaliyyətimizi davam etdirəcəyik. Vətəndaş cəmiyyətinin inkişafı, qeyri-hökumət təşkilatlarının maddi-texniki bazasının və təşkilati imkanlarının gücləndirilməsi, onların fəaliyyətinin hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində işimizi davam etdirəcəyik. Eyni zamanda, Azərbaycanın dövlət maraqlarının, milli-mənəvi dəyərlərinin qorunması, zəngin mədəniyyətinin dünyada təbliği, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyulması və s. sahələrdə üzərimizə düşən vəzifələri yerinə yetirəcək, vətəndaş cəmiyyətinin imkanlarını bu yöndə səfərbər etməyə çalışacağıq.
- Qurultayda diqqət çəkən məqam ölkədəki bəzi diplomatik nümayəndəliklərin rəhbərlərinin tədbirdə iştirak etməməsi idi. Bunun səbəbini necə izah edərdiniz?
- Açığını deyim ki, biz bütün səfirlikləri dəvət etmişdik. Təəssüflər olsun ki, onlardan bəziləri qurultaya gəlmədilər. Demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafına xüsusi dəyər verdiklərini tez-tez təkrarlamağı xoşlayan bir sıra səfirliklərin nümayəndələrinin 601 təşkilatı özündə birləşdirən, Azərbaycanın ən böyük QHT koalisiyası olan Milli QHT Forumunun qurultayında iştirak etməməsi paradoksal haldır. Düşünürəm ki, məqsədi Azərbaycanda siyasi qalmaqallar yaratmaq olan üç təşkilatın dekabrın 11-də Bakı Caz Klubunda düzənlədiyi “Demokratiya naminə incəsənət” layihəsinin təqdimat mərasimində iştirak edən səfirlərin bizim qurultaya nümayəndə belə göndərməməsi bir sıra qaranlıq məqamlara işıq salır. Hesab edirəm ki, burda bir neçə amil mövcuddur. Görünür, bizim ölkəmizin, millətimizin maraqlarını müdafiə etməyimiz onları qane etmir. Həmin səfirlər Azərbaycanın maraqlarını müdafiə etməyən QHT-lərə açıq dəstək verməklə siyasi məqsədlər güddüklərini ortaya qoyurlar. Ona görə də, siz qeyri-hökumət təşkilatlarının Qarabağla, işğalla, qaçqın və məcburi köçkünlərlə, Xocalı soyqırımı ilə bağlı tədbirlərində həmin səfirlərin heç birini görə bilməzsiniz.
- Son vaxtlar Milli QHT Forumuna xarici fondlar tərəfindən qrantların ayrılmamasını da bununla bağlamaq olarmı?
- Bu məsələdə ikili standartla yanaşma mövcuddur. Bir sıra beynəlxalq təşkilatlar bir qrup qeyri-hökumət təşkilatını öz başına toplayıb, özlərinin qeyri-hökumət təşkilatlarını yaradıblar. Bəzi QHT-lərə “Demokratiya naminə oxu”, “Musiqi festivalı” və s. adları altında külli miqdarda qrantları çox asanlıqla verirlər. Amma biz vətəndaş cəmiyyəti quruculuğu ilə məşğuluq, regionlarda QHT-lərin inkişafı ilə məşğul oluruq, onlarsa bu məsələlərə çox da meyil etmirlər. Burada onların öz prioritetləri, öz planları əsas rol oynayır.
- Sizcə, bu problemi necə aradan qaldırmaq olar?
- İlk növbədə neytral, müstəqil, sağlam qeyri-hökumət təşkilatları, o cümlədən, Milli QHT Forumu bu məsələlərə öz münasibətini açıq bildirməli, ictimaiyyətin diqqətini bu məsələyə cəlb etməlidir. Bundan başqa, vətəndaş cəmiyyətinin təmsilçiləri bu sahədə geniş yayılmış qeyri-şəffaflıqla bağlı həmin qurumlardan, habelə onların himayə etdiyi əlaltı QHT-lərə dəstək verən diplomatlardan izahat tələb etməlidirlər.

Paylaş:
Baxılıb: 971 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30