Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət sayəsində Azərbaycan əməkdaşlıqda arzuolunan, ayrı-ayrı məsələlərdə mövqeyi öyrənilən çox önəmli ölkədir

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət sayəsində Azərbaycan əməkdaşlıqda arzuolunan, ayrı-ayrı məsələlərdə mövqeyi öyrənilən çox önəmli ölkədir

13.02.2013 [03:42]

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov www.yap.org.az saytına müsahibə verib.
Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Onun böyük və zəngin irsinin layiqli davamçısı Prezident İlham Əliyevin zamanın çağırışlarına adekvat olan yeni qiymətli əlavələrlə zənginləşdirdiyi, Azərbaycanı liderlər cərgəsinə yüksəldən xarici siyasətinin inkişaf strategiyasının möhtəşəm təntənəsinin daha bir real təzahürü kimi göstərmək olar. Azərbaycan diplomatiyasının uğurları sayəsində ölkəmiz hazırda əməkdaşlıqda arzuolunan, ayrı-ayrı məsələlərdə mövqeyi öyrənilən çox önəmli dövlətdir. Respublikamızın siyasi nüfuzunun, artan iqtisadi gücünün tanınması, Azərbaycan Respublikasının regional liderdən dünyadakı proseslərdə mühüm rol oynayan ölkəyə çevrilməsi bütün sahələrdə öz əməli nəticələrini verməkdədir.
Belə ki, 1 noyabr 2012-ci il tarixdə Tailand Krallığında keçirilmiş BMT-nin Asiya və Sakit Okean üzrə Regional Kartoqrafik Konfransında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov Asiya və Sakit Okean üçün Geoməkan İnformasiyasının İdarəolunması üzrə BMT-nin Regional Komitəsinin İcraçı Şurasının 11 üzvündən biri seçilib.
BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Təşəbbüsünə uyğun olaraq Doha şəhərində (Qətər) 4-6 fevral 2013-cü il tarixdə müvafiq dövlət orqanlarının rəhbərlərinin iştirakı ilə İkinci Yüksək Səviyyəli Forum keçirilib. Həmin Forumda Azərbaycan Respublikasını Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Yüksək səviyyəli Forum və ümumiyyətlə coğrafi informasiyanın idarəolunması ilə bağlı oxucularımızı ətraflı məlumatlandırmaq üçün ölkəmizdə coğrafi informasiyanın idarəolunması sahəsinə məsul dövlət orqanı kimi müəyyənləşdirilmiş və son zamanlar öz fəaliyyət sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığı genişlənməkdə olan qurumun rəhbəri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədovla görüşdük. Elə ilk sualımızda geoməkan informasiyası ilə bağlı oldu.
- Qərib müəllim, yaxşı olardı ki, söhbətimizə geoməkan informasiyası barədə məlumatla start verək. Geoməkan informasiyası deyəndə nə nəzərdə tutulur?
- Geoməkan informasiyası - ərazi və Yer səthində, Yerin səthaltı qatında, Yer atmosferinin səthüstü qatında və yerətrafı fəzada mövcud olan obyektlər barədə müxtəlif fəaliyyət sahəsində istifadəsi zəruri olan verilənlər toplusudur. Sadələşdirilmiş baxışda bu anlayışa xəritədə tapıla bilən əsas topoqrafik informasiyanı aid etmək olar. Lakin həqiqətdə bu anlayışa, həmçinin, torpaqlardan istifadə, əhalinin sıxlığı və s. bu kimi informasiyaları nümayiş etdirən mürəkkəb təbəqələrdə birləşdirilmiş məkana bağlı müxtəlif məlumat çoxluqları da aiddir. Geoməkan informasiyası biznes, dövlət idarəetməsi və ictimai fəaliyyətin çox geniş diapazonunu dəstəkləyir və bu informasiyadan istifadə (o cümlədən, təkrar istifadə) məhsuldarlıqla bağlı əhəmiyyətli fayda verir. Tez-tez “geoməkan informasiyası” və “məkan informasiyası” əvəzedici terminlər kimi istifadə olunur.
