Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının yaranmasının 20-ci ildönümü tamam olur

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının yaranmasının 20-ci ildönümü tamam olur

14.03.2013 [15:47]

Aydın Hüseynov: Bizlər bu siyasi mübarizəyə torpaqlarımızın bütövlüyü, dövlətçiliyimiz üçün yaranmış təhlükəni birdəfəlik aradan qaldırmaq, Ulu öndər Heydər Əliyevin möhkəm iradəsi ilə Azərbaycanı işıqlı gələcəyə qovuşdurmaq üçün qoşulmuşduq
Müsahibimiz Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovdur:
- Aydın müəllim, ötən il Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü qeyd edildi. Partiyanın yaranması zamanı mövcud olan mürəkkəblikləri, həmin vaxt qarşıya çıxan problemləri necə xarakterizə edərdiniz?
- Yeni Azərbaycan Partiyası ölkəmiz və xalqımız üçün çətin, mürəkkəb bir dövrdə yarandı. Ümumiyyətlə isə YAP-ın yaranmasının qarşısını almaq üçün o zaman hakimiyyətdə olan qüvvələrin riyakarlıqları və bunun fonunda gələcəyimizin qarantı ola biləcək siyasi bir təşkilatın yaradılması cəmiyyətin iradəsinin açıq-aşkar nümayişi idi. Məlumdur ki, həmin vaxt yenicə müstəqillik əldə etmiş bir ölkə tarixin siyasi səhnəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Amma düşmüş olduğu bütün bu çətinliklərə baxmayaraq, xalqımız öz xilaskarının ətrafında sıx birləşməyi bacardı. Məlum olduğu kimi, həmin dövrdə Naxçıvanın blokadada olmasına baxmayaraq, Ulu öndər Heydər Əliyev Muxtar Respublikanı tamamilə təcrid olunmaqdan xilas edərək, qonşu ölkələrlə, xüsusən də Türkiyə ilə əlaqələrinin yaranmasını təmin etdi. Təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün mühüm tədbirlər görüldü. Lakin həmin vaxt Naxçıvandan fərqli olaraq Bakıda vəziyyət xaotik idi. Xalqın qanı üzərindən hakimiyyətə gəlmiş qüvvələr proseslərin gedişinə heç bir təsir göstərmək gücünə malik deyildilər. Ölkədə vəziyyət daha da mürəkkəbləşir, cəbhədə qanlı döyüşlər gedir, hər gün oğul və qızlarımızın ölüm xəbəri gəlir, qəsbkar ermənilər bir-birinin ardınca torpaqlarımızı işğal edirdi. Dövlətin iqtisadi varlığından isə söhbət belə gedə bilməzdi, büdcə demək olar ki, mövcud deyildi. İnsanlar günlərlə çörək növbələrində dayanmaqla, ayrı-ayrı silahlı birləşmələrin təzyiqləri altında yaşayırdılar. Məhz belə bir vaxtda xalqın yeganə ümidi Ulu öndər Heydər Əliyevə idi. Və xalqın aktiv təbəqəsinin nümayəndələri, ziyalılar, ictimai xadimlər Azərbaycanı düşmüş olduğu bu bəlalardan xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə müraciət etdilər. Həmin müraciətdə, eyni zamanda, hadisələrin axarını müsbət istiqamətdə dəyişəcək, cəmiyyəti öz ardınca işıqlı bir gələcəyə doğru apara biləcək siyasi qüvvənin yaradılması da təklif olunmuşdu. Doğrudur, bəhs edilən dövrdə bir sıra siyasi təşkilatlar yaransa da onların ictimai dayağa söykənməmələri şəxsi maraqların milli maraqlardan öndə tutulması həmin təşkilatların iflaslarını qaçılmaz etmişdi. Məhz bütün bu baş verənlərin fonunda Ulu öndər Heydər Əliyev yaradılacaq yeni siyasi təşkilata rəhbərlik etməyə razılıq verdi. Paralel olaraq, Ulu öndər xalqın, dövlətçiliyin çətin durumda olduğunu nəzərə alaraq Bakıya gəldi. Beləliklə, Azərbaycanın müstəqillik tarixində yeni dönəmin əsası qoyuldu. Ölkəni parçalanmaqdan, təcavüzdən xilas edən Ümummilli lider Heydər Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası milli maraqlardan çıxış etdi, cəmiyyətin bu gününü, gələcəyini öz konsepsiyasında əks etdirdiyini açıq şəkildə nümayiş etdirdi. Xalqın Ulu öndər Heydər Əliyevlə sarsılmaz birliyi Onun rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının da birmənalı şəkildə monolit bir partiyaya çevrilməsini təmin etdi.