Baza geoməkan informasiyasının informasiyanın digər layları ilə birləşdirilməsinin erkən nümunəsi XIX əsrin ortalarına təsadüf edir. Həmin vaxt britaniyalı həkim Con Snou Londonda xolera epidemiyasının şiddətlənməsi dövründə xəstəliyə tutulma ilə bağlı fərdi halları xəritədə əks etdirmişdir. Bu ona xəstəliyin yayılmasının mənbəyini dəqiq izləməyə imkan vermişdir.
Müasir dövrdə geoməkan informasiyasının istifadəsinə imkan yaradan texnika və texnologiyalar sürətlə inkişaf edir və bu tip informasiyanın tətbiqləri həddən artıq çoxalır.
- Bu sahədə beynəlxalq əməkdaşlıq çox önəmli məsələdir.
- Dövlət tərəfindən hazırlanmış topoqrafik verilənlər həm dövlət, həm də qeyri-dövlət təşkilatları tərəfindən istifadə olunan çoxlu sayda məkana bağlı verilənlər toplusu üçün baza təbəqəsi rolunu oynayır. Müxtəlif ölkələrin hökumətləri tərəfindən geoməkan informasiyanın toplanmasına böyük vəsaitlərin sərf olunmasına baxmayaraq, bu gün həmin informasiyaların tam potensialından istifadə etmək, adətən, çətin olur. Bunun hər bir konkret halda bir sıra obyektiv və subyektiv səbəbləri mövcuddur. Məsələn, müxtəlif dövlət orqanları tərəfindən eyni əraziyə aid ayrı-ayrılıqda toplanmış informasiya hissələrinə vahid yönləndirmə bir çox hallarda həmin ərazinin müxtəlif yollarla təsvir olunması ucbatından qeyri-mümkün olur. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi olaraq “Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/ Geomatika” Standartlaşdırma üzrə Texniki Komitə tərəfindən dünyada hamılıqla qəbul olunmuş İSO, OGC standartlarının yerli şəraitə lokalizasiyası və tətbiqi, Milli Məkan Məlumatları İnfrastrukturu Konsepsiyasının təbliği, Vahid Elektron Kartoqrafik Əsasın təqdim olunması, mövcud CİS-lərin unifikasiyası üzrə “dəyirmi masa”nın fəaliyyəti ilə bu qəbildən olan çətinliklərin aradan qaldırılması istiqamətində bir çox insanlar və təşkilatlar tərəfindən bir çox tətbiqlər üçün istifadə oluna bilən vahid verilənlər bazasının yaradılması məqsədilə geoməkan informasiyanın toplanması, idarəolunması və istifadəsinin təkmilləşdirilməsi ilə əlaqədar bir sıra təşəbbüslərlə çıxış etmişik.
Son illərdə dünyada, o cümlədən, Azərbaycanda təbii fəlakətlərin baş verməsində sürətli artım nəzərə çarpmaqdadır. Bunlara misal olaraq, Haitidə və Yaponiyada olan zəlzələləri, Katrina və Sendi qasırğalarını, o cumlədən, ölkəmizə ziyan vurmuş Kür çayının daşmasını və Zaqatala-Balakən zonasındakı zəlzələni, həmçinin, bir sıra ərazilərdəki torpaq sürüşmələrini göstərmək olar. Bu təbii fəlakətlərin nəticəsi olaraq minlərlə insan təhlükə ilə üzləşir, öz yaşayış yerini və bəzən də həyatını itirir. Ölkələrin iqtisadiyyatına külli miqdarda ziyan dəyir.
Bu kimi lokal təbii fəlakətlərlə yanaşı, ayrıca götürülmüş bir millətin və yaxud regionun mübarizə apara bilməyəcəyi iqlim dəyişikliyi və qlobal təbii fəlakətlər kimi sərhəd tanımayan qlobal problemlərin sayı durmadan artır. Geoməkan informasiyasının qlobal idarəolunması dayanıqlı monitorinq kimi həm də qərarların qəbulunu dəstəkləyən bir vasitə olmaqla bu kimi qlobal çağırışlara ünvanlanmada və sürətli reaksiyada mühüm rol oynayır.
Odur ki, BMT və digər əlaqədar agentliklər geoməkan məlumatlardan istifadə etməklə bu kimi təbii fəlakətlər haqqında məlumat verə biləcək proqramlar hazırlamışlar. 2010-cu il Haiti zəlzələsi zamanı coğrafi informasiya sistemlərindən həm vəziyyətin öyrənilməsi, həm də əməliyyatların aparılmasında geniş istifadə olunmuşdur. Dağıntılarla əlaqədar yaxşı strukturlanmış geoməkan informasiyası yardımın çatdırılması ilə yanaşı bərpa işləri üçün effektiv strategiyanın hazırlanmasının da əsasıdır.
Yaxın dövrlərə qədər qlobal çağırışlarla əlaqədar geoməkan informasiyasının istənilən toplanması və yaradılması ayrı-ayrı dövlətlər, müvafiq təşkilatlar və yaxud BMT-nin bölmələri tərəfindən həyata keçirilirdi. Belə olduqda yuxarıda qeyd olunan proseslər böyük zaman, maliyyə və səy tələb edirdi. Bununla yanaşı, toplanmış geoməkan informasiyası ondan yaxşı və effektiv istifadə üçün hətta milli səviyyədə belə ziddiyyətli və qeyri-adekvat olurdu. Bütövlükdə dünyaya baxdıqda bir sıra millətlər artıq coğrafi informasiya institutlarını və qanunvericilik çərçivələrini artıq təsis etmişlər. Bununla yanaşı, bu mühüm işləri hələ tam başa çatdırmamış millətlər də vardır. Beləliklə, hər bir ölkənin geoməkan informasiyasının yaradılması və şəraiti müxtəlifdir. Bu səbəbdən qlobal geoməkan informasiyasının paylaşımı və mübadiləsi olduqca mürəkkəbdir. Beləliklə, müxtəlif ölkələrdə mövcud olan geoməkan informasiyasının paylaşımını və mübadiləsini mümkün edən qlobal mexanizmin yaradılması zəruridir.
- Qərib müəllim, geoməkan informasiyasının idarəolunmasında dövlətlərarası mexanizmlər hansı səviyyədədir?
- Geoməkan informasiyasının qlobal paylaşımı üçün mövcud olan səylərin müəyyən məhdudiyyətləri vardır. Millətlər arasında geoməkan informasiyanın yaradılmasında və toplanmış bu informasiyanın paylaşımında texnologiya, “know-how”, metodlar kimi, həmçinin, müxtəlif strategiyalar da zəruridir. Bütün bunlar üçün müxtəlif beynəlxalq təşkilatlar, institutlar, şirkətlər və mütəxəssislər mövcuddur. Öz funksiyalarını layiqincə həyata keçirmək üçün onlar hamısı geoməkan informasiyasının paylaşımı üçün qlobal mexanizmin yaradılmasına səy göstərməlidirlər. Buna uğurlu nümunə kimi geoməkan informasiyası sahəsində standartlaşma üçün mövcud İSO və OGC standartlarını göstərmək olar. Bunula belə, fərdi təşkilata köklənmiş müstəsna fəaliyyət kifayət qədər effektiv ola bilməz. Odur ki, müvafiq beynəlxalq təşkilatların, institutların, şirkətlərin və mütəxəssislərin yalnız informasiyanın deyil, həmçinin, yeni texnologiyaların paylaşımının gələcək dəstəklənməsinin ölçüsü vacibdir və onların müştərək səylərinin sinergetik cəmini yarada biləcək sistematik bir struktur mövcud olmalıdır. Bundan əlavə, qlobal mexanizm yaradarkən, bu tip qabaqcıl texnologiyaları, bilikləri və mütəxəssisləri qrup anlamı yaratmaq üçün birləşdirəcək əməkdaşlıq sistemini tapmalıyıq. Bunun üçün isə, qlobal geoməkan informasiyasının paylaşım mexanizminin yaradılması, davamlı və uzunmüddətli investisiyaların qoyuluşu bu vacib məqsədi və rolu dəstəkləyən təşkilatın yaradılması ilə birgə həyata keçirilməlidir.