- Qeyd etdiyimiz kimi, həmin dövr başqa partiyalar olsa da insanlar məhz Yeni Azərbaycan Partiyası sıralarına qoşulurdular. Bu hansı amillə izah oluna bilərdi?
- Cəmiyyət həmin vaxtlar sanki bir ümidsizliyə qapanmışdı. Hər kəs ətrafda olan proseslərin hansı axarla getməsindən narahatlıq keçirirdi. Məhz xalqın istəyi ilə yaranmış və Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir siyası təşkilata insanların ümid bəsləməsi isə Ümummilli liderimizin şəxsi nüfuzu ilə bağlı idi. Çünki hələ Sovetlər dönəmində ölkəyə rəhbərlik etdiyi dövrlərdə Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının maraqlarını hər bir məsələdən üstün tutmuşdu. Bu da təbii olaraq Ulu öndərin öz xalqına olan dərin sevgisindən irəli gələn amillərlə bağlı idi. Məhz buna görə də YAP yarandığı dövrdən sonra xalq onu Heydər Əliyev Partiyası adlandırırdı. Yəni, YAP-a olan münasibət Ulu öndərə olan münasibətin vəhdətindən yaranırdı. Ona görə də, gələcəyini düşünən hər bir vətəndaş kimi bizlər də bu böyük missiyaya qoşulmağı özümüzə şərəf bilirdik.
- YAP təsis olunduğu, Ulu öndər Heydər Əliyev Bakıya dəvət olunduğu dönəmlərdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyü tərəfindən sizlərə böyük təzyiqlər vardı. Bu təzyiqlər, təqiblər, qadağalar şəraitində necə fəaliyyət göstərirdiniz?
- O dövr hakimiyyəti qəsb etmiş qüvvələr Yeni Azərbaycan Partiyasının formalaşmasına, insanların bu siyası təşkilata qoşulmasına hər vəchlə maneçilik törətməyə çalışır, əngəllər yaradırdılar. Bu gün adlarını müxalifət qoymuş qüvvələr hakimiyyətdə olduqları dönəmlərdə, özləri bunu səmimi qəbul etməsələr belə, YAP-a qısqanclıqla yanaşır, onun fəaliyyətinə kölgə salmağa çalışırdılar. Sözsüz ki, o vaxt YAP-da təşkilatlanmanı həyata keçirən adamlara çox böyük təzyiqlər olurdu. Lakin bu bizi öz yolumuzdan döndərə bilmədi. Çünki bizlər bu siyasi mübarizəyə torpaqlarımızın bütövlüyü, dövlətçiliyimiz üçün yaranmış təhlükəni birdəfəlik aradan qaldırmaq, Ulu öndər Heydər Əliyevin möhkəm iradəsi ilə Azərbaycanı işıqlı gələcəyə qovuşdurmaq üçün qoşulmuşduq.
- Bu gün YAP-ın bütün ölkə üzrə təşkilatları fəaliyyət göstərir ki, onlardan içərisində ilk yarananlardan biri də Qaradağ rayon təşkilatıdır. Rəhbərlik etdiyiniz bu rayon təşkilatının yaranmasının 20 ili tamam olur. Bu 20 ildə sizlər qarşıya qoyulan vəzifələri hansı səviyyədə icra etmisiniz?
- Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsasını azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi və sosial ədalət kimi ideoloji prinsiplər təşkil edir. Yeni Azərbaycan Partiyasının əsas məramı Azərbaycan xalqının müstəqil, demokratik və çox zəngin yaşamasını təmin etməkdir. Məhz, əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu bu yolda partiyamız cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla fəaliyyət göstərir.
Əlbəttə ki, partiyanın ortaya qoyduğu vahid ideologiyanın, məqsədin regionlarda təbliği də mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan da, paytaxtın rayonlarında və kənarda yaşayan insanlarla ünsiyyət qurmaq, yerlərdəki siyasi əhval-ruhiyyəni öyrənmək kimi funksiyaları partiyanın rayon və şəhər təşkilatları həyata keçirir. Belə rayon təşkilatlarından biri də YAP Qaradağ rayon təşkilatıdır. YAP Qaradağ rayon təşkilatının yaranması da çox çətin və mürəkkəb bir dövrə təsadüf edir. 1991-1992-ci illərdəki ictimai-siyasi proseslərdə Qaradağ rayonu da indiki radikal müxalifətin əsas dayaq məntəqələrindən biri olmuşdu. Bilirsiniz ki, AXC-Müsavat cütlüyünün hakimiyyətinin təzyiqləri, hədə-qorxuları qarşısında partiya quruculuğunu həyata keçirmək böyük mübarizlik tələb edirdi.
Lakin bütün bunlara baxmayaraq, Naxçıvanda təsis konfransı keçirilmiş Yeni Azərbaycan Partiyasının tezliklə Qaradağ rayon təşkilatı formalaşdırıldı. Heydər Əliyevçilik hərəkatının üzvlərinin təşkilatın yaradılması üçün ilk yığıncağı 1992-ci ilin dekabr ayının 13-də Sahil qəsəbəsində yerləşən 190 saylı BPM-də keçirilmişdi. Rayon təşkilatının təsis konfransı isə 1993-cü ilin mart ayında keçirildi. Amma bu təsis konfransını keçirmək elə də asan olmadı. O zamankı hakimiyyət qüvvələri təşkilatın yaranmasının qarşısını almaq üçün hər cür təzyiqlər göstərirdilər. Lakin onlar buna yenə də mane ola bilmədilər. Məhz elə bir ağır və çətin dövrdə mübariz insanların sayəsində YAP Qaradağ rayon təşkilatı yaradıldı. O zamandan burada təşkilatlanma işi başladı. Onu da deyim ki, 1993-cü ilin martından ötən dövr ərzində YAP Qaradağ rayon təşkilatı böyük inkişaf yolu keçib. 1993-cü ildə yaradılanda rayon təşkilatının üzvləri cəmi bir neçə yüz nəfərdən ibarət idisə, hazırda rayon təşkilatı 122 ilk partiya təşkilatında təmsil olunan 10925 nəfər partiya üzvünü özündə birləşdirir. Onların 3199 nəfərini qadınlar, 4036 nəfəri isə gənclər təşkil edir. Partiya üzvlərindən 3777 nəfəri ali təhsilli, 1712 nəfər orta ixtisas, 5436 nəfəri isə orta təhsillidir. 2012-ci il ərzində partiya sıralarına 356 nəfər üzv qəbul olunub ki, onlardan da 239 nəfərini gənclər təşkil edir. İlbəil rayon təşkilatı kəmiyyət və keyfiyyət baxımından fəaliyyətini gücləndirir. Bunun üçün partiya təşkilatı bütün imkanlara malikdir. Belə ki, rayon təşkilatının qərargahı hər bir cəhətdən təmin edilib və işçilər üçün bütün şərait yaradılıb.