BMT kartoqrafik, statistik, həmçinin, məkan məlumatlarının lokallaşdırılmış geoməkan verilənləri, tətbiqləri və xidmətlərdən daha geniş istifadə üçün inteqrasiyasının əhəmiyyətini, Birləşmiş Millətlər Təşkilatının kartoqrafiya, coğrafi adlar və geoməkan informasiyası sahəsində, o cümlədən, konfransların təşkili, ekspertlərin müşavirələri, texniki məqalələrin nəşri, tədris kurslarının təşkili və əməkdaşlıq əsasında layihələrin həyata keçirilməsi ilə beynəlxalq əməkdaşlığa yardımçı olduğunu, qlobal geoməkan informasiyası sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə konkret tədbirlərin görülməsinin müstəsna əhəmiyyətini nəzərə alaraq müvafiq səlahiyyətlərə malik olan qlobal geoməkan informasiyasının idarə olunması üzrə Ekspertlər Komitəsinin yaradılması barədə qərar qəbul etmişdir. BMT-nin qlobal geoməkan informasiyasının idarəolunması üzrə təşəbbüsünün (UN-GGIM) məqsədi qlobal geoməkan informasiyası üçün gündəmin müəyyənləşdirilməsində aparıcı rol oynamaq və ondan başlıca qlobal çagırışlara yönəlik istifadəni təşviq etməkdir. O, Üzv Ölkələr arasında və Üzv Ölkələrlə beynəlxalq təşkilatlar arasında əməkdaşlıq və koordinasiya üçün bir forum rolunu oynayır. UN-GGIM iki paralel strukturdan - 2011-ci ildə BMT-nin ECOSOC (BMT-nin İqtisadi və Sosial Şurası) vasitəsilə yaratdığı Ekspertlər Komitəsi (ilk iclası 2011-ci ilin oktyabrında Koreyanın Seul şəhərində, ikinci iclası isə 2012-ci ilin avqusta ayında ABŞ-ın Nyu-York şəhərində keçirilmişdir) və yüksək səviyyəli forumdan ibarətdir. BMT-nin rəsmi Ekspertlər Komitəsi UN-GGIM üçün ekspertlərin qlobal məsləhətləşməsi mexanizmini təmin edir və Yüksək Səviyyəli Forumun gündəliyini hazırlayır. Yüksək Səviyyəli Forum (ilk iclası 2011-ci ilin oktyabrında Koreyanın Seul şəhərində keçirilmiş və “Seul Deklarasiyası” qəbul olunmuşdur) qərar qəbul edənləri qlobal geoməkan informasiyasının idarə olunmasının əhəmiyyəti barədə məlumatlandırır və forumun məsləhətləşmələrinin nəticələrini hər bir milli siyasətdə əks etdirilməsini təmin edir.
Xüsusilə vurğulamaq istərdim ki, istər Ekspertlər Komitəsinin iclasında, istərsə də Yüksək Səviyyəli Forumda və əlaqəli tədbirlərdə Azərbaycan Respublikasını Xarici İşlər Nazirliyinin tapşırığı ilə Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndəliyinin BMT-nin Baş katibinə təqdimatı əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları təmsil edir.
UN-GGIM geoməkan informasiyasının idarə olunmasında geoməkan informasiyası və ehtiyatlarının çox vaxt həyata keçirilməmiş potensialını qlobal cəmiyyət tərəfindən effektiv idarə və istifadə etməyə imkan verən, bir çox ölkələr tərəfindən zəruriliyi xüsusilə vurğulanan qlobal koordinasiya mexanizmlərinə olan ehtiyaca cavab olaraq yaradılmış başlıca dövlətlərarası mexanizmdir.