Böyük fəxrlə qeyd etmək istərdim ki, 1995-ci ildə keçirilmiş parlament seçkilərində cənab İlham Əliyev Qaradağ rayonunun sakinlərinin mütləq əksəriyyətinin dəstəyini almaqla, Milli Məclisin üzvü seçilib. Eyni zamanda, əminliklə demək olar ki, rayon təşkilatının güclənməsində İlham Əliyev faktoru mühüm rol oynayıb. Məhz cənab İlham Əliyevin YAP Qaradağ rayon təşkilatının konfranslarında iştirakı partiya quruculuğunda mühüm dönəm kimi qiymətləndirilir. Çünki həmin dövrlərdə cənab İlham Əliyev Qaradağ rayon ictimaiyyəti qarşısında və digər toplantılarda etmiş olduğu çıxışlarla konseptual məsələləri gündəmə gətirir, cəmiyyətin praqmatik, daha intellektual və aktiv formada ictimai-siyasi proseslərdə iştirakına zəmin yaradacaq mövqe nümayiş etdirirdi. Bundan əlavə, o dövr Prezident İlham Əliyev tərəfindən önə çəkilən və səslənən fikirlər bu günümüzlə səsləşir, hazırkı situasiyaları özündə ehtiva etmiş olurdu. Sanki həmin vaxt deyilən fikirlər önə çəkilən məqamlar üçün Qaradağ rayonu bir tribunaya çevrilmişdi ki, buradan da Azərbaycanın bu günü ilə bağlı tutarlı məsələlər cəmiyyətə ötürülür, güclü və sarsılmaz dövlət quruculuğunu məqamları, konseptual prinsiplər ifadə olunurdu. YAP Qaradağ rayon təşkilatının həyatında bu dönəm çöx böyük rol oynayır. Cənab İlham Əliyevin Qaradağdan millət vəkili seçilməsindən sonra görmüş olduğu böyük işlər insanlar tərəfindən yüksək qiymətləndirilmiş, geniş marağa səbəb olmuşdur. Məhz bu səbəbdən də, qonşu rayonların sakinləri belə Qaradağdan YAP sıralarına üzv olmaq üçün müraciətlər edirdilər. Onların müraciətlərini əks etdirən ərizələr indi də YAP Qaradağ rayon təşkilatının arxivində saxlanılır. Bu isə onu göstərirdi ki, cəmiyyət öz gələcəyinə böyük inam və ümidlə baxır və bu yolda yeni əsrin lideri kimi Prezident İlham Əliyevin səxsiyyəti ətrafında cəm olmağın vacibliyini dərk edirdi. Bütün bunlar isə ümumilikdə, Yeni Azərbaycan Partiyasının xüsusən də, YAP Qaradağ rayon təşkilatının işini günün tələbləri səviyyəsində qurmağa böyük töhfə idi.
- Aydın müəllim, YAP Qaradağ rayon təşkilatının qarşısında hansı vəzifələr dayanır? Nəzərə alsaq ki, bu ilin sonunda ölkəmizdə prezident seçkiləri keçiriləcək, bu mənada hansı işləri həyata keçirməyi planlaşdırırsınız?
- 2013-cü illə bağlı, Yeni Azərbaycan Partiyasının böyük planları və istəkləri var. Sizin də qeyd etdiyiniz kimi, bu il ölkədə prezident seçkiləri keçiriləcək və partiyamız 2013-cü ildə prezident seçkilərinin uğurla keçirilməsi üçün üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək. 2013-cü il prezident seçkilərində Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti yenidən Prezident İlham Əliyevə səs verəcəklər. Bu, hər bir vətəndaşın, ailənin mənafeyinə uyğundur. Yeni Azərbaycan Partiyasının istəkləri ilə Azərbaycan vətəndaşının öz maraqlarından irəli gələn arzuları üst-üstə düşür. Fikrimcə, bu, seçkilərin nəticələrinə təsir göstərən ən vacib faktor olacaq. YAP artıq qarşıdan gələn seçkilərə hazırlıq işlərinə başlayıb. Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün böyük bir proqram hazırlanıb və YAP Qaradağ rayon təşkilatında da bu işlər ardıcıl olaraq həyata keçirilir. Artıq partiyamızın məram və məqsədlərinə uyğun olaraq builki seçki prosesində, Qaradağ rayon təşkilatında digər geridə qoyduğumuz seçki prosesinə uyğun olaraq yüksək hazırlıq işləri davam edir. Biz partiya üzvü olaraq daima çalışırıq ki, seçki prosesində böyük aktivlik olsun. Bu işdə təbii ki, hər bir partiya üzvünün üzərinə böyük vəzifələr düşür. Əminik ki, builki seçki prosesi də demokratik ənənələrə uyğun olaraq, açıq, şəffaf və azad şəraitdə keçməklə, Azərbaycanın demokratik seçki ənənələrinə öz töhfəsini vermiş olacaq.

Paylaş:
Baxılıb: 1104 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30