Digər qlobal mexanizm kimi Braziliyanın Rio de Janeyro şəhərində ötən ilin iyununda keçirilmiş BMT-nin Dayanıqlı İnkişaf üzrə Konfransını (Rio+20) qeyd etmək lazımdır. Həmin Konfrans üçün Ekspertlər Şurasının sorğusuna əsasən Dayanıqlı İnkişafın monitorinqi: Geoməkan İnformasiyasının Rio+20 prosesinə töhfəsi” adlı məqalə hazırlanmışdır. Konfransın nəticəsi olaraq qəbul olunmuş “Biz istədiyimiz gələcək” adlı sənəd qəbul olunmuşdur. Həmin sənəddə bir neçə yerdə geoməkan informasiyasının idarə olunmasının əhəmiyyəti xüsusilə vurğulanmışdır.
- Dohada (Qətər) 4-6 fevral tarixində keçirilmiş iclasda iştirakınız barədə nə deyə bilərsiniz?
- Forumun Birləşmiş Krallığın xidmət rəhbəri Vanessa Lourensin moderatorluğu ilə keçirilən 4 fevral tarixli Nazirlər seqmentində ABŞ, Belçika, Fici, Bəhreyn, Qətər, Nigeriya, Burkina Fasonu təmsil edən nazirlər və xidmət rəhbərləri ilə yanaşı, mən də çıxış etdim. Ölkəmizin müstəqillik illərində əldə etdiyi nailiyyətlərdən, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş torpaq islahatından, xarici və daxili sahibkarlar üçün yaradılmış əlverişli investisiya mühiti barədə Forum iştirakçılarını məlumatlandırdım. Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının başlıca amallarını diqqətə çatdıraraq qarşıya qoyulan məqsədlərə nail olmaq üçün mühüm alətlərdən biri olaraq geoməkan məlumatlarının idarəolunmasını xüsusilə vurğuladım və bu istiqamətdə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində aparılan işlər barədə müfəssəl məlumat verdim. Tədbirdə bir çox ölkərlərin müvafiq sahələrə məsul dövlət qurumlarının rəhbərləri ilə aparılan fikir mübadiləsində ölkəmizdə bütün sahələr üzrə, o cümlədən, coğrafi informasiyaların idarə olunması sahəsində görülmüş işlər məmnunluqla qarşılanmış, Azərbaycanın bu sahədə bir sıra beynəlxalq təşkilatlarda çox ciddi mövqeyə malik olduğu xüsusi qeyd olunmuşdur.
- Bunlar qlobal mexanizmlərdir. Regional səviyyədə Azərbaycan hansı təşkilatlarla əməkdaşlıq edir?
- Bir sıra regional mexanizmlərdən də danışmaq lazımdır. Bu sırada BMT-nin Regional Kartoqrafik Konfranslarını xüsusilə qeyd etmək olar. Bu Konfranslar Asiya və Sakit okean regionu üçün üç ildə bir dəfə, Amerika üçün isə dörd ildə bir dəfə keçirilir və həmin regionda milli xəritəçəkmə və geodeziya qurumları, həmçinin, geoməkan informasiyası sahəsində fəaliyyət göstərən beynəlxalq elmi təşkilatlar arasında informasiya mübadiləsi üçün mühüm regional mexanizmlərdir. Bu Konfranslararası dövrdə fəaliyyətin tənzimlənməsi üçün müvafiq daimi komissiyalar yaradılır.
Asiya və Sakit okean hövzəsi regionu üçün CİS İnfrastrukturuna dair Daimi Komitə (PCGIAP) 1995-ci ildə yaradılmış və onun üzərinə işçi qrupların təsis olunması və onların illik plenar iclaslar və yarımillik icraçı şuranın iclasları vasitəsilə idarə olunması ilə regional məkan məlumatları unfrastrukturunun inkişafı üzrə layihələrin həyata keşirilməsi öhdəliyi qoyulmuşdur.
Amerika regionunu təmsil edən Amerika üçün Geoməkan Məlumatları İnfrastrukturu üzrə Daimi Komissiya (PC-IDEA) geoməkan informasiyasının istifadəsindən irəli gələn iqtisadi, sosial və digər dəyərlərdən maksimum dərəcədə yararlanmaq məqsədilə təsis olunmuşdur. Şura ilə birlikdə fəaliyyət göstərən Planlaşdırma üzrə İşçi Qrup vasitəsilə Komitə aşağıdakı yeddi mövzunu əhatə edən 2009-2013-cü il üçün iş planını qəbul etmişdir: İnstitusional bacarığın yaradılması; standartlar və texniki spesifikasiyalar; Məkan Məlumatları İnfrastrukturunun (MMİ) yaradılması üçün ən yaxşı təcrübələr və iş planları; Milli Geoməkan İnformasiyası Orqanlarında yeniliklər; region üçün Məkan Məlumatları İnfrastrukturu ilə əlaqədar biliklərin toplanması (MMİ üzrə observatoriya); MMİ-nin Amerikada yaradılmasının vəziyyətinin qiymətləndirilməsi; MMİ ilə əlaqədar diskussiyaların texnoloji əsasları. Bu yeddi mövzudan əlavə Komitə, həmçinin, MMİ-yə yönəlik fəlakətlərin və risklərin qarşısının alınması üçün preventiv tədbirlərlə bağlı iclaslar da keçirir.
EuroGeographics təşkilatı üzvlük assosiasiyası və Avropa milli xəritəçəkmə, kadastr və torpaq qeydiyyatı qurumlarının səsi olaraq Avropa üçün Rəqəmsal Gündəlik, INSPIRE direktivi, Avropa Məkan Quruluşu və s. bu kimi müvafiq qanunvericilik və təşəbbüslərlə milli xəritəçəkmə, kadastr və torpaq qeydiyyatı qurumlarını dəstəkləyir. Hazırda ölkə Prezidentinin razılığı əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi vasitəsilə EuroGeographics təşkilatında üzvlüyünün təmin olunması ilə əlaqədar işlər yekun fazaya daxil olmuşdur.
Afrika regionu üçün də analoji məqsədlə yaradılmış beynəlxalq təşkilatlar mövcuddur.
Müstəqil Dövlətlər Birliyi ölkələri üçün bu qəbildən olan koordinasiya məsələləri geodeziya, kartoqrafiya, kadastr və Yerin məsafədən zondlanması üzrə MDB-nin Dövlətlərarası Şurasının iclaslarında müzakirə olunur. Qeyd etmək lazımdır ki, Şuranın növbəti XXXIV sessiyası 2012-ci ilin 22-23 noyabr tarixlərində Bakıda keçirilmişdir.
- Qərib müəllim, 2012-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin geoməkan informasiyasının idarəolunması sahəsindəki fəaliyyəti barədə nə deyə bilərsiz?
- Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 2001-cı il tarixli 576 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin haqqında Əsasnamə”yə əsasən Komitə geoməkan məlumatlarının idarəolunması sahəsində əsas mərkəzi icra hakimiyyəti orqanıdır. Ona verilmiş səlahiyyətlər çərçivəsində, öz vəzifə və funksiyalarının həyata keçirilməsi ilə əlaqədar Komitə geoməkan məlumatlarının idarəolunması sahəsində 2012-ci ildə bir sıra əhəmiyyətli işlər görmüş və nailiyyətlər əldə etmişdir.
Şəhər və rayon icra hakimiyyətlərində modern və çevik idarəetmənin təşkili ilə əlaqədar yaradılan operativ idarəetmə mərkəzlərinin müasir tələblərə cavab verən kartoqrafik əsasla təmin edilməsi məqsədilə Komitədə böyük həcmli işlər görülmüş, regionların inkişafı analitik informasiya sistemi üçün zəruri interaktiv xəritələr hazırlanaraq təhvil verilmişdir.
Ötən ilin oktyabr ayının 5-də Qlobal Xəritəçəkmə üzrə Beynəlxalq İdarəetmə Komitəsinin rəsmi saytında Azerbaycan Respublikasının Qlobal Xəritəsinin 2-ci versiyası istifadəyə verilmişdir. Artıq bütün dünya üzrə istifadəçilərin Azərbaycan Respublikasının açıq geoməkan məlumatlarından yararlana bilməsi üçün tam şərait yaradılmışdır. Nəqliyyyat, torpaq örtüyü və sosialyönümlü məkansal məlumatları özündə ehtiva edən 5-dən artıq elektron təbəqəli bu qlobal coğrafi informasiya sisteminin bundan sonra da təkmilləşdirilməsi gözlənilir. Biz, həmçinin, təqdim etdiyimiz məkansal məlumatlardan istifadə dinamikası və məqsədləri baradə müfəssəl statistik məlumatlar da əldə edirik.
Bu illər ərzində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən aparılmış işlər nəticəsində olduqca böyük həcmdə aktual coğrafi informasiya toplanmışdır. Bu gün bizim qarşımızda duran ən mühüm məsələlərdən biri toplanmış məkansal məlumatların düzgün strukturlaşdırılmasının, ondan istifadənin sadələşdirilməsi və paylaşmasının yeni formalarının işlənib hazırlanmasıdır. Bunula əlaqədar, Komitənin beynəlxalq qurum və təşkilatlarla əlaqələri durmadan genişlənir.
BMT-nin təşəbbüşü ilə ötən ilin 29 oktyabr - 1 noyabr tarixlərində keçirilən 50-yə yaxın ölkəni əhatə edən Asiya və Sakit Okean regionu üçün Beynəlxalq Kartoqrafik Konfransın gedişində də geoməkan informasiyasının idarəolunması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunmuşdur. Yuxarıda qeyd etdiyimiz PCGIAP təşkilatının əvəzinə BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Asiya və Sakit okean Regional Komitəsi təsis olunmuşdur. Komitənin ilk plenar iclasında Çin Xalq Respublikası və Yaponiya tərəfindən mənim namizədliyim Regional Komitənin İcra Şurasına irəli sürülmüş və mən Şuranın on bir üzvündən biri seçilmişəm.
- Geoməkan informasiyasının idarəolunması sahəsində gündəmdə duran başlıca problemlər hansılardır?
- Aşağıda qeyd olunan üç mühüm məsələ geoməkan informasiyasının idarəolunması üçün gündəmdə duran başlıca problemləri özündə əks etdirir: qlobal geodeziya istinad çərçivələrinin vacibliyi; fəlakətlərin idarəolunması üçün verilənlərin paylaşılması və inteqrasiyası; iqtisadi inkişaf üçün məkana bağlı informasiyanın idarə olunması. Bunların hər biri milli, regional, həmçinin, qlobal səviyyədə dayanıqlı inkişaf çağırışlarına ünvanlanmış mühüm mövzulardır.
Dayanıqlı inkişaf üçün geodeziya istinad çərçivəsi
Bu mövzu Asiya və Sakit okean hövzəsi üçün olduqca münasibdir. UN-GGIM Ekspertlər Komitəsinin ikinci iclasında qlobal geodeziya istinad şəbəkəsinin əhəmiyyəti barədə PCGIAP tərəfindən onun Geodeziya İşçi Qrupu vasitəsilə əhəmiyyətli və dəyərli müzakirələr başlanmışdır. “Mövqe” geoməkan informasiyasının idarəolunmasında ən fundamental konsepsiya olmasına rəğmən, bu mövqeyin əldə olunması üçün hansı prinsip və metodların tələb olunduğu aydın deyil. Milli, regional və qlobal sərhədlər daxilində və onlardan kənarda mövqeləndirmənin dəqiqliyinin təyinində nəzərə çarpacaq fərqlilik meydana çıxır. Mövqeləndirmə beynəlxalq əməkdaşlıq, qlobal geodeziya infrastrukturundan birgə istifadə vasitəsilə genişləndirilə və gücləndirilə bilən bir qlobal bacarıq, toplanmış verilənlərə açıq əlçatanlıqdır. Ümumilikdə, nə vaxta qədər ki, verilənlərin paylaşımındakı çatışmazlıq dəqiqliyə və həyata keçirilə bilən geodetik analizin tipinə təsir göstərir mövcud şəbəkələr bir-birilə və yaxud qlobal istinad çərçivəsi ilə effektiv əlaqələnmir. Bu vəziyyəti aradan qaldırmaq üçün strategiyaların və metodologiyaların müəyyənləşdirilməsi bizim üçün başlıca çağırışlardandır.
fəlakətlərin idarəolunması üçün verilənlərin paylaşılması və inteqrasiyası
“Rio+20”-nin yekun sənədi hökumətləri və təşkilatları mövcud şərtlər və imkanlar daxilində şəhərlərin və icmaların fəlakətlərə dözümlülüyünü artırmaqla fəlakət risklərinin azaldılmasını təmin etməyə sövq edir. Məxsusən sənəd təhlükə və risklərin hərtərəfli qiymətləndirilməsinin, bilik və etibarlı geoməkan informasiyası daxil olmaqla informasiya paylaşımının əhəmiyyətini tanıyır. Baxmayaraq ki, bu mövzu Asiya və Sakit okean regionunda yaxşı başa düşülür, bu direktiv geoməkan informasiyasının təhlükə və risklərin idarəolunması və azaldılmasının bütün mərhələlərində həyati vacib rol oynadığını müəyyənləşdirir. Odur ki, milli geoməkan informasiyası agentliklərinin yalnız onların coğrafiya və topoqrafiyasını xəritələşdirmək deyil, həmçinin, təbii təhlükələrə qarşı ən zəif olan, xüsusilə də şəhər əhatəsi kimi əhali sıxlığı yüksək olan ərazilərdə, modelləşdirmə və analiz üçün spesifik verilənlərin əldə olunması bacarıqları da inkişaf etdirilməlidir.
iqtisadi inkişaf üçün məkana bağlı informasiyanın idarə olunması
Yuxarıda qeyd etdiyimiz bütün qlobal çağırışlardan milli rəhbərlər üçün daha vacib olanı onların xalqlarının təhlükəsizliyini və çiçəklənməsini təmin etmək üçün milli iqtisadiyyatlarının inkişaf etdirilməsidir. Mən əminəm ki, geoməkan informasiyasını iqtisadi inkişafa şərait yaradan amil kimi dəyərləndirilməsi ilə bütün mütəxəssislər razılaşar. İnformasiya texnologiyalarında, tətbiqlərdə, veb əsaslı servislərdə, mobil texnologiyalarda, açıq məlumatlar təşəbbüslərində, “bulud” texnologiyalarında əldə olunmuş nailiyyətlərin köməyilə inkişaf etmiş və inkişafda olan iqtisadiyyatlar geoməkan informasiyasına və məkan əsaslı servislərə yatırılmış investisiyaların yüksələn geri dönmə dövrünü yaşayırlar. Bu inkişafı qlobal olaraq dəstəkləmək bizim üçün zamanın tələbidir. Tətbiqlərin imkanlarının genişləndirilməsi, məkan servislərinə yeni yeni dəyərin gətirilməsi və nəticə etibarilə iqtisadi inkişaf baxımından artan dəqiqlikli geoistinad verilənlərə malik olmaq zəruridir.
Lakin biz, həmçinin, meydana çıxan bu məkan əsaslı verilənlərin inteqrasiyası, paylaşımı, əlçatanlığı və yayımını dəstəkləmək üçün tələb olunan siyasəti, qanunvericiliyi və qanun çərçivələrini müəyyənləşdirməliyik. Bu milli geoməkan informasiyası qurumlarının roludur. Əminəm ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də özünün bütün potensialından istifadə edərək, bu çətin məsələnin öhdəsindən uğurla gələcək.

Paylaş:
Baxılıb: 1130 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